Musa Yaqub - Əzizim, sən allah sıxma əlimi
12.01.15
Özümə oxşatma
(əlimi əlinə öyrətmə belə)
Sevgi kitabımın üz qabığında Ağ mərmər kimidir göz qabağında – Yəqin ki, bir eşqin düşüb mehrinə İki əl qovuşub bir-birinə – Yuyunub, daranıb, süslənib, durub Bu pambıq barmaqlar, bu əlçim əllər. Ovcumun içində quş ürəyi tək Necə də döyünür göyərçin əllər.
Görəsən bu əlin sahibi kimdir?.. Əlimdə titrəyən bir sarı simdir – İncə barmaqlarda çalınıb gedir Sonra da əlimdən alınıb gedir – Əlimi əlinə öyrədən əllər Bir sarı sim üstə söylədən əllər.. Görəsən bu əlin sahibi kimdir?..
Lap uzaq bir ulduz bürcündə qalan, Ürəyin gizli bir küncündə qalan Bəlkə taleyimin qismət əlidir, Gizli bir görüşün fürsət əlidir Məni öz mehrinə öyrədib gedib Hicranı könlümü göynədib gedib.
Cökə budağıdır, heyva yarpağı, Damarı naxışdır, hamarı incə, Üzümdə, gözümdə tumarı incə, Telimi sığala öyrədib gedib Məni gül camala öyrədib gedib, Görəsən bu əlin sahibi kimdir?..
Ürəyim əlimdə olan vaxtları, Demə ki, bədənim, dilim yaşayıb Özüm olmamışam tutacaqlarda Göyərçin bir əlin qonşuluğunda Çırpına-çırpına əlim yaşayıb – Sonra düşüb gedib ümid dalınca Bir sevda havası alıb yaşayıb əli əllərimdən üzülən əllər balı barmağından süzülən əllər.
Əzizim, sən allah sıxma əlimi, daha tabım yoxdur sıxıntılara. Daha tabım yoxdur ayrılıqlara. Qəfil hicranlardan gəlmişəm zara. Neylərsən bu soyuq şaxta əlləri, Neynirsən mehirsiz taxta əlləri? Payız yarpağı tək çil-çil əllərim
Başını qanadı altına salıb Durub mürgü döyən tək durna kimi, Qalıbdır qoynumda xəcil əllərim. Bəlkə də hardasa yaşadır məni İndi söz əllərim, şəkil əllərim. İndi ömrümdə bir nağıl kimidir – Əlini əlimə öyrətmə belə, Telini telimə öyrətmə belə.
Yay 2014-cü il Buynuz.
Bir ilin bənövşə anı Bir zərif meh idin, qəfləti əsdin, Mənmi gecikmişəm, sənmi tələsdin – Görüşə bilmədik, bu il, bənövşəm Ölüm ayağında bala ananın Sonuncu gözünə çatmayan kimi, Quzey dan üzünə çatmayan kimi, Mən də gəlib sənə çata bilmədim. Qövsi-quzeh oldun, bir əlçim bulud Əl atdım uzaqdan tuta bilmədim...
Balaların yoxdu, uçurum baxım, Dəstələrin yoxdu, qaçırım baxım Köhnə xəzəl üstə ləçəyin həşəm. Görüşə bilmədik bu il, bənövşəm.
Elə bir-iki illik təvazöm gedib. Çəkilib şeirimdən bənövşə ətri, Dilimdən ən zəif xoş sözüm gedib. Könlümdən bir topa bənövşə düşdü. Titrədi. Üşüdü, göynədi yeri. Heç zaman ömrümə qayıtmayacaq Bir daha bu yazın bənövşələri. Gərək o məclisdə dayanmayaydım... Birisi də yaxamdan yapışdı qəfil, Gərək o dəhlizdə dayanmayaydım – O boş söhbətlərə, Bəd qeybətlərə Gərək ki, gələydim qulaq asmadan; O yolu azmışın yolundan çıxıb Sənə üz tutaydım yolu azmadan. Hələ sonuncu qar əriyir təzə, Pöhrələr təzəcə tumurcuqlayır. Çiçəklər təzəcə çıxıblar üzə, Səninsə xəzəldə ləçəyin həşəm. Görüşə bilmədik bu il, bənövşəm.
Təkcə od, təkcə su. Torpaqda deyil. Deməli vaxtdadır dünyada hər şey Zəmidəki lalə, qədəhdəki mey. Demək vaxtla əsir adicə bir meh. Deməli vaxtladır ləçəkdəki şeh. Gərək mən o vaxta ötürməyəydim Bir bənövşə ömrü itirməyəydim. Vaxta etibarım yoxdu bu yolda. Oturub qalmışam bu daş stolda, Bəlkə sən tələsib, mən gecikmişəm, Görüşə bilmədik bu il, bənövşəm...
Korinfar
Ey qan duruldanım, ürək çəkənim Çarxa dönsün deyə, fırlansın deyə, Dünyada ən ağır yedək çəkənim! Korinfar! Korinfar! – Fırlat bu çarxı, Qaynat bu çarxı – Hər cürə dərmanla keçməz bu azar, Sən dərman deyilsən, səndə nəsə var. Zamanın feilindən, qovhaqovundan, Əjdaha ağzından, dil tilovundan, Zülmdən, zindandan, çarmıxdan çıxıb, Min dəfə oxlanıb, o oxdan çıxıb, İnamı alınıb, var yoxdan çıxıb Gəlib son nəfəsə çatan könlümü, Bütün sevgiləri daş qalaq olub O daşda ölümcül yatan könlümü Nə yaxşı oyada bilirsən belə Odumu soyuda bilirsən belə – Hər cürə dərmanla keçməz bu azar Korinfar... Korinfar... səndə nəsə var. Korinfar! Korinfar – Sarı mələyim Ey yaşıl çəməndə qaymaq çiçəyim Aşıq Ələsgərdə “sarı köynəyim” Sənin əlacında, təbibliyində Nə yaxşı uyudu mənim ürəyim. Ey ağır saatda axır yoldaşım Sarı yanağımda bir qətrə yaşım – Ovcumun içində sarı kəhrəba – Sən dərd cövhərindən yaranmısan ki, Son qoya bilirsən dərdə, əzaba Korinfar... Korinfar Səndə nəsə var – Könlümün qaranlıq dibində qalan, Yuyulmuş köynəyin cibində qalan, Sevgi məktubumun yumru tikəsi, Sən ey bülbülümün girdə gözləri Ayılt ürəyimdə, ayılt o səsi – Gəl yapış qolumdan sarı ümidim Bir də yavaş-yavaş qalxım ayağa Durub o sevgimin dalınca gedim.
Vay yenə ürəyim!.. Yetiş dadıma! Baxıram qürubda bathabatıma. Ömürdən sonrakı susqun ürəyim Gəlib birdən-birə düşüb yadıma – ələnmiş ələyin boş sağanağı, köhnə radioların boş tağalağı gəlib birdən-birə düşür yadıma, içində ovulub qırılıb qalan bir dirsəkli valın bükük biləyi, bir yol qırağında vurulub qalan, pərləri üzülmüş, suyu süzülmüş bir dəyirman arxı düşür yadıma. Korinfar! Korinfar! Yetiş dadıma. Sən qaynat arxımı, Fırlat çarxımı Korinfar! Korinfar! – Köçür durnalar, Deyəsən dumanlar çökür aşağı, O qara buludun çiynində yük var Belində qürubun qızıl qurşağı Korinfar, Korinfar Sarı mləyim Aşıq Ələsgərdə “sarı köynəyim” Sən ey bülbülümün girdə gözləri Göyərt ürəyimdə şirin sözləri Gəl yapış qolumdan Sarı ümidim, Bir də yavaş-yavaş qalxım ayağa Durub o sevginin dalınca gedim!
Ruh söhbəti Bu dəfə səninçün gül gətirmədim, Amma ürəyimdə qalmadı əhdim – Qəbiristan gül açıb bu bahar çağı, Arada bir topa lalə ocağı Elə bil əlimdən düşüb odlanır, Qaymaq çiçəkləri həndəvərində Göy otlar içində zərnişan yanır.
Tək bənövşə bitib tək yaxınında Mənə deyəcəyin gizli sözündü – Xırda ləçəklərdə titrəyir səsin, Atam da, anam da yatır yanında Necə danışaq ki, eşidilməsin. Gəl sükut içində mələk dilində Bənövşə dilində, lalə dilində Gül-çiçək dilində danışaq bu gün, Cəhənnəm yəqin ki, çiçək bitirməz Bu incə çiçəklər cənnətə gəlib İncədən incə. Kim gedib görüb ki, bizdə eləcə... Gəl cənnət dilində danışaq bu gün, Cənnət ağacımız tubu dilində Təbiət dilində danışaq bu gün. Şeh otlar saxlamır heç göz yaşını Muncuqları töküləcək bir nəfəsdən. Zəncirotu zəncirləyib baş daşını, Guya hara çıxacaqsan bu məhbəsdən?
Bir də qulaq verək o qərib səsə, Qoyub başımızı gedər-gəlməzə, Daş məhbəs dilində danışaq bu gün. Sonuncu sözünü tuta bilmədim, Son nəfəs dilində danışaq bu gün.
Yatır daş altında ömürlər, illər, Daşlarda çatlar var, torpaqda qatlar, Xəzəli başında qaldırıb otlar, Sarmaşıq üstündə hörüb çələnglər, Yəqin ki, ruhundur bu kəpənəklər – Kəpənək dilində, ruhun dilində, Bir mələk dilində danışaq bu gün.
Qəbrin min rəng alıb bahar çağında, Bənövşə dillisən lalə ocaqsan. Asmışam könlümü gül yarpağında, Baxsan ürəyimi tanıyacaqsan.
Yay 2014-cü il Buynuz.
Beş-altı günlük
Özüm də bilmirəm çatışmır nəyim Deyəsən təkliyə qaçır ürəyim beş-altı günlük. əvvəlki tövr ilə qaynasın şəhər. Parkında öz dəcəl uşaqlarıyla oynasın şəhər mənimsə könlümdə başqa bir aləm, bir özüm olaram, bir də düşüncəm beş-altı günlük. Uzaq düşəcəyəm dərdi-sərimdən. İncə bir yalanla çıxıb aradan. Qaçmaq istəyirəm əzizlərimdən beş-altı günlük. Biri var könlümü yaman sındırıb. Özü yanan deyil, məni yandırıb. Onu da vecimə almayacağam beş-altı günlük. O qədər səbirli olacağam ki, Soyuq baxışlara, nadan sözünə O qədər biganə qalacağam ki. beş-altı günlük Duman olacağam dağlar başında Torpaq olacağam yaz yağışında beş-altı günlük Yaşaram Axşamdan gündoğanacan Sarala-sarala günəş gözləyən Bir günəbaxanın arzularında Ya da bir qızılağac budağı olub. əcəb çiməcəyəm arx sularında beş-altı günlük. Sonra Yazacağam duyğularımı... Ürəyim deyəni Yazmasa qələm, Özüm çevrilərəm, şeirləşərəm beş-altı günlük Yəni ipəkləşər, çiçəkləşərəm, Qovaq yarpağında küləkləşərəm beş-altı günlük.
"Aydın yol"
|