Hədiyyə Şəfaqət - Pulu oğurlamamaq

29.05.15

     -Gəl  bura!-Kişi   var  gücüylə    bağırdı.

      Ocağın  qarşısında  nahar  yeməyini  hazırlamaqda  olan  qadın   qapının  qəfil  açılmasından  və     oğlunun  qolundan  yapışıb   içəri,  mətbəxə  sürütləyən  ərinin  çığırtısından   dik   atıldı.

    -Keç!-kişi   oğlunu  itələyərək   mətbəxin  qapısından  içəri  sala  bildi

    Oğlan   dartınır,  dabanlarıyla  xalçanı  eşir,  onun   əlindən  çıxmaq  üçün  çabalayaraq  eyni  anda  da  göz  yaşları  içində:

    -Ata  burax,  buraaax!  Mən  eləməmişəm,  mən  eləməmişəm-deyə  yalvarırdı

    Kişi  irəli  dartınaraq   barmaqlarını     zorla  dolabın  siyirtməsinə  çatdırdı,  ordan  əlinə  keçən   yağ  bıçağını   ocağın  yanan  gözünə  qoydu:

   -Mən  indi  sənə  elə  dərs  verəcəyəm  ki,  ömrün  boyu  unutmayacaqsan

  Bu  dəfə  hər  iki  əlini  işə  salaraq  oğlunu    irəli   çəkdi,  qaldıraraq  ayaq  üstə  saxlamaq    istədi.  Oğlan    bir  az  da  bərk   çırpındı,  “ata,  burax!”-deyərək  bağırmağa  davam  etdi,  eyni  zamanda    qorxudan  böyümüş  gözlərini  atasından  çəkməyərək  yerlə  süründü,  qalxmamağa  səy  göstərdi.  Qadın  qəfil    qopan  haray-həşirdən   özünü  itirmişdi,    küncə  sıxıldı,  həyəcanli  gözlərini  gah  ərinin,  gah  oğlunun  üzündə  gəzdirərək  bir  şey  anlamağa  çalışdı…

   -Oğru  olub  bizim  oğlumuz,  oğru!

   Qadın    bir  az  da  büzüşdü,  sonra     birtəhər  küncdən  çıxaraq    açıq  qalmış  qapıya    qaçdı,   onu    örtüb  içəridən  bağladı:

   -Bir  sakitləş,  bir  dur,  nə  olub  axı?  Həm  eybdir,  qonşular  eşidir

  -Qonşular  eşidir?  Cəhənnəmə  eşitsinlər!  Onsuz  da  bu  alçaq  məni  biabır  edib!

    Oğlan    get-gedə  gücdən  düşürdü,     səsi  boğulmuşdu,  əvvəlki  kimi  dirənə  bilmirdi,  əlləri   boşalmışdı  və  atasını   geri  çəkindirəmmirdi.    Kişi  axır  ki,   onu    qaldırıb   pilətənin  üstündə  od  kimi  qızarmış  bıçağı   götürdü,  bir  anda   oğlanın  var  gücüylə      arxaya  dartdığı    əlinin  üstünə  basıb  götürdü…

     Yanmış  dəri   “cızz”  elədi…

    Son  bağırtı  cəhdi  oğlanın   boğazında  boğuldu,  nəfəsi  təngiməyə,  öskürməyə  başladı.   Qadın   irəli  atılıb   oğlunun   əlini  ərinin  əlindən    qopardı,  kişi   bir  an   böyümüş  gözlərini  qadının   üzündə  saxladı,   əlindəki  bıçağı   çanağa  tullayıb  mətbəxdən  çıxdı…

    Oğlan  yerə    çökdü.   Başında  qəribə    səssizlik yarandı,  hər  şey   susdu.  Qadın   əvvəlcə    suyu  acdI,  əlini  isladıb   oğlunun  sinəsinə,  üzünə,  alnına  çəkdi,  sonra   onu     asanlıqla   yerdən  qaldıraraq   əlini  buz  kimi  suyun  altına  tutdu.  Oğlan  ufuldayıb     əlini  geri  çəkdi.

   -Dəymə,  belədə  daha  az  yandırar-oğlunun  əlini  əlində  saxlayıb  üfürməyə  başladı

    Səsi  qınayıcı  səsləndi:

   -Niyə  atam  gəldi  məktəbə?  

   -Zəng  ediləndə  evdəydi,  qoymadı  məni…  Neyləmisən?-üfürməyini  saxlayıb   oğluna  baxdı.

  Olanlar  gözünün  qarşısından  keçdi.  Qanqaraçılıq  dolu  günüydü.

    -Sinifdə  pul  itib

   -İtib  itib,  sənə  nə?

   -Deyirlər  mən  götürmüşəm…

   -Niyə  elə  deyirlər?

   -Mənim   çantamdan  çıxıb…

   -Nə  qədər  idi?

  -Yeddi  manat,  bir  beşlik  və  iki  təklik…

  -Nə  bildilər  oğurlanan  puldur?

   -Çünki  manatlıqlardan  birinin  küncündə   1+1  yazılmışdı..

  -Bərabərdir  və  cavab  yoxuydu?-qadın  acı-acı  gülümsədi,  başa  düşdü  ki,  əri  niyə  bu  qədər  qəzəbliymiş  və  anladı  ki,  özü  də  indi   əsəbləşəcək,  oğlunun  əlini  əlindən  buraxdı

    -Yoxuydu…   

                                                     ---------------

     Bu  həyatında  aldığı  ilk  ədalətsiz  cəzaydı.  Anası -“Niyə  elədin?”-soruşmadı  və  o   də   söyləmədi...  

                                                   ----------------

     Otağına  getdi.  Əlinin  üstü  alışıb  yanırdı,  ağrıdan  iki  qatlanıb  dayandı.    

      Sonra   çarpayıda  oturub  içini  çəkə-çəkə  xeyli  ağladı.  Bir  gözü  qapıdaydı,  anasının   gələcəyinimi  gözləyirdi,  ya  atasının  otaqdan  çıxıb  anasına  nəsə  deyəcəyinimi,  bilmirdi…

     Yəqin  ki,  bu  adi  bir  zarafat  kimi  başlamışdı,  amma  lazım  olmayan  zamanda  və  lazım  olmayan  adama  edildiyindən  sədası  direktorun  otağınacan  gedib  çıxan  hadisəyə  çevrilmişdi.   O  qız  sinifdə  ab-hava  korlananda  çarəsiz  vəziyyətdə  qalmışdı.  Qıcıqlanan    oğlan  haqlı  olaraq    ələ  salındığını  anlayanda   şikayət  etmişdi.  Bəlkə  də  səbri  bitmişdi,  bəlkə  də   sinifdə  hamıdan  yaxşı  oxuyan,   müəllimləri  tərəfindən   daima  təriflənən,  lakin  heç  cür  həmyaşıdlarıyla  dil  tapa  bilməyən,  lağ-lağa  obyektinə  çevrilən   oğlanı  ona    sataşmaq  üçün    ara-sıra  düşünüb  tapılan  zarafatlarla  sinif  yoldaşları   bu  həddə  çatdırmışdı     və   bütün  bu  lağ-lağa  yığınına  dərs  vermək  qərarına  gəlmişdi.  Tərbiyə  işlərinə  baxan  müəllm   sinifdə  axtarış  edəcəyini  elan  edəndə  parta  yoldaşı  özünü  itirmişdi, oğlan  onun   əllərinin  əsdiyini  görmüşdü.  Qız  elə  qızdır.  Qız  da  oğurluq  edər?  Oğurluq  oğlanların  işidir.  Hər  şey,  dünyada  baş  verən  bütün  pis  əməllər  oğlanların  boyuna  biçilib,  qızlar  ancaq  gül  kimi  ətir  saçmaq,  gözəllik  ilahəsi  olmaq,  dünyanı  xilas  etmək  üçün  yaranıblar.

   Pul  onun  çantasından   çıxdı...  Qız  şeytan-şeytan  gülümsəyirdi…

   Parta  yoldaşını,  hələ  üstəlik  də  qız  ola,    ələ  vermək  ona  yaraşmazdı.  Güya  ki,  bunu  etsəydi  nə  olacaqdı?  Kim    inanacaqdı?  Qız  çətin  ki,  “mən  eləmişəm”-deyəydi…

    …Otaq  üstünə  gəlirdi.  Əlinin  yanğısı  nazik  və  iti   sızıltıya  çevrilmişdi.  Anasıylala  danışmaq  qərarına  gəldi.  Hər  halda  onunla  atasından  daha  asan  alınardı.  

    Mətbəxə  qayıtdı.  Qadın  pilətənin  qabağında  dayanıb  yemək  qazanını  qarışdırırdı,  gözləri  qızarmışdı.    Bir  an  dayandı,  ona  baxdı    və  işinə  davam  etdi.    Anası  qazanı  qarışdırmağını  saxlamırdı,  deyəsən  nə  etdiyi  heç  eyninə  də  deyildi.

    Lap  astadan,  səsi  titrəyə-titrəyə  səsləndi:

   -Ana...

    Təkcə  səsi  deyil,  bütün  bədəni  əsirdi.  O  başını  qaldırıb  oğluna,  dönüb  qazana  baxdı,    ayılmış  kimi   oldu.  Qaşığı  qazanın  qırağına  çırpıb  qapağını  qoydu.  Üzünə  baxdı.  Sonra  baxışları  əllərinini  axtardı,  osa əllərini  arxasında  gizlətdi.  Anasının  baxışları  üzünə  qayıtmadı,  tamam  başqa  tərəfə  çevrildi.

     -Ana...

     Qadının  səsi  əsəbi  və  kədərliydi:

   -Atanın  yanına  keç…  Onunla  danış…

   …Atası   küncdəki  kresloda  oturub   başını  aşağı  salmışdı.  Onun  içəri  keçməyni  aldırmadı.  Qarşısına  getdi,  başını  azacıq  qaldırıb  ayaqlarının  ucuna  baxdığını  hiss  elədi…     Aralarında  uca  divarlar  olduğu  deyilə  bilməzdi, amma  hasar  yox  da  deyildi.     Atası   tez  hövsələdən  çıxırdı,   elə  o  də  sakit  oğul  sayılmırdı.  Küçədə,  məktəbdə,  məhəllədə  dava-dalaşa  qarışdığı  da  olmuşdu,  yoldaşlarına  qoşulub  veyillənərək  evə  gec  qayıtdığı,  cəzalandığı  da…   Atası  evdə  çox  az  olurdı.   İllərdi  böyük  bir  şirkətdə   ən  hörmətli   mühəndis  sayılırdı.   İşdən-gücdən  başı  az-az  ayılırdı.  Öğluyla   bağlı  hər  şeyi    arvadından  soruşurdu.  Deməməsi   mümkün  deyildi.  Vay  o  gündən  ki,    kənardan  oğluyla  bağlı  nəsə  eşidəydi,  evdə  tufan  qopurdu  və  qadın   danlanırdı.  Kişi  qadını  günahlandırırdı  ki,  oğlunu   ərköyün  böyüdür,  basil-başına  qalıb  bir  qələt  edəcək  və  onun  da,  anasının  da  əziyyəti  heç  olacaq.  Dərsləri  pis  deyildi,  amma  atasının    istədiyi  kimi  mükəmməl  şagird  olammırdı…

   -Ata…

   -….

  -Ata…

  -Nədi?

    Atasının   səsində  “Rədd  ol,  gözümə  görünmə”-tonu  vardı.  Amma  oğlan      atasıyla   kişi  kimi  söhbət  etmək  istəyirdi.

   -Ata, pulu  mən  götürməmişdim…

    Kişi    qəzəbli  gözlərini  üzünə  zillədi:

   -Bunun  nə  mənası  var?  Nə  Desən  boşuna.    Bütün  məktəb  bildi  ki,  mənim  oğlum  sinif  yoldaşının  pulunu  oğurlayıb..  Anlayırsanmı,  oğurlayıb!  İndi  sənin  sinif  yoldaşların,  müəllimlərin  bunu  danışacaqlar,  unutmayacaqlar  da..  Bilirsən  bu  nə  deməkdir?  Sabah-birigün  kim  nə  itirsə  ilk  əvvəl  səndən  şübhələnəcəklər-əlini  ona  uzatdı-səndən,  mənim  oğlumdan!

    -Ata,  bu  adi  zarafat  idi…

    -Zarafat?-kişi   daha  da  acıqlandı-Sən  nə  danışırsan?  Bu  şərəf  məsələsidir,  belə  zarafat  olar?  Oğurluq,  anlayırsanmı,  sən  oğurluq  eləmisən..

   -Mən  eləməmişəm..  Qız…  O  qız  götürmüşdü,  bilirdim…

   -Pul ki  sənin  çantandan   çıxıb-atası   kəskinliklə  sözünü   kəsdi-sənin  çantandan!  Mən  ona  görə  gecəmi  gündüzümə  qatıb  işləyirəm,  az  qala  hamballıq  edirəm  ki,  sən,  sən  mənim  oğlum  ehtiyac  görməyəsən,   müəllim  tuta  bilim,    dil  öyrənəsən,  hər  şeyin  olsun,  yoldaşlarının  yanında  utanmayasan-  səsi  tutqunlaşdı-amma  sən  məni  gör  necə  utandırdın!  İndi  həyətdəkilər,  qonşular  bunu  dillərinə dolayacaqlar,  anlayırsanmı  bu  nədir?

   Başını  yellədi,  əlini  qapıya    uzatdı:

   -Çıx,  çıx,  səni  gördükcə    hirslənirəm…

     O  da     hirslənirdi.  Axı  niyə  onu,  öz  oğlunu  deyil,  qonşuları,  yad  adamları  düşünür?  Niyə  ona  can  yandırmaqdansa,  onların  yanında  yaxşı  görünmək  istəyir?

    Mətbəxə  qayıtdı.  Anası  kiçik  mətbəx  masasına  dirsəklənib  oturmuşdu.  

   -Nə dedi?

   -Heç  nə…  Eşitmək  istəmədi…

    Qəhər  boğazında  düyünləndi.  Çox  istəyirdi  ki,  atası  ona  inansın,  bütün  bu  lənətə  gəlmiş  şərəf-qürur  məsələlərini  unudub    dinləsin,    ürək-dirək  versin…   Əlinin  üstünə  baxdı,   yanmış  dəri  büzüşüb  yaranın  bir  kənarına  yapışmışdı,   sızıltıqı  boynunacan  yayılmışdı,  çiyninəcən  qalxıb    zoqquldayırdı…

     Amma  bu   yox,  atası,  atası  ağrıdırdı  onu!  Ya  oğlan  onu  anlayacaq  qədər  böyüməmişdi,  ya  da   atası   oğlunu    anlamayacaq  qədər  böyümüşdü…

    Anası  qızarmış  gözlərini  ovuşdura-ovuşdura  ayağa  qalxdı:

   -Get  əl-bir  an  susdu,  ya  da  ona  elə  gəldi  ki,  anasının  cümləsində  pauza  yarandı-üzünü   yu,  nahar  gecikdi,  atanı  çağırım

   Ac  qalmağa  razıydı,  atasıyla  bir  süfrə  arxasında  göz-gözə  gəlməyə  yox.  Əl-üzünü   yumağa   getmədi,   otağına  qayıtdı…

                                               ----------------

     Yaxın  zamanlarda  olmuş,   özü  yaşda  bir   oğlanın  ölmünü  xatırladı.  Bütün  günü  xəbərlərdə  bu   hadisəni  təkrar-təkrar   göstərmişdilər.  Oğlan   məktəbdə  ona  bir  sillə  çəkən  müəllimin  acığına  özünü  asmışdı.  Bilmirdi,  özünü  asmaq  necə  ölümdür,  amma  anası  o  səhnələri  seyr  edərkən “Yazıq  uşaq,  gör  indi  onun  anası  nə  çəkib?”-demişdi.  Atasısa  soyuqqanlılıqla  dillənmişdi: “Getdi  o  müəllimin  qanı”...  Və    o  düşünmüşdü  ki,  hər  necə  olsa  da  uşaq  sillənin  intiqamını  ölümüylə  də  olsa  aldı...

    Bəlkə  eynisini  etsin?

    İntiqam  almaq  istəyirdi…    Hə,  bu  ən  yaxşı  çıxış  yoludur

    Amma  hər  şeydən  əvvəl   bir  məktub  yazıb  qoymaq  lazımıydı.  Bilirdi   ki,    adətən   intihar  edənlər  ölüm  qabağı   bunu  edirlər. Hətta    indi  deyəsən  insanlar  ancaq  intihar  məktubları  yazırlar…

   Məktub  yazacağı  kağızı  hansı  dəftərindən     çıxaracağı  oğlanı   bir   müddət  düşündürdü.  Anası     dəftərlərinin  səliqəli  saxlanmasına  ciddi  nəzarət  edirdi.    Hələ  vərəqlərin  cırılıb  çıxarılması...   “Məncə   hələ  yazmağa  başlamadığım  dəftərlərdən  vərəq  sayının  azalması  ağlına  gəlməz”- düşündü-“Durub  bir  də  onları  saymayacaq  ki?”…  

     “Ana,   pulu  mən  götürməmişdim.    Sinifdə  uşaqlar    bilirlər,  soruşarsınız.  Atama  de  ki,  mən  günahkar  deyiləm”.    Anasına  yazığı   gəldi: “Ana,  məni  bağışla.  Səni  çox  sevirəm”.  Anasına    həmişə-  “Səni  çox  istəyirəm”-deyirdi,  amma  “Səni   çox  sevirəm”-yazdı.   Belə  daha   anlamlıydı  sanki...

   Kağızı  dörd  qatladı,  yastığının  üstünə  qoydu...  

   Bəs  necə  ölməli?

    Müşkül  məsələydi.  Özünümü  assın?   Necə?  Evdə  kəndir  olmayacaqdı,   nədənsə  ip  kimi  istifadə  eləmək  olardı,    bəs   onu  hara  bağlayacaqdı?  Gözləmək  istəmirdi,  elə  bu  an,  öz  otağında  eləmək  istəyirdi…

   Başını  qaldırıb  yuxarı  baxdı,  çılçıraq  tavana  yapışdırılmışdı.  Bir  də  pəncərənin  üstündə  pərdə  karnizi  vardı.  Görəsən   onun    ağırlığına  davam  gətirərdimi?

   Nəzərləri     karnizdən  aşağı  sürüşüb  pəncərəyə  zilləndi.  Pəncərə!  Beşinci  mərtəbədə  yaşayırdılar,  otağının  pəncərəsi  binanın  arxa  tərəfinə,  mərkəzi  küçələrdən  birinə  açılırdı.  Maşınların,  insanların  səsi  demək  olar  ki,  heç  zaman     bu   küçədən  kəsilmirdi.

    Pərdəni  kənara  sıyırıb  pncərəni  açdı.  Baharın  son    günləriydi.  May  ayının  istisi,  hardansa  havaya  qarışan  çiçək  ətri,  küçənin  səs-küyü  otağa    doldu.  Aşağı,  küçəyə  boylandı.  Burdan  aşağı  atılsa  heç  nəyə  ilişməyəcəkdi,  düz    səkiyə  düşəcəkdi.

    Yuxarı  qalxdı.  Əliylə  pəncərənin   kənarından  tutub  ensiz  kəsmədə  dayandı,  aşağı  boylandı,   səki  adamla    doluydu.   Birdən    kiminsə  üstünə  düşsə?  Bəs  o  adam  yıxılsa,  ya  qorxsa  necə  olacaqdı?

   Bayaqdan   ağır-ağır  irəliləyən  zaman  birdəncə  sürətləndi.  Qapı  qəfil  açıldı,  qadın   kandarda  dayanıb    küt-küt  pəncərənin  içində  dayanan  oğluna  baxdı,  oğlan  onun  baxışlarından  özünü  itirdi,  amma  macal  tapıb    özünü   geri,  otağın  içinə,  döşəməyə  atdı.  Qadın  açıq  pəncərəyə  yaxınlaşıb  onu  bağladı:

    -Nə  işin  var  sənin  burda?  Yıxılarsan,  bir  də  ora  çıxma...

  Beyni  ildırım  sürətiyə  işləməyə   başladı,  hiss  etdirmədən  çarpayısına  yanaşıb    məktubu  yastığının  üstündən  götürdü,  şalvarının  cibinə  soxuşdurdu.  Şaxlı  kağız  xışıldayıb  yığıldı.  Anası   ağzını  açmağa  imkan  tapmamış   otaqdan  çıxdı,  hamama  keçib  məktubu  çıxardı,  xırdalanınca  bölüb    qırıntıları   çanağa  atdı.  Üstündən    suyu  çəkdi. Qırıntılar  kiçik  burulğana  qarışıb  yoxa  çıxdı.

      İçindən  soyuq  gizilti  keçdi.

      Anası  mətbəxdəydi.  Səsini  çıxarmadan  oturdu.  Qabağına  qoyulan  yeməyi  qaşıqlaya-qaşıqlaya   dəhlizə  boylandı.   

   Qadın  oğlunun  yanında  oturub  ona  qısıldı.  Əlini  atıb   saçlarını  nizama  salmağa  çalışdı.   Öğlan  anasının   isti  təmasından  ürəkləndi:

  -Ana,  mən…

  Bu  an  kişi  otaqdan  çıxdı,  dəhlizdən  mətbəxə  boylanmaq  üçün  bir  an  ləngidi,  hamama  keçdi.  Qadın  oğlundan  aralanıb  oğluna   “yeməyini  ye”-işarəsi  verdi  və  ürkək  nəzərlərini   süfrəyə    zillədi.  Oğlan    əlini  qaşığa  uzatdı  və  çəkdi,  anasının  lənətə  gəlmiş  yanıq  izini   görməsini  istəmirdi:

   -Ana…

 Qadın    barmağını  dodaqlarının  üstünə  qoyub  “Sus”   işarəsi  verdi.

  Kişi    vanna  otağından  çıxıb   otağa   qayıtdı.    Qapını  arxasınca  çəkib   kip  örtdü.

    Qadın  boş  nəzərlərini  bir    müddət  süfrədə  gəzdirib  barmaqlarının  ucuyla  süfrəyə  tökülmüş  çörək  qırıntılarını  dənlədi:

  -Bu  gün  şirkətdə  iclas  olub.  Deyiblər    xaricdən  yeni  mütəxəssislər   dəvət  olunub,  ixtisarlar  aparılacaq.

-Aha?-qaşığı  o  biri  əlinə  götürdü
-Atanı  işdən  çıxardıblar...


May, 2015

                                                        


 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.