Anar yazır - Uzun sözün qısası
28.10.15

Dostum Fikrət Sadıqa bir qədər gecikmiş yubiley güldəstəsi

Uzun şeirləri xoşlamıram. Bu fikrin mübahisə doğuracağını düşünərək dəqiqləşdirirəm: Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” və ya Molla Pənah Vaqifin “Mən cahan mülkündə mütləq doğru halət görmədim” şeirləri nə qədər uzundurlarsa belə, daha da uzun olsaydılar onlardan yenə də doymazdıq. Söhbət, böyük Sabir demişkən, “Cəridəsi dolmaq üçün mətləbi uzadan” şairlərdən gedir.

“Cəridə” sözünü “şeir” sözüylə əvəz edin, içi, Allah bilir, nəylə doldurulmuş uzun-uzadı sicilləmələr gözünüz önünə gələr. Şimali Azərbaycanda da, Cənubda da elə “şeir” yazanlar var ki, bir sözün dilimizdə mövcud olan bütün qafiyələrini bitirib-tükətmədən nəfəslərini dərə bilmirlər.

Fikrət Sadıqın da uzun şeirləri var, amma məsələn, “Ah, bu qəzavü qədər” yaxud “Yalnız qocalanda bilirsən bunu” uzun şeirlər olsa da, hər bəndi yeni fikirlə, başqa duyğularla, ayrı çalarlarla dopdoludur. Əlbəttə, Fikrətin başqa uzun şeirləri də uğurludur, amma mənə görə, onun poetik təkrarsızlığı məhz “Kəsə sözlər” adlandırdığı miniatür şeirlərindədir.

Bu şeirlərdə Fikrətin dilimizə bələdliyi, dil sərrastlığı, dil həssaslığı əks olunur. Şair dilin müxtəlif anlamlı ifadələriylə oynamağı, sözləri fırlatmağı əla bacarırsa da, bunu oyuncaq kimi, dillə əylənmək məqsədiylə etmir, fikrin, obrazın, deyimin gözlənilməz dönüşlərini tapır. Fikrətin belə şeirlərində həm onun incə yumor hissi, həm aforistik düşüncə tərzi, həm də dərdi-məlalı aşkarlanır.

F.Sadıq böyük mətləbləri kəsə şəkildə, dərin fikirləri yığcam ölçüdə, uzun sözün qısasını deməyi bacaran şairdir.

Bu sayaq şeirlər iki misradan da ibarət ola bilər:

Gördün çətindi sual,
Dinmə,ağzına su al!

Bir neçə sətirdən də:

Qoy başını çiynimə gülüm
Qoy uzansın bu qatarın yolu.
Çiynimdə daş daşıdığım olub,
Dərd daşımağım olub.
Bu da qismətimdə varmış:
Çiynimdə gözəllik də daşımalıyammış!
Qoy başını çiynimə, gülüm!
Qoy uzansın qatarın yolu.

Fikrətin miniatürlərində bayatılarımızdakı kimi qısa, yığcam, tutumlu şəkildə ömürdən, taledən şikayət də ifadə olunur, zamanın təzadlarından giley-güzar da, dünyanın ədalətsiz gərdişindən narazılıq da... Amma eyni zamanda həyatın gözəlliyinə heyranlıq da, ciddi qayğılar içində xəfif bir təbəssüm də sezilir.

Qonaq yeyib-yatar
Deyib-gülər,
İnsan, bu dünyada
Qonaqdırsa əgər,
Niyə işləsin, axı, niyə?
Qonağı işlədərlər məgər?

Ən kövrək insani hisslər təbiətlə vəhdətdə canlandırılır Fikrət poeziyasında:
 
Yarpaqsız ağacda
Yaşamaq istəyir sonuncu yarpaq
Tək əliylə bərk-bərk
Yapışıb budaqdan
Tək əldə gücə bax!

Bu, motiv - ömrün ahıl çağında da yaşamaq həvəsi, dünyadan doymamaq hərisliyi son illərin şeirlərində sıx-sıx səslənir:
 
Mənim bu bəlalı, bu uzun ömrüm,
Göz açıb yumunca keçdi deyirəm.
Hər gün bu ocağa kimsə daş atdı,
Hər günüm quş olub uçdu - deyirəm

- söyləyərək bədbinləşən şair özü-özünə öyüd də verir:

Bir gileyə dəyməz dünya
Nə lazım bunca şikayət.

Fikrət Sadıqın hər bir əllaməçilikdən, süni “qəlizlikdən”, yalançı “müdriklikdən” xali olan şeirlərində həqiqətən də çox dərin mətləblər var. Kainata sanki kosmik bir bucaqdan baxaraq günəşi, ayı, ulduzları və planetimizin özünü orijinal təşbehlərlə səciyyələndirəndə də, dünya tarixinə və bu tarixin üçündə türklərin qismətinə baş vuranda da, qədim inancların dörd ünsürünü - torpağı, atəşi, suyu, havanı mənalandıranda da, ruh dəyişmə əqidəsincə həyata gah daş, gah torpaq, gah ağac və nəhayət insan kimi gəldiyini qələmə alanda da Fikrət Sadıq “fəlsəfəçilik” iddiasında olmayan filosof şairdir, daha dəqiq desək, panteist Şərq şairidir. “Gün, çıx - gün, bat!” şeirində məhz bu dünyaduyumu ifadə olunub:

Harda olsam
dan söküləndə,
Gün çıxanda,
Mən də yenidən
doğuluram,
dünyaya gəlirəm.
İllah da ki, gün
dağın dalından boylana,
dənizin dibindən çıxa...
 
Harda olsam
şər qarışanda,
gün batanda,
mən də birdən-birə
yerə çökürəm,
ölürəm elə bil.
İllah da ki, gün
dağın dalında gizlənə,
dənizin dibinə bata.

Çağdaş şairin yazdığı bu şeirdə sanki ibtidai, ilkəl insanın təbiətlə bağlı həyat və ölüm haqqında təsəvvürləri əks olunub. Və bu da başadüşüləndir, çünki Fikrət dərk edir ki:

Dünya elə bu qaydada
ta əzəldən qarışıqdı
Doğru-dürüst bilən yoxdur,
kim bəxtəvər, kim mükəddər?
İnsan işıq saçmalıdır,
yer üzünə - şərəfdirsə,
Yoxsa qəlbi xıltla dolu insan olmaz
 daşdan betər.
Bəs xilas, nicat nədədi?
Sevinc-dərd qovuşanda,
dünyada eşq göz açır,
Eşq varsa, ta başqa bir inama
bel bağlama.

“Dünyanı gözəllik xilas edəcək”- deyən Dostoyevski kimi, “Nicat məhhəbbətdədir” fikrini bəyan edən Əli bəy Hüseynzadə kimi Fikrət Sadıq da bu qarışıq dünyada ancaq eşqə bel bağlayır. Qadına, məhəbbətə, vətənə, torpağa, millətə, türkə məhəbbətə, sənətə məhəbbətə...

Sənətkarı el yaşatmır
Sənətkar eli yaşadır

- kəlamı, məncə, çox dəqiq və dürüst deyilmiş sözdür.
Elə bu baxımdan zəmanəmizdə sənətin, ədəbiyyatın gözdən salınması, bilərəkdən, qəsdən, qərəzli və düşünülmüş şəkildə arxa plana keçirilməsi, kitaba, mütaliəyə həvəsin öləziməsi şairi ciddi narahat edən qayğılardandır.

“Jest”ləşdirə bilmədiklərimizi,
“Net”ləşdirə bilməmişik,
Onsuz da biz kütləni
Bundan o yana kütləşdirə bilməmişik.

1971-ci ildə yazılmış bu misraları 1982-ci ilin şeiri cavablandırır:

Yuxudan duran hər tip
Eləyir kitab tərtib
Alimin də yönsüzü
Yazır ona ön sözü.
 
Yeni əsr, yeni minillik gəldi və Fikrət Sadıq 2003-cü ildə bu misraları yazmalı oldu:

İndi kitab oxumamaq
Olub təzə xəstəlik.
Kitabı ver oxuyana,
Birini də üstəlik.

İllər keçir, ədəbiyyata, sənətə münasibət dəyişmirsə, daha doğrusu, pisinə dəyişirsə nə etməli? Fikrətin cavabı belədir:
 
Təptəzə qəzetləri
Təzə sözlər bəzədi
Oyun həmin oyundu,
oyunçular təzədi.
Söz bizi aldatsa da,
Yenə ümid sözədi.

İlk gənclik təcrübələrindən bugünkü ahıllıq, müdriklik çağına qədər Fikrət Sadıq həmişə ümidini Sözə bağlayıb.

Fikrətin gənclik şeirlərindən biri çox xoşuma gəlmişdi və o vaxtlar radioda “Axşam görüşləri” verilişinin redaktoru işlədiyim zaman şeiri efirə çıxarmışdım.

Bir buluddan iki damcı yağış yağırsa,
Biri sizin, biri bizim baxçaya düşür.
Sizin çığır gördüyüm o köhnə çığırsa,
Orda ayaq izlərimiz hər gün görüşür.
Buna hicran deyirsən?

Şeiri efirdə verilişi aparan məşhur aktrisamız Hökümə Qurbanova səsləndirdi. Hökümə xanım bu şeiri o qədər bəyənmişdi ki, elə radio studiyadan Şövkət Ələkbərovaya telefon edib: “Sənə çox gözəl bir şeir göndərəcəm, -dedi. - Bəstəkara mahnı yazdır, ifa et”.

Bilmirəm bu şeirə mahnı yazıldımı, yazılmadımı, amma mən tərtib edib Bakıda nəşr etdirdiyim iki cildlik “Min beş yüz ilin oğuz şeiri” və Türkiyədə çıxmış “Min ilin yüz şairi” antologiyalarımın hər ikisinə Fikrət Sadıqın başqa dəyərli şeirləriylə bir sırada bu gənclik şeirini də daxil etmişəm. Bu şeirlərin sırasında Fikrətin daha bir gözəl şeirini də xatırlamaq istəyirəm:

Dön bax illərə, aylara:
Nəyim varsa, para-para.
Qara günüm çoxdur, qara
Torpağı örtün üstümə.
 
Günəşə baxdım bu səhər,
Bir teli mənə bəs edər
Buluddan süzülən o zər
Saçağı örtün üstümə.
 
Tale niyə zalım olsun,
Göylər mənə zamin olsun,
Bir dərə məzarım olsun.
Bir dağı örtün üstümə.

Fikrət Sadıqın ruhən mənə çox yaxın olan şeirlərindən biri də “Üçüncü simfoniyanı dinləyərkən” adlı şeirdir.

Bir ağız Osvensim fəryadı,
Bir tutam yaslı bulud.
Sonra Günəşin addım səsləri
Sonra tufanqabağı sükut
Dalğaların parçalanması
Qayaların ovulması
Bir də Dədə Qorqud
Sonra Kərəm yanğısı
Sonra çilik-çilik sınan su
Tanış çiçək qoxusu
Doğma yurd
Sonra da bir sual:
Saçları qarışmış dünyamızı
Raket ucları darayacaqmı
Yoxsa kotan dişləri?
Sonra Rodenin fikirli insanı,
Nigarançılıq
Sonra da sonuncu akkord-
Ümid!

Bu şeirin mənə ruhən bağlılığını nədə görürəm? Əvvəla onda ki, şeir ölməz bəstəkarımız Qara Qarayevin Üçüncü simfoniyasına həsr olunub. Qarayev mənim ən çox sevdiyim sənətkarlardandır və Üçüncü simfoniyası da daima məni həyəcanlandıran, düşündürən, təsirləndirən sənət əsəridir. Əlbəttə, heç bir musiqi əsərini sözlərlə izah etmək olmaz, musiqinin öz dili var, amma musiqi əsərindən, illah da dərin musiqi əsərindən aldığın təəssüratı sözlərlə ifadə etmək mümkündür. Fikrətin bu şeirində sözlərlə ifadə etdiyi təəssürat mənim də həmin simfoniyanı dinlərkən daldığım düşüncələrlə həmahəngdir.

Mən də bu əsərdə dünyanın və tarixin, dövrümüzün çeşidli bəlirtiləri, təlaşları, qayğılarıyla bağlı nigarançılığı duyuram və mən də bu keşməkeşlərin sonunda Ümidə tapınmaq istəyirəm.
Bu şeirin mənə doğmalığının bir səbəbi də onun Rəsul Rzanın “Rənglərinə” xas olan poetik üslubda yazılmasında, assosiasiyalar, anımlar zənciriylə düzülməsindədir. Rəsul Rza yaradıcılığının 60-cı illərin başqa gənc şairləri kimi Fikrət Sadıqa da müəyyən təsirini tədqiqatçı İradə Musayeva da qeyd edir. Elə Fikrətin özü də oğlu, yazıçı Orxanın “Sən kimi müəllimin sayırsan”? -sualına - “Bütün Şirvan şeir məktəbini, Sabirə, Rəsulə qədər” - cavabını verir. Onu da yada salmaq yerinə düşər ki, Fikrət Sadıqın istedadını layiqincə qiymətləndirənlərdən biri, bəlkə də ilki məhz Rəsul Rza olmuşdur.
Fikrətin 1970-ci ildə Moskvada “Molodaya qvardiya” nəşriyyatında çıxan kitabına yazdığı önsözdə Rəsul Rza qeyd edirdi:

“50-ci illərin sonu 60-cı illərin əvvəlində Azərbaycan poeziyasına gənc və istedadlı şairlər nəsli gəldi. Yeni forma axtarışları, mövzu diapazonunun genişliyi, traferat obraz, qafiyə və metaforların inkarı - onları çox şey birləşdirirdi. Bu şairlər içərisində həm yaşına, həm də istedadına görə ön sırada gedənlərdən biri Fikrət Sadıq idi. Onun ilk şeirlərini xoşladım... Şairin toplusunu yenidən oxuyub inandım ki, onun şeirlərinin çoxunda gənclik təcrübəsi yetkinlik təcrübəsi ilə təkmilləşir. Mən gənc şairə uzun illər səmərəli iş arzulamaq istəyirəm ki, ona bütün yaşların təcrübəsini, o cümlədən, qocalığın təcrübəsini ifadə etmək müyəssər olsun, zira, şairin qocalığı da poeziyanın gəncliyidir”.

Müxtəlif illərdə Fikrət Sadıqın yaradıcılığı haqqında ədəbiyyatımızın, elmimizin görkəmli nümayəndələri - Mirvarid Dilbazi, Balaş Azəroğlu və Mədinə Gülgün, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Qabil, Bəkir Nəbiyev, Ağamusa Axundov, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Aslan, Vladimir Qafarov, Arif Abdullazadə, Arif Əmrahoğlu, Elçin, Siyavuş Məmmədzadə, Musa Yaqub, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə və başqaları dəyərli fikirlər söyləmiş, onun şeirlərini yüksək qiymətləndirmişlər. Mən də vaxtiylə F.Sadıq haqqında “Şairlər yurdunun şair oğlu” adlı məqalə yazmışdım. Bununla belə Fikrət Sadıq, zənnimcə, hələ də əsl qiymətini almamış şairlərimizdəndir. Şeirlərində ara-sıra sezilən umu-küsü, giley motivləri də müəyyən dərəcədə bununla bağlıdır.

Birini qaldırır, birini endirir -
Yelləncək.
Dünya da eynən
bu işi görür,
İnnən belə də görəcək,
 
- bu 2006-cı ildə yazılmış misralardır. Bu isə 2013-cü ildə yazılıb:

Şair olmayanlar da şair oldular
Şair olanlar “və sair” oldular.

İncə və incik atmacaları arasında Yazıçılar Birliyinə ünvanlanmışı da var. “Bənzətmə” şeirinin əvvəlində belə bir qeyd verib: “Yazıçılar Birliyinin 80 illiyində mənim də 80 yaşım yada düşdü”.

Kiminə fəxri ad, kiminə fərman,
Ya kiminə orden, kiminə medal!
Hər kəsə bir sevinc - qətrə ya ümman,
Mənə də verdilər iri bir güldan.

Səksən yaş bir dəfə olur ömür də,
Güldan da adi yox, büllurdan idi.
Qoca yaddan çıxmış, unudulmuşdu,
Güldan da bir küncə atılmış indi.

Əzizim Fikrət! Özün də çox gözəl bilirsən ki, şairin, həm də əsl şairin, həm də sənin kimi şairin sevinci orden medallardan asılı ola bilməz. O qədər orden medallı şairlərimiz olub ki, indi nəinki yazdıqlarını, heç adlarını da xatırlayan yoxdur. Fəxri adlara gəlincə, keçmiş Sovet respublikalarından başqa (o da hamısında deyil) dünyanın heç bir yerində Xalq yazıçısı, Xalq şairi adları yoxdur. Yadımdadır, Fransa səfərimizdə elə bu yazıda adı hörmətlə çəkilən Qara Qarayevlə bərabər idik. Onu Xalq artisti kimi təqdim edəndə fransızlar folklor ifaçısı (bizim aşıqlar kimi) olduğunu güman edirdilər. Bir də ki, özün yazmırsanmı:

Vacib deyil ki, şair,
Xalq şairi olsun gərək.
Bu vacibdir ki, amma,
Haqq şairi olsun gərək.

Əzizim Fikrət! Onu da bilirsən ki, hər şey Yazıçılar Birliyinin əlində deyil. Yazıçılar Birliyinin imkanı daxilində olan budur ki, ən yaxın günlərdə sənin 85 illiyini təntənəylə qeyd edəcəyik. Özün demiş, “yubiley, yu, biley”. Yuyacayıq da... Və o “adi yox, büllur güldan” hələ də küncdə durub qalırsa, bu güldəstəni də dostluq töhfəsi kimi qəbul edib ora qoymağını xahiş edirəm..
Uzun sözün qısası: Dostum Fikrət! 85 yaşın mübarək!
/525.az/

Yenililklər
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.