Vaqif Yusifli - Unudulmayan Süleyman Rəhimov
08.04.15

Görkəmli yazıçımızın 115 illiyinə

Ədəbiyyata gəldiyim ilk illərdə (keçən əsrin yetmişinci illəri) Süleyman Rəhimov və onun kimi ustad sənətkarlar mənim üçün son dərəcə əlçatmaz idi və günlərin bir günündə onlarla üz-üzə gəlmək, oturub söhbət eləmək ağlımdan belə keçmirdi.

Tələbəlik illərində və sonralar mən bu böyük sənətkarı - üz-gözündən ciddilik yağan bu zəhmli kişini küçədə, Sahil bağında və əlbəttə, dinləyici kimi iştirak elədiyim bir sıra ədəbi məclislərdə dəfələrlə görmüşəm. Hətta bir dəfə Nizami adına Ədəbiyyat Muzeyinin birinci mərtəbəsində (orada kitab mağazası yerləşir, mərkəzdə olduğundan yazıçıların əksəriyyəti öz təzə kitablarının sorağına bura gələrdilər) Süleyman Rəhimovu lap yaxından, yarım addımlıqdan gördüm. O, böyük səxavətlə özünün yenicə çapdan çıxmış “Ana abidəsi” romanından təxminən on beş nüsxə götürdü və yan-yörəsini bürüyən oxuculara (o cümlədən, mənə) avtoqrafla kitabını hədiyyə verdi.
Bir dəfə isə bulvarda Süleyman Rəhimovla Əli Vəliyevin yanaşı getdiyini, şirin söhbət etdiyini gördüm.
Onları beş-on addımlıqdan izlədim . Hiss elədim ki, dünyada bunlardan mehriban dostlar ola bilməz. Bir dəfə isə - “Azərbaycan” jurnalında təzəcə işə başladığım illər idi - telefon zəng çaldı, dəstəyi qaldırdım. Amiranə bir səs jurnalın Baş redaktorunu - Əkrəm Əylislini soruşdu. Cavab verdim ki, o, otaqda yoxdur, katibliyə düşüb, bir azdan qayıdar, qayıdarsa, mən ona kimin sorduğunu deyim? Müsahibim təkidlə dedi ki, redaktorunuza deyin mənə zəng çalsın, danışan Süleyman Rəhimovdur. Səsini tanımadığıma görə özümü qınadım.

O zaman (70-ci illərin axırları-80-ci illərin əvvəlləri) bəzi söhbətlərdə, çıxışlarda “yeni nəsil-köhnə nəsil” “qarşıdurması” baş qaldırmışdı. Doğrudur, bu söhbətlərin qızışdırıcı mahiyyəti, indi çox dəbdə olan ifadə ilə desək, “ekstremist” ruhu gün kimi aydın idi. Lakin çox qəribə idi ki, “yeni nəsil-köhnə nəsil” söhbətini ciddi ədəbi münaqişəyə çevirmək istəyənlər də tapılırdı. Hətta ustadların arasında da açıq-açığına yeni ədəbi nəslin yaradıcılığını bəyənməyənlər, dodaq büzənlər, hətta inkar edənlər vardı. Ya əksinə, yeni ədəbi nəslin içərisində də çılğıncasına “daloy qocaman nəsil” deyənlər tapılırdı. Bir də görürdün ki, hansı bir mötəbər qəzetin səhifələrindəsə cavan şairlərin şeirlərindən “qara tənqidə” tuş gələn ayrı-ayrı misralar seçilib-sonalanır, ironiya hədəfinə çevrilirdi, ya da əksinə, hansı bir məqalədə isə yaşlı sənətkarların dilinə, üslubuna, yazı tərzinə iradlar tutulurdu. Əlbəttə, bütün bunların ədəbiyyatın saf havasına cüzi də olsa, lap ötəri də olsa, bir kəsafət yaydığı məlum məsələ idi.

“Yeni Azərbaycan nəsri” şərti termin olsa da, artıq o zamankı Ümumittifaq və Azərbaycan ədəbi tənqidində tez-tez işlənirdi. Azərbaycan nəsrinin yeni nəsli - “altmışıncılar” - İsa Hüseynov, Sabir Əhmədli, Anar, Yusif Səmədoğlu, Əkrəm Əylisli, İsi Məlikzadə, Elçin, Sabir Azəri, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Fərman Kərimzadə, Əlibala Hacızadə, onların ardınca gələnlər - Mövlud Süleymanlı, Məmməd Oruc, Şahmar Hüseynov, Vaqif Nəsib, Afaq Məsud, Baba Vəziroğlu, Saday Budaqlı və başqaları doğrudan da, ədəbiyyata təzə nəfəs gətirdilər. Sənətdə reallıq hissi, həyatilik meylləri qüvvətləndi, yeni ədəbi qəhrəmanlar yarandı, dilimizin yeni ifadə imkanları ilə qarşılaşdıq və s. O zamanlar bir çoxları kimi məni də bu ədəbi nəsillə ustadların münasibətləri maraqlandırırdı. Fikirləşirdim ki, görəsən Anarın bir yazıçı kimi Süleyman Rəhimova ya Əli Vəliyevə münasibəti necədir, Elçin Mirzə İbrahimovun, İsi Məlikzadə İlyas Əfəndiyevin nəsrini bəyənirmi? Yaxud əksinə, Əli Vəliyev tamamilə başqa tərzdə yazan nəvəsi Afaq Məsuda acıqlanmır ki? Mirzə İbrahimovun Mövlud Süleymanlı yaradıcılığına münasibəti necə ola bilər?

Əlbəttə, bu sualların bir çoxuna indi də cavab tapa bilmirəm, amma bəzisinə elə o zaman cavab tapmışdım. Mənə bəlli olmuşdu ki, ədəbiyyatda “köhnə nəsil-yeni nəsil” söhbətinin elə bir ciddi əsası yoxdur.
1980-ci ildə Süleyman Rəhimovun anadan olmasının 80 illiyi münasibətilə keçirilən təntənəli yubiley gecəsi indi də xatirimdədir. Məruzəçi çıxışında bunu vurğuladı ki, “yazıçının gördüyü iş, hardasa bir azca da xəritəçəkənlərin-kartoqrafların gördüyü işə bənzəyir. Fərq bircə burasındadır ki, xəritəçilər dünyamızın coğrafi mənzərəsini yaradırlar, yazıçılar isə ictimai, mənəvi, insani mənzərəsini. Bu mənada Süleyman Rəhimov yaradıcılığının öz ayrıca mənzərəsi, öz ayrıca xəritəsi var. Bu xəritədə özünün yarım əsrlik ömrünü ədəbiyyata həsr eləyən azərbaycanlı yazıçının keşməkeşli həyat yolunun özünəməxsus mənzərəsi görsənir”.

Məncə, ədəbiyyatda hər yeni nəsil pöhrələndiyi, qol-budaq atdığı ağacın gövdəsinə borcludur və bu mənada “altmışıncılar”ın, daha sonra “yetmişincilər”in əvvəlki nəsillərə münasibəti də budaq-gövdə müqayisəsi kimidir. Və eyni zamanda, gövdənin özü də min bir əziyyətlə boya-başa çatdırdığı, üzərində dikəltdiyi pöhrələrə baxıb sevinməli, gələcəyini görməlidir. Bu məlum fikri söyləyəndə də, mən Süleyman Rəhimovun ömrünün son illərində gənc yazıçı Afaq Məsudun ilk kitabına böyük bir sevinc hissi ilə yazdığı “Yaradıcılıq baharı” məqaləsini xatırladım: “Öz yaradıcılıq təcrübəmdən müəyyən cizgiləri ciddi yaradıcılıq tələbkarlığı ilə Afaqa məsləhət görürəm. Öz təcrübəmə görə yeri gəlincə bu sözü o sözlə əvəz edirəm.

“Bax, belə olsaydı, daha yaxşı olardı” deyirəm. Məncə, biz qocamanlar üçün gənc ədəbi nəslə yanaşmaq, əyani olaraq bəzi düzəlişlər etmək, məsləhətlər vermək yaxşıdır, faydalıdır. Məncə, ədəbi gənclik üçün nə ucdantutma tərif, nə də işıqlı tərəfini bir yana qoyub, ucdantutma inkarçılıq gərək deyil. Əgər bir ədəbi gəncin yaradıcılığında bir ümidverici işıq varsa, biz bu işığı həssaslıqla artırmalıyıq, getdikcə gücləndirməliyik. Ədəbi gəncliyə həm bu günün, həm sabahın-gələcəyin qayğısı ilə yanaşmalıyıq.

Mən Afaq Məsudun fərdi yaradıcılığını nəzərdən keçirəndə cavan yazıçımız öz sözləri ilə məni tərpətdi.

Bizim ədəbi gəncliyimizin içində belə bir yazıçının yetişdiyini görəndə sevinməyə, onunla öz övladım, öz nəvəm kimi öyünməyə bilmirəm”.
Süleyman Rəhimovun tərcümeyi-halı, keçdiyi məşəqqətli həyatı, ağlı-qaralı günləri onun “Ömür yolu” xatıratında əks olunub. Bu, XX əsrlə yaşıd olan bir sənətkarın ömür yoludur-qara, ehtiyaclı günlər də yazılıb onun səhifələrinə, mürəkkəb düyünləri də var bu ömrün..İşıqlı, parlaq günləri, ayları, illəri də...

Əsrin sonundan boylananda bəlkə də çox şey aydın görünür. Adi bir kəndli oğlu səviyyəsindən bütün məmləkətdə və onun hüdudlarından kənarda tanınan bir sənətkar zirvəsinə yüksələn bu ömrün hər səhifəsi bəlkə də bir romandır. Və Süleyman Rəhimov öz 55 illik yaradıcılıq ömrünün timsalında o romanlardan bir neçəsinə həyat vəsiqəsi verdi. O taylı-bu taylı Azərbaycanımızın XX əsrdəki bütün keşməkeşli mənzərəsi oxunur, görünür bu romanlarda. Süleyman Rəhimovun ömür yolu - Azərbaycanın XX əsrdə keçdiyi yoldur... Mürəkkəb və təzadlı. Fərəhli və fərəhsiz. Sevincli və kədərli. Mən bu fikri söyləyəndə qətiyyən bir yazıçının yaradıcılığını ideallaşdırmaq fikrində deyiləm, onu xalqla eyniləşdirmək fikrindən də uzağam. Əslində, buna ehtiyac yoxdur, çünki Süleyman Rəhimov yaradıcılığı bütünlüklə xalq fenomenindən ayrılmazdır.

Süleyman Rəhimovun “Şamo”, Azərbaycan kəndini KƏND KİMİ TANIDAN, KƏND KİMİ OXUDAN və yaddaşlara həkk edən bir əsərdir. Açığını desək, otuzuncu illərdən üzü bəri heç bir romanımızda kəndimizin Şura inqilabına qədərki mənzərəsi bu cür realistcəsinə əks olunmayıb.

Süleyman Rəhimov “Şamo” romanını təqribən 45 ilə yazıb tamamlamışdı. Sevimli oğlunun faciəli ölümündən sonra bu işə daha dərindən bağlanmışdı.
“Şamo” çoxplanlı, mürəkkəb xarakterlərlə zəngin bir romandır. Bu əsər Süleyman Rəhimovun geniş epik lövhələrə meyl edən bir romançı kimi həyat materialı, ədəbi faktura ilə işləmək prinsipləri haqqında daha dolğun təsəvvür yaradır. Məlum məsələdir ki, hər hansı istedadlı yazıçı, canrından asılı olmayaraq, qələmə aldığı sənət əsərində həyat həqiqətinə, həyatdan aldığı mövzuya özünün orijinal münasibəti ilə fərqlənir.


İstedad kimin nə yazmasından yox, necə yazmasından bəllənir. Əvəzsiz hekayə ustası Çexov da roman yazmağa girişmişdi, ancaq tezliklə onu yarımçıq saxlamalı oldu. Bəlkə o roman bitmiş olsaydı da, bədii siqləti, sanbalı etibarilə ən qısa hekayəsindən yüksəyə qalxmayacaqdı?! “Şamo” romanı ilə Süleyman Rəhimov bir romançı kimi özünün ədəbi konsepsiyasını işləyib hazırlamışdır: hadisələri yerli-yataqlı təsvir etmək, Şamonun bir qəhrəman kimi siyasi-sinfi “boyartımı” və inkişafını göstərmək, ən kiçik ştrixdən, hadisədən belə imtina etməmək!

Süleyman Rəhimov “Saçlı” romanı ilə əlaqədar yazdığı “Müəllif qeydləri”ndə deyirdi ki, mənim üçün “Şamo”nu yazmaq, “Saçlı”nı yazmaqdan asan başa gəlmişdir. Əgər “Şamo”nu yazanda romantik xəyal aləminə qapılıb qanadlanmışamsa, “Saçlı”nı yazarkən, sanki daş-qaya üstündə buruq qoyub yerin qatlarını qazmışam. O dövrün ən oxunaqlı və populyar romanlarından olan “Saçlı”nı ədəbi tənqid bir qədər sərt qarşılamış, bu əsərin uğurlu cəhətləri ilə yanaşı, kəm-kəsirlərini də bütün açıqlığı ilə təhlilə çəkmək meyli güclü olmuşdur.

Ədəbi prosesin ən qaynar nöqtələrinə enməyi, qızğın ədəbi döyüşləri sevən Mehdi Hüseynin münasibəti xüsusilə səciyyəvi idi. Mehdi Hüseynin fikrincə, Süleyman Rəhimovun nəsri bütövlükdə, bütün varlığı ilə həyata bağlanan, böyük ictimai hadisələri, mürəkkəb həyat prosesini görməyə və göstərməyə çalışan bir yazıçının nəsridir. M.Hüseynin tənqidi qeydləri əsasən bundan ibarət idi ki, raykom katibi Dəmirov hərtərəfli işlənmədiyindən əsərə bədii natamamlıq gətirir, romanda hələ əsrimizin qəhrəmanı yoxdur... düşmənlərin, banditlərin geniş surətdə, Zamanov kimi qəhrəmanların isə yalnız bir planda verilməsi romanın epik vüsətini məhdudlaşdırmışdır.

Fikrimizcə, S.Rəhimov bu romanı yazarkən heç də planla işləməmişdi, o, öz qəhrəmanlarına xüsusi rəğbətlə yanaşmışdı. Amma dövrü, mürəkkəb ictimai hadisələri təsvir edərkən mənfilikləri də geniş təsvir etməyi unutmamışdı. Hər halda nəzərə alınmalıdır ki, Süleyman Rəhimov xalq həyatına-real gerçəkliyə sadiq qaldığı üçün ictimai həyatın kölgəli cəhətlərindən heç vaxt sərf-nəzər etməyib. Hətta ədəbi həyata sirayət edib müəyyən mənada onu iflic edən “konfliktsizlik” dövründə də Süleyman Rəhimov məhz həyat həqiqətinə sadiq qaldığı üçün tənqid edilib. Ustad yazıçı irili-xırdalı bütün əsərlərində işlədiyi mövzuya xalq həyatı prizmasından baxmağa çalışıb.

S.Rəhimovun yaradıcılığı Azərbaycan romançılığında xüsusi bir hadisədir. Onun romanlarında folklor, dastan poetikası ilə bağlı cəhətlər ayrıca bir tədqiqatın mövzusudur. Onun romanları (“Şamo”) Azərbaycan nəsrində ilk epopeya sayılır. Ancaq onun roman yaradıcılığı təkcə “Şamo” ilə məhdudlaşmır: “Saçlı”, “Ağbulaq dağlarında”, “Məhtəban”, “Qafqaz qartalı”-bu romanlar da Azərbaycan nəsrinin qiymətli nümunələridir.

O, həm də məsul vəzifələrdə çalışıb, amma harada olursa-olsun, quru kabinet adamı olmayıb. Öz işini, vəzifə borcunu ləyaqətlə yerinə yetirib.

Mərhum şair-tədqiqatçı Qasım Qasımzadə yazırdı ki, Üzeyir Hacıbəyli musiqidə, C.Cabbarlı dramaturgiyada, S.Vurğun poeziyada kimdirsə, S.Rəhimov da Azərbaycan nəsrində odur. Süleyman Rəhimov bir yazıçı kimi - “Dədə Süleyman” kimi Azərbaycan xalqının mənəvi dünyasında həmişə yaşayacaq... /525.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.