Hədiyyə Şəfaqət - Var olmaq
06.01.15

Avanqard.net gənc yazar Hədiyyə Şəfaqətin "Var olmaq" hekayəsini təqdim edir.

Hər  şey  təsadüfən  belə  alındı….
                                            --------
     Qadın  pilləkənlərin  sulara  toxunduğu   yerdə  köksünü  qabardıb  üzü  küləyə  dayanmışdı.
     -Salam
    -Salam…
    Adətən  qadınlar  tanımadıqları  adamın  salamını  almırlar.   O  isə  cavab  verdi    və    dənizə baxmağa  davam  elədi.  
      Üzünü  sualara  çevirdi.  Ləpələr  tənbəl-tənbəl  oynaşırdı.  Batmağa  yollanan  günəşin  şəfəqləri  sularda  əks  edir,  dəyib  qayıdır,  göz  qamaşdırırdı…
     -Gözəldir...
     -Hə...
     “Qadınlar  adətən  tanımadıqları  adama  cavab  vermirlər”....
      Ona  baxdı.  Çiyinlərinə  tökülən  yarı  dalğalı  qızılı  saçları   ağ  bənizinə  yaraşırdı.  Sifəti  tər-təmizdi,  sakitdi,  çox  sakitdi  hətta...  Baxışları  bir  yerə  zillənib  dururdu...
    -Nə  düşünürsünüz?
    -Heç  nə...
    Cavab   qətiyyətli  olsa  da  kobud  deyildi
     İnsanlardan  uzaq  dayanıb  gözünü  sulara  zilləmiş  qadına  yaxınlaşan  yad  adam  onu  narahat  etmirdi...
    -Amma  düşünürsünüz...
    -Düşünmürəm...
     Bəlkə  də  düz   deyir,  düşünmür...
     -Aydındır...  Düşünmürsünüz...
       Üzünü  yenidən  dənizə  çevirdi
      -Amma  soyuqdur...
      -Hə,   soyuqdur...
       Qadın  soyuğu  hiss   edir..  Deməli  üşüyür.     Külək  get-gedə  güclənir,  ləpələr  indi  tənbəl-tənbəl  parıldamır,  körpünün  dayaqlarına  çırpılmağa  başlayır,  çırpınışlarının  səsi  gəlir.  Qadının  saçları  gah  elə,  gah  belə  çırpınıb  boyun-boğazına,  gözlərinə,  dodaqlarına  toxunur...  
     “Heç    saçlarını  da  yığışdırmır”...  Az  qala  əlini  uzadıb  qadının  dodaqlarına  ilişib  qalan  bir  tutum  teli  aralayacaqdı...  
    ...Qadın  bunu  edən  nə  ilk,  nə  də  son  adamdır.   Bu  yerin  belə  xatirələri  çoxdur.   Amma  niyə  bu  yer?  Niyə  kimsənin  olmadığı,  kimsənin  gömədiyi  bir  küncdə  eləmirlər  ki,  bunu?
     Hər  kəs  son  andan  əvvəl  son  rastlaşdığı  bir  adamı     sınağa   çəkir...
    -Bəlkə  eləməyəsiniz?
     Əslində  bu  sözü  yəqinləşdirmək  üçün  deyir.  Həyatda  hələ  də  axşam  sahildə  dayanıb   günəşin  batışını  tək  seyr  etmək  istəyən  romantik  insanlar  var...
    Qadının  səsi  çox  sakitdir:
    -Niyə?
     Hə,  o  düz  müəyyən  edib,  qadın  günəşi  yola  salmağa  gəlməyib...
    -Bilmirəm...   Müxtəlif  səbəblərdən  etməmək  olardı
    -Mənim  səbəblərim  daha  tutarlıdır...
    “Edəcək!”....  Edənə  bənzəyir,  lap  yaxınlaşıb...   Bir  anlıq  qərarla  deyil...  Ağlamayıb,  gözləri  dup-durudur...  Sinəsi  aramla  enib-qalxır...  Həyəcan  da  yoxdur...  Sakitcə  baxır....  Sakitcə...  Çox  sakitdir...  Məni  dinləyir,  cavab  verir...  Əslində  kiminlə  danışdığı  eyninə  də  deyil,  niyə  danışdığı  da...  Amma  düz  deyir,  düşünməyir,  düşünüb  bitirib...  Bəlkə  də  uzun  müddət  düşünüb...  Bəlkə  bunu  düşünməyib,  amma  nə  edə  biləcəyini  düşünüb...  Bəlkə  də   nələrsə  də  edib...  İlk  qərarı  deyil,  son  qərarıdır...  Buna  görə  belə  sakit  və  sakitdir... Edəcək!”...
     -Yaxşı...
   -Sağ  olun...
   Yox....    Nəsə  söyləmək  olar...   Qadın  dolu  deyil,  tamamilə  boşalıb  gəlib...  Bax,  indi  başlasa  ki,  gəl  belə  eləməyin,  həyat  sınaqlardan  ibarətdir,  ay  nə  bilim  hər  qaranlıq  gecənin  gündüzü  nağılı  filan...   bu  qadın  ona  gülər.  Bəlkə  də  başqası  ağlayardı,  başlardı  danışmağa,  acı  taleyindən  şikayətə...  Amma  bu  gülər...  Özü  də  necə  gülər!
     Bu  gücdə  qadına  heyfi  gəlməsi  lazımdı...   Elə  də  çox  qalmayıblar...
    -Gəlin  təsəvvür  edək...
     Qadın  ilk  dəfə  üzünü  çevirib  ona  baxdı...  Davam  elədi:
     -Təsəvvür  edək  ki,  etmisiniz...
     Qadın  susurdu...
     -Etmisiniz,  yoxsunuz...
      Qadın  susurdu...
     -Gedək  mənimlə!
     Qadın  üzünü artıq   yarısı  üfüqdə  gizlənmiş   günəşə  çevirir...   Bir  azca  təbəssümlə...  Təəccüb  yoxdur...  Sanki  bilirmiş.  Çiyinlərini  çəkir:
    -Sizinlə?   Tək  daha  yaxşıdır...
    Geri     çəkilmir
    -Sizinçün  nə  fərqi  var  ki?  Siz  artıq  yoxsunuz...
     Qadın  dodaqlarını   çiynini  çəkir..   “Əslində  haqlısınız”...
    -Çox  uzaga  deyil,  burda,  yaxın  bir  yerdə  oturaq,  çay  içək...
    Qadın  gülümsəyir...  Aman  allah,  yenə  gülümsəyir...
    -Mən  axı  yoxam?
    -Hə,  yoxsunuz-başını  razılıqla  tərpədir-amma  mən  varam,  mən  içərəm,  siz  isə  baxarsınız...
    Razılaşır...  Nə  itirir  ki?  O  artıq  yoxdur...
   ...Otururlar...   Dəniz  görünür,  sahilin  qaranlıqlaşan  axşamında  işıqlar  yandırılmağa  başlayıb...
    -Bir  çay  gətirin-yaxınlaşan  ofisanta  deyir...Ofisant - “Bəs  siz?” -   qadına   baxır.  “Xanım  içməyəcək”..  “Bəs  xanıma  nə?”..  “Heç  nə,  xanım  artıq  yoxdur”...  Ofisant  qaş-qabağını  turşudur...   Adam  zarafatmı  edir,  onu  ələmi  salır?  Kişi  çox  ciddidir...  Gedir...
    İndi  o  da   gülümsəyir...  Qadının   baxışlarını  duyub.  İndi  özü  də  ona  diqqətlə  baxır.  Qadın  tanımadığı  kişinin  baxışları  altında  sıxılır,  qızarır,  barmaqlarının  ucuyla  masanın  üstündə  görünməyən  rəsm  cızmağa  başlayır...
     -Həyətdaykın  çox  gözək  qadınmışsınız...
     “Mən  elə indi  də  gözələm”-demək  pis  olmazdı...  Amma  o   yoxdur...
     Çay  gəlir.  Ofisant  fincanı  kişinin  qarşısına  qoyub  bir  an  ləngiyir.  Heç  kim  ona  baxmır.    Gedir...
    Fincanı  dodaqlarına  toxundurur.  Çayın  ətri  qadınacan  gəlir...  Qəsdən  beləsini  sifariş  edib...  Hiss   edir  ki,  canı  çay  çəkir...  Kişi  onun  nəzərlərini  izləyir:
    -Sizə  çay  yoxdur...
    Qadın  susur...   
   -Danışın...  Anlatın...
   -Mən  yoxam...
   -Amma  ola  da  bilərdiniz...  Bir  anlıq  düşünək,  lap  elə  mən  sizin  yerinizə  düşünüm...  
   -Ancaq  öz  yerinizə  düşünəcəksiniz...
   -Anlayıram...
   -Yalan  deyirsiniz...
   -...Tamam...  Yalan  deyirəm...  Amma  bunu  etmənizi  istəmirəm...  Heç  nə  üçün  dəyməz,  heç  nə  üçün...  İnsanlar  sizi  iki  günə  unudacaqlar..
   -Elə  də  asan  deyil...
    “Aha!  Deməli  elə  də  asan  deyil...  Aha....”
   -Siz  çantanızı  götürmüsünüz
   -Hə...    Alışqanlıq...
   - Əzizim-əlini  uzadıb  qadının  əlinin  üstünə  qoyur,  osa  əlini  cəld  çəkir- Dəyərmi?  
   -Hər  şey  bitib...  Sadəcə  nöqtə  qoyulmalıdır...
   -Kim  dedi  sizə?
   -Mən  özüm!-deyir  və  axşam  mehinin  onu  üşütməyə  başladığını  düşünür...
   -Üşüdünüzmü?
   -Yox
   -Yalan  deyirsiniz...
   -Hə,  yalan  deyirəm...
   -Mən  təəssüüf  edirəm,  görürsünüz,  bircə  köynəkdəyəm,  sizə  heç  nə  təklif  edəmməyəcəyəm...
   Susurlar...  Susurlar...   Kişi  üzünü  dənizə  çevirib  baxır...  Sahildə   adamlar  çoxalıb,  ətraf  masalar    dolub...  Səslər  gurultuya  çevrilmiş  kimidir...  
   -Məncə  tezdir...   
   -Nədən  bilirsiniz?
   -Siz  hələ  üşüyürsünüz...  Çay  da  istəyirsiniz...
   -Amma  bu  keçicidir...  –bir  an  susur-həm  sizin  günahınızdır,  mən  indi  üşüməyə  də  bilərdim...
    Kişi  fincanı  nəlbəkiyə  qoyur.  “Cırınqqq!”   ...Deyəsən  bir  az  sərt  oldu..
    Qadın  səksənir,  kişinin  arxasıyca  o  da  qalxır
    -Gəlin
    -İndi  hara?
     -Əvvəlki  yerinizə...  Mən  sizi  ötürüm...
   “İndi  deyəcək  ki,  getməyək”...
   -Yaxşı,  gedək...
     Külək  yenidən  qadının  dalğalı  saçlarını  üz-gözünə  çırpmağa  başlayır...  Dar  cığırla   yanaşı  getmək  çətindir...  Qolu  qadının  çılpaq  qoluna  toxunur...
    İndi  bayaqkı  yerdə   çoxlu   adam   var...   Bir  dəstə  gənc   gitara  çalan   oğlanın  başına  yığılıb...
    Kişiyə  baxır,  görək  nəsə  deyəcəkmi?...  
    -Burdan  bir  az  aralı  adamların  az  olduğu  yerlər  var...  
     Qadın  eləcə  baxır..
     -Həm  orada  dərinlik  dərhal  başlayır,  sahildəncə...
     Kişi   geri  dönür,  əlini  uzadıb  qadının  əlindən  yapışmaq  istəyir,  qəfil  oldu  deyəsən,  qadının  barmaqları  kişinin  qolundakı  iri  saata  ilişib  ağrıyır...  
   -Bağışlayın
   -Bir  şey  olmadı..  
    Saata  işarə  edir:
   -Neçədir?
   -Doqquzun  yarısı...
   Qadın  həyəcanlanır,  üzü  tutulur
   -Telefonunuz  varmı?
   -Neyləyəcəksiniz?
   -Evdəkilərlə  danışım...  İni  yemək  üçün  gözləyəcəklər...
    Kişi  onu  arxasıyca  çəkib  aparır
   -Sabah  onsuz  da  bunu  edəmməyəcəksiniz...  Bu  gündən  niyə  sınamayasınız  ki?...
   Qadın  əvvəlki  kimi  sərt  deyil,  səsi  yumşalıb...  Amma  qətiyyətlidir:
   -Yenə  haqlısınız...
   ...Hə,  kişi  haqlıdır..  Yer   seçmək  baxımından  da  haqlıdır,  sahilin  bu  yeri  sakitdir,  dalğalar  beton  dayaqlara  dəyib  geri  qayıdır,  suların  çırpıntı  səsi  açıq-aşkar  duyulur...  Kişi  əlini  buraxıb  dayanıb,  eləcə  ona  baxır...
    -Bacarmırsınız?
    Bir  addım  irəli  gedir.  Kişi  gülümsəyir:
    -Bir  məktub  filan  yazdınızmı?
    Qadın  başını  bulayır:
    -Yazmadım...
   -Çox  eqoistsiniz...   Deməliydiniz...  Niyə  ümüd  qoyub  gedirsiniz  ki?...  Bilməkləri  yaxşıdır...
   -Bilmirəm...   Siz  deyərsiniz...
   -Mən    sizi  tanımıram...
   -Axı...
   -Unutmayın,  biz  tanış  olanda  siz  yoxuydunuz...
   -Hə-qadın  başını  tərpədir-yoxuydum...  
   -Bunun  tez-tez  unudursunuz-kişi  qeyd  edir...
   Susurlar...  Dalğalarin  səsi  öz  ahəngindədir...
   -Sevgiliniz  vardımı?
   Qadının baxışları  sərtləşir
   -Hansı  sevgili?
   -Hə...  Hansı  sevgili...   Axı   sizin  hələ  onunla  rastlaşmaq  imkanınınz  olmayıb...
    Qadın  əməlli-başlı  titrəyir.  Əllərini  yenidən  qoynunda  çarpazlayıb  büzüşür...
   -Niyə  üşüməyə  razı  olursunuz  ki?  Gecikdikcə  çox  üşüyəcəksiniz...
    Qadın  üzünü  çevirib  qorxa-qorxa  baxır:
   -Siz  az  qala  məıni  dənizə  itələyəcəksiniz..
   Kişi  soyuqqanlıdır:
   -Məgər  siz  bunu  istəmirdiniz?
    Sükut...  
    Dəniz  daha  dalğalıdır...
    Gecə  düşüb,  sahilin  işıqları   get-gedə     gurlaşır,  dənizin  içində  işıqlar  sayrışır...
    Şəhər    uğuldamaqdadır...
    Qadın  iki  addım  geri  çəkilir:
   -Mən  gedirəm...
   Kişi  həyəcanlanır.  Amma  bunu  gizlədir,  gözləyir,  əlləri  uzanıb  qadının  əlindən,  qolundan,  paltarının  ətəyindən,  lap  elə  saçlarından  yapışmağa  hazır  haldadır...
   Qadın  onun  üzünə  günahkarcasına  baxır:
   -Mən  getmək  istəyirəm...
   Kişi  gülümsəyir:
   -Gedəkmi?
   -Siz  də  mi?
   Kişi  susur,  tərəddüd  içindədir:
   -Bilmirəm...
   Qadın  ürəklənib:
  -Getmək  lazımdır,  əgər  istəsəniz  metroyacan  bir  yerdə  gedə  bilərik...
  Kişinin  qəlb  atışları  səngiyir,  əlləri  boşalır,  saata  baxır:
  -Tələsək,  bir  azdan  son  qatarlar  da  gedəcək...
                                       -----------
    Metro  stansiyasının  qarşısında   ayrılırlar.  Qadın  əlini  uzadır,  onunla  stansiyaya  düşməyəcəyini  bildirir.  Kişinin  üzündən  nigarançılıq  duyulur.  Qadın  gülümsəyir..  Gülüş  ona  yaraşır:
   -Narahat  olmayın,  düşündüm  ki,  avtobusla  gedim,  gecə  mənzərəsində  gəzinti  də  pis  olmaz...
   Kişi  başını  tərpədir:
   -Hə,  pis  olmaz...
  -...
  -Uzaqmı   gedəcəksiniz?
  -Uzaqdan   gəlmişəm...
   İstəyir  desin  ki,  sizi  ötürə  bilərəm,  amma  dinmir.  Qadın  bunu  istəsəydi  bəlli  edərdi.  Ayrılmaq  zamanıdır.
   Uzanmış  əlini  sıxıb  bir  an  saxlayır.  Qadın   əlini  yüngülcə  çəkib  kişinin  əlindən  çıxarır.  Əl,  harda  dayanacağını  bilməyən  utancaq  qız  kimi  özünə  yer  axtarır...
-Minnətdaram...
Kişi  gülümsəyir:
-Özünüzə  yaxşı  baxın...
-Yaxşı-başını  tərpədir
  - Siz  daha  varsınız...
  Qadın  dönüb  uzaqlaşır.  Kişi  stansiyaya  düşməzdən  əvvəl  son  dəfə  dönüb  onun  arxasıyca  baxır.  Görür  ki,  qadın  çiynindəki  əl  çantasından  yüngül  yay  şarfı  çıxarıb  çiyinlərinə  dolayır...

Dekabr  2014 - yanvar  2015

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.