Amerikalı yazar Maykl Bond dünyasını dəyişib
11.07.17
"TheGuardian”da yer alan xəbərə görə, dünya uşaq ədəbiyyatının ən çox sevilən qəhrəmanlarından Ayı Paddinqtonun yaradıcısı, amerikalı yazar Maykl Bond 91 yaşında dünyasını dəyişib. Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən yazar mübarizəni davam etdirə bilməyib. Bond bir müddət xəstəxanada müalicə alsa da, ömrünün qalan hissəsini evində keçirmək istədiyini deyərək, ailəsinin yanına gəlib. Lakin evində cəmi 3 günlük ömrü olub. Bond dünya ədəbiyyatında Perudan yola çıxıb, özünü Paddinqton stansiyasında tapan marmalad sevən ayı obrazı ilə məşhurlaşıb. "Ayı Paddinqton” ilk dəfə 1958-ci ildə işıq üzü görüb və müəllifinə hamıya nəsib olmayan ədəbi uğur sevinci yaşadıb. Bond elə debüt əsərlə Amerika və dünyanın sevimlisinə çevrilib. Uzun müddət Paddinqtonun əhvalatının uğuru görməzdən gəlinsə də, 2014-cü ildə rejissor Paul Kinq bu əsəri eyni ad altında ekranlaşdırdı və həqiqətən böyük bir təbliğat kampaniyası apardı. Rejissor film versiyasının qısa zamanda gözlənilməz uğur qazanmasını isə Maykl Bondun adına bağladı.
Bütün yaradıcılığı boyu Ayı Paddinqtonun macəralarını silsilə şəklində yazmış Bondun son kitabı "Paddinqtonun xoşbəxt zamanları” ("Paddington’s Finest hour”) ötən ilin aprel ayında işıq üzü görmüşdü. Elə təxminən o vaxtlardan səhhəti pisləşən yazar imza günlərinə qatıla bilməmişdi. Yazarın vəfat xəbərini mətbuata naşiri "HarperCollins” rəsmi açıqlama ilə bildirib.
|