"Maska" nəşriyyatı Anar haqqında kitab nəşr edib

19.07.17

Moskvanın "Maska" nəşriyyatı Xalq yazıçısı Anar haqqında kitab nəşr edib.

"İllərini sayan Anar" adlı kitaba yazıçı haqqında məqalələr, çıxışlar, mətbuat səhifələrində gedən müxtəlif rəylər daxildir. Kitaba rus yazıçısı Sergey Sibirtsev Ön söz yazıb.

Kitab Anarın 60 və 70 illiyinə Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarıyla açılır.

"Anar haqqında söz" bölməsində Çingiz Aytmatovun, Rimma Kazakovanın, Oljas Süleymenovun, Ukrayna, rumın, alman tədqiqatçılarının, Azərbaycanın Xalq şairləri və Xalq yazıçılarının yazıları daxil edilib.

"Anarın nəsri" bölməsində tanınmış rus tənqidçiləri V.Perevedensevin, D.Urnovun, L.Anninskinin, V.Kovskinin, A.Latıninanın, A.Boçarovun, L.Lavrovanın, E.Şklovskinin, bəstəkar, SSRİ Xalq artisti Nikita Boqoslovskinin, görkəmli alim türkoloq Xalıq Koroğlunun və başqalarının "Literaturnaya qazeta", "Sovetskaya kultura", "Komsomolskaya pravda", "Trud" qəzetlərində, "Novıy Mir", "Drujba narodov", "Yunost", "Oktyabr", "Zvezda", "Literaturnoe obozrenie" jurnallarında çap edilmiş geniş məqalələri yer alıb.

Anarın pyesləri əsasında Azərbaycan, İstanbul, Moskva, Kişinyov, Daşkənd, Qazan və başqa şəhərlərdə qoyulmuş tamaşalar haqqında rus teatrşünaslarının, azərbaycanlı müəlliflərin "Pravda" qəzetində, "Teatr", "Sovremennaya dramaturqiya" jurnallarında dərc olunmuş məqalələri və resenziyaları kitabın ayrıca bölməsində toplanıb.

Kitabın başqa bir bölümündə Azərbaycan yazıçısının əsərləri haqqında rus, alman (ADR və AFR), Fransa, İsveçrə, Avstriya, Macarıstan, Rumıniya, Türkiyə, İran, MDB və ərəb ölkələri mətbuatında çıxmış yazılardan örnəklər verilib. Məktublar bölməsində Anara Rəsul Həmzətovun, Çingiz Aytmatovun, Eduardas Mejelaytesin, İrakli Andronnikovın, Viktor Astafyevin, Leonid Zorinin, Sergey Baruzdinin, Rimma Kazakovanın, Yunna Moritsin, Vladimir Amlinskinin, Leonid Juxovitskinin, İvan Draçın, İlya Averbaxın, Baninin, Şmidenin, Əziz Şərifin, Xalıq Koroğlunun məktubları dərc edilib. Kitabın bir bölümündə də Moskva tənqidçisi və nasiri Lüdmila Lavrovanın Anara həsr olunmuş kitabından Azərbaycanın görkəmli ədəbiyyat, sənət, mədəniyyət xadimlərinin Xalq yazıçısı haqqında fikirləri əks olunub.

Kitabın sonunda yazıçının rus dilində çıxan kitablarının siyahısı, filmoqrafiya və bioqrafik məlumatlar dərc olunub. Üz qabığında Anarın Tahir Salahov tərəfindən çəkilən rəsmi, içəridə isə yazıçının müxtəlif yaşlarında rus rəssamları Lüdmila Skubko-Karpasın, Tatyana Selvinskayanın, Azərbaycan rəssamları Toğrul Nərimanbəyovun, Tahir Salahovun yağlı boyayla çəkdikləri portretləri var.

Nəşrin tərtibçisi Natəvan Xəlilova, redaktoru Lüdmila Lavrovadır.

Kitaba yazılmış Ön sözü oxuculara təqdim edirik.

HƏLLEDİCİ İŞTİRAK

Sergey SİBİRTSEV


Bu fundamental kitab kiməsə görünə biləcək qədər sadə deyil. Gözəl Azərbaycan yazıçısı Anarın yaradıcılığı və şəxsiyyəti haqqında məqalələr, fikirlər, rəylər kitabı ilk baxışda oxucu üçün bayram kimi qavranıla bilər. Çünki oxucu başqalarının, nüfuzlu tənqidçilərin, ictimai xadimlərin, musiqiçilərin, rəssamların, rejissorların təəssüratları vasitəsiylə yenidən sevimli müəlliflərinin yaradıcılıq aləminə daxil ola biləcəkdir. Kimsə onu özüyçün yenidən kəşf edəcək. Anarın yazıçılıq ustalığı, vətəndaşlıq və həyat mövqeyi haqqında dəyərləndirmələr və mülahizələr güzgüsündə böyük sənətkarın sirrini açmaq, onun Sözünün nədən yarandığını bilmək mümkün olacaq.

Əlbəttə, belə bir baxış da məqbuldur. Amma bu lap üz qatda belədir. Bu məqamda mən Anarın gizli və incə ironiyasını duyuram. Sonra elə bu kitabda onun dostu, şair Fikrət Qocanın fikriylə rastlaşıram və başa düşürəm ki, məşhur ədəbiyyatşünasların, tənqidçilərin mətnlərinə rəğmən Anar irsinin asan mənimsənilməsi aldadıcı ilyüziyadır, yaradıcılığını - nəsrini, filmlərini, tamaşalarını, tədqiqatlarını, esse və məqalələrini əhatə etmək və deməli, müəllifi tam tanımaq imkansızdır.

F.Qoca etiraf edir: "Elə bilirsiniz ki, Anarı tanıyırsınız?" Amma mən deyərdim: "Anar o şəxslərdən deyil ki, onu tanımaq asan olsun. İlk baxışda hamıya açıqdır, amma eyni zamanda, öz içinə qapanıb. Ünsiyyətlidir, çoxlu dostu, tanışı var, amma eyni zamanda, çox tənhadır. Bu, dəhşətli deyil, Allah da tənhadır".

Bax belə... Nə qədər cəhd olunsa da, yazıçını ən dərin və parlaq rəylərin toplusuyla da dərk etmək mümkün olmayacaq. Deməli, bu kitabla tanış olan hər kəs Anar yaradıcılığına açarın sorağında maraqlı bir səyahətə çıxır, ayrı-ayrı fraqmentlər əsasında əlvan və çoxcəhətli Anar adlı freskayla tanış olur. Kədərli olsa da, etiraf edim ki, bazar ədəbiyyatıyla tərbiyələnmiş müasir oxucu üçün bu ilk baxış kifayət etməyəcək.

Bu kitabı oxuyarkən qəlibləşmiş ehkamlardan ayrılmaq gərəkdir. Sovet ədəbiyyatı və "altmışıncılar" ehkamlarından uzaqlaşıb dərinlərə varmaq lazımdır. Anar şəxsiyyətinin formalaşdığı qəliz və ziddiyətli Zaman haqqında düşünməlisən. Onun müəllimləri və tarixi şərait, ailəsinə və dünyagörüşünə təsir edən amilləri nəzərə almalısan, onu qüdrətli milli zəmində yetişdirən və eyni zamanda, dünyanın insanı kimi püxtələşdirən səbəbləri araşdırmalısan. Kitabdakı yazılardan birində dəqiq deyildiyi kimi, Anarın varlığında Azərbaycan milli xarakterinin ən yaxşı cəhətləri dünya insanının cizgiləriylə üzvü şəkildə birləşir. Bir rus yazıçısı kimi mənə Anarın rus mədəniyyəti və ədəbiyyatına münasibəti çox qiymətlidir. O yazır: "Rus dili bizim də sərvətimizdir, bu dilin vasitəsiylə biz azərbaycanlılar da, tatarlar, qazaxlar, özbəklər, türkmənlər də dünya mədəniyyətinə və öz-özlüyündə çox zəngin olan rus mədəniyyətinə qovuşuruq".

Anar haqqında yazan ən yaxşı tənqidçilərin uzaqgörənliyini qeyd etməmək olmaz. Onun nəsrinin ideya-mənəvi təməllərini - hərisliyi, acgözlüyü, hər şeyi qamarlamaq ehtirasını damğaladığını vurğulayırlar, qeyd edirlər ki, yazıçı daima mənəviyyatsızlığa, saxta öyüdçülüyə qarşıdır. O şeylər ki, insanın daxili aləmini çökdürür, "vətəndaş məqsədləriylə şəxsi səadət" arasındakı tənasübü pozur. Anar nəsri "etik cəhətdən tələbkardır" (L.Poşexonov). Böyük sələfi Cəlil Məmmədquluzadə kimi, Anar da boş-boş möüzə oxuyanlara, bəlağətli boşboğazlara nifrət bəsləyir. Xəstəni müalicə etmək əvəzinə onun nəbzini yoxlayıb getməyə tələsən "həkimlər" ...

Belə "həkimlər" mənə üzdəniraq "postmodernistləri" xatırladırlar. Əsas məqsədləri muzdlarını almaqdır, oxucunu hansı mənəvi "qidayla" doydurmaq istədikləri isə onlarçün vacib deyil.

Bununla belə, klassiklərin humanist tövsiyyələrinə əməl edən Anar sırf ifşaçılıq mövqeyində də dayanmır. Qeyd edir ki, ədəbiyyat həmişə bəraət qazandırır, hətta məhkum edəndə də... Çünki anlamağa çalışır. İttiham edərək həm də müdafiə edir... Yazıçı da Allah kimi çoxlu müxtəlif adamlar tanıyır, o cümlədən, çox pis adamları da, amma hər bir insanda, hətta ən pis insanlarda da o özünü axtarmalıdır.

Anar miqyaslı sənətkar kimi XX əsri adladı. "İllərini sayan Anar" kitabı bir daha sübut edir ki, onun Azəbaycan ədəbiyyatında varlığı - həlledicidir. Amma türk dünyasının ədəbiyyatı da Anarın təsirindən xali deyil. Ümid edək ki, Anarı uzun illər boyu maraqla oxuyan, əsərləri haqqında dərin məqalələr yazılan Rusiyada da onun Sözü eşidiləcək. "Drujba narodov" jurnalında Anarla geniş müsahibənin və onun yeni əsərinin - parlaq və sirli "Göz muncuğu" povestinin dərc olunması bunun əlamətidir.

Anar formal əllaməçilik arxasında gizlənənlərdən deyil. Hələ "Kommunizmə işıqlı ümidlər" dövründə o, cəsarətlə qarşıdakı ağır gələcəyin təlaş doğuran işarələrini görmüş və göstərmişdi. Bunun ən əyani nümunəsi "Gecə düşüncələri"dir" - əsrin övladının sarsıdıcı etirafı. Bu səmimi etiraf müəllifin öz özüylə açıq söhbəti, çoxyönlü istedadın qəlbinin aynasıdır.

Anarın bizlərə, bugünkülərə, həm də yalnız yazıçılara deyil, hamıya ən böyük dərsi öz işinə, yaradıcılığına namuslu yanaşmaq dərsidir. Onunçün yaradıcılıq oyun deyil, məşhur olmaq, tanınmaq, teleekranlarda, dəbdə olan təqdimatlarda görünmək deyil.

Anarçün yaradıcılıq sirli-sehrli bir aləmdir, insanı bütünlüklə yandırıb yaxan təbiət hadisəsidir. Həyatın elə bir həddidir ki, şair demişkən "burda sənət bitir, torpağın, taleyin nəfəsi gəlir". /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.