Kənan Hacı - İki dünya arasındakı nöqtə
18.02.16

Əhməd Həmdi Tanpınar nəsrinə bir baxış

I yazı


Milan Kunderanın “Roman sənəti” kitabında sevdiyim bir fikri var: “Romanın ruhu qarmaqarışıqlıqların ruhudur. Hər roman oxucusuna bunu deyir: Durumlar sənin düşündüyündən də qarışıqdır”. Əlbəttə, bu sözlər kiçik düzəlişlə bütün sənət əsərlərinə şamil edilə bilər. Qeyri-sənət əsərləri, ciddi sənətə iddialı olan diletant səviyyəli bəsit, banal nümunələr yox, məhz özündə yüksək ədəbi, mədəni estetik dəyərləri ehtiva edən sənət əsərlərindən söhbət gedir.

Yaradıcılığa şeirlə başlamış, bir müddət sonra nəsrə keçərək  “Hüzur”, “Saatları qurma institutu” romanları ilə türk nəsrində yeni cığır açmış Əhməd Həmdi Tanpınarın “Abdulla əfəndinin yuxuları” adlı bir hekayəsi var. Bu hekayə ideya və məzmun baxımından mənə Herman Hessenin “Yalquzaq” və bu yaxınlarda oxuduğum Avqust Strindberqin “Tənha” romanlarını xatırlatdı. Heç bir məntiqə boyun əyməyən, lakin alt qatında, bünövrəsində onu diri saxlayan məntiq gizlənən bu ədəbi mətnlərin ideya qohumluğu gözəçarpacaq dərəcədə qabarıqdır. Tanpınarın roman anlayışı fərdlə cəmiyyəti ayırmamaq, eyni göstərmək prinsipinə əsaslanır. Hessenin “Yalquzaq”ında da fərdlə cəmiyyət iç-içədir. Bu, bir insanın ikiləşməsi timsalında təsvir edilir. Amma insan, hətta lap ibtidai zəncinin, idiotun özü də o qədər sadə deyil ki, onun varlığını iki, ya üç əsas əlamətlə izah etmək mümkün olsun.Harri kimi mürəkkəb bir adamın mahiyyətini canavarlığa, insanlığa bölməklə izah etmək sadəlövhlük olardı. Harrinin iki deyil, yüz cür, min cür təbiəti var. Onun həyatı yalnız paklıqla əxlaqsızlıq, instinktlə ağıl kimi fərqli qütblərin arasında deyil, yüzlərlə, minlərlə qütbün arasında cövlan edir. Cəmiyyətin problemləri fərdi planda çözülür.

A.Strindberqin “Tənha”sı da insanın öz içində apardığı mənəvi qazıntılar nəticəsində tənhalıq baryerini aşması haqqındadır. Bu üç əsəri birləşdirən xüsusiyyətlər insanın ikiləşməsi fonunda təkamülün xronikasının eyni tipli olmasıdır. Üslub və yanaşma tərzi isə tamamən fərqlidir. Söhbət Tanpınarın nəsrindən gedirsə, onu heç cür Hesse ilə yaxud Strindberqlə eyniləşdirmək olmaz. Tanpınarın bəhs etdiyimiz hekayəsindəki fantasmaqorik, sürrealist təsvirlər Strindberqdə yoxdur, Hessedə isə birxətlidir. Tanpınarın roman estetikasına bələd olmaq üçün əvvəlcə hekayələrini oxumaq lazım gəlir. Yazıçının araşdırıcısı Mehmet Samsakçı “Tanpınarın eşiğinde. Ahmet Hamdi Tanpınar ve eserleri üzerine düşünceler” kitabında yazır: “Tanpınarın dili şeirdə tamam başqa bir rəngə bürünür; işıqlar, rənglər, biçimlər, zamanlar, məkanlar və təbiət türkcədə ən gözəl rəqsini oynayır. Hekayələrində şairlə romançı arasında bir yerdə duran Tanpınar miflərin, nağılların, mistisizmin bütün batini və zahiri zənginliyi ilə, ruhi və zehni qarışıqlığı və əhatəliliyi ilə fərdin izinə düşür. Beləcə, şeirlə nəsr Türkiyədə ən imkansız izdivacını yaşayır”.

Onun qəhrəmanları zaman və məkanla özü arasındakı əlaqəni axtarırlar, bu əlaqəni tapınca uçurumun kənarında birdən-birə gözləri açılan adamın ürpəntisini yaşayırlar. “Bir yol” hekayəsinin qəhrəmanı öz hisslərini belə anladır. Kundera demiş, durum biz düşündüyümüzdən də mürəkkəbdir. Ərfatın, əşyaların insana yadlaşması və öz yolunu tapınca ruhi müvazinətini bərpa etməsi kifayət qədər mürəkkəb məsələdir. Tanpınarın süjetsiz hekayələrinin pərdəarxası süjetini görmək bir qədər çətindir.Bu süjetlər düzxətli deyil, ziqzaqlıdır, labirint kimidir. Bunun üçün intuisiya, fəhm və bədii mətni duyma bacarığı tələb olunur. Tanpınarın mətnləri sıradan oxucu üçün deyil. Yazıçı mətni o qədər zərif, mahir oyunçu kimi qurur ki, orijinal təhkiyə tərzi sonda bütöv bir mənzərə yaradır. Orhan Pamukun “Ahmet Hamdi Tanpınar və türk modernizmi” adlı geniş bir yazısı var. Tanpınarı bütün yönləri ilə tanıdan bir yazıdır. Pamuk yazır: “Modernizm rüzgarlarını Qərbdə ciyərlərinə dolduran yazıçının öz mədəniyyətinə dönüncə birdən-birə özünü bir “obıvatel” olaraq hiss etməsi, bu sıradanlığın bir parçası olmaqdan xilas ola bilməməsi və sonunda özünü Əhməd Həmdi Tanpınar kimi bir müəllim qiyafəsində tapmasıdır”. Pamuk Tanpınarın bir müddət yaradıcılıq böhranı keçirməsinin səbəblərini anladır və onu modernizmdən ayırır. Fikrini belə əsaslandırır: “Modernistlərdəki şeytanilik, topluma qarşı çıxma, təvazökarlığı rədd etmək, dünyaya meydan oxumaq, güclərini yalnız yaratdıqları mətnin öz içinə dönməsindən almaq, ekspressionistlərin etdikləri kimi, öz iç dünyalarını üzə çıxarma azadlığını axtarmaq cəhdlərini və bu cəhdləri simvolizə edən mətnləri onun (Tanpınarın) kitablarında axtarmaq boşuna zəhmətdən başqa bir şey deyil”.

Əsərlərinə aşina olduqca görürsən ki, doğrudan da Tanpınar klassik zövqü və estetikanı sevən, bu estetikanı mənimsəyən, bu estetika üzərində möcüzələr yaratmağı bacaran bir yazıçıdır. Tanpınar nəsrinin əsas xüsusiyyətlərindən biri cəzbedici dil oyunları və mürəkkəb təhkiyə tərzidir. Yazıçı dilin ifadə imkanlarından son həddə qədər ustalıqla yararlana bilir və nəticədə əsrarəngiz bir dünya yaradır. Sözlər sanki cilvələnir, bir-birinin yanında düzüldükcə cümlələrin bətnindən inanılmaz mənalar doğulur. Başqa sözlə ifadə etsək, çoxçalarlı reallığa mistisizm donu geyindirilir.

Yuxarıda haqqında bəhs etdiyimiz “Abdulla əfəndinin yuxuları” hekayəsinin qəhrəmanı öz taleyindən xəbərdar olan, bu taleyin kənarındakı uçurumu görüb başı hərlənən, büsbütün yalnız, tənha bir adamdır. İki “mən”in (görünən və görünməyən “mən”lərin) arasında vurnuxan, çabalayan Abdulla əfəndi və ətrafdakı insanlar. Bu insanlar da Tanpınarın yazıçı qələmiylə ikiyə bölünür. (Hessenin “Yalquzaq”ındakı Harrinin ikiləşməsini xatırlayın – K.H) Hekayənin qəhrəmanı onu kabus kimi izləyən xəyallarından xilas olmaq, yenidən iki ilə ikinin dörd etdiyi dünyada özünü tapmaq istəyir. İkinci ikinin özü olduğunu anlayır. Amma o, şəxsiyyəti üzərində heç bir riyazi əməliyyatın aparılmasına razı deyil. Düşünür ki, hər rəqəm bölünə bilər, madam ki, özü ikidir, demək bölünməyə razı olması lazım gəlirdi. Yazıçı şəxsiyyətin ikiləşməsini riyazi məntiqlə əlaqələndirir. Dahiyanə bir fənddir. Tanpınarın hekayələri şeir kimi izaholunmazdır. “Abdulla əfəndinin yuxuları” oxucuya gerçəküstü baxışla zəngin olan bir yaşam fəlsəfəsi təqdim edir. Mətnin müstəvisini müəyyənləşdirərkən bir məqam üzə çıxır: Tanpınar klassika ilə modernizmin arasında bir körpü yaradıb. Onun ən yaxşı əsərlərindən hesab edilən “Hüzur” romanında Türkiyədə cümhuriyyətin quruluş illərində Osmanlı mədəni mirası ilə müasir qərb mədəniyyəti arasında dəyişikliyə uğrayan, mədəni inqilab dönəmini yaşayan, yeni mədəniyyəti qəbul etmək və ya etməmək dilemması arasında vurnuxan türk ziyalısının mütərəddid vəziyyəti anlatılır. Əsərin qəhrəmanı Mümtaz “Min bir gecə”dəki antikvarçının hekayəsinə bənzəyən əkiz bir ömür yaşayırdı. Bir tərəfdən gözəl günlərin xatirəsi zehnindən ayrılmır, digər tərəfdən ayrılığın gecəsi bütün əzablarıyla içində qurulurdu. Xülasə, demək olar ki, xəyallarında yaşayan bu gənc adam cənnət və cəhənnəmini bərabərində gəzdirirdi. Bu iki həddin arasında, uçurum kənarında şiddətli oyanışlarla dolu bir lunatik həyatı vardı.Bu iki bir-birinə zidd ruh halının arasından ətrafla danışır, dərsini verir, tələbələrini dinləyir, edəcəklərini izah edir, dostlarının işləriylə uğraşır, beləcə, öz həyatını yaşayırdı”. Bu binar ziddiyyətlər “Saatları qurma institutu” romanında da qabarıq nəzərə çarpır. Fərdin və cəmiyyətin dəyişmə prosesindəki paradoksal manevrlər diqqəti çəkir ki, bu əsər özünün çoxcəhətliliyi ilə haqqında daha geniş və təfərrüatı ilə yazmaq zərurəti doğurur. Nə vaxtsa bu mövzuya mütləq qayıdacağam.

Pamuk yazır ki, modernizmə can atan bir türk yazarı içindəki mənəvi iqlimə geri döndüyü zaman üzündə o şeytani parıltının qalmadığını sezər. Tanpınar yaradıcı dünyasının ağırlıq nöqtəsini bu iki dünyanın ortasına yerləşdirməklə hər iki dünyanın zəngin ünsürlərini bir yerə toplaya biləcəyi və onları kitablarına yerləşdirə biləcəyi bir nöqtəni kəşf etmişdi. Tanpınarın türk ədəbiyyatına, türk nəsrinə gətirdiyi yenilik məhz budur. Çox qəribədir ki, bu qədər orijinal bir yazıçı zamanında öz dəyərini almadı. Onu görməzdən gəldilər, bir çox əsərləri, haqqında bəhs etdiyimiz “Hüzur” romanı da, ölümündən sonra nəşr edildi. Gündəliklərindən birində yazır ki, “bir gün əlbəttə, mənə dönəcəklər”. Tanpınarın yazıçı taleyinə ölümündən sonra kəşf edilmək yazılıbmış.

Tanpınar həm də şair idi və türk şeirində həm də Tanpınar məktəbi deyilən bir anlayış var. Bir yazıda onun bütün yaradıcı yönlərini təhlilə çəkmək imkansız olduğundan bu dəfə nəsr yaradıcılığı ilə kifayətlənməli olduq. Tanpınarın poeziyası geniş və əhatəli söhbətin mövzusudur. Bu haqda növbəti yazımızda bəhs edəcəyik. Aşağıdakı kədərli və həm də inamlı misraların müəllifi də odur:

Qəbrimi göstərən daş parçasından
illərlə silinmiş olsa da adım,
bir zaman ey yolçu, mən də yaşadım...

/Ədəbiyyat qəzeti/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.