Bədirxan Əhmədli - Duyğuların ruhunu daşıyan şair
02.06.17

Avanqard.net filologiya üzrə elmləri doktoru, professor Bədirxan Əhmədlinin şair Nurafiz haqqında "Duyğuların ruhunu daşıyan şair" məqaləsini təqdim edir.

Şeirin, poeziyanın öz (və özünəməxsus) çalarları var; digər formalara (hekayə, dramaturgiya, roman, povest və s.) görə kiçik həcmlidir, onları oxumaq üçün saatlar və günlər lazım gəlmir, başlanması ilə qurtarması cəmi bir neçə dəqiqə çəkir. Onun yayılma arealı da fərqlidir, bəzən kiçik bir şeir tez bir zamanda dünyanı dolaşır, müxtəlif dillərə tərcümə edilərək məşhurlaşır. Halbuki romanın digər janrların bu özəlliyi yoxdur, onun tərcüməsi və yayılması aylar, illər çəkir. Lakin bu da şeiri bütün çalarları ilə əhatə etmir; fikrimcə, şeir məzmunu, forması və ideyası ilə mənsub olduğu xalqa, zümrəyə, millətə daha çox bağlı olur, onun taleyini, dilini, varlığını daha çox əks etdirir (hərçənd getdikcə poeziyda bu keyfiyyət itməyə doğru gedir). Və bəlkə də şeirin yaşaması üçün bu əsas şərtlərdən biridir. Onun digər dillərə tərcüməsi də çətindir, çünki şeir özü müəllifinin tərcümanıdır, hisslərin, duyğuların ifadəsidir, onu başqa dilə çevirərkən böyük ölçüdə üslub, ritm və ahəng baxımından müəyyən itkiyə məruz qalır. Bu da ondan irəli gəlir ki, şeir həm də dil faktorudur, yazıldığı dilin məhsuludur. Dil isə xalqın varlığı, onun özüdür. Şeir heç bir çevirmədə yazıldığı dilin içində olduğu kimi səslənmir.

Çağdaş poeziyamız bu cəhətdən çoxsəslidir; bu çoxluğun içində şair mənliyini formalaşdıran, üslubunu müəyyənləşdirən poeziyamızın tanınmış, istedadlı nümayəndəsi Nurafizin yaradıcılığını xeyli vaxtdır izləyirəm. "Hamı işıqdan keçir" (2008), "Sözün dörd havası" (2012) kitablarıyla sözün və şair Məninin təsdiqinədək uğurlu bir yol keçib. Bu yolda vaxt itirməyib, elə ilk yaradıcılığından fərdi üslubunu formalaşdırıb, polifonik poeziyada özünün halal yerini tutub. Son dərəcə orijinal şeirlərilə cəmiyyətə səmimilik, təbiilik, doğruçuluq, nikbinlik və inam mesajları verir.  Onun poeziyasında həyatın müxtəlif çətinliklərindən doğan mənəvi iztirabların, kədərin, qəmin özünəməxsus təsvirləri mühüm yer tutur, həyat yaşantıları poetik vasitələrlə ifadə edilir. Nurafiz hər şeirində özüdür, özünü, yaşantılarını əks etdirir. Hər şeir ayrılıqda bir əsər olsa da, onun şeirləri sanki bir-birinin davamıdır; onlar üslub, mövzu, ritm baxımından iç-uçə, qol-qoladır. O, şeirlərində heç kimə bənzəmir, hissləri, duyğuları bulaq suyu kimi təmiz, göz yaşı kimi şəffafdır. Mən bunu onun özünün təbiətinə, şair məninin saflığına, duruluğuna bağlayıram; şeirləri ilə təbiəti, xarakteri bir-birini olduqca tamamlayır.

Nurafizin şeir materialı yaşadığımız həyatdır, bir də poeziyanın əzəli və əbədi mövzuları; yurd, vətən, eşq, ölümdür. Lakin şairin şeirlərində bunlar yeni məna qazanır, bizim qarşımızda yeni bir üfüq açır. Sanki şair bunu yazmasaydı poetik məkanda bir əskiklik, çatışmazlıq olardu. "Yiyəsiz yurd yeriyəm", "Hər günüm qurban payıdı...", "Yaşamağa vaxt qalmadı", "Dərdini qalın elə", "Çöldə payız tənhadır", "Daha dərd də bezib məndən", "Bağışla məni allah", "Dünyada anam vardı", "Bu kilidli darvazanın" və s. şeirlərində cəmiyyət hadisələrini, siaysi, demoqrafik prosesləri poetik süzgəcdən keçirir. Biz də bu hadisələrə ondan sonra onun gözü ilə baxırıq, görürük ki, bu keçən müddətdə ancaq özümüzü aldatmaqla günaha batmışıq, indi isə nə bir and yerimiz, nə də yaşamağa vaxt qalmışdır. Bir xalq olaraq uğur düsturunu birlikdə görən şair buna nail olmamağımızla vaxtı hədər verdiyimizi poetik dillə, obrazlı şəkildə təəssüf edərək çatdırır:

    Bir üstəgəl bir olmuşuq,
    Biz bir ola bilməmişik.
    Nə dərdi bölə bilmişik,
    Nə pir ola bilməmişik.

    Ömrümüzdən vaxt üyütdük,
    Özümüzə yol varmağa.
    Dərd faizsiz kreditdi,
    Ömür çatmaz qaytarmağa.

Şeir həm də sözlərlə gözəl şəkillər, tablolar çəkmək sənətidir. Bu mənada Nurafizin şeirlərində dərdin, payızın, ölümün, məhəbbətin şəkli çəkilir, onun rəsmi yaradılır. Elə şairin payız haqqında yazdığı şeirlərdən biri "Payızın şəkli" adlanır. Payız haqqında yazdığı digər "Deyən payız xəstədir", "Çöldə payız tənhadır", "Payız durnası", "Payız gələndə" şeirlərində də payızın bizə tanış olmayan lövhələri təqdim edilir.  Onun poeziyasından keçən obrazlardan biri də dərddir. Şair bəzən dərdin şəklini çəkmək üçün bir neçə şeir yazmalı olur.  "Dərdini qalın elə", "Daha dərd də bezib məndən", "Dərdlə belə oynama", "Dərdinə yiyə dursana", "Salam, dərdi yenənlər", "Deyirlər Nurafiz dərdə qurşanıb", "Dərdin gündöyəniyəm", "Dərdi çəkə bildinsə" və s. bir neçə şeirinin təkcə adlarının yaratdığı alliterasiya və poetik ifadə vasitələrinin orijinallığı poeziyamıza yeni çalarlar gətirmiş olur. Bu silsilə dərdin, kədərin içini, mahiyyətini üzə şıxarır. Şair çox doğru olaraq dərdin "şəkli"nə bir neçə şeir həsr edir, hər bir şeirində dərdin min bir çalarını göstərir. "Dərdini qalın elə" xalq deyiminin daşıdığı məna "Ürəyin üşüməsin" poetik fikri ilə tamamlanır ki, bu da dərdin yeni çalarlarının təsvirinə gətirib çıxarır. Yaxud "A yığvalı, bəxti kəm, Dərdlə belə oynama" poetik xəbərdarlığında gələcək talenin izlərini görmək mümkündür. "Dərdinə yiyə dursana" şeirinin verdiyi mesajların yükü onun ictimailiyində, xalq taleyini ifadə etməsindədir. İnsan hər şeyə yiyə durursa, dərdinə niyə yiyə durmasın?! Şeirdən çıxan poetik nəticə məntiqi olduğu kimi, həm də yerindədir. Hər şeyimiz kimi dərd də bizimdir, biz ona yiyə durmamalıyıq? Məhz burada şairin dərdinin şəxsi deyil, ictimai olduğunu aydın görmək olar. Şairin cəmiyyətə sualı da elə ictimai yüklü olub cəmiyyəti düşündürməyə yönəlikdir:

    "Ah"la bayraqmı yellənər?
    "Of"la torpaqmı güllənər?
    Mərd oğul darda bəllənər,
    Durub bu yolu yorsana?

Şair üçün şeirdə ən bəlirləyici şey sözlərin seçimi və yerləşdirilməsidir. Bu mənada Nurafizin poeziyası öz zənginliyi, polifonikliyi ilə seçilir. Nədən ki, şeirlərində Nurafiz bütün ifadə vasitələrinin orijinallığı ilə özünü ifadə edir, yeni poetik düşüncə stereotipləri formalaşdırmış olur. Gördüklərini, duyduqlarını ruh halına uyğun olaraq təsvir edərək onu bir varlığa dönüşdürmək üçün ən yaxşı yol sözlərin, ifadələrin düzgün seçilib işlənilməsidir. Bu amil şairin yaradıcılıq uğuru kimi özünü göstərir. "Çox ağrı var, gərək udum", "Hər yetəndən dost olmadı, Dosta qul olmuşam, ana!", "Kölgəm içimdə gəzirəm", "Qürurum qaldı piyada", "Yem oldum dərd yalquzağa", "Ağrılarım çiçək-çiçək, Göyərəcək yenə bu yaz", "Dərdə qınaq kimiyəm", "Kədrim dağ boydadır", "Yuyulmuş paltar imiş, Yuxusuz gecələrim", "Köhnə-köşkül gecəmin, Ulduz damır göyündən", "Ahımdan yol salmışam, Yerlə göyün arası", "Gözlərimin nəmindən Göydə bulud utandı", "Ömür yaman qısadı, Bağlı daxıldı zaman", "Ay ürək, çox ağrıma, Gözlə, neynirik görək!", "İçimdə şam yandırıb, Söz ilə yol gedirəm" kimi söyləyişlər Nurafiz şeirinin əsas sütunudur.  Şair fikrini ifadə etmək üçün zorlanmır, özünü çətinə salmır, fikirlərini çox asanlıqla söyləyir. Bu cəhətdən onun şeirlərində bir söyləyiş forması da var ki, bu da şeirin ritmini formalaşdırmış olur.  Onun şeirləri həm də sözlərin yan-yana düzülüşü, səslərin məzmunu ifadə etməsi, duyula biləcək hisslərin, duyğuların ritm yaradacaq qədər meydana gətirdiyi ahəngi ilə tanınır. Bu ahəng və ritm ancaq Nurafizə məxsusdur və fikrimcə, elə şairi bir-birindən fərqləndirən çalarlardan biri də məhz budur. Baxmayaraq ki, onun işlək poetik forması əsasən qoşma və gəraylıdır (bəzi sərbəst şeirləri də var), lakin heç bir şeiri digərinin təkrarı deyil, hər birinin özünün ritmi və ahəngi var. "Öldürdün", "Yaşamla ölüm davası", "Burda vaxtın vaxtı yox", "Özümdən çıxıb gedirəm", "Kəsildim", "Ruhum sözdən utandı", "Səsim sözdən çarıq geyib", "Bu dünya boş tərəzi", "Ölüm sözümə baxmır", "Sükutun kişnərtisi", "Olcaqlar olur olsun...", "Tanımadı bu köy məni" və s. şeirlərində məzmunun açılmasında səslərin deyilişi, söz sırası başlıca yer tutur.

    Dərd gələndə bildirmədi,
    Danışdırıb güldürmədi.
    Məni bu yer öldürmədi,
    Öldürəcək o göy məni.

    Xəyalımda dağ şəkli var,
    Başı qarlı ağ şəkli var,
    Sinəm altda dağ şəkli var,
    Oxşayammaz ögey məni.

Nurafizin şeirləri yalnız məzmunu deyil, həm də onun forması və deyiş tərzi yenidir. Yəni onun şeirlərində görünən, başa düşülən məzmunla (bu, hər bir şeirin anlamıdır) görünməyən, hər bir şairə nəsib olmayan və yalnız şeirşünasların gördüyü daxili ahəng və ritmlə yeni bir silsilə yaranır. Çağdaş poeziyanın vazkeçilməz ünsürü olan bu xüsusiyyət Nurafiz şeirlərinin inşasında aparıcı yer tutur.  "Oğlun baş aldadır ana", "Yaman yorulmuşam ana", "Bu kilidli darvazanı", "Bu gün ad günümdü ana", "Bu dünyada anam vardı..." və s. şeirlərindəki ana şairin poeziyasının nağılabənzər obrazlarıdır:

    Bu dünyada anam vardı...
    Daha burda nağıl bitdi.
    Mən nağıla inanmazdım,
    Nağıl kimi gəldi getdi.

Nurafiz poeziyasının daimi obrazlarından biri doğulduğu yer, yurd, kənd həyatı və qayğılarıdır. Nurafiz həyatda olduğu kimi, şeirlərində də yurda, el-obaya bağlı şairdir. Yurd həsrəti, müqəddəslik, uçalıq xatirələri onun hər şeirindən boylanır. Doğulduğu kənd Təhlə və təhləlilər onun hər sətrindən keçir, yurd həsrəti onu göynədir, narahat edir. Başqa kəndlərə bənzəməyən, şairin özünün yaşadığı və obrazını yaratdığı Təhlə kəndi onun poeziyasında uzaq, əlçatmaz, ünyetməz kənd olaraq göstərilir. Bu onun uşaqlıq xatirələrinin qoyub gəldiyi kənddir. Onun tez-tez kəndə getməsi sanki bu daşlaşmış təsəvvürləri dəyişə bilmir. Ağzı bağlı qalmış evin obrazı sanki cəmiyyətə bir haray çəkir, özünün varlığını qorumağa çalışır:

    Boş qalan evlərin işığı yetim,
    Qaranlıq üşənir divardan-daşdan.
    İt səsi kəsilib həyət-bacadan,
    Sükutu dağılmır daha o başdan.

    Evlər öz içinə sıxılıb qalıb,
    "Ay qonşu" sözünə hay verən yoxdu.
    Meyvələr ağacda "qız qarıyıbdı",
    Yetimə-yesirə pay verən yoxdu.

Burada Nurafiz kəndin dərd ortağı kimi çıxış edir, sanki onunla söhbət edir, onunla halallaşır, vidalaşır.  "Bir də o yerlərə dönəsi olsam..." şeirində "sınıxan Təhlənin yaylaq yolları"ndan, "yaylaqda dəyələrin seyrəlməsi"ndən, at kişnərtisinin "sükuta toy tutmaması"ndan, gecələr ulartıdan "dağların üşənməsi"ndən, binədə "acaq yerlərinin qaralması"ndan söhbət açılır. "Mən vaxtın əlində ilan yoluyam", "Güllələr güllənə", "Yuxusu bal dadan bu kənd axşamı" və s. onlarla şeirində kəndlə, təbiətlə, saflqla şairin söhbətinin şahidi oluruq. Sanki şair israra bizi kəndə-təbiətin qoynuna, saflığa, paklığa səsləyir. 

Nurafiz şeirlərində həyatı, dünyanı dərk etməyə çalışır, onu müxtəlif yönlərdən təsvir edir.  Şeirlərinin əsas mövzularından biri ayrılıq, tənhalıq, yalqızlıq, kimsəsizlik onun poeziyasında yeni poetik məna qazanır. Adiliklər içində qeyri-adilikləri görür və obrazlı şəkildə təsvir edir. Bu cür mövzular şairin daha çox sərbəst şeirlərində öz ifadəsini tapır.

    Ayrılığı
    palçıqlı kənd yolu tək
    sərib getdin
    ümidimin ayaqları altına.

    Ayaqları yalın səbrim
    sətəlcəm oldu.
    Həsrətin soyuğu utandı
    sənin yerinə.
    düşmədimmi yadına?!

Nurafizin şeirlərinin əksəriyyətinin, bəlkə hamısının poetik konteksti var, bu şeirləri oxuyub sadəcə keçmək olmur, bulaq yanından keçərkən mütləq onun suyundan içib keçməli olduğun kimi, bu kontekstin altında gizlənən mənaları axtarıb tapmağa çalışırsan. Və tapırsan...

Nurafizin yaradıcılığının inkişaf dinamikasını izləyərkən onun zəngin poetik bir yol xəritəsinə malik olduğunu görmək olar. Şair addım-addım söz sənətinin ən ali, uca zirvələrinə doğru sakit, aramla, səbrlə yol getməkdədir. Bu yolda şair kədərin, duyğuların ruhunu daşıyır, onun şəklini çəkir, poetik məkanda yeni-yeni obrazlar yaradır.

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.