Vaqif Bəhmənli - "Mən burdayam, İlahi”

29.01.15

Şair Vaqif Bəhmənlinin Vaqif Səmədoğlu haqqında “Mən burdayam, İlahi” məqaləsini təqdim edirik.
 
 
 
5 iyun 2014-cü il, axşam saat 19:00
 
“Azdrama” ağzına kimi dolu...
 
Xalq Vaqif Səmədoğlunun 75 illik yubiley təntənəsinə yığışıb.
 
O isə şairdən daha çox kaftar ölümlə hamının əvəzinə çarpışan cəngavərə bənzəyir. Sanki hamını bir kənara itələyib, Siz bu  işə qarışmayın, ədasıyla yeddibaşlı xərçəngin üzərinə təkbaşına yeriyir...
 
O axşam şair bu qeyri-bərabər döyüşdə qalıb gələcəyinə bütün salonu inandırdı.
 
Hamı Azdramadan arın-arxayın ayrılıb evinə döndü.
 
Mən də...
 
Bununla belə o gecənin sehri dörd ay dörd gün içimi tərk etmədi.
 
10 sentyabr 1914-cü il...
 
Hansı qələm idi o? Hansı yazı masasına çökmüşdüm? Hər sətrimi bir yazıb - yüz pozduğum o vərəqlər hanı? Xatırlamıram... Bəlli olan budur ki, böyük şairin taleyi kimi dağınıq və qeybdən agah olan bir ağı gözümün önündə qanad çalıb uçur.
 
O ağının adı da var.
 
 
Adaşıma
 
 
Adın altında daha bir kəlmə görünür Vaqif Səmədoğlunun 75 illik yubiley gecəsindən sonrakı ovqat.
 
“Beşmərtəbə”ylə üzbəüz,
“Füzuli meydanı”nın tuşunda,
2014-cü il,
iyun ayının beşində,
“Azdrama”da,
Vaqif Səmədoğlunun
təntənəli yubiley axşamında
iki başı da düyünlü can qantelini
dünyanın ən yüngül
daşı kimi apardı Vaqif Səmədoğlu;
halbuki, mən
bundan nigaran idim...
 
 
Vurğun yadigarı adaşım
o möhtəşəm gecədə
çox əlamətlərə əl sürtdü,
toxundu çox nişanlara.
 
Bir az ağı,
bir az bayatı,
bir az da
həyat anlatdı
salona toplaşanlara...
 
Yəni ki, özünü
kişi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
 
Prezident sərəncamını,
yetmiş beş illik
yubiley təntənəsini hökumətin,
Mədəniyyət və Turizm Nazirliyinin
işi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
 
Azarı boğazladı,
nitqini tarazladı,
fikir verdi sözlərinə,
Salon qorxmasın deyə
eynəkli gözlərini
gürzə kimi zillədi
yeddi başlı xərçəngin
qan çəkmiş gözlərinə -
Halbuki, mən
bundan nigaran idim.
 
Yeriyirsə ürək -
yerimək asandı, dedi,
Xalq artisti Fəxrəddin Manafova
əsamdı, dedi!
Yeridi ehmal-ehmal;
nə tez, nə gec -
əsaya ehtiyacı olmadı heç!
Vaqifin yox, Manafovun
yıxılacağından
qorxdu salon...
uğurla bitdi son;
Diki endi,
düzü qalxdı
Səmədoğlu,
Həmişə olduğu kimi
səhnə pilləkənini
özü qalxdı Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
 
Yetmiş beş yaşında Səmədoğlu,
İsraildə,
dünyanın o başında Səmədoğlu
yuxudan halsız ayılarkən
gözünü üzünə zilləyən
Nüşabə xanıma baxıb -
“Sevginin
       nə
demək
olduğunu
anladım,” -
dedi,
 
“Atamın
Azərbaycanı da
Nüşabə xanımın yanındaydı,
tək deyildi
o qadın” -
dedi.
Halbuki, mən
bundan nigaran idim.
 
Nə bənzətmə, nə qafiyə...
Salonda
ayrı bir Vaqif də vardı;
Vaqif
Vaqifdi Vaqifə...
 
Adaşlar adaşlara,
qardaşlar qardaşlara
qapılar olmasa, nə olsun?
Təbibə yoxlatsam məndə
xərçəng tapılar olmasa nə olsun? -
Halbuki mən
bundan nigaran idim.
 
“Beşmərtəbə”ylə üzbəüz
“Füzuli meydanı”nın tuşunda
“Azdrama”nın ağuşunda
altı yüz qadın-kişini
Səmədoğlu azarına
yoluxmuş gördüm,
Dünyada xərçəng adında
cəfəngiyat yoxmuş, gördüm...
Halbuki, bu,
yatsam yuxuma da girməzdi!..
 
27 yanvar 2015-ci il
 
Günün ikinci yarısı. İş telefonu çağırır. Nüşabə xanımın səsi... Vaqifin “Dramaturgiya” iki cildliyi çıxıb, icazə verin götürək, görsə yaxşıdı...
 
Soruşuram:
 
- Ustad necədir?
 
Nüşabə xanımın səsi:
 
-Yaxşı deyil...
 
Dilağız eləyib susuram. Danışıq bitir.
 
28 yanvar 2015-ci il, səhər saat 09:15
 
Nəşriyyatdan məlumat verirlər ki, Vaqif Səmədoğlunun ailəsindən gəlib kitabı apardılar. Ay Allah, heç olmasa, o gözəl kitablara əli dəysin!
 
28 yanvar 2015-ci il, saat 12:00
 
Akademiyanın iclasından çıxıb işə tələsirəm. Hansısa bir xəbər saytından zəng gəlir. Tanıdığım jurnalist:
 
- Vaqif müəllim, Vaqif müəllimin dəfni harada olacaq? – soruşur.
 
- Hansı Vaqif müəllimin?
 
- Eşitməmisiniz, Vaqif Səmədoğlu rəhmətə gedib.
 
... Telefon əlimdən düşür.
 
... Yerin üzü daşdır.
 
... Telefon sınmır, eləbil yerin təkindən səs gəlir.
 
... Sayt müxbiri hələ də nəsə soruşur.
 
 
29 yanvar 2015-ci il saat....
 
 
Azdramanın qapısı ağzına çatdım.
 
Həmişə o bura özü gələrdi.
 
Bu dəfə onu bura gətiriblər.
 
Kimsə çağırır: - Mən burdayam, İlahi
 
Mən hay verirəm:
 
-Qorxma, qardaş, biz də burdayıq...
 
/kulis.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.