Elçin Hüseynbəyli - Atəş səsləri qulağımda
22.07.15

...Atası qoşalüləni zirzəmidən gətirdi, üstünə sarıdığı köhnə bezi tələsə-tələsə açdı. Sonra ora-bura vurnuxdu, aynabənddəki şkafdan göy daş və maşın yağı gətirdi, stulda oturub tüfəngi silməyə, ora-burasını yağlamağa başladı. Arvadı əvvəlcə 9 yaşlı oğluna baxdı, sonra da ərinə işarə elədi: yəni uşağın gözünün qabağında niyə belə edirsən?

“Uşaq” deyilən Umudun topu uşaqlarda qalmışdı. Bu barədə atasına demək istəyirdi, amma ürək eləmirdi. Atası əsəbi və qayğılıydı. Bunu onun əl hərəkətlərindən də bilmək olardı, həm də öz-özünə kiminsə qarasına  deyinirdi.

Bir neçə gün əvvəl hökumət kənddəki silahların hamısını yığmışdı, barışıq üçün.

- Ermənilərə etibar yoxdu, - evin kişisi dedi, - Göydərə tərəfdə yaman qaynaşırlar.

Körpə bacısı anasını dartışdırdı, anası o biri otağa keçdi, uşağı yatızdırmaq üçün.

-Topum uşaqlarda qaldı, -deyə Umud atasının üzünə baxdı.

Atası acıqlı-acıqlı:

- İndi top vaxtıdı? -dedi.

Uşaqların anası  bir azdan qayıtdı. Patronları doldurmaqda ərinə kömək elədi. Patron gilizdən, qırma və köhnə qəzet qırıntılarından ibarət idi. Onları uşaq da doldurardı, amma topu hardan alasan. Nahaq verdi. Umud ata-anasına baxa-baxa ürəyində belə fikirləşirdi. Onu da fikirləşirdi ki, görən, atası uşaq olanda top-top oynayıb.

- Əgər bir şey olsa, məni gözləmiyin, Araza tərəf gedin, Umud o yolları yaxşı tanıyır, - atası belə dedi və oğluna baxdı.

Umud başıyla təsdiqlədi.

- Hə, tanıyıram, -dedi, - ordan o qədər keçib getmişəm ki...

Bu sözləri deyəndə bir az forslandı da, yəni, uşaq deyiləm ha! Doğrudan da atasıyla Araza balıq tutmağa çox getmişdi.

Həmin yol qaratikan kollarıyla doluydu, aradabir dağdağan və saqqız ağacları da gözə dəyirdi. Bir az aralıda isə tala-tala bitmiş daş armud ağacları vardı. Ötən payız uşaqlara qoşulub o qədər yemişdi ki, qarnı bərkimişdi, evlərilə ayaqyolunun arasını səhərdən axşama kimi ölçmüşdü. Təpəliyin aşağısında “subasar”dı. Yazda Araz məcrasından çıxır və yaşıl çəmənlikləri örtürdü. Balıq da tutmaq olurdu. Hələ bir dəfə sinif yoldaşı ilə balıq üstündə dalaşmışdı da. Balığı ikisi tutmuşdu: biri balığı qırağa atmışdı, o birisi sürüşüb suya düşməyə qoymamışdı. Di gəl, ayırd elə görüm kim haqlıdı? Ona görə də balığı atmışdılar çaya.

Atası yarı pıçıltı, yarı qəzəblə danışırdı:

- Bu axşam növbə mənimdi, bəlkə Qəbil də mənnən getdi. Sağ olsun, o da beşaçılanı vermiyib, amma ikincidə tutulur, atmır. Bilalın da bir qəməsi var. Sabah “Sarı təpə”nin döşünü şumlayajam. Qoy, ermənilər görsünlər ki, özümüzə arxayınıq. Dığa köpəyuşaxları.

- Səni vurarlar, - arvadı çəkinə-çəkinə etiraz elədi.

- Qələt eliyərlər.

- Dədə, mən də səninlə gedəjəm.

- Bəs dərsə kim gedəjək? -”dədə” dediyi atası ona tərs-tərs baxdı.

Umud güldü.

- Sabah dərs yoxdu. Bazardı.

Atası onun bu sözündən tutuldu. Zamanı unutduğuna görə.

- Evdə qalıb quşatan düzəldərsən. Bir azdan buraları sığırçınlar basajax. Onda kara gələr. İndi isə get yat, gejdi.

Umud dodağının altında nəsə mızıldandı və yatmağa getdi.

Ər-arvad tək qaldılar.

- Gərək sizi əvvəldən şəhərə göndərəydim, - əri patronları patrondaşa düzə-düzə söyləndi.

Patrondaş tam dolmamışdı, ona görə dörd giliz də doldurdu.

Arvadı:

- Səni qoyub gedə bilməzdim, - çəkinə-çəkinə dedi.

Qurdbasar xırda kənddi, 7 evdən ibarətdi. Evlər bir-birindən o qədər uzaqdı ki, güllə atsan eşidilməz. İki ailə erməni-müsəlman davası başlayandan burdan köçüb. Yerdə qalan 5 ailənin ikisinin arvad-uşağı ötən həftə “Qaz-69”la burdan çıxarılıb. Üç ailə isə kənddə qalıb. Sağ tərəfdəki yüksəklikdə üç kişi növbəliklə kəndi qoruyur. Rayondan xəbər göndəriblər ki, ermənilərlə danışıblar, hücum olamayacaq, amma bərayi-ehtiyat ayıq olsunlar.

- Necə ayıq olaq? Kənddə hərənin iki-üç tüfəngi vardı hamısını yığıb apardılar. İki tüfənglə neyləmək olar! -deyə evin kişisi öz-özünə deyindi. Sonra arvadının hazırladığı bağlamanı götürüb evdən çıxdı.

Umud güllə səsinə oyandı. Səhər yenicə açılırdı.

Anası onu durquzdu. Körpəni geyindirməyə başladı. Umudla bacısı İlahənin arasında üç uşaq da olmuş, amma körpəykən ölmüşdülər.

- Umud, sən özün geyin, - nənə gözlərinə qurban.

Umud mızıldandı. Yenə də topun davasını eliyirdi. Bu zaman evin kişisi püfərək içəri girdi.

- Bizə vaxtında demiyiblər, ermənilər hər tərəfdən gəlirlər, ən çox da kəndin aşağısından. Siz kənddən çıxana kimi onları saxlıyarıq. Umud, dədə, sən aşağı cığırla get. Özün də qorxma. Nənəni də (bu yerlərdə anaya nənə deyirdilər), bacını da sənə tapşırıram.

Fikirləşməyə vaxt yoxuydu. Arvadı döyükə-döyükə ərinə baxdı.

Əri:

- Gözünü üzümə nə zilləmisən, uşaqları qurtar! - acıqlı-acıqlı qışqırdı.

Körpə atasına baxıb qorxdu və ağladı. Atası səhv elədiyini başa düşdü, uşağın başını sığalladı:

- Qorxma, -dedi.

Qaratel bağlamasını götürdü, körpəni dalına şəllədi və arxaya baxmadan getdilər. O biri iki evin arvad-uşağı bir az əvvəl getmişdilər. Ayaq izləri də aydın görünürdü.

Bağlamalardan birini Umuda yüklədilər. Ədyal idi. Yolda lazım olardı. Havadan yaz qoxusu gəlirdi. Bir neçə gün əvvəl bərk yağış yağmışdı deyə cığırın bəzi yerləri sürüşkən idi, qalan yerlər isə incəvardan qumsallığıydı.

Qaratel təpənin başında dayanıb kəndə göz gəzdirdi. Həyətlərindəki  ağaclar yenicə çiçəkləmişdilər. Uzaqda örüş yeri və ərinin bayaq qaçıb getdiyi kolluq basmış dərə-təpə uzanırdı.

Umud yükünü yerə qoydu və:

- Topum qaldı, -deyə mızıldandı.

Anası ona acıqlandı.

- Atanı demirsən, topun dərdin çəkirsən. Hamı gedib, sənin topun da.

- Özümə görə demirəm, e. İkuş onnan oynamağı xoşluyurdu, -dedi və İlahənin qıvırcıq saçlarını qarışdırdı. Uşaq quş balası kimi ağzını açıb səssizcə güldü.

Yaxşı futbol oynamalı havaydı. Gün üfüqdən qızarırdı, yer bir azdan qupquru olacaqdı.

Qaratelə elə gəldi ki, əri uzaqdan onları görür və əl edir ki, getsinlər. Bəlkə də gözünə görünən ilğım idi. Getməyə həvəsi yoxuydu. Ərini qoyub getmək istəmirdi. Amma getməlidi, əri belə istəmişdi. “Fazil” deyə yarı pıçıltıyla dedi.

On üç il bundan əvvəl Fazil ilk dəfə ona bacılığından söz göndərmişdi. Fazil əsgərlikdən yenicə gəlmişdi və elin adətinə uyğun olaraq evlənməliydi. Əsgərliyi qurtardın, oldun kişi. Əvvəlcə hər kəsə kəndin bir böyründən ev tikirdilər, sonra da evə gəlin gətirirdilər. Kənddə ayda-ildə toy olurdu. Onda da o qədər oynayırdılar ki, üç gün-üç gecə yıxılıb yatırdılar.

Həmin gün qızlar pencər yığmağa getmişdilər. Tərs kimi leysan yağmış və Qaratel bacılığı ilə kəndin ayağındakı birinci evə qaçıb girmişdi: Fazilgilin evinə. Qismətdən qaçmaq olmaz. Bir müddət çardağın altında dayanmışdılar. Fazil pəncərədən onlara baxırdı, yağış damcıları pəncərədən aşağı süzülür və xırda arxa dönüb axırdı, damın üstündə ildırım şaqqıldayırdı...

O günlər keçmişdə qalmışdı, amma indiki qədər aydın və duruydu.

Təpədəki cığır əvvəlcə bağlara, sonra Araza düşürdü. Elə də uzaq deyildi.

Aşağıdakı asfalt yoldan tırtılların səsi gəlirdi. Qaratel vahiməyə düşdü. Əri demişdi ki, ermənilər hər tərəfdən gəlir: həm aşağıdan - Füzuli tərəfdən, həm də yuxarıdan - Mincivan tərəfdən.

Tələsmək lazımıydı. İlahə elə hey ağlayırdı, “çiş” istəyirdi.  Umud şələsini tez-tez yerə qoyub, nəfəsini dərirdi, anası onu tələsdirirdi...

Nəhayət, çatdılar. Aşağıda Araz idi: enli və lam. Bəzi yerlərdə su daşlara dəyib ləpələnir, köpüklənirdi. Ora girmək ölümə bərabəriydi, amma düşmən əlinə keçməkdənsə, nə olur-olsun adlamalıydılar. Qaratel özündən yox, balalarından qorxurdu.

Aralıdan bir əsgər göründü. Azərbaycanca onları çağırdı:

- Orda nə veyllənirsiniz! - deyə qışqırdı, - o tərəfə keçmək lazımdı.

Araz özü ilə müxtəlif ev əşyaları gətirirdi. Aralarında alabəzək bir top da vardı. Bu, Umudun gözündən yayınmadı. Heyfsləndi. Görünür, yuxarı başın camaatı əşyalarını suya buraxmış, özləri isə o tərəf keçmişdilər.

Əsgər danışa-danışa onlara tərəf gəlirdi.

Qaratel:

- Uşaqları su aparar, - dedi.

Əsgər:

- Mən sizə dayaz yeri göstərərəm,  bayaqdan xeyli adam adlatmışam, köhnə bəndin üstündən, - dedi, - amma yüklərinizi apara bilməyəcəksiniz.

- Bəs bunları neyliyək?

- Burda qoyun. Bu əski-üskü canınızdan artıqdı?

Qaratel dinməz-söyləməz şəlləyini açdı. Balaca düyünçəsi şəlləyin içindəydi. Ailənin bütün gümanı ordaydı.

Əsgər İlahəni qucağına aldı, şalla qarnına bərkitdi.

- Düyünçəni də mənə ver, - dedi.

Qaratel duruxdu.

- O tərəfdə qaytararam, - əsgər dedi və düyünçəni alıb cibinə qoydu.

Yuxarıya tərəf getdilər. İki il əvvəl Güneylə Quzey arasındakı sərhəd məftilləri qırılmış, kimsə, yaxud kimlərsə bəndin üstündən o tərəfə yoğun məftil atmışdı. Əsgər sağ əli ilə məftildən tutdu. Məftil yellənirdi. Bir iki yerdə çaya dəmir payalar bərkidilmiş, məftil də ora bağlanmışdı. Amma xeyri yoxdu, məftil ləngərləyirdi.

Qaratel arxaya dönüb əri qalan tərəfə baxdı, amma təpələr görünmürdü, bağ-bağat onun qabağını kəsmişdi. Qaratelin gözlərində yaş damcıları puçurladı.

Umud əsgərin enli toqqasından, Qaratel oğlunun belindən yapışdı. Arazın ən qıjav yeriydi. Köhnə bənd dağılsa da, enli və sürüşkəniydi. Daşlar mamır bağlamışdı. Onlar asta-asta, ayaqlarının altını yoxlaya-yoxlaya gedirdilər. Bir azdan su Qaratelin dizinə, Umudun qarnına çıxdı.

Əsgər:

- Bir-birinizdən bərk tutun, -deyə qışqırdı. Bu zaman Qaratelin ayağı sürüşdü və suya yıxıldı, oğlunu da özü ilə dartacağından qorxub əllərini buraxdı. Su onu üzü aşağı apardı.

- Nənə! - deyə Umud qışqırdı və özünü onun arxasınca atmaq istədi. Əsgər sol əlini atıb onu bərk-bərk saxladı.

- Hara!?-deyə qışqırdı...

İlahə qorxusundan çığırıb ağladı.

Sahilə çıxdılar. Qarşıdakı təpəlikdə əsgər postu vardı. İranlı əsgər və zabitlər dinməz-söyləməz onlara baxırdılar.

Anasının son sözü qulaqlarında qalmışdı:

- Umud!!!

Uzaqda  - kənd tərəfdən atışma səsləri gəlirdi...

Körpə kirimək bilmirdi, əllərini  köpüklənən dalğalara tərəf uzadıb ağlayırdı.

Umud bacısını qucağına aldı. Əsgər onların hər ikisinin başını tumarladı, sonra isə:

- Burda dayanmayın gedin, orda sizi gözləyirlər. Mənsə geri qayıtmalıyam. Hələ gələnlər çox olacaq...

Xeyli aralıda naməlum kənd görünürdü.

...Umud gedə-gedə hıçqırır və ağlayan bacısını ovundurmaq üçün:

- Sənə alabəzək top alajam, - deyirdi...

Fevral - iyul 2015
/525.az/

Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.