Tərcümə Mərkəzi yeni antologiya nəşr edir
22.01.16
Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həyata keçirdiyi irimiqyaslı "Milli Ədəbiyyatın Təbliği" layihəsi çərçivəsində rus dilində ikicildlik "Müasir Azərbaycan ədəbiyyatı" (nəsr və poeziya) antologiyası işıq üzü görüb.
Hal-hazırda Mərkəz nəfis tərtibatda ikicildlik Azərbaycan ədəbiyyatı antologiyasının azərbaycanca nəşrinin üzərində işə başlayıb. Belə ki, ikicildliyin birinci cildi poeziya, ikinci cildi isə nəsr əsərlərindən ibarət olacaq.
Bu antologiyada, əsasən yaradıcılığı 60-cı illərdən etibarən son dövrləri də əhatə edən şair, yazıçılarımızın əsərləri yer alacaq.
Hazırda antologiyanın tərtibatı üzərində iş gedir. Tərtibatçılar səylə çalışırlar ki, bu ikicildlik Azərbaycan ədəbiyyatının bütün parlaq imzalarını əhatə etsin.
Tərtibat işinin mart ayının sonlarında yekunlaşacağı gözlənilir.
|