Kənan Hacı - Salam, Zakir Fəxri, salam!
14.01.15

Avanqard.net yazıçı Kənan Hacının şair Zakir Fəxri haqqında məqaləsini təqdim edir.

Onun imzasını nə vaxtdan tanıyıram, xatırlamıram. Amma dəqiq yadımdadır, doxsanıncı illərdə “Xəzər” jurnalında Ramiz Rövşən haqqında bir yazı oxumuşdum, o yazını az qala, şeir kimi əzbərləmişdim. İndi düşünürəm ki, mənim ədəbi zövqümün formalaşmasında uzaq 90-cı illərdə nəşr olunan “Yol” qəzetinin, “Xəzər” jurnalının çox böyük rolu olub.


Elə bir zaman idi ki, istədiyimiz əsərləri tapıb oxuya bilmirdik, hansı əsəri oxumaq olar, hansını olmaz, bunlardan xəbərsiz idik, seçim imkanımız yox idi. İndiki kimi ədəbi nəşrlər, ədəbi saytlar bolluğu deyildi, hətta “Azərbaycan”, “Ulduz” jurnalları da uzun fasilələrlə nəşr olunurdu. Üstəlik, hardasa çap olunmaq da müşkül məsələydi. Məmməd İsmayılın “Gənclik” jurnalı da çoxdan idi ki, nəşrini dayandırmışdı. Belə bir ədəbi quraqlıq dövründə oxuduğum yazıları aradan uzun illər keçməsinə baxmayaraq indi də xatırlayıram. “Xəzər”də çap olunan o yazı da məni necə sehrləmişdisə, o yazının müəllifi də mənim yaddaşıma həmişəlik həkk olundu: Zakir Fəxri. Bir də “Sən gördüyün bala dərdi balam olsun, Eldar Baxış” misrası... Aradan hardasa iyirmi ilə yaxın vaxt keçib, bu misra öz ağrısıyla, sızıltısıyla birgə bu illər ərzində həmişə beynimdə dolaşıb.

O uzaq illərdə heç ağlıma gəlməzdi ki, vaxt, zaman yetişəcək, bu qədim-qayım kişiylə bir yerdə çalışacam, hər gün ünsiyyətdə olduğum şairi bu dəfə özümçün yenidən kəşf edəcəyəm. Buna qədər isə bir dəfə Tərcümə Mərkəzində (əvvəlki ünvanda) yaxınlaşıb tanışlıq vermişdim və şair öz avtoqrafıyla “Qara Məhəmməd, Qara Məlik və mən” kitabını mənə bağışlamışdı.

Tərcümə Mərkəzində işə düzəldiyim ilk günlərdə özümü daxilən çox narahat hiss edirdim, qayğılar məni çox yormuşdu, düşünürdüm ki, görəsən bu yorğun halımla burada özümə yer tapa biləcəyəmmi? Tez-tez həyətə siqaret çəkməyə düşürdük, Zakir müəllim şair həssaslığıyla mənim içimdəki narahatlığı, sıxıntını hiss etmişdi, mənə toxtaqlıq verməyə başladı, yazılarımı oxuduğunu dedi, bəzi iradlarını da bildirdi. Onunla bu söhbətdən sonra bir az toparlandım.

Onun  “Qalmaz belə, qalmaz dünya”  kitabının sorağını çoxdan almışdım, özündən istədim, əvəzində mənə iki kitabını bağışladı. “Qaranlıqdan aydınlığa” və “Rekviyem” kitablarını. Açığı, bu kitablardan xəbərsiz idim. Xüsusi olaraq qeyd elədi ki, “Rekviyem”i oxuyarsan. Elə həmin gün evə gəlib kitabı oxumağa başladım. Vaxtın necə keçdiyindən xəbərim olmadı, sonuncü cümləni oxuyub bitirəndən sonra başımı qaldırıb divar saatına baxdım, 4:00-u göstərirdi.

Zakir Fəxri kitabın girişində oxucuya “Qapını döyməyin, açıqdı...” deyir. Mən də qapını döymədən keçdim və şairin Dərdinə bir neçə saatlıq yol yoldaşı oldum. Mənim o dərdə toxunmağa cürətim çatmır. Heç kəsin o dərdi ovutmağa gücü çatmaz, təkcə şairin özündən başqa. Zakir Fəxri içindəki dərdi söznən yenməyi bacaran qələm sahibidir. Bu kitabda iki dərd birləşib bir olub, dərdi bölüşdükcə yüngülləşər deyiblər. Zakir Fəxri dostunun dərdini də öz dərdi kimi yaşayıb, hər iki ağrını öz içindən keçirib sözə çevirib. O, övlad itirib, dostu isə ömür-gün yoldaşını. Dostun ağrısını, acısını bala dərdiylə qoşa çəkə bilmək üçün böyük qəlb sahibi olmaq lazımdır. Bütün bu ağrıları yaşaya-yaşaya Zakir Fəxri hələ də ömrün qapısında möhkəm dayanıb. Bu, oğul itkisi yaşamış hər atanın işi deyil!

O ağlayan kimdi elə,
Ağlaya-ağlaya gülür...
Sinəsini qan aparır,
Yarasının düyməsini
Bağlaya-bağlaya gülür...


“Rekviyem”  gedənlərdən qalanlardır, Zakir Fəxri o qalanları sözün başına dolandıra-dolandıra bir kitaba yığıb. Poeziya ilə nəsrin bağrıbadaş olub dərdə ağı deməsinə ilk dəfəydi ki, rast gəlirdim. “Rekviyem”i kim oxumayıbsa, tapıb oxusun. Oxuyan görəcək ki, tükənməz dərdin, ağrının, əzabın fövqündə dayanmaq necə olur...

Zakir Fəxri sözündən-söhbətindən doyulmayan bir insandır. Şux zarafatları ilə bir andaca ortamı dəyişməyi bacaran bu adamın yaddaşı bir xəzinədir. Azərbaycan ədəbiyyatının görkəmli simaları içində elə bir şair, yazıçı, alim tapılmaz ki, Zakir Fəxrinin onunla bağlı xatirəsi olmasın. O xatirəni o qədər canlı danışır ki, əhvalatı sanki gözünlə görürsən.

O, yaşadığı Vaxtı özüylə sabahlara daşımağı bacaran bir şairdir. Onun şeirləri qala divarları kimidir, bir misranı yerindən tərpətmək mümkün deyil.

Balalar çiçək doğulur
Gül doğulur balalar.
Balalar göyçək doğulur.
...qul doğulur balalar.
Torpaqdan altun doğulur,
Daşlardan yaqut doğulur,
Nədənsə, şair doğulan
Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni,
Dərdsiz ürəyə qurd düşər.
Silkələmə fələk, məni,
Çiynimdəki tabut düşər..!


(“Çiynimdə tabut gəzirəm” şeirindən)

Onun yanında mürgü döyən sükut o saat gözünü açır, darıxmağa macalın olmur, qayğı-qarğaşanı siqaret tüstüsü kimi yelləyib özündən kənarlaşdırırsan və için işıqla dolur.

İşıqlı adamdır Zakir Fəxri. Onunla gündəlik ünsiyyət bir şansdır, mən bu şansı dəyərləndirməyə çalışıram.

Şair bir şeirində deyir:

Gözlərdə bir göz qalmadı,
Od almağa köz qalmadı.
Üz tutmağa üz qalmadı...
Bir damla ümid borc alam,
Salam, Zakir Fəxri, salam!


Od aldığımız ocaqlardan biri də Zakir Fəxrinin Sözüdür. Bu ocaqdan bir köz götürmək yetər ki, ürəyimiz isinsin.

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.