Aynur Qarayeva: “Servantesin, Lorkanın, Markesin dilində danışmaq çoxdankı arzum idi…”
03.08.17

Azərbaycan Dillər Universitetinin tələbəsi Aynur Qarayeva BMT-nin Baş Assambleyasında çıxış edib

- Aynur xanım, əvvəlcə Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında iştirakçısı olduğunuz tədbir barədə məlumat almaq istərdik. Necə oldu ki, belə bir tədbirə dəvət aldınız?


- Bu tədbir ELS Educational Services və United Nations Academic Impact (UNAI) tərəfindən artıq dördüncü ildir təşkil edilir. Daha doğrusu, “Çoxlu dil – bir dünya” adlı üç mərhələdən ibarət beynəlxalq müsabiqə keçirilir və müsabiqə iştirakçıları arasından Beynəlxalq Gənclər Forumuna nümayəndə qismində tələbələr seçilir.

- Deməli siz ilk növbədə müsabiqənin qalibi oldunuz. Bəs şərtlər necə idi? Yəni, müsabiqə çoxmu çətin keçdi?

- Şərtlər barədə sizə konkret danışaram, onların nə dərəcədə çətin, ya asan olduğunu isə özünüz müəyyən edərsiniz. Təsəvvür edin ki, təkcə elə müsabiqənin ilk mərhələsinə dünyanın 170 ölkəsinin 1950-dən artıq universitet və kollecini təmsil edən nə az, nə çox – 6000 nəfər iştirakçı qatılmışdı.

- Bəs qaliblər neçə nəfər olmalıydı?

- Nəzərdə tutulan altı qrupun hər birində on nəfər olmaqla cəmisi 60 nəfər. İlk mərhələdə müsabiqə iştirakçılarına ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində – yəni, BMT-nin rəsmi altı dilindən birində esse yazmaları təklif edilirdi. Üçmərhələli ciddi prosesin nəticəsində bu altı dilin hər biri üzrə on nəfər seçilirdi və ümumilikdə altmış iştirakçı qalib adını qazanmaqla 15-26 iyul tarixlərində ABŞ-a dəvət olunurdu. Burda onlar BMT-nin gündəliyində duran 2030-cu ilə qədərki müddətdə dayanıqlı inkişaf sahəsinə aid fəaliyyət planını işləyib hazırlamalıydılar. Yəni, bu müsabiqə qaliblərin Boston və Nyu-York şəhərlərinə səfərini, daha doğrusu, onların Bostonda ELS Educational Services kompaniyası tərəfindən təşkil edilən və maliyyə dəstəyi verilən hazırlıq konfransında iştirakını və öz ideyalarının təqdimatı üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxış etmək imkanını nəzərdə tuturdu.

- Tədbirin əsas məqsədi nədən ibarət idi?

- Ümumiyyətlə, proqramın tərkib hissəsi olan Beynəlxalq tələbə essesi müsabiqəsinin və Gənclər Forumunun əsas məqsədi çoxdilliliyin dəstəklənməsi və BMT-nin rəsmi dillərinin davamlı təsirinin tanınması idi. Tədbir BMT-nin gündəliyində duran başlıca məsələlərdən birinə – çoxdillilik, mədəni müxtəliflik və qlobal vətəndaşlıq kontekstində “Dünyamızın yeni düzəni: 2030-cu ilə qədərki müddətdə dayanıqlı inkişaf” mövzusuna həsr olunmuşdu. Təsadüfi deyil ki, müsabiqə iştirakçılarının öz esselərini evdə danışmadıqları, həmçinin orta məktəbdə təhsil almadıqları, öyrənmədikləri dildə yazmaları əsas şərtlərdən sayılırdı. Məsələn, mən orta məktəbdə rus dili bölməsində oxumuşam, deməli esseni rusca yaza bilməzdim.

- Siz hansı dildə çıxış etdiniz?

- İspan dilində. Yəni müsabiqəyə göndərdiyim esse ispan dilində idi. Doğrusu, əvvəlcə seçim qarşısında qalmışdım: ispan, yoxsa ingilis? Axırda ispan dilinin üzərində dayandım, sonradan gördüm ki, seçimim düzgün olub. Orda biz hər dildən on nəfər olmaqla altı qrupa ayrılmışdıq və təvazökarlıqdan uzaq da olsa, deyim ki, bizim qrupumuzun ideya və layihələri çox bəyənildi. Bunu sözgəlişi demirəm. Hər halda, qrup koordinatorumuz Ana İzabel Simon təşkilatçılardan təşəkkür də aldı.

- Aynur xanım, tədbirə sizdən başqa da ölkəmizdən kimsə dəvət almışdımı?

- Təəssüf ki, yox. Orda mən tək idim. Ümidvaram ki, növbəti müsabiqədə ölkəmizi bu tədbirdə təmsil edən tələbələrimizin sayı daha çox olacaq.    

- Yəni, azərbaycanlı tələbə həmkarlarınız müsabiqədən keçə bilməmişdilər, yoxsa hər ölkədən yalnız bir nəfərin olması şərt idi?

- Müsabiqəyə qatılan 6000 nəfərin arasında Azərbaycandan neçə nəfərin iştirak etməsini, yəni onların ümumi sayını təbii ki, mən bilmirəm. Ancaq hər ölkədən yalnız bir nəfər olması şərt qoyulmamışdı, çünki təkcə elə bizim qrupda Braziliyadan dörd nəfər vardı.

- Ümumiyyətlə, müsabiqədə qalib gələn tələbələr əsasən hansı ölkələri, yaxud universitetləri təmsil edirdi? 

- Fransanı, İngiltərəni, Çini, Hindistanı, ABŞ-ı, Braziliyanı, Kosta-Rikanı, Cənubi Koreyanı, Kolumbiyanı, Ukraynanı, Moldovanı, Niderland Krallığını... Böyük Britaniyanın Kembric və Edinburq universitetlərindən, ABŞ-ın Kolumbiya Universitetindən, Seul Milli Universitetindən, Hindistanın Cəvahirləд Nehru Universitetindən, Pekin Dil və Mədəniyyət Universitetindən, digər universitetlərdən nümayəndələr vardı.

- Aynur xanım, bir qədər də özünüz barədə danışın. İstəyirəm oxucularımız sizi bir az yaxından tanısınlar.

- Azərbaycan Dillər Universitetinin ispan dili üzrə tərcüməçilik fakültəsində bakalavr pilləsini bitirib, magistraturaya qəbul olunmuşdum, amma ikinci kursa keçəndə MULTIELE (Master in Teaching of Spanish in Multilingual and International Contexts) proqramının ikiillik tam magistratura təqaüdünü qazandım. Öz universitetimizdən akademik məzuniyyət götürüb İspaniyaya getdim. Proqram çərçivəsində dörd umiversitetdə təhsil aldım – bir il Deusto (Bilbao), Pompeu Fabra və Barselona universitetlərində, bir il də Niderland Krallığının Qroningen Universitetində. Sonra Bakıya qayıdıb, burdakı təhsilimi də başa vurdum.  

- Hazırda nə işlə məşğulsunuz, planlarınız necədir?


- Bakıda magistr diplomumu təzəlikcə müdafiə etmişəm – iyulun 7-də. Beləcə, tələbəlik həyatına müvəqqəti vida deyib, BMT-nin dəvətilə ABŞ-a getdim. Üç gündü qayıtdığım, hazırda bir az dincəlmək istəyirəm. Sağlıq olsun, sentyabrda yeni planlara baxarıq...

Səxavət Sahil, Avanqard.net

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.