Xanəmir Telmanoğlu: "Öz yazdıqlarını yandırmağı bacar"
03.08.17
Şair Xanəmir Telmanoğlu ilə müsahibə. - “Bura qədər yad gəlmişəm” deyir Xanəmir Telmanoğlu. Zaman və məkan anlayışlarında özünüzü yad hesab edirsinizmi? - Torpağın üzərində ola - ola bəzən elə biləsən suyun içində gəzirsən. Ancaq gerçək yaşamla bağlı duyğular deyir ki, bu dünyayla, toplumla, fərdlərlə kontaktın toqquşma üzərindən cərəyan edir, nəinki sülh, dostluq, mehribançılıq üzərindən. Dünyayla aramda (dişləri bir- birinə kip-kip sıxacaq) (varlığı tələləyə salan) itələmə gücünün qalxan hərarətimi ram edə bilmədən daha rahat hiss edirəm.Demək istəmirəm, ay bu dünya belə fanidir, ay məni kimsə başa düşmək istəmir, ay mən əli deyirəm, kimlərsə con eşidir.. gerçək sorunlarımın təməlində bu dünyaya gəlişimi, təmasımı sağlayacaq, məni bu dünyaya proqramlamış bir üsulun, yöntəmin varlığımda çat verməsidir. O modelin, hazır üsulunu pozmaq niyətinə düşəndən cinayət tərkibi heç vaxt qeydə alınmasa da, göylərin cənginə keçən canımı sıxıblar və eyni minvalla canım kimlərisə, nələrisə sorğu sərzənişində bulunmadan sıxmağa başlayıb. O zaman (dalağın sancır) ( yaltaqlığın və mərdliyin də keçə bilmədiyi) yadlığın başlayır. Sən anlayışlar içində tanış və yabançı, yerli- gəlmə, oturaq-köçəri sinfinə bölünmə şansını qazanırsan. Yad tanış olmayan, bilinmiyən anlamı daşıdığı kimi, uzaq, çox uzaq mənasını da verən sözdür. (bu fikirləri yalnız quşlara şamil etmək mümkün deyil.” Köçəri quşlar” eşitdiyiniz halda, heç eşitdinizmi ki, dilimizdə onun qarşılığını içərən ifadə olsun?) əgər olsaydı, biz quşlardan “yerli” ifadəsinin qapsadığı yaşam iştəklərini öyrənmiş olardıq. Demək olmadığından yerli olma,tanıyan, öyrənən təcrübəsini quşlar bizdən alıb. Əminəm ki, köçərilik ilkəsini isə bizlər (Promotey od oğurladığı kimi) olduqca nəzakətsiz, kobud biçimində quşlardan oğurlamışıq.Ümumiyyətlə, bir çox əməlləri, işləri biz quşlardan, quşlar da bizdən öyrənib.Zaman-zaman quşlarla insanlar “ustad-şəyird” prinsiplərini pozmadan bütün imkanlarını bir-birinə ötürüblər. Indi bu iki varlığın bir-birinə verdiklərinin üzərində dünyanı ələ almağa çalışırlar. İnsanlarla quşların və digər canlıların birliyi, anlaşması, bir-birlərinin ortaq müstəsna günləri, illəri, zamanları olmadğı üçün, bu qopuş, bir-birindən aralanış onları öz içlərinə qapadıb. Bu sarıdan əldə elədikləri yeni ilahi təcrübələrini paylaşa bilmirlər. Ona görə də, yer üzü bu gün dəhşətli dərəcədə sorunlar və təhlükələr burulğanında çapalayır.İnsanlar bu gün nəinki digər varlıqlarla, hətta öz həmcinsləriylə belə qarşılıqlı anlaşma içərisində, verimli olma səriştəsində deyillər.Öyrənmək, öyrətmək, yaşatmaq üçün deyil, bir-birləriylə əlaqələrini məhvə sürükləmək, sui-istifadə etmək, yox etmək, “mən qalım sən yox ol” prinsipiylə hərəkət etmək üçünmüş sən demə!. Budur kainatın aqibəti. Əslində quşlar payızda havalar dəyişdiyindən dolayı isti ölkələrə uçub getmirlər, quşların özlərini yuvasında hiss etmədiyi, udduqları havanın, uçduqları səmanın, qonduqları budağın dəyişdiyini gördükləri üçün tərk edirlər. Təbiət sanki quşlara qarşı bir xəyanət ilkəsini işə salır. Təbiətdə xəyanət olmur. Olsaydı yenidən yazda qayıdıb bir daha eyni yerlərə dönməzdi quşlar. Quşlar sadəcə olaraq təbiətin sanki onlara qarşı oyunundan əsəbləşib, küsüb gedirlər.Acıqları yatdığında geri dönürlər. Bir sözlə zaman keçdikcə, içində bulunuğum dünyayla, cəmiyyətlə, tanış bilişlərlə aramda sürən olduqca dondurucu bir yadlığın gətirdiyi ab-havanı sormalı olduğumdan sanki vaxt itirdiyimin fərqində olub əsəbləşirəm.Bu yadlıq ən çox nədənsə mənə daha çox vaxt itgisinin ağrı-acısını daddırır. Mən o itgin düşən, boşluğa işləyən vaxtı ya qurtarmaq, ya da geri qaytarmaq, ya da qalıcı, yaşarı, eşqə işləyən istiqamətə yönəltmək istəyirəm. - Yazıçı həyatın içindən gəlməlidir. Ədəbiyyatdan gələn yazıçı o qədər də uğurlu hesab olunmur. Bu fikirlə razısınızmı? - Bu yanaşmalar çox səsləndirilsə də, yazının həqiqətinə isabət etməyən nisbi yanaşmadır. Məncə, yazar həyatdan, ədəbiyyatdan öncə intiusiyasından elçi düşməlidir ədəbiyyatın qapısına. Yazarlar onlara verilən sonsuz şüuraltı imkanların, birikimlərin silah-sursatından istifadə etmir, ya etməyi bacarmırlar. Bu xüsus qələm əhlini və yaradıcılığını özgürləşdirən bilincdir. Yazar öz gülünclərini, göz yaşlarını bir tərəfə buraxıb, gülüş və göz yaşları haqındakı poetik qənaətlərlə tinini burulur, həyətinə daxil olub evinin qapısını döyür. Yazar göz yaşını və gülüşünü erroziyaya uğradıb zamnın amansız istisində sazağında yox etməməlidi.Yazar qəlbindən, ruhundan keçirdiklərini intiusiyasınının zəmanətiylə mətnlərə göndərməlidir.Sənətin sağlam işi budur.Yazarın uğuru yazdığı gözəl əsərlərdə, o gözəl əsələrin sevilməsində, oxunmasında, bəyənilməsində deyil. Yazarın uğuru öz yaradıcılığında amansız gedişatları eləməyə cəhd etməsidir. Yazdığı mətnlərin zaman baxımından özünə qədərki mətnlədən həm dil, həm mövzu, həm struktur olaraq ayrıla biləcəyi nöqtələri oluşdurması, yaratmasıdır. Yaxud da öncəkilərdən asılılıq dərəcəsinin yox olmasıdır.Indiki yazarın missiyası yazarlıqdan daha çox, araşdırmaçı, alim, akademisyen, nəzəri bilikləri saf-çürük edən filosof olması ilə özünü qurtarmasındadır. Indiki yazar çalışıb özünü qurtarmalıdır. Keçmişin və özünə qədər at oynatmış mətnlərin amansız əlindən. Çünki hər şey bu adın və bu adın mahiyyətində uyuyan yorğunluğun üzərinə acımasızlıqla gəlir. Guya indi zəif əsərlər yaranır keçmişdəki əsərlərlə müqayisə edilirkən? Xeyr. Bəlkə də onlardan da güclü əsərlər yaranır bu gün. Bəs niyə etkili, damğalayıcı, qalıcı görünmür? Ona görə ki, biz keçmişi o qədər mənimsəmişik ki, varlığımızda, yaradıcı şüurumuzda bu günə yerimiz qalmayıb. Bizim yaradıcı mənmiz o qədər tıxa - basa təpilidir ki, hər zərrədən hər divə ərazimiz çatdığı halda, özümüzə yerimiz yoxdur. Zamanın və dünyanın dəyişimini isə yalnız özümüzün intuitiv peykimiz vasitəmizlə tuta bilərik.(Biz özümüzə qədər olanları içimizdən təmizləyib, boşaltmalıyıq ki, orda bir keçmiş azad şəkildə nəfəs ala bilsin. Yoxsa fərdi keçmişlərimiz toplumsal keçmişimizn başına ip salıb sərrsəricə dolaşdıracaq.) Mən isə keçmişə qarışıb itmək istəmirəm. Bura qədər çəkib gətirdiyim varlığımı, var oluşumu hər kəsə hər yerə bəyan etmək, bildirmək və bu varlığın heç də başqa üstün varlıqlardan zəif, kölə olmadığını car çəkmək istəyirəm. Həyat da, ədəbiyyat da içini yazara bəlli bir yerə qədər verir, əmanət edir. Bəlli bir yerdən sonra verdiyinin qarşılığını (iki mislini) burnundan gətirə -gətirə geri istəyir. Yazarın əsas qovğası ədəbiyyat və həyat payını bitirdikdən sonra başlayır. Orda isə qarşısına özü çıxır. Bax, onda özündən bir şey ala bilsə, demək ki, bu ilahi bazarda qazanclı, karlı çıxdı. Əks halda uduzmuş və əli ətəyindən uzun getsin mərsiyəsin desin, vay - şivənini qoparsın. - Şeirləriniz forma və məzmun baxımından seçilir. Şeirin konkret düsturu olmalıdırmı, yoxsa bu bir azad seçimdir? - Məncə, Azərbaycan şairi istəsə, bayatı yazaraq da seçilə bilər. Bir cümləsiylə, bir misrasıyla da ədəbiyyatda yerini alar.Sənətdə sözsüz ki konkret, bəlirlənmiş düstur, kural yoxdur. Özümü nəsrdə də, şeirdə də olduqca iddialı sayıram. Kimin nə deyib deməməsindən, kimin susub -susdurulmasından asılı olmayaraq, öz yazılarımı dünya ədəbi nümunələri konteksində dəyərləndirməyim normal qarşılanmalıdır.Çünki bu məmləkətdə iki xəbədar olan varsa, onun biri mənəm. Özümü bu ölkədə yazar, şair adını qoruyan, yaşadan, yazar-şair kimliyi qarşısında tərəddüt etmədən başını əyən, bağrını basan, ona sayğı gətirdənlərdən biri hesab edirəm. - Daxili narahatlığınız, kədər və sevinciniz özünəməxsus şəkildə əks olunur şeirlərinizdə. Şairin cəmiyyət üçün vermiş olduğu ismarıc nədir, yaxud haradır? - Yazılarımda öz yaşantılarımı uzayın izini-tozunu itirmədən çatdırmağa çalışıram.(Öz yaşantım derkən, Xanəmir nəzərdə tutulmamalıdır.Xanəmirin varlığında öz tutumunu, eyhamını sərgiləyən sorun və problemlərin olduğu qənaətindəyəm, onu əsas olaraq nəzərdə tuturam.) Yazılarımdakı gerçək ismarıc ondan ibarətdir ki, cəmiyyətə deyirəm, mən sizdən deyiləm, siz məndənsiniz. Sizi mən doğmuşam, mən var etmişəm. Əgər danışır, düşünür, fikirləşir və bir şeylər izhar etməyə çalışırsınzsa, sizdən o sarıdan da sorumlu olan mənəm. Sizin ilahi qayğınız məndədir.Mən sizi dinləyə, eşidə bilmərəm. Mən sizin diriliynizi öldürən laflarınızı dinləyib, eşqi qaranlığa boğan qılığınıza aldana bilmirərm. Siz məni dinləyib eşidib dialoqun necə getdiyini öyrənəcəksiniz. Dialoq iki tərəfli olmur. Siz öyənəcəksiniz ki,gerçək və ilahi dialoq yazar tərəfindən , yazar tərəfli olub heç bir qarşılıq (və heç bir reaktiv aksiya nümayişi sərgiləmədən) gözləmir. Sizin hamınızın birgə yaşadığınız bir yer var, o yer yazarın yazısıdır, mətnidir, dilidir.Mən özümü məhz o yazarlardan hesab edirəm. Çünki yazılarımda bu insanlara, cəmiyyətə əlifbadan, sağdan sola doğru yazmaqdan, Təbrizdən,Qarabağdan öncdə Və-dən, Ki-dən imtina etməkdən, Bağdaddan, Bağdadda qalan ulusal vaxtımzdan, Vatikanın kurnazlığından, Ayasofiyanın əlimizdə bulunma fürsətindən,Tibetdən, Kaylaslardan yazdım. Yer üzündəki üstün bir mədəniyyət varsa, onu bizim vasitəmizlə bizlər özümüzlə alıb gətirdik- dedim. Bizlərin GƏLMƏ olduğunu, gəldiyimiz yerlərin də, yaşamımızı qarşılayan məkanların da qutsal olduğunu xatırlatdım.Özümüzün də, gəldiyimiz yerlərin də, gəldiyimiz yerlərə özümüzlə gətirdiklərimizin də birər əmanətə talib tutulduğunu yazdım. Metafizik Gəlişi və Gedişi mədəniyyətə bağlayanlardan biri oldum. - Gənclərin ədəbiyyata axını nə dərəcədə düzgündür? Bu prosesin hansı mübət və mənfi cəhətləri var? - Axın sözü məndə həmişə qırğınlara rəvac verəcək qorxunc hisslər yaradıb. Əlində qələm ədəbiyyat vadisinə doğru yola çıxan adamdan kimsəyə zərər gəlməz. Əslində yazmaq kainata, kosmosa, cəmiyyətə xoş inpulus ötürməkdir və bu gördüyünüz sizə xoşluq daddıran ilahi gözəlliklərin kökündə düşünmək, yazmaq durur. Yazı adamın içini çölə çıxaran, bağırsaqarını dışarı tökən, kənardakı, uzaqdakı döyüşüb şil-şüt olmuş əsgərini içinə dartıb salan ciddi bir əyləmdir. Yazıda nə qədər katalizatorluq, xaos, dağıntı hökm sürürsə, bir o qədər də qoruyuculuq missiyası hakimdir. Bu energetik etgiləşim, ilətişim, vərdişim asan şəkildə görünür, bilinir, sezilir “çöhrə”lərdən deyil.İstərdim ki, bir saatda milyonlarla insan oturub eyni anda eyni mövzuda nəsə yaza, fikrini bölüşə, yazı qarşısında özünün kimliyini təsdiqləyə. Bu ayin kimi, törə kimi yapılsa daha çox faydalı olardı, iz buraxardı. Sadəcə onu ayin halına salmağı ya unutmuşuq, ya da yazının mahiyyətinin mutluluğu bizlərə hələ də göylərin Doğmaları və özünü orda Doğruldanları tərəfindən verilməyib. Yazını ayinlikdən çıxarmışıq, ilkinlik kələyindən uzaqlaşdırmışıq. O zaman yazının da missiyası dəyişər, indikindən daha fərqli fəlsəfi tutumu, ayrı cür mesajı olardı. (Təsadüfü deyil ki, sufilərcə yazı əyləmi insanın yapısında şeytani bir yarqıdır. Ancaq bu yarqıdan yazıya toplumsal ritmlər sağlamaqla qalib gəlmək və öhdəliyi şərrin əlindən, şeytanın caynağından alıb xeyrin ixtiyarına, mələklərin boynuna yıxmaq olar). Ədəbiyyata gənclərin axınının zərərini görmürəm. Əksinə hər kəsin əlində qələm- vərəq, indiki dillə bilgisayar görmək, xoş ovqat sərgiləyən nələrsə yazmalarını istərdim.Axının içində axıb gedənlərə üzülürəm. - Müasir Azərbaycan poeziyasında kimləri oxuyursunuz? - Qaşlarımı çatmadan, qaş-qabağımı tökmədən, alnıma qırış salmadan, kimsəyə qurşun sıxmadan, kmsəyə yaz varikən qış arzulamdan, az ola-ola çoxa tamahlanmadan yazıları qarşıma çıxan hər kəsi oxumu atıb yayımı gizlətmədən, gözlərimi zilləmə tutdurub oxuyuram desəm, inanmazsınız. - Ədəbi mühitdə istedadlı insanlar daha çox kənarda qalır. Bu gün reklam gücünə tanınan, oxunan yazıçı və şairlər var. Buna münasibətiniz necədi? - Doğru təsbit etmisiniz. Vaxtımız canlı və şəkillənmiş olsa, edama götürəcək ikinci qismdəki o reklambaz yazarların özlərini mən də tanıyıram. Ancaq gəlin belə düşünək ki, birinci qismdəki yazarlar kənarda qalmayıblar. Onlar daha da lazımlı, vacib, ciddi ədəbiyyat yaratsınlar deyə, Allah onları kənarda saxlayır, pislik və iyrəncliklərdən qoruyur. Kənarda saxlayır ki, gəlib o içəridəki qarışıqlığa girib qurbana çeviriliməsinlər. Allah üçün onların ac-susuz, işsiz qalması, kirayələrdə yaşaması, övladlarını istədikləri şəkildə oxuda bilməməsi önəmli deyil, Allah üçün önəmli olan, kənar saxladığı yazarları iyrənclikdən, dövrün ədəbi cəhalətindən uzaq tutub, qoryuyb, ulusal ədəbiyyatın gələcəyinə zənginlik qataraq, onlardan YAZI-larını “əldə “ etməsidir. Onsuz da yazan adam necə olur olsun yazacaq. Allah hər şeyi görür,bilir. Bu xalqa da bu üfunət qoxuyan mühitin qəhrəmanı olan yazarların eyş-işrəti, imkanarı, gözəl ev-eşikləri, yaşam tərzi, ac qalmamağı, işi-gücü qalmayacaq. - Dünya ədəbiyyatında özünüz üçün dahi hesab etdiyiniz imzalar… - Zaman - zaman sevdiyim, xoşuma gələn, hətta iddialarımı öldürən nəhəng imzalar az olmayıb. Dünya ədəbiyyatından adları sadalamağa başlasam, müsahibədə deməyə sözümüz qalmayacaq, yer çatmayacaq. Bir də sizə qəribə gələ bilər, düşünəndə ki, dünya ədəbiyyatından sualınıza cavab olaraq imzaları sadalamaq lazımdır, heç səbəbini də bilmədiyim məni bir gülmək tutdu.İndiki halım bu! Ancaq sözünüzü qəribçiliyə salmadan hər zaman dəyər verdiyim olduqca böyük bir yazarın adını çəkmək istəyirəm. Bu imza dünya çapında özünə yer eləmiş şair, alim, ideoloq Vüqar Əhməddir. - Ədəbi qurumlara, birliklərə necə baxırsınız? - Heç bir zərəri yoxdur. Yalnız fəaliyyət göstərə bilsələr... Azərbaycanda fərqli düşüncə və fikir akımları özünü təsdiqləmədi, cəmiyyətdə bu fərqliliklərin ahəngi oturuşmadı. Bir məsələ barəsində aşağı-yuxarı hər kəs eyni fikri rahatlıqla söyləyə bilir. Bax, qorxulu olan budur. Cəmiyyətin o sifarişləri yazı və düşüncə dabanında öz yerini ala bilmədi. Gerçək yaradıcı rəqabətin bəhrəsi yox dərəcəsindədir. Bilmirəm, bəlkə yer altına çəkiliblər. Ancaq yoxdur o fərqlər, çeşitlər. - Yeni yazmağa başlayan gənclərə hansı tövsiyələriniz var? - Tövsiyə verməkdən qətiyyən uzağam. Ancaq mənə sayğısı olan təzəlikcə yazmağa başlayan şairə, yazara deyərdim ki, nə yazırsansa, çalış onu yandır. Öz yazdıqlarını yandırmağı bacar. Çırma, atma, yandır. Bu millətin yazarı yanğından, od-alovdan ilkin olarq öz yazılarının külündən keçməlidir. 5-ci mövsümlərin havasını cəmiyyətin ciyərlərinə ötürəcək bu coğrafiyaların yazarlarının gələcək mətni öz yazılarının külündən törəyəcək.Bu yanğın həm də yazarlarımızın gələcəyini qorumaqda bir qaranti. Yazı mistik bir isinmə, istilikdir. Doğmalığı da ayrı cürədir.Yazının yaxınlaşdırma, birləşdirmə gücü sonsuza qədərdir. Yandıra bilsən, yazdıqlarının qoxusunu burnuna çəksən, beynin açılacaq, gedib ən azından Tibetdən, Latın Amerikasındakı naməlum qızıldərilərdən, MU mədəniyyətindən, şumerlərdən belə araşdırıb gələcəksən. Ilkin olaraq bu yerlərdən qaçıb bir müddətliyinə uzaqlaşmağını istəyirəm. Ayağın tutduqca qaç, çıx get...bezəndə dönüb qayıdarsan və oturub yazarsan. Əgər ümid edirsən ki, alnının tən ortasına bir sözünü döydürə bilərsən, o söz də içini deşirsə, başla və ölüm gününə qədər dayanma yaz... Eynən “Min Bir Gecə”də olduğu kimi dayanma ki, ölərsən. Bizim də ölümümz yazımızdadır.Bizim də ölümümüz yazılarımızla və yazdıqlarımzda, lap belə qışın acığına yazla gələcək. - Ədəbi tənqidimizin bu günki durumu sizi qane edirmi? - Necə ki, təbiətdə bəzi canlı növləri özünü yox edir, yerinə başqa canlı növü gəlirsə, eləcə də tənqid yox olur, yerinə yəqin ki, fəlsəfəyə oxşar bir şey dürtüşəcək. Yaxşı olardı ki, ədəbi tənqid gündəm içindən çıxıb bəzən gündəm dışı olan ədəbi məsələlərə də göz ataydı. Tənqidin bir özəlliyi şeirdən, nəsrdən fərqli olaraq teleskop rolunu oynayır. Ədəbiyyatın kəhkəşanındakı o uzaq zərrəbinləri, ulduzları çəkib yaxına gətirir, insanın uzaq zənn etdiyi bilincini sındırır, nəfsini öldürür.r. - Ən çox bəyəndiyiniz atalar sözü… - Sən saydığını say, gör fələk nə sayır. Atalar sözlərimizin bəzən Quran ayələri qədər təsirli, səviyyəli olduğunu da bilirəm. Bəlkə qəribə görsənər sizə, mən çalışıram ki, nə danışığımda, nə yazılarımda atalar sözlərindən istifadə etməyim. Çünki atalar sözəri fikrimi, düşüncəmi qalıba salır.İnsanda parlaq ifadə tərzi və sərrast cümlə quruluşu yaradır. Mən də yazı dilimizin standartlarına qarşı gəldiyim halda ata sözlərinə heç cürə yaxın dura bilmərəm. Bir şey xoşuma gəlir ki, Azərbaycan xalqı bir etnos olaraq öz varlığını – qadın-kişi, ata-ana, nənə-baba ikiliyini bir adda, ATA-lığa heç bir şübhə və şəkk gətirmədən həvalə edib. - Allah haqqında düşüncələriniz… - Allah hqaqqında düşüncə olmur. Olduğu zaman sevgi yerinə xaos karmaşa burulğanında üzürsən.Olursan ateist. Əvvəllər Onun haqqında daha çox düşünərdim, fikirləşərdim. Indi düşünmürəm, ONU hiss edirəm. Düşünəndə də onun yoxluğu haqqında düşünmədim, varlığı haqqında düşündüm. Dilimizdə iki kəlmə var ONUNla bağlı danışarkən. Yaxud özümüzü onda təsdiq edərkən. Var, Yox!Bu “var” kəlməsi həm Ona gediləndir, gedilən olduğundan dolayı var (varılan, varmaq), həm də bizim mülkümüz, xəzinəmiz, elə mənəvi varımız da Odur. Həm Odur, həm də Ona getməyimiz. Daha doğrusu burdakı varmaq-getmək Ona dönüşlə anlam qazanır. Onunla varlı, zəngin olub sonra Ona doğru gedə bilərsən deməkdir bu söz. Dilimizdən məlum olur ki, insan oğlu mənəvi zənginliyini-varını ancaq dilin işlədiyi yerdə, bu dünyada qazana bilər.”Var” sözünün əksi olaraq “yox” sözü də miqdar bildirir. Hansı ki, var-ın, varmağın (hər iki anlamda) müqabilində yox olan, heç olmayan miqdar ifadə etməməsi gərəkirdi. Ancaq Yox sözü miqdar bildirməklə, (görünən görünməyən, bilinən bilinməyən, dərk olunan dərk olunmayan) Miqdar necə də bir sözün mahiyyətində sifətə dönüşə bilir.Varın təsdiqini artırıb, bir daha yox-luqdan “yoxdur” deməklə xəbər verir.İnsan Var-lıqda özün təsdiqləyir, Yox-luq-da Var olanı!!! Dil budur. dünyanın inanclı insanı ALLAHı yarım inancla qəbul edir və yarım inancla ONA inanır, əksinə, Allah bütöv gücüylə,kosmik əxlaqıyla inanmalıydı. - Son olaraq “SÖZ” haqqında sözünüz… - Söz kəliməsinin açımına baxın. Söz-sös-ses-səs analmını daşıyır. Əslində bizim söz, kəlimə, ifadə bildiyimiz nəsnə yazılış və məna olaraq səsdir. Hər hansı bir məna ifadə edən olsa belə, bu səsdir. Bizim söz bildiyimiz səslərimizin bir araya gəlişinin təməl adıdır. Söz özü üç səsin bir araya gəlişindən doğub oluşan bütöv səsdir.Yəni istənilən söz (məna daşıyan, informasiya verən) səsdir, çağırışdır. Söz bizi çağıran nəsnədir. Elə isə “səs” deyə bildiyimiz “söz” nədir? Gerçək ifadə o “səs” bildiyimizdir. Tanrı gerçək anlamları və mənaları səs dediyimiz nəsnəylə həll edib. Kəsəsi söz deyiləsi bir şey yoxdur. Onu biz uydururuq. Hər hansı bir əşya, ya nəyinsə anlamı sözlə ifadə olunursa, diqqətlə baxsaq, ifadə olunmur. Məslən, Alma dediyin zaman, nə qədər bir meyvəyə yönəlirənsə, həm də almanın məsuliyyət və funksiyasını sözün boynuna qoymuş olursan. Bu vaxt bizim alma deyə tanımladığımız söz, başlanğıcına, ilkinə yığılır. O zaman söz-səs-dən başqa bir şey olmur. Söz həm də sus-(maq) dır. Söz sus-ulanda (danışılmayanda) mahiyyətini açıqlayır. Söz səslə səssizliyin arasında paylaşılan və özünü doğruldan, təsdiqləyəndir. Bu nə deməkdir? Bu o deməkdir ki, söz insan kimliyinin birbaşa təsdiqləndiyi nöqtədir və səslə sükutun – eşidəndə, dinləyəndə, öyrənəndə və eşitdiyini, dinlədiyini və öyrəndiyini varlığında sınaqdan keçirəndə SÖZ qavramını oluşdurur, SÖZ-ün mahiyyətini açır. Söz varlğımızı sınaqdan məharətlə çıxardığımız yerimizdir, bizə sahib çıxan yalnız sözlərimizdir. Ona görə də bizim sahibimiz sözümüz olduğundan, sözümüzün də ağalıq vəzifəsini biz icra edirik və sözümüzün ağası oluruq. /metbuat.az, Tural Cəfərli/
|