Oreste Pinto - Heç vaxt şayiələrə inanma
01.05.17

Oreste PİNTO - (1889 Amsterdam - 1961 London) yəhudi əsilli məşhur niderland əks - kəşfiyyatçısı, polkovnik – leytenant. Fenomenal yaddaşına, əsaslı psixoloji hazırlığına və bir neçə xarici dili sərbəst bildiyinə görə İkinci dünya müharibəsi illərində səkkiz faşist kəşfiyyatçısını ifşa etməyi bacarmış yüksək səviyyəli peşəkar. Müttəfiq qoşunların Normandiyaya çıxarılmasından   sonra general Eyzenhauerin qərərgahında xidmət edirdi. Eyzenhauer onu “təhlükəsizlik üzrə hal - hazırda sağ olan avtoritetlırin ən dahisi” adlandırmışdı. Müharibədən sonra Niderlandda leqallaşmağa can atan alman  agentlərinin  filtrasiyası üzrə çalışırdı.“Casus ovçusu”, “Dost, yoxsa düşmən? ”, “Sirli cəbhə” və “Qadın casuslar” adlı, real hadisələrdən bəhs edən sənədli hekayə və poestlərin müəllifidir. 1959 -1961- ci illərdə  BBC teleşirkətinin  efirə  verdiyi  məşhur  seriallar O. Pintonun xatirələrinə əsaslanır.  Oxucular onun “Mavi koftalı qız” sənədli hekayəsi ilə tanışdırlar. Təqdim olunan “Heç vaxt şaiyələrə inanma” sənədli hekayəsi həmçinin, müəllifin “Casus ovçusu” kitabından götürülmüşdür.

Tərcüməçi

                               
              
                   
Heç vaxt şayiələrə inanma
                                           
(ixtisarla )

      ... Müttəfiq qoşunların Normandiyaya çıxarılmasından sonra mən holland əks-kəşfiyyatına başçılıq etmək və altı nəfər zabitlə birlikdə qitəyə yollanmaq əmri almışdım. Biz ingilis əks - kəşfiyyatı ilə bərabər, müttəfiqlərin arxa cəbhəsini casuslardan və sabotajçılardan təmizləmək, Normandiyanı azad etdikdən sonra, Fransa və Belçikadan keçib, Hollandiyaya axışan orduların rabitə  təhlükəsizliyini təmin etməli idik.
      Hər gün o qədər iş  çıxırdı ki, heç iki günə görüb qurtarmaq olmazdı. Azad edilmiş şəhərlərdə çox sayda ittiham və əks ittiham təhqiqatlarınınn araşdırması gedirdi. Geri çəkilən almanlar  körpü  və sursat anbarlarını partlatmaq, müttəfiq qoşunların irəliləməsi və sayı barədə məlumat toplamaq əmri verdikləri sabotajçılar və casuslar qoyub gedirdilər.
      Əks-kəşfiyyat xidməti üçün seçilmiş altı zabitimin altısı da tədricən harasa yoxa çıxmağa başladı. Yeddi zabitin etməli olacağı işi təkbaşına görürdüm. Özünüz fikirləşin: bir neçə həftəyə hansısa qənaətbəxş bir nəqliyyatın və yuxarıların köməyi olmadan  arxa cəbhədəki yüzlərlə kvadrat metr ərazini casus və sabotajçılardan azad etməli idim. 
      Qoşunların qərargahı yerini dəyişib Brüsselə köçmüşdü, mən isə artıq, Hollandiyanın cənubundakı Eyndhovendə idim. Burada birdən-birə hiss etdim ki, əsəb gərginliyinin son həddinə çatmışam: çəkidə on-on iki kiloqram itirmişdim, səhərlər baş ağrısından, gecələr yuxusuzluqdan əziyyət çəkirdim. İştaham elə küsmüşdü ki, nə vaxt ləzzətlə yediyim yadımda deyildi. Uzun müddət bir yerdə qərar tuta bilmirdim, eyni zamanda zehni cəhətdən də o qədər zəifləmişdim ki, tərpənməyə halım qalmamışdı. Nəhayət, 1944-cü il dekabrın 22- də tamam çökdüm.
        Dostlarımdan biri məni əks-kəşfiyyatın Brüsseldəki qərargahına qədər müşaiyyət etdi, oradan da, müayinə üçün hərbi hospitala apardılar.  Hərbi həkim, mayor, düz saat yarım ailəmizdəki irsi xəstəliklər, keçmiş və indiki həyat tərzim haqqında sorğu-sual edərək, məni müayinədən keçirdi, hər tərəfimi tıqqıldadıb, qulaq asdı, ürəyimi, ciyərimi, mədəmi yoxladı. Mən geyinənə qədər o ayrıca bir vərəqdə nəsə yazıb zərfin içinə qoydu, onu mənə uzadıb təcili İngiltərəyə yollanmağımın, zərfi öz həkimimə təhvil verməyimin vacibliyini söylədi.
       Uzun illər apardığım təhqiqatlar ərzində əlimdən az adam keçməmişdi ki, həkimin zahirən sakit, hətta deyərdim lağeyd tonu arxasındakı həyəcanı hiss etməyim.
       - Doktor, mən uşaq deyiləm, ümid edirəm ki, həmçinin qorxaq da ... Düzünü deyin, səhhətimdə nə var.
       Cavabında o, həkim etikası barədə burnunun altında nəsə donquldandı.
       - Rədd olsun etika, - deyə ucadan söylədim. Mən Londonda onsuz da hər şeyi biləcəm. Yaxşısı budur, deyin görüm nə olub.
       O, çiyinlərini çəkdi:
       -Yaxşı...  Məncə sizin mədə boşluğunuzda və ciyərlərinizdə xərçəng var. Mən bunu demək istəmirdim,  özünüz məcbur etdiniz.
        “Xərçəng” sözünü eşidəndə sanki ürəyim dayandı. Sözün gətirdiyi ölüm nəfəsini duydum.
       - Əməliyyat necə... gecdir? – deyə nəhayət soruşdum.
       Həkim gözlərimin içinə baxıb başı ilə təsdiqlədi.
        -Nə qədərim qalıb?
       - Bilmək olmaz. Bəziləri çox yaşayır, bəziləri az.
       - Bəs mən?
       - Necə deyim... indi ki, təkid edirsiz...  Ola bilər iki ay, ola bilər üç... Dəqiq demək çətindir...
       Küçəyə necə çıxdığım yadımda deyil. Həkimlə söhbət mənə dəhşətli yuxu kimi gəlirdi...  və əlbəttə ki, mən bu qorxunc röyadan qıvraq və sağ-salamat oyanacaqdım, ancaq...  hər dəfə əlimi cibimə atanda içində “ölüm hökmü” yazılmış zərfin iti ucları məni gerçəkliyə qaytarırdı.
      Neçə saat Brüsselin soyuq küçələrini dolaşdıqdan sonra təhkim olunduğum yeməkxanaya yollandım. Çox keçmədi ki, artıq, yeməkxanadakı bütün zabitlər gözlənilməz qayıdışımın səbəbini bilirdilər.
        Dekabrın 27-də Londona uçdum, aerodromdan bir baş öz həkimimin yanına yollandım. Zərfi ona verdikdən sonra o, məni müayinə edib dedi:
        - Ümid edirəm ki, oradakı həkiminiz  bu qərarı verməzdən öncə sizi rentgen müayinəsinə göndərib.
        -Xeyr, - deyə ona cavab verdim.
        -Necə? O, rentgensiz keçinib?
        - Bəli... Bəs indi nə etməli? – deyə soruşdum.
        - Mən sizi tanınmış bir mütəxəssisin yanına aparacam. Özü də nə qədər tez olsa yaxşıdır...
        Xərçəng xəstəlikləri  klinikasında məni hərtərəfli rentgenoskopiya elədilər. İki gündən sonra yenidən öz həkimimin yanına yollandım. Gözləməkdən əldən düşmüşdüm, özümü edam qabağı əfv olunacağına ümid bəsləyən birisi kimi hiss edirdim.
        Həkim məni gülər üzlə qarşılayıb dedi:
        - Hə, Pinto,  sizə xoş xəbər çatdırmağıma şadam. Deməliyəm ki, sizin o hərbi mütəxəssisiniz özünü pis vəziyyətdə qoyub. Sizdə xərçəngdən əsər - əlamət  yoxdur. Sadəcə son dərəcə əsəb gərginliyi keçirmişiniz.  Cəmisi ikicə ay yaxşı istirahət və sərçə kimi tullanıb düşəcəksiniz. Hə, bir söz desəniz...
        Ancaq, mən heç nə deyə bilmirdim , – indi mən bilirdim ki, edam qabağı əfv olunmaq  nə deməkdir.

                                                      II
     
       Üç ay istirahətdən həzz aldım. Almanların Ardennlərdəki hücumu baş tutmadı. Aydın oldu ki, Avropada müharibə sona yetir. 1945 –ci il martın  sonlarında sağalıb qitədəki iş yerimə qayıtdım, iyunun sonlarında isə xidmətlə  əlaqədar Haaqaya ezam olundum.
       Bir nəfər collaboritsionisti - almanlarla əməkdaşlıq etmiş hollandı dindirməli idim. O, siyası məhbuslar üçün ayrılmış “Apelsin mehmanxanası” deyilən həbsxanada saxlanılırdı. Əsir düşəndə əynində qara eses forması vardı. Mundirindəki qırmızı-ağ lentdən məlum olurdu ki,“Dəmir Xaç” ordeni kavaleridir. Dar alınlı yuvarlaq baş, qısa qırxılı saçlar, xırda, piy basmış donuz gözləri, esesçilərə xas olan təkəbbür və lovğalıq - bütün bunlar öz-özlüyündə çox şeydən xəbər verirdi. Düşünürdüm ki, onunla beş - on dəqiqəyə məsələni çürüdəcəm. Cinayət yerində düşmən formasında yaxalanmış insan üçün özünü təmizə çıxarmaq asan olmur. Ancaq səhv edirdim...
       - Beləliklə, siz - vətən xainisiniz, - deyə mən sözə başladım. Əks halda əyninizdəki bu ədabaz formanı necə başa düşmək olar?
       O,  coşdu:
       - Siz necə cürət edirsiniz? Məni almanlarla əməkdaşlıqda ittiham etmək? Mən vətənpərvərəm, öz ölkəm üçün də çox şey etmişəm.
       Diqqətlə gözlərinin içinə baxdım.
       - Sizsiz vətənpərvər? Sizin həyata baxışlarınızla Görinq yer üzünün ən məsum bəndəsi, Himmler isə bazar günü dini məktəblərinin mömin müəllimidir. Bəlkə almanlar sizi Hollandiyaya olan sevginizə görə “Dəmir Xaç”la təltif ediblər?
       - Siz çox şeyi bilmirsiniz, - deyə o cavab verdi. Sözsüz ki, bir hollandı bu mənfur formada görmək qeyri-adi təəssüratdır. Ancaq mən hər şeyi başa sala bilərəm...
       Sözünü kəsmədim.
       - Yaxşı, Müqəddəs İohannes, - deyə nəhayət diləndm. Buyurun görək, bir qədər özünüz barədə danışın.
       - Ser, görürəm mənə inanmırsınız... Mən ona görə esesçi olmuşam ki, bunu  mənə məxfi xidmətimizin baş zabitlərindən biri əmr etmişdi. O, almanların etimadını qazanmaq, onların suallarına necə cavab vermək barədə məni ətraflı  şəkildə təlimatlandırıb. Aldığım məlumatları ayda bir dəfə Rotterdamın çay kənarı sahilində onun rabitə zabitinə ötürməliydim...
       Həqiqətən də, biz düşmən tərəfə çoxlu agent göndərirdik. Müharibə vaxtı bu adamlar həyatlarını təhlükəyə atırdılar, müharibənin sonunda isə əks-kəşfiyyat onlarla xain kimi davrana bilərdi. Deməli bizim agentlərimiz də “Apelsin mehmanxanası”na düşə bilərdilər. Ancaq mən inanmırdım ki, qarşımdakı bu esesçi onlardan biridir. 
       -Yaxşı, tutaq ki, siz hər ay Rotterdamda rabitə zabiti ilə görüşüb ona məlumat ötürürdünüz. Onun soyadı nədir...  arxiv vasitəsi ilə yoxlamaqdan ötrü...
       Məhbus təkəbbürlə gülümsədi.
       - Ser, kəşfiyyatçıdan ad və ünvanları soruşmurlar... Həmkarın barədə nə qədər az bilərsənsə, bir o qədər də az danışarsan. Mən nə onun soyadını soruşmuşam, nə də öz soyadımı ona demişəm. Bizi daha vacib məsələlər maraqlandırırdı, nəinki vizit kartları ilə mübadilə etmək...
       - Bəli, bəli... əlbəttə, görürəm. Kəfiyyat fəaliyyəti ilə əlaqədar verdiyiniz dərsə görə təşəkkür edirəm. O, mənə hələ lazım olacaq. Ancaq indi ki, onun adını bilmirsiz, bəlkə  heç olmasa haqqında nəsə bir şey söyləyəsiz. 
       O bir qədər fikrə gedib dedi:
        - Ser, mən ki, sizə dedim: mən onunla məxfi xidmətdən olan baş zabitlərdən birinin tapşırığı ilə görüşürdüm.
        - Bəli, bəli demişdiz. Onda siz o baş zabiti  daha yaxşı tanımalısız. Sizə onun adını xatırlamaq kifayətdir ki, mən əlaqə yaradım, o, dediklərinizi təsdiqləsin, siz də şüşənin ağzından açılan tıxac kimi buradan yox olasınız...
        Məhbus kədərlə başını yellədib, dedi:
        -Elə məsələ də bundadır...  Dostum burada olsaydı siz məni kamerada diri-diri çürütməzdiniz...  Ancaq iş ondadır ki, ... iş ondadır ki, o ölüb.
        -Ölüb! Onu gestapo yaxalamışdı?
        - Xeyr, ser ... Gestapo onun izinə də düşə bilməzdi. O ələkeçməz idi! Yox, zavallı dostum öz əcəli ilə ölmüşdü.
        - Ona nə olmuşdu ki?
        - Eşitmişdim ki,  xərçəngi var, mədə xərçəngi.
        Hiss etdim ki, mədəm qıc olub yığıldı, ancaq özümü o yerdə qoymayıb, dindirməni davam etdirdim.
        - Çox təəssüf. Ancaq o, hətta ölübsə də, sizə kömək edə bilər. Sözsüz ki, onun soyadını desəniz. Mən sorğu göndərərəm, bəlkə onun məxfi sənədlərində adınız keçir, və yaxud köməkçilərindən biri sizi tanıdı. Onun soyadı nə idi?
        Esesçi tərəddüd etmədən cavab verdi:
        - Pinto, ser, polkovnik-leytenant Pinto.
        Səsim çıxmasın deyə, dəsmalımı qapıb bir xeyli burnumu silməli oldum ki, özümə gəlim.
        - Hə... deyəsən mən onun barəsində eşitmişəm...  - deyə söylədim. Məgər o ölüb?... Ancaq, davam edin, deməli gestapoya düzəlməkçün sizə ətraflı tövsiyələri məhz polkovnik-leytenant Pinto verib, eləmi?
        - Bəli, ser, məhz o!
        -Siz onu çoxdan tanıyırdız?
        -Bəli, ser. Mən uzun illər onun tapşırıqlarını yerinə yetirmişəm. 
        -Deməli polkovnik-leytenant Pinto sizə etibar edirdi.
        -Əlbəttə ser. O bilirdi ki, mən onun bütün tapşırıqlarını həyatımı əsirgəmədən  yerinə yetirirəm...
        -Siz heç narahat olmayın. Mən Pintonu şəxsən görməsəm də, barəsində çox eşitmişəm. Yeri gəlmişkən, onu təsvir edə bilməzsiz?
        - Adamları təsvir etməkdə zəifəm, ser... Məncə onun xarici görkəmində elə də diqqətəlayiq bir şey yox idi.
        -Belə de... Necə düşünürsüz, o mənə oxşamırdı?
        - Nə danışırsız, ser, əlbəttə yox...
     -Neynək, ola bilər. İşiniz mənə tam təfsilatı ilə aydındır. İfadələriniz arxiv materialları ilə yoxlanıldıqdan sonra sizi burada saxlamağa ehtiyac qalmayacaq. Öyrənib biləndə ki, siz ölkəniz üçün nələr etmisiz,  mən də çalışıb əılimdən gələni edəcəm ki, sizə yetərincə layiq olsun.
        - Minnətdaram, ser, heç bilmirəm sizə necə təşəkkür edim.
       - Yaxşı... Yaxşı... minnətdarlığa ehtiyac yoxdur... Ancaq, yeri gəlmişkən, bəlkə mənə bir lütfkarlıq göstərəsiz.
        - Əlbəttə, ser. Hər nə istəsəniz!
        Gözlərindən görürdüm ki, mənə qulluq göstərməkdən xoşbəxtdir.
        -Bilirsiz, biz  ayrılandan sonra siz yəqin ki, öz müstəsna kəşfiyyat fəaliyyətinizi detallarına qədər  bir də xatırlayacaqsız. Onlar məxfi xidmətimiz üçün misilsiz əhəmiyyət kəsb edə bilər və ümumiyyətlə, sizin təhlükəli iş təcrübənizdən faydalanmaq maraqlı olardı. Lütfən xahiş edərdim adi xırdalıqları belə buraxmayasız. Mən tapşıracam sizə qələm və kağız versinlər. Qeydlərinizi bitirəndə, onları nəzarətçiyə ötürün, adımı verin və onlar gəlib mənə çatacaq.
        -Oldu ser, sizə söz verirəm ki, əlimdən gələni edəcəm.
        Bir qədər düşünəndən sonra:
        - Bəs yazdıqlarımı... onları kimə ünvanlayım ser, mən ki, sizin soyadınızı bilmirəm.
        - Soyadım? ... Soyadım Pintodur, polkovnik-leytenant Pinto.



  Tərcümə edən:
  Cəmşid Cəmşidov

 

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.