Zahid Sarıtorpaq - Bir də gəlsən gedərsənmi...
27.02.15

Artpress.az şair Zahid Sarıtorpağın şeirlərini təqdim edir.



***

qeybdən
sapsarı bir heyva uzadarlar ona
qorxudan açmaz əlini “yuxudu...” deyər
bir gül uzadarlar – almaz
“sevdadayam...” deyər
duasını oxuyub gedər yolunu
ay doğmuş bir gecəyə girər
yarı gül yarı heyva qoxuyar gecə
“yuxudu...” deyər   “sevdadayam” deyər
yumar gözünü
sirr dolu bir yuxuya girər
mənasını bilmədiyi dua kimi şirin
                               bir qaranlıq aparar onu
sonda
bir gül, bir heyva, bir cəllad kötüyü durduğunu görər
“seç...” deyər bir səs
yumar gözünü təzədən: “sevdadayam...” deyər
“seç... seç...” deyər bir səs
heç  nə olmayıbmış kimi endirər başını cəllad kötüyünə:
“sevdadayam”  deyər
eləcə gözləyər, gözləyər
aradan nə qədər vaxt ötdüyünü bilməz
“aç daha gözünü...” deyərlər
“sevdadayam...” deyər
“aç... aç... - deyərlər – gözünü...”
açmaz gözünü qorxudan
“sevdadayam...” deyər
aradan nə qədər vaxt ötdüyünü bilməz
kəpənək kimi bir öpüş qonar üzünə
açar gözünü
bəlalı başını cəllad kötüyünün yox
butasının dizləri üstündə görər
sapsarı bir heyva uzadarlar ona –
                                               “odur...” deyər
sirr dolu bir gül uzadarlar ona –
                               “ah... odur...” deyər
“götür...” deyərlər –  götürər
“yum gözlərini...” deyərlər – yumar
“sevdadasan...” deyərlər
“sevdadayam...” deyər

 


***


suyun üzündə böyrü üstə üzən
                                               ölü balıqlar kimi
axarın umuduna olmağın da öz gözəlliyi var
amma bu gözəlliyi duymaqdan ötrü gərək
ölü olduğunu unudasan axı
olurmu görən
 
gora pəncərə düzəltmək keçir ağlından
vergili aşiqin illər uzunu
qolunun zəncirini açan yoxdu dilinin qıfılını
qapı da düzəldərdi yoxsa baca da qoyardı
olurmu ölmədən
 
yolçuluq uzun çəkəndə
qoynunda bəslədiyin bir qızıl alma kimi
solub bürüşəndə istəklər
divardakı yaşmaqlı şəklə
doyunca baxmağa gücün çatmayanda
                                               dua öncəsi
səsini içinin boşluqlarında
                               havalandırmağın gəlir:
toxun mənə gözlərimin gördüyü kimi
toxun mənə Tanrının “o sənin deyil...” deyə
                                               verdiyi kimi
toxun mənə cənazəmin örtüyü kimi
olurmu bilmədən


 

***
 
yarpaqlar qar düşənə qalmadı yenə
«sən nə düşünürsən?..» deyə
qosqoca dünyaya toxunur payız
 
bilgimiz nə qədərsə bir o qədər çaşqınıq
olümün şəcərəsini budaq-budaq oxumağa
üryanlara çırpılır könül birəm qar gəldiyində
amma həmişə elə bilirik yaza yarpaqlara
tumurcuqları çiçəyə boylu budaqlara
                                               köklüdür o
əslində bildiyimiz heç nədi görünür
hərədə bir cürdü ürəyin ölçü vahidi:
birində sevgi birində ayrılıq
birində sevinc
birində üzüntüylə ölçülür yaşam
 

hərdən  elə fikirləşirsən
yaşı  min illərlə ölçülən bir küp qəbrin
miniatür əksidir daşıdığın ürək –
nə qədər mataha minib
matahdan düşsə də Can Türbəsində
içində ölənlərin
öldürülənlərin məsum kəmikləri sızlasa da
artıq öz işini görmüş və susmuş zamansızlıqda
qiyamda duaların səcdədəkindən
                               daha uzun sürməsi
aşiqə Rəbbin lütfüdü sözsüz
birəm qar gəldiyində ruhun qiyamı
yarpaq tökümündən sonrakı ağaclara
ayaqda durmağın önəmini bildirir

bizdən ayrılan hər anın payız siluetinin
üzü necə var köçürülürsə dəftərimizə
səhifəmizin birini ötürüb o birini varaqlamaz
O alayarımçıq oxumaz  bizi  bizdən fərqli
 
«sən nə düşünürsən?..» deyə
toxunur bizə qosqoca dünya
yarpaqlar qar düşənə qalmadı yenə


 

***

bir uçuşun  sonunda bir qu
                               yorğunluğuyla süzərək
keçərək sınırlarını vaxtın sevginin yalqız
enərək qoynuna pünhan göycə suların
kimsəni çağırmadan göyçək bir ölümlə ölərək
səssiz sözsüz oxunan son türkünün bəstəsinə
Can Evinin soyuq divarlarında
ilk misranın rəsmini  beləcə cızmaq olar:
– yorğun qanadına qurban
suları tərpədərsənmi...
 
ana qarğışı tutmaz  körpəsini
çünki arada süd var deyirlər
sevgidən ayrılıqdan həsrətdən doğulanlar da
qarğışa gəlməz deyirlər heç vaxt –
arada ölüm durur çünki
ölümün ana südü mislində halallığı durur
bir də Can Evinin soyuq divarlarında
səssiz sözsüz oxunan
son türküyə cızılmış sonuncu misranın rəsmi durur:
– çoxmu gözəldi oralar
bir də gəlsən gedərsənmi...

 

***

lampa söndü göz yumuldu səs kəsildi
sonuncu söz qaranlıqda laxtalandı
bitirdim dualarımı artıq
canım yüngül - qu tükü kimi
yəni ölümün ola bilərmi bu girəvə
sağımdan küləklər əsməliydi axı baqidən
bəs nə oldu

bu girəvə ölümün ola bilərmi yəni
həmdin üstündən gül ləçəkləri sovrulmalıydı
                                               ölümün üzünə
utandırmalıydı onu nəfəsimi
                               çəkən nəfsinə görə
nə oldu bəs
 
yəni bu girəvə ölümün ola bilərmi
bəlkə də
ölümlərin ən şanlısı
və ən şanslısı olmalıydı mənim ölümüm
gözünü yumaraq gəlməliydi üstümə
                                               suçlu-suçlu
ən azı  «neyləyək, belədir…» demək istədiyi
bilinməliydi gəlişindən
və sağımdan küləklər əsməliydi baqidən
yəni bu girəvəni gözləyən
                                       doğrudanmı odur
odursa nə oldu bəs
lampa söndü axı

 


***

can tutulub cuna kimi
yoxluğun qırıq aynasına
aynadan o yana
tərpənən titrəyən şeir yox adi səsdi
                                               amma söz deyil
sultanlığına kor olmuş könül
qul kimi əl-ayağındadı qırıq-qırıq
                                              gələn o səsin
dua deyil yox
holavar deyil yox
“hu...” deyil
              

əvvəl çıraq fırlanır –
                               amma kor çıraq işıqsız
sonra çırağa uzanan əl qanadlanır –
                                               amma havasız
sonra havasız çalınan davullar dinir –
                                               amma dilsiz
ən axırda dil vur-tut bircə kəlmə su deyir
kor çırağa işıq gəlir
qanadlanan ələ hava gəlir
dinən davullara – səs
 
amma yoxluğun qırıq aynasındakı cuna
dilin su deməsini gözləmir
dil su deyənəcən özü titrəyir Ona sarı

sabahacan yağış yağır...

 

***

börü tanımadı nəşimi
bu köhnə cübbədən, bu quşburun çarıqdan
alaca buludlu bu gözlərdən tanımalıydı
tanımadı ancaq
bu qızılı yaradan, bu qurumuş
                                               qara qandan
əlimdən düşmüş bir əlcə əppəkdən
əppəkdəki acizanə diş yerindən
tanımalıydı tanımalıydı börü

izinə baxdım iz onun deyil
imsinmək onunku deyil gördüm
börü cildində iblis olurmu görən
üzümü yalayan nəfəs onun deyil axı
onun deyil gördüm

iştahından bildim o börü deyil
dişləri altında sümüklərimin
                               xırçıltısından bildim
nəfsindən anladım aldanmağımı
ağzının suyundan
dodaqlarının marçıltısından bildim
ulamaq yerinə mırıltısından duydum

üstümə tökülən
göyün qurd düşmüş qaranlığından
yanıq qoxulu üzgün rənglərin
bir-birinə dolaşmağından
                               bildim yanıldığımı

hər nəsənsə dedim halal etmirəm sənə
haram xoşun olsun bu gəliş-gediş
cəsədimi hallara buraxıb getdin, börü, hallara
məni hallar sürüyür indi nəşəli-nəşəli
sənsə öz adını qoru görək nə olacaq
adını sürü Çöllərə... börü...
qaç, bəlkə qurtuldun, ayrı zamandı,
qaç, amandı, qaç... yürü...
qəbrimiz üstə ulamağa bir səs olsun barı
börü... börü...

yoxsa ki içiylə sürünhasürün
qurtarmaq bilmir bu qaranlıq boru
amma unutma
bir  “huu-u-u!” eşidincə yenə dön bəri... bəri...
börü...



Aşdıq dağın o üzünə

aşdıq dağın o üzünə
gedirik üstən aşağı
elə bil ki bu yol bizi
aparır qəsdən aşağı
 
boş-boşuna sürünür yol
haqqa sarı ərinir yol
gözümüzə dirənir yol
yol yoxmu gözdən aşağı
 
dil nə deyirsə asidi
susmaq ölüm həvəsidi                   
səbir sevgidə qazidi
şikəstdi dizdən aşağı

ömür sevgiylə yarıdı
sevgi haqqın buxarıdı
hamı bizdən yuxarıdı
kimsə yox bizdən aşağı
 
Söz öndədi biz geriyik
biz tək Onun əsgəriyik
hər cürə Səsdən diriyik
ölüyük Sözdən aşağı
 
/"Aydın yol" qəzeti/

Yenililklər
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.