Əsəd Cahangir: "Nəsimi də mənəm, Teymurləng də"
20.05.15

Tənqidçi Əsəd Cahangirlə müsahibə


- Əsəd müəllim, söhbətimizə belə başlayaq, sizcə, kim yatmış kim oyaq?

- Hamı yatmış,  Əsəd oyaq. (gülür)

- Zarafatsız, “Kim yatmış kim oyaq” kitabınızın adı nə demək istəyir?

- Deyirəm ki, yəni oyanın, özünüzü dərk edin.

- Məsələn, Əkrəm Əylisliyə demək olar ki, oyan, özünü dərk elə?

- Əvvəla, müsəlman ol, heç kəsi bütləşdirmə. İkincisi, bu söz elə ən çox Əkrəmə aiddir. Məhz o özündən bixəbərdir. Bütün mənalarda - insan kimi də, yazıçı kimi də, vətəndaş kimi də, bəndə kimi də. Onun həqiqətdən xəbəri yoxdur, özü də bilmərrə yoxdur ha!

- Fikrət Qocanın həqiqətdən xəbəri var, amma Əkrəm Əylislinin yoxdur?


- Fikrət Qocanın bura nə dəxili var ki?

- Məncə, Fikrət Qocanın mahiyyəti sizlərin həqiqətini ifadə edir, ona görə.

- Təki elə sən deyən kimi olaydı, Fikrət Qocanın mahiyyəti bizim həqiqəti ifadə edəydi. Bundan gözəl nə ola bilərdi ki?

- Aydındır. Başqa bir sual. Neçə illərdi yazıb-yaradırsınız. Yazılarınızdan yarımısınızmı?


- İstəyirsən ki özümü tərifləyim? (gülür)

- Hə...


- Qoy səni arzuna çatdırım. Hə, yarımışam. Təkcə elə bu söhbətimiz bunu sübut edir. Yarımasaydım, Beyləqandan gəlib burda ədəbiyyat söhbəti eləməzdim ki... Atam professor olmayıb, daydayım olmayıb, məni bura ancaq yazılarım gətirib.   

- Məncə, siz istənilən an "hə"ni, "yox"a, "yox"u, "hə"yə çevirə bilirsiniz. Bunun özü də bir istedaddır. Bu istedadınıza görə kimə borclusunuz?

- Özümə.

- Allahı inkar edirsiniz?


- Allah elə insandır.

- Deyirsiniz, Allah elə mənəm. Dərinizin soyulmağına da hazırsınızmı?

- Hazır olsam da, olmasam da, ömrüm boyu dərim soyulub. Necə deyərlər, ilan kimi qabıq qoymuşam.

- Bəs, sizə görə, bu günün Teymurləngi kimdir?

- Nəsimi də mənəm, Teymurləng də. Hər şey insandır. Xeyir də, şər də. Anarın Əhlimanını yadına sal, Hörmüz də, Əhrimən də bir insandadır.

- Sizə elə gəlmirmi ki, cəmiyyətin amansız həqiqətlərini dilə gətirməyib, bir ədib olaraq başını salamat saxlamaq üçün fəlsəfə və din bir vasitəyə çevrilib?

- Məncə, indi ən çətin şey dinə, daha doğrusu, Allaha inanmaqdır. Çünki indi Antixrisrt erası başlayıb. İŞİD-filan hamısı bunun təzahürüdür. Şər üzünə xeyir maskası taxıb.

- Siz dinə inanırsınız?

- Şübhəsiz.

- Dinə çox inanırsınız, yoxsa Anar müəllimə?

- Anar dini inkar etmir.

- Məncə, son əsərində Anar dinə şübhəsini açıq olmasa da, bilavasitə biruzə verir.

- Mən demədim ki, inanır, dedim ki, inkar etmir. İkincisi, inanmaq hər kəsin fərdi, intim işi, hər kəsin daxili vicdani məsələsidir. Heç kəsin ürəyinin yorğanını qaldırıb altına baxmaq olmaz. Buna görə kimisə suçlamaq haqqımız yoxdur. Orta əsrlərdə belə edir, imansız saydıqlarını inkvizisiya tonqalında yandırırdılar. Mənim inkvizitor olmaq arzum yoxdur, sənə də bunu məsləhət görməzdim.  

- Sizi dərin intellektə sahib insan kimi qəbul eləyirlər. Yumşaq mənada düşmən də, dost da, analitik təfəkkürə malik tənqidçi kimi haqqınızda yüksək fikirdədir. Ancaq ümumi fikir belədir ki, bir tənqidçi kimi ədəbi xarakterinizdə olan dəyişkənlik obyektivliyinizə kölgə salır. Buna görə niyə narahat olmursunuz?

- İctimai rəy həmişə səthi olur. Dəyişməyən şey isə iylənir.

- Məsələn, ictimai rəy Əkrəm Əylislini qəbul eləmədi. Bu da səthidir?

- O ictimai rəy deyil.

- Bəs nədir?

- Ümumilli rəydir. Çünki burda milli məsələ vardı. Erməni söhbəti vardı, Qarabağ vardı. Milli və ictimai fərqli şeylərdir.

- Sizcə, ədəbiyyat nəyə lazımdır?

- Özünü aldatmağa.

- Aha. Onda deyə bilərsiniz ki, Elçin Əfəndiyev özünü aldadır?


- Bütün yazanlar da, oxuyanlar da özlərini aldadırlar. Sənət reallığa alternativdir. Borxes demişkən, yuxudur. O gerçəkliksə, adekvatlaşsa, dərhal gözəlliyini və marağını itirir.

- Sənədli filmlər ona görə maraqsızdır?

- Əlbəttə.

- Bəs, onda realizm nədir?

- Sənətdə realizm yalan gerçəkdir, yaxud gerçək yalandır, bir sözlə, bədii realizmdir.  

- Elçin Əfəndiyev haqqında danışdıq. Məsələdən çox yayınmamış xahiş edirəm bir sualıma da cavab verəsiniz. Sizi cəsarətli tənqidçi olmağa qoymayan nədir?

- Cəsarət cavanlıq kimi dayaz bir şeydir. Mən onu cavanlıq illərimdə keçmişəm. Ədalət və həqiqət ondan üstündür. İndi mənim yox, sənin cəsarətli olan vaxtındır.  Amma bəzən cəsarətlə kobudluğu qarışdırırsan. “Qabusnamə”n oxu, oxumusansa, yenidən oxu.

- Elə niyə?

- Açıqlamayacam. Diqqətlə oxu, səbəbini özün biləcəksən. Qoy söhbətimizdə sirli məqam da olsun.

- Yaxşı, cəsarətdən keçdik. Bəs, özünüzü tənqidin hansı mərhələsində hiss edirsiniz?


- Mən özümü tənqidçidən çox ümumən yazar sayıram. Ədəbiyyatşünas, tənqidçi, şair, esseist...  Sabah roman da yaza bilərəm. Sadəcə tənqidçiliklə məşğul  olmaq məhdud bir şey olardı.  Əgər inkişaf gedirsə, məhdud çərçivədən çıxmalısan. 50 yaşında da şeir yazanlar, yaxud 60 yaşında da hekayə yazanlar var. Bu o deməkdir məhdudluqdan çıxa bilmirlər. İnkişaf getmir, böyümürlər.

- Sizcə, peşəkar yazıçının səmimi olmağı mümkündür?

- Səmimiyyət peşəkarlığa baxmır, peşəkarlıq isə səmimiyyətə. Səmimiyyət duyğu, peşəkarlıq isə ağılla bağlıdır.  

- Heç doyunca ağladığınız olub?

- Heminqueyin məşhur bir sözü var – insanı öldürmək olar, amma məğlub etmək olmaz. Ağlamaq məğlubiyyət əlamətidir. Kimsə qırx yaşdan sonra hələ də ağlayırsa, vay onun halına. Təkəbbürü nə qədər pis şeydirsə, qürur bir o qədər gözəldir. Hətta çox sevdiyim Füzulinin də göz yaşları bəzən məni bezdirir. Sentimentalizm mənlik deyil. Sakit və düşüncəli kədər isə başqa məsələ, bu gözəldir.   

- Özünüzü xoşbəxt hiss edirsiniz?

- Cavabım orijinal olmayacaq. Turgenev demişkən, dünyada  xoşbəxt  adam yoxdur. Xoşbəxtliyin uzaq başı müəyyən anları olur. Belə anlar məndə də olub. Amma nə qədər xoşbəxt anlar yaşayırsansa, ardınca bir o qədər də faciə gəlir. Çünki taleyin gözəgörünməz mühasibi həyatımızı belə bir balanslaşdırma üstündə qurub. Yeri gəlmişkən, bu son fikrimin də yalnız forması mənə məxsusdur, məzmunu isə orijinal deyil.

- Kimə məxsusdur?


- “Əli və Nino” müəllifinə.

- Kimi “Əli və Nino”nun müəllifi sayırsınız?

- Bu mənə maraqlı deyil, bu işin həvəskarı alovlu vətənpərvər, “şeirin yeni günəşi” Nuridə Atəşidir.

- Maraqlı deyilsə, niyə əsərdən sitat çəkirsiniz?

- Düzünü deyim ki, o romanı küyə düşüb oxumuşam. Bu fikir o romanda mənim üçün yeganə maraqlı şeydir. Öz həyatımla bu fikir arasında bir əlaqə görmüşdüm. Yəqin ona görə yadımda qalıb.

- Əsasən, xoşbəxt anlarınız nədən ibarət olur? Məsələn, sizi nə xoşbəxt eləyə bilər?

- İndi bəlkə də heç nə, vaxtilə isə çox şey edə bilirdi. Onlar keçmişdə qaldığından qoy elə keçmişdə də qalsınlar.  

- Yazılarınızda və çıxışlarınızda məmur yazıçı və şairlərə qarşı çox ehtiyatlısınız, açıq-aydın hiss olunur ki, onların xətrinə dəymək istəmirsiniz. Niyə belədir? İtirəcəyiniz nə var ki? Nədən ehtiyat edirsiniz? Təxminən, yenə cəsarət məsələsinə qayıtdıq. Axı bizdə obyektiv olmaq elə cəsarətli olmaq anlamına gəlir.

- Mən ümumiyyətlə xətrə dəyməyi sevmirəm, vəzifəsindən asılı olmayaraq, heç kəsin və məncə, dəymirəm. Ürək qırmaq Kəbə yıxmaqdan da böyük günahdır.  Müsahibələrində bəzən reytinq-falan məsələsinə görə adamların qəlbinə dəyirsən, çalış sən də ürək qırmayasan. Çünki ürək Allahın yuvasıdır, hər ürəkdə Allahın əksi var. Hər dəfə ürək qıranda, Allahın yuvasını uçurursan və bunun bədəlini ağır ödəməli olursan. Səbəbini başa düşmədiyimiz qəfil bəlalar burdan gəlir.   

- Mən müsahibələrimdə heç kəsin romanı haqqında deməmişəm ki, bu, stolüstü yox, stulüstü kitabdır. Amma siz Pərviz Cəbrayılın romanı barədə yazıbsınız ki, “Yad dildə” stulüstü kitabdır.  Bu, xətrə dəymək deyil?

- Təki elə kimsə mənim kitabıma stulüstü deyib xətrimə dəyəydi. Belə orijinal xətrədəymə üsuluna görə ona minnətdar olardım. İkincisi, məncə, Pərvizin xətrinə dəyməmişdim buna görə. Əgər dəysəydim, elə bu gün zəng edib məni pivə içməyə çağırmazdı. Yazarlar arasında özümə ruhən ən doğma saydığım Pərvizdir. Ona ərk edirəm, inanıram ki, məni düz anlayacaq. Sağ olsun, anlayır da. Pərviz etik yöndən və mübarizlik ruhu baxımından bugünkü ədəbiyyatın möcüzəsidir. O, sözün həqiqi mənasında ziyalıdır. Bununla belə, onun müxalif siyasi mövqeyini ifrat romantizm sayıram. Marat, Robespyer, 93-cü il, Hüqo, Qavroş, Kozetta, Adil Mirseyid demişkən, oy Parisin küçələri, oy Utrillonun gecələri, bebi, bebi, bebi... Yazıçı siyasi baxımdan da ayıq olmalıdır. 90-cı illərin inqilabçılıq eyforiyası indi mənə anaxronizm kimi görünür.

- Pərvizi etik yöndən bugünkü ədəbiyyatın möcüzəsi sayırsınız, bəs estetik yöndən necə, konkret yazıçılığı haqqında hansı qənaətdəsiniz?


- Pərviz məncə, nəsrdə 60-cı illərdən sonra gedən psixoloji dərinləşmənin bariz təmsilçisidir. Bu yöndən Mövlud Süleymanlı və Afaq xanımdan sonra o gəlir. Onun “Öləngi” romanı və “Kilkə” hekayələri ruh əsərləridir. Onun düşüncə materiyası son dərəcə zərifdir, necə deyərlər, yüksək materiyadır. Məsələn, yaxın düşüncəyə malik Fəxri Uğurlu belə ona nisbətən daha maddidir. İndi bir söz deyəcəm, bu, doğrudan da, onun xətrinə dəyə bilər. O, məncə, 90-cı illərdə dəliliyin lap sərhədlərinə yaxınlaşmışdı. Psixika üçün elə təhlükəli yerlərə gedib çıxmışdı ki, hər adam ordan zədəsiz qayıda bilməzdi, Pərviz qayıtdı. Amma qayıdandan sonra tamam əks qütbə sıçradı. Ən siyasi yazar oldu, siyasi romanın tipik nümunəsi olan “Yad dildə”ni yazdı. İnanıram ki, o, ən yaxşı əsərlərini hələ bundan sonra yazacaq. Və yaradıcılığının üçüncü mərhələsində ilk iki mərhələni, yəni ruhsallıqla ictimai-siyasi tematikanı sintez edəcək.

- İnşallah.

- Eşitdiyimə görə, təzə bir roman yazıb. Hələ oxumasam da, inanıram ki bu dediklərim orda var.  

- Əsas məsələyə gələk. Siz bir tənqidçi kimi, yazıçı Pərviz Cəbrayılın pivə içmək təklifini necə dəyərləndirdiniz, dəvəti qəbul etdinizmi?

- Yox, təəssüf ki, qəbul edə bilmədim.

- Niyə?

- O, zəng edəndə dostlarımla bir məclisdə oturmuşduq və burdan durub kollektiv surətdə başqa bir yerə getməli idik. Ordan isə Milli Teatra,  rejissor Bəhram Osmanovun tamaşasına getməli idim. Yəni həmin gün, necə deyərlər, qrafikimdə çox basabas idi.

- Heç olmasa, tamaşa maraqlı oldu?

- Bəhramın tamaşaları həmişə maraqlı olur. Psixoloji iqlim olur onun tamaşalarında, xarakterlər məharətlə açılır, müasir həyatımıza gizli işarələr olur, intellektual ovqat olur, kübar sadəliyi olur. O gün baş rolları oynayan Nurəddin Mehdixanlı və Sənubər İskəndərli maraqlı oyun göstərdilər. İncəliklə işlənmiş, ölçü-biçili, düşündürücü...

- O zaman niyə tetra getməyə çoxlarında həvəs yoxdur?

- Sadəcə, bu gün bütövlükdə teatr sənəti maraqlı deyil. Mənə elə gəlir ki, o sistem altında saxlanılan xəstədir. Hər dəfə teatrı ürək ağrısı ilə tərk edirəm. Axı, mən teatrın könə tamaşaçılarındanam. Altı yaşımdan tamaşalara baxıram. İlk baxdığım tamaşa “Mahnı dağlarda qaldı” olub – 1972-ci ildə. Bəlkə, teatrın mahnısı doğrudan da, dağlarda qalıb. Nə deyim, Allah yollarını açsın.

  - Əsəd müəllim, siz dəyərli bir ədəbiyyat adamısınız. Azərbaycan və dünya ədəbiyyatının canlı biliciləri sırasında adınız çəkilir. Ədəbi zövqünüz yüksək səviyyədədir. Bəs belə bir ədəbiyyat adamını  nə məcbur edir ki, Dayandur Sevginin ad günü münasibəti ilə ona şeir yazsın, Elçin Hüseynbəylinin yeni vəzifəsi münasibəti ilə ona şeir yazsın, Yazıçılar Birliyində layiq olmayan adamların kitab təqdimatlarına canfəçanlıqla aparıcılıq eləsin? Sizə elə gəlmirmi ki, belə şeylər haqqınızda qeyri-ciddi fikir formalaşdırır?


- Hər dəfə belə sözlər eşidəndə düşünürəm ki, deyəsən, doğrudan da, məşhuram artıq, gərək hər hərəkətimi ölçüb-biçəm. Amma bu qərarımı elə ordaca unuduram. Özüm barədə ciddi və ya qeyri-ciddi imic formalaşdırmaq haqda düşünmürəm. Bu çölə hesablanmış əxlaqla yaşayan dayaz, riyakar adamaların işidir. Elçin Hüseynbəyliyə şeir yazmşam, çünki hamı kimi mən də insanam, mənim də iş yoldaşımı təzə işi münasibətilə təbrik etmək haqqım var. Dayandur Sevginə ad günündə şeir yazmışam, çünki qohumu belə əlamətdar gündə təbrik etməkdə qəbahət görmürəm. Mən öz ömrümü yaşayıram. Heç bir fariseylik iddiam, başqalarına örnək olmaq arzum yoxdur.  Yəni özümü ədəbiyyatın qanunlar məcəlləsinin nə müəllifi, nə də qoruyucusu sayıram.

- Bəs deyə bilərsiniz ki, ədəbiyyat qanunlarını pozmamışam?

- Bu qanunları ciddi surətdə pozduğumu xatırlamıram. Məsələn, təqdimatında aparıcılıq etdiyim son yazar Səxavət Talıblıdır.  Onun “Adəmin övladları” romanı aktual tematikası, mükəmməl süjeti, səlis dili, canlı xarakterləri ilə təqdirəlayiqdir. Bu, Əkrəm Əylislinin saxta beynəlmiləlçiliyinə qarşı həqiqi ümumbəşəriliyin səciyyəvi örnəyidir. Bu roman əsasında çəkilən filmlə Qarabağ həqiqətini dünyaya çıxarmaq olar.  Bu romanı bir Hollvud rejissoruna ver, gör ondan necə bir “boevik” ortalığa çıxarar. Yenə də Turgenevdən sitat çəkəcəm – uşaqlar var, şərait yoxdur.

- Düzdür, hamı kimi siz də insansınız, iş yoldaşınızın təzə işi münasibətilə təbrik etmək haqqınız var. Qohumu əlamətdar gündə təbrik etməkdə heç kəs qəbahət görmür. Amma əsas məsələ başqadır.

- Nədir?

- Siz təkcə "Adəmin övladları"ndan deyil, Allahın övladları haqqında da yazmısınız. İsa Muğanna, Sabir Əhmədli, Əkrəm Əylisli... Ancaq məsələ bundadır ki, özünüz də Allahın istedad siyahısına Hüseynbala Mirələmov, Yusif Nəğməkar kimi yeni-yeni əlavələr edirsiniz. Saymaqla qurtaran deyil. Hətta bir tədbirdə Elçin İsgəndərzadə özü dedi ki, Əsəd Cahangir mənim haqqımda monoqrafiya yazır.  Söhbət bunlardan gedir.

- Hər kəsdən yazmaq olar. Əgər hər kəsdən onun özü kimi yazırsansa. Əsas nə yazmaq yox, necə yazmaqdır. Başqa tərəfdən isə onların hər üçünü istedadlı yazar sayıram.

- Kamal Abdullanı gah tərif edirsiniz, gah da tənqid. Səbəb nədir?

- Heç nə birmənalı deyil. Kamal Abdullanın da tərifə və tənqidə layiq tərəfləri var. Ümumən isə onu çox ciddi yazıçı sayıram. Nəzərə alın ki, burda ciddi sözünü birmənalı surətdə müsbət işarələmirəm. Bu haqda dəfələrlə dediyimindən, çevir tatı, vur tatı eləmək istəmirəm, sadəcə bunu deyim ki, onu ya çox bütləşdirir, ya da haqsız tənqid edirlər. Mən bu iki cəhətin heç birini qəbul etmirəm.

- Bəs qəbul etdiyiniz nədir?


- Fakta hərtəfəli baxmaq. Yalnız bu zaman onun tam obrazını yarada bilərsən.

- Məsələn, bu fakta necə hərtərəfli baxmaq olar? Kamal Abdulla və Dədə Qorqud. Anar və Dədə Qorqud.

- Anar Dədə Qorquda sağdan, Kamal Abdulla isə soldan yanaşıb. Bu ikisinin cəmindən Azərbaycan insanının nəzərində onun bütöv obrazı yaranıb. Üçüncü mərhələdə bu bütövlük  artıq eyni bir əsərin daxilində olacaq.

- Sizcə, bunu kim edəcək?

- Onu gələcəyin yazıçısı etməlidir, məsələn, sən etməlisən, Vüsal Nuru etməlidir, Səxavət Sahil etməlidir, Cavid Zeynallı etməlidir, Mirmehdi Ağaoğlu etməlidir, Elxan Qaraqan etməlidir, Ayxan Ayvaz etməlidir, Mövlud Mövlud etməlidr, İkinci Mahmud etməlidir. Amma bunun üçün kimisə tənqid, yaxud da tərif etməkdən əl çəkib, öz işinizlə məşğul olmalısınız. Ortalıqda ciddi bədii yaradıcılıq faktınız olmayınca, elədiyiniz tənqid də, tərif də əleyhinizə işləyəcək və görürsən ki işləyir də.

- Sizcə, adlarını çəkdiklərinizin ortalıqda ciddi bədii yaradıcılıq faktları yoxdur?


- Bu və ya digər dərəcədə uğurlu qələm məşqləri var. Amma əsas odur ki, adlarını çəkdiklərimin hamısında irəliləyiş müşahidə olunur. Bunu Vüsal Nurunun əlyazmasını oxuduğum “Dorontağ” romanında da, Səxavət Sahilin “İsanın qadını” romanında da, Mirmehdi Ağaoğlunun Quran qissəsi əsasında yazdığı hekayəsində də, Cavidin son hekayəsində də, Ayxanın, Mövludun, Mahmudun hekayələrində də, sənin yumoreskalarında  da görürəm. Sizdən əvvəlki dəstə, məncə, elə bir ciddi iş görə bilmədi, görək sizdən nə çıxır.

- Elə bu?

- Hələlik bu qədər bəsdir, Rüstəm Kamal demişkən, cavanları çox tərifləyəndə dahilik iddiasına düşürlər.   
  
- Tənqidi məqalələrinizdən ibarət cəmi bir kitabınız var. "Kitab yatmış, kim oyaq". Həmin kitabda üç yazınız - "Söz", "Səs" və "Dəmirbaşlar" esselərinizi çoxları bəyənirlər. Bu üç yazını sizin tənqidçi fəaliyyətinizin şah əsərləri saymaq olarmı?


- Nizami 63 il yaşamışdı, cəmi altı kitabı var idi. Mənim iki kitabım dərc olunub, 2-3 kitablıq da materialım var. 50 yaş hüdudunda 5 kitablıq ədəbi-tənqid materialı o qədər də az deyil. Təkcə son bir ildəki materiallarımı yığsam, bir kitab olar. Onları yəqin ki, bu il “Yeni əsrin ibtidası” adı altında dərc etdirəcəm. Ümumən isə kitab çıxarmağa o qədər də həvəsli deyiləm. Kitab hadisə olmalıdır. “Kim yatmış, kim oyaq?” kitabının nəşri də Allahdan oldu elə bil. Əvvəlcədən planlaşdırmamışdım. Şah əsərimə gəlincə,  əvvəla bu ifadəni özüm haqqında işlətməyi məqbul saymıram. Ən uğurlu yazım ola bilər sadəcə, bu isə bir qayda olaraq son yazım olur həmişə. İndiki durumda ən maraqlısı ədəbiyyatın müxtəlif sahələri ilə bağlı moderatorluq etdiyim dəyirmi masalardır. Bu unudulmaqda olan janrı, deyəsən, gündəmə gətirə bilmişəm. İndi hər yerdə partapart dəyirmi masalar keçirilir. Əməlli-başlı dəyirmi masa erası başlayıb.

- O kitabın işıq üzü görməsi Allahdan oldu deyəndə ki, müsabiqəyə təqdim etmək üçün çap etdirməmişdiniz?


- Elə mən də onu deyirəm də. Birdən-birə elə bil kimsə qulağıma pıçıldadı ki, kitabını dərc etdir və müsabiqəyə ver. Müsabiqəyə material qəbulu vaxtının bitməsinə bir həftə qalmış əlyazmasını nəşriyyata verdim. Sonra bu fikri başıma salan qüvvə hamını mənim köməyimə cəlb elədi. Sağ olsun, “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadarı, bütün işləri bir kənara qoyub, mənim kitabımla məşğul oldu.  Əli yüngül imiş, kitab bir ayın içində iki mükafata – həm AYB-nin Yaşar Qarayev mükafatı, həm də Mədəniyyət və Turizim Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görüldü. Buna görə Anar müəllim də, Vaqif Bəhmənli də sağ olsunlar.

- Bir ildən artıqdır ki, “Azərbaycan” jurnalında redaktor müavini vəzifəsinə təyin olunmusunuz. Nə kimi işlər görə bilmisiz?


 - Jurnalın dizaynını dəyişmək barədə baş redaktor İntiqam Qasımzadə ilə məsləhətləşmələr aparırııq.

- Nəticəsi nə olub?

- Yeni dizayn variantları o qədər çoxdur ki, hələ ki qəti qərara gələ bilmirik. Amma bir ildir ki, bu haqda az qala hər gün qızğın müzakirələr aparmağına aparırıq.

- Bəs, jurnalın interyerinə keçsək?

- Görünən dağa nə bələdçi. Bir-iki günə jurnalın may sayı çıxacaq, get al, özün görəcəksən. Hətta yazısı dərc olunan müəlliflər də, bir qutu siqaretə qıydıqları pulu jurnala qıymırlar.  

- Təxminən, 50 yaşınız var. Bundan sonra özünüzə neçə il ömür arzulayırsınız?


- Əvvəla, bu sualı mənə verməyə ən azı iyirmi il tələsmisən. İkincisi, yadındadır, bir neçə il öncə sənin də, mənim də olduğum bir məclisdə bir şair “Ömrüm öz əlimdədir, nə vaxt istəsəm, onda da öləcəm” dedi?

- Yox, yada sala bilmirəm.

- İndi yada salacaqsan. Üstündən bir neçə ay keçəndən sonra o şair sağalmaz xəstəliyə tutulub, dünyasını dəyişdi. Yadına düşdü?

- Aha...


- Dayan, adını çəkmə. Ruhları narahat eləməyək gəl. Həm də bu söhbətimizdə sonucu sirli məqam olsun. Neçə il yaşayacağımız isə Allahın əlindədir. Mən bu barədə hətta düşünmürəm də. Bircə arzum var ki, neçə il yaşasam, xəstəliyim olmasın.

- Sizə can sağlığı və yeni yaradıcılıq uğurlayıram.

- Qarşılıqlıdır.

/teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.