Səyavuş Sərxanlı - Ən ağır xəstədir ürəksiz həkim...
16.01.15
HƏKİM HAQQINDA DÜŞÜNCƏLƏR
O, dost yaranıbdır günəşlə, ayla, Ondan zülmət qaçar, ondan qəm qaçar. Açdığı palata qapılarıyla Dar gündən xoş günə qapılar açar.
Bir arzu söndümü, ümid keçdimi- Qəlbinin oduyla alışdırar o. Öz ağ xalatında gur işıq kimi Ölümün gözünü qamaşdırar o.
Ömürlər üstündə ömür yandırıb,- Özünü nə qədər qocaldar həkim. Hər dəfə bir ömrü qanadlandırıb, Hər dəfə özünü ucaldar həkim.
Duyuram, ətri var onda baharın, Açdığı ürəklər toy-düyündədir. Həyatdan məzara gedən yolların Cilovu həkimin əllərindədir.
İnsanlıq sərhədi böyüyən yerdə Əzab sərhədləri kiçilməlidir. Bütüb duyğuların saflığı bəlkə Həkim duyğusuyla ölçülməlidir!
Yol çəkər hicrandan vüsala kimi, Yüz ili yaşayır bircə gündə o. Ucalar basılmaz bir qala kimi Həyatla ölümün sərhədində o.
Ömrün çıraq-şıraq sönən anları Onun sinəsini dəlib keçirlər. Bütün ölümlərin meridianları Həkim ürəyindən gəlib keçirlər.
Onun səsindəki ən gizli qəm də Xəstəyə dağ yükü olub deyirəm. Harda bir otağa həkim girəndə Ora ümid seli dolub deyirəm.
Cərrah bıçağına lap heyranam mən,- Qurmaqdır, tikməkdir yarmaqları da. Ən güclü cərəyan məftillərindən Güclüdür həkimi barmaqları da.
İnsan kədərindən qıraqda qalmaq Vicdana gülməkdir, ürək, ay ürək! İnsan taleyinə biganə olmaq İnsan öldürməyə bərabər demək!
Nə xəyanət bilər, nə də ki, hiylə, Mikrob - ölüm hara, insanlıq hara?! Gülər ağ saçların qəhqəhəsiylə Bütün xırdalara, xırdalıqlara.
Ən böyük şəfqət var insan səsində, Bu sözçün göylər də yerə enərdi. İnsansız, həkimsiz yer kürəsi də Gərəksiz top kimi diyirlənərdi.
Bütün ürəklərdə qopan ağrılar Həkim ürəyinə yazılır sanki. Torpaqda hər dəfə qazılan qəbir Onun sinəsində qazılır sanki.
Elə bil ağarır, yanır od kimi, Ürəyi köksündə tonqalmı yenə? Məzarlıq yolları bir tabut kimi Yüklənər həkimin çiyinlərinə!
Sanki təbiətlə giribdir bəhsə,- Əbədi, narahat, ömür olubdur. Bütün ölənlərlə bir ölübdüsə, Bütün körpələrlə bir doğulubdur.
Ən ağır xəstədir ürəksiz həkim, O öz əlləriylə sağalmalıdır. Ən böyük canidir biliksiz həkim, O yer kürəsindən qovulmalıdır.
Kədərlə toqquşar ömrü uzunu, Ağ günü soyunub geyinəndi o. Xəstəsi sağalıb ayaq tutdumu,- Körpə uşaq kimi sevinəndi o.
Taleyi qovuşar sazaqla, qarla,- Sınsa da əməli, sınmaz inadı. Etiraf edərlər əczaçılar da, İnsan - təbiətin şah dərmanıdır.
Bir söz də deməyə can atır qəlbim, Bu söz qanadlansın hamıya çatsın!- Ən ağır xəstəni ən gözəl həkim Ürəklə sağaltsın, sözlə sağaltsın.
Odur nurlandıran saysız ev-eşikləri, O şamın başına dolanar aləm! Bizi yaradan da qınamaz məni, Ona yür üzünün allahı desəm!..
"Tibb kadrlari uğrunda" qəzeti, 1973
|