Kənan Hacı - Yazıçının etirafları

13.10.15

Nə qədər paradoskal görünsə də insanın səmimiyyəti bəzən onun maskasına çevrilir, o, hətta bu “səmimiyyət”lə özünə “səmimi insan” imici də qazanır. Səmimiyyətin izafi dozası isə çox vaxt cəmiyyətdə normal qəbul olunmur. Ədəbiyyata gəldikdə isə burda məsələ bir az başqa cürdür. Yazı sənəti  elə bir sahədir ki, o məkanda mütləq səmimi olmalısan, əks halda qeyri-ciddi qəbul olunacaqsan. Dünya ədəbiyyatında, fəlsəfi fikrində yazdıqları ilə yaşam tərzi arasında ziddiyyətlər olan və həm də özünün etiraflarını yazan, dilə gətirən yazıçılar, filosoflar olub. Yaradıcı insanın yaşamı ilə sənəti arasında bərabərlik işarəsi axtarmaq nə dərəcədə doğrudur, deyə bilmərəm. Amma gəlin görək, Dostoyevskinin qumarbaz, Mopassanın qadın düşgünü, Artur Rembonun tüfeyli olmaları (bu siyahını xeyli uzatmaq olar) onların böyüklüyünə və ədəbiyyatdakı yerinə xələl gətirirmi?

Elə yazıçılar var ki, onlar hətta memuarlarında belə tam səmimi olmağı bacarmırlar. Henrix Heyne yazır ki, dəqiq tərcümeyi-hallar yoxdur, heç kəs öz həyatını olduğu kimi yazmır, buna cəsarəti çatmır. Onun fikrincə, Jan Jak Russo məşhur “Etiraflar”ında şöhrətpərəstliyindən özünə böhtan atıb. Bu, çox ciddi ittihamdır. Fransa maarifçiliyinin ən böyük simalarından olan J.Russo əvvəlcə özünün dünyaya gəlməsini bir səhv adlandırır. Çünki onun həyatı doğma anasının həyatı bahasına başa gəlmişdi. Atasını isə sevə bilməyən Russo kimsəsizlər evində böyüyüb. Sonralar  Fransa Burjua inqilabı zamanı onun əsərləri yakobinlərin əsas ideya dayağına çevrildi. Russu “Etiraflar”da yazır: “Qiyamət günü gələndə mən əlimdə bu kitabla uca hakimin hüzuruna çıxacaq və var səsimlə hayqıracağam: “Mənim etdiklərim, düşüncələrim və kim olduğum bu kitabda yazılıb: Etdiyim bir pisliyi gizlətmədiyim kimi, etmədiyim bir yaxşılığı da söyləmədim. Olduğum kimi görünməyə çalışdım. Rəzil və səfil olduğum, yaxşılıqsevər olduğum zamanları bütünlüyü ilə gözlər önünə sərdim. İç üzümü ortaya qoydum. Ey Əbədi Varlıq! Qullarını ətrafıma topla ki, etiraflarımı dinləsinlər. Topla ki, kədərlərim qarşısında inləyib, rəzilliyim qarşısında utansınlar. Və hamısı bir-bir sənin taxtına yaxınlaşıb eyni dürüstlüklə və içdən etiraf etsinlər.Sonra da içlərindən cəsarətli biri çıxarsa, “mən bu adamdan daha yaxşı idim” desin.”

Amma Heyne bu etirafları “şöhrətpərəstlikdən doğan gedişlər” hesab edərək şübhə altına alır. Mən Heynenin bu fikrinə Dostoyevskinin “Gizlindən qeydlər” əsərində rast gəldim, gərək Russonun “Etiraflar”ını yenidən və diqqətlə oxuyum. Dostoyevski “Gizlindən qeydlər”də yazır ki, hər bir insanın xatirələrində elə şeylər var ki, onu hamıya açmır, yalnız dostlarına açıb deyir. Elələri var ki, onu heç dostlarına da açıb deməz, olsa-olsa, özünə açıb deyə bilər, o da xəlvəti. Elə şeylər də var ki, insan onu hətta özünə açmaqdan da qorxur. Hər bir insanın özüylə qəbrə aparacağı sirlər olur, insan o qədər mürəkkəb bir məxluqdur ki, onun daxilindəki təbəddülatları, niyyətləri, fikirləri tam anlamaq və buna izah vermək müşküldür. İnsanın  etiraflarının müəyyən sərhəddi var, o, heç vaxt bu sərhədi keçməz, keçsə, ona dəli kimi baxarlar. İnsanı özündən yaxşı heç kim tanıya bilməz.

Bu yazını işləyərkən Henri Millerin “Xərçəng tropiki” romanını oxuyurdum. Yazıçı sanki bütün miskin insanları yazdığı romanın ərazisinə toplayıb və onları öz miskinliklərini bir daha təkrarlamağa məcbur edir. Bu kitabı oxuyan adam Millerin bir şizofrenik olduğunu düşünə bilər. Miller elə səhnələr təsvir edir ki, dünyada miskinliyin bundan artığını təsəvvür etmək mümkün deyil. Miller bu romanda özünün Paris küçələrində aclıq və səfalət içində çabaladığı dövrü, ötən əsrin iyirminci illərinin Parisini təsvir edir. Misilsiz etiraflar var bu romanda. Bir sözlə, insanı alçaldan hər şey! Millerə haqq qazandıran yeganə cəhət onun sənətkarlığıdır, o, bütün bu iyrənclikləri bədii sözün qüdrətilə misilsiz şəkildə təsvir edə bilib. Yazıçı bu əsərdə sözün bütün imkanlarından ustalıqla istifadə edib, sözlərdən yeni bir dünya yaradıb. Fikrin ucqarlarına qədər gedib çıxa bilib. Bu, hər yazıçıya müyəssər olan xoşbəxtlik deyil.

Bu günlərin bir axşam çağında payız özünün qəfil ildırımlarıyla göy üzünü biçib-doğradı və leysan başladı. Mən hansısa naməlum hissin təsiri altında Viktor Hüqonun “Səfillər”ini kitab rəfindən götürdüm və aradan iyirmi üç il keçdikdən sonra “Balaca Qavroş” hissəsini yenidən oxudum. Qavroş öz balaca qardaşlarıyla küçədə rastlaşanda güclü yağış yağırdı və onlar sığınmağa bir yer tapa bilmirdilər. Qavroş onları özünün “Bastiliya fili” adlanan sığınacağına aparır və gecə yatanda ac siçovullar onların yatdığı yerin taxta arakəsməsini həyasızlıqla gəmirib yatağa soxulmağa can atırlar. Bu hissədə şiddətli yağışı tamam unutmuşdum, çöldə yağan yağış altşüurda qalmış o yaddaş qırıntısını hərəkətə gətirdi. Hüqo XIX əsr Fransasında qavroşların aclıq və səfalət içində həyat uğrunda necə mübarizə apardığını realistcəsinə və amansızlıqla təsvir edir. Yazıçının sənətkar vicdanı dilə gəlir, bütün dünyaya haray çəkir, haqqın və azadlığın tərəfində olur. Bonapart rejimi Parisdə tüğyan eləyən vaxt Hüqonun başına 25 min frank qiymət qoyulmuşdu. O Fransanı tərk edəndə səfərini sürgün adlandırdı. Hüqo Fransaya bir də 20 ildən sonra qayıtdı. Bu da bir növ, yazıçının etirafları idi, özüylə bağlı yox, ölkəsiylə bağlı etirafları.

İnsanlar isə etiraflarında Mövlananın dediyi kimi, yəni göründüyü kimi ola bilmirlər, olduğu kimi görünməmək üçün bütün ədəbi fəndlərdən istifadə edirlər, özlərini gizlətmək üçün yazırlar, ədəbiyyat bəlkə də onların ən etibarlı sığınacağıdır, onları heç vaxt ələ verməyəcək bir sığınacaqdır. Onda Heyne Russonu niyə ittiham edirdi ki?

/Ədəbiyyat qəzeti/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.