Tanınmış yazıçı - tərcüməçi Cəmşid Cəmşidov görkəmli italyan nasiri Antonio Tabukkinin (1943 – 2012) “Yuxular haqqında yuxular” esselər toplusunu italyancadan dilimizə tərcümə edib. 20 essedən ibarət bu əsərdəki Dedalos, Ovidius, Rable və Mayakovski başlıqları bir il öncə, 15 sentyabr 2016 – cı il tarixli saytımızda çap olunmuşdur. Əsərdəki digər 16 esseni Avanqard.net-in oxucularına təqdim edirik.
Antonio Tabukki
(1943 - 2012 )
İ t a l i y a
YUXULAR HAQQINDA YUXULAR
Sellerio nəşriyyatı, Palermo 1992
İTALYAN DİLİNDƏN TƏRCÜMƏ EDƏN
Cəmşid CƏMŞİDOV
Antonio Tabukkinin kiçik ş e d e v r l ə r kimi qiymətləndirilmiş “Yuxular haqqında yuxular” adlı esselər toplusu öz məzmununa və quruluşuna görə bənzərziz bir əsərdir. Kitab qədim dövrlərdən XX əsrin ortalarına qədər müəllifin iyirmi ən sevimli şəxsiyyətinin, ilk növbədə şair və yazıçıların, sənət və elm adamlarının ehtimal olunan yuxuları barədə uydurduğu iyirmi hekayətdən ibarətdir. Əsərin qəhrəmanları Dedalos, Ovidius, Apuleyus, Ancolyeri, Viyon, Rable, Karavacco, Qoya, Kolric, Leopardi, Kollodi, Stevenson, Rembo, Çexov, Debüssi, Tuluz - Lotrek, Pessoa, Mayakovski, Lorka və Freyddir. Yazıçı bu məşhur “obrazlarla” bağlı əsatiri, tarixi və bioqrafik məqamlara müraciət etməklə, personajları özünün düşündüyü olaylardan keçirərək, onların orijinal yuxu - fantaziyalarını yaratmışdır. (A.Tabukki.Yuxular haqqında yuxular. Sellerio nəşriyyatı, Palermo, 1992).
Tərcüməçi
Səhifələrində bu kitabın yaranış tapdığı
dəftəri mənə hədiyyə etmiş qızım Terezaya
* * *
Sənin xanımının badam ağacı altında,
onda ki, avqustda doğmuş təzə ay
boylanır evin arxasından,
sənin də, əgər tanrılar gülərsə üzünə,
yuxuna girər bir başqasının yuxusu.
Qədim Çin nəğməsi
Sevmiş olduğum sənət adamlarının hansı yuxular gördüyünü bilmək arzusu məni həmişə həyəcanlandırmışdır.Təəssüflər olsun ki, bu kitabda bəhs etdiklərim öz ruhlarının gecə gəzintiləri barədə bizə məlumat saxlamamışlar.
Vəziyyəti bərpa etmək həvəsi müəyyən mənada böyükdür, əlbəttə ədəbiyyata
müraciət etmək şərti ilə ki, itirilmişlərin yerini doldursun. Ancaq, hiss edirəm ki, naməlum yuxuların həsrətində olan birisinin təsvir etməyə can atdığı bu
yenidənqurma hekayətlər yalnlz miskin ehtimallar, solğun gümanlar və mənasız saxtalıqlardır. Ancaq, qoy onlar elə, belə də oxunsunlar, - qoy mənim
personajlarımın indi O Dünyada yuxular görən ruhları da öz bədbəxt övladına qarşı mərhəmətli olsunlar.
A.T
Yazıçı və sehrbaz Lutsius Apuleyusun yuxusu Miladi 165-ci ilin oktyabr gecələrindən birində, Karfago şəhərində, yazıçı və sehrbaz Lutsius Apuleyus yuxu gördü. Gördü ki, kiçik bir şəhər olan Numidiyadaydı, bürkülü Afrika yayı, axşam çağı idi, o, da şəhərin baş qapısı yanında gəzişirdi. Birdən, gülüş səsləri və hay-küy onun diqqətini cəlb elədi. O, qapıdan adladı və gördü ki, qırmızı gil divarın yanında bir dəstə məzhəkəçi tamaşa verir. Bədəni kirşanlı yarıçılpaq bir kəndirbaz, guya elə indicə yıxılacağını göstərmək istəyərək, müvazinitini saxlamağa çalışırmış kimi kəndirin üzərində yellənirdi. Tamaşaçılar gülür, qorxu keçirir, itlər hürüşürdü. Sonra kəndibaz müvazinətini itirdi, ancaq son anda ipdən yapışaraq, havadan asılı qaldı. İzdihamdan ucalan vahiməli nidalar arxayınlıq sədaları ilə əvəzləndi. Məzhəkəçilər kəndiri tarım çəkən çarxı fırlatdılar və kəndirbaz min cür əzilib-büzülərək yerə tullandı. Bir nəfər tütəkçalan məşəllərin işıqlandırdığı gil dövrəyə çıxaraq, hansısa bir şərq havasını ifa etməyə başladı. Bu vaxt, örtülü böyük arabadan, örpəyə bürünmüş, əlində qamçı tutan iri sinəli bir qadın göründü. Qadın havanı qamçılayaraq yaxınlaşdıqca, qamçı ilan kimi onun bədəninə sarılırdı. Bu, şəvə saçları, dərin qara gözləri olan bir qadındı, üzünü tər basdığından, sifətinin ənlik – kirşanı axıb yanaqlarından süzülürdü.
Apuleyus çıxıb getmək istədi, ancaq hansısa sirli bir qüvvə onu ayaq saxlamağa, gözlərini bu qadına zilləməyə məcbur edirdi. Əvvəlcə yavaş-yavaş, sonra coşğunluqla təbillər gurladı və elə bu vaxt, heyvanlar saxlanan böyük talvarın altından dörd möhtəşəm ağ at və bir yorğun eşşək çıxdı. Rəqqasə qamçısını şaqqıldatdı və atlar şahə qalxaraq, dairə boyu çapmağa başladılar. Eşşək də bir qıraqda, meymunların qəfəsi yanında yerini rahlayıb, quyruğu ilə milçəkləri qovurdu. Rəqqasə qamçısını yenidən şaqqıldatdı və atlar ucadan kişnəyərək, ayaqlarını yerə dirəyib, diz çökdülər. Onda, qadın şişman bədəni ilə müqayisədə gözlənilməz yüngüllüklə sıçrayaraq, bir ayağı bir atın, o biri ayağı isə digər atın belində, baldırlarını geniş aralayıb atların sağrısı üstə dik dayanaraq, heyvanları qovmağa başladı. O, atları qovduqca, qamçının dəstəyini qarnının altında ədəbsizcəsinə gəzdirir, izdiham bundan həzz alaraq zarıldayırdı. Birdən, təbillər susdu və eşşək, sanki gözə görünməz bir əmrə tabe olurmuş kimi, arxası üstə aşıb ayaqlarını göyə qaldıraraq, dikəlmiş fallosunu izdihama nümayiş etdirdi.

Qadın atları dairə boyu çaparaq, qışqırırdı ki, tamaşanın ardına baxmaq üçün yalnız təmiz sikkə ilə pul ödəyənlər qala bilərlər və dərhal, mühafizəçi libası geyinmiş iki məzhəkəçi, əllərində şallaq, uşaqları və dilənçiləri qabaqlarına qatdılar.
Apuleyus bir neçə nəfərin əhatəsində tək qaldı. Pul kisəsindən iki gümüş sikkə çıxartdı, ödədi və tamaşaya baxmağa başladı. Qadın eşşəyin fallosundan yapışdı, onu qarnının altında şəhvətlə gəzdirə-gəzdirə, arabir öz məziyyətlərini də göstərməkdən ötrü örpəyini kənar edərək, süzgün bir rəqsə girişdi. Apuleyus yaxınlaşıb əlini qaldırdı, elə bu vaxt eşşək ağzını ayırdı və anqırmaq əvəzinə adam kimi dil açdı:
Mən Lutsiusam, - dedi, - tanımadın?
Hansı Lutsius, - Apuleyus soruşdu.
Sənin Lutsiusun, - deyə eşşək cavab verdi, - sənin o macəralarındakı dostun Lutsius.
Səsin yaxından gəldiyinə əmin olan Apuleyus ətrafa göz gəzdirdi, ancaq şəhərin baş qapısı artıq bağlı idi, mühafizəçilər mürgü vurur, onun arxasında isə intəhasız afrika gecəsi dinməzcə uyuyurdu.
Bu ifritə məni tilsimləyib, - deyə eşşək davam etdi, - məni bu görünüşdə dustaq edib və indi məni yalnız sən azad edə bilərsən, çünki sən yazıçı və sehrbazsan.
Apuleyus tonqala tərəf cumub, yanar bir kösöv götürdü, onunla havada sehrli işarələr cızaraq, söyləməli olacağı sözləri səsləndirdi. Qadın qışqırdı, ağzı narazı bir eybəcərliklə əyildi, sifəti qırışlara bürünərək kaftar qarı görkəmi almağa başladı. Sonra o, dərhal, sanki sehrlənmiş kimi, bir anın içərisində havada əridi, onunla birlikdə məzhəkəçilər də, şəhər divarları da, afrika gecəsi də yoxa çıxdı. Və birdən-birə səhər açıldı: Romada, günəşli, parlaq bir səhər. Apuleyus Forum boyu gəzişirdi, dostu Lutsius da yanında idi. Onlar gəzə-gəzə söhbət edir, arabir, bazarlığa çıxmış gözəl kölə qadınlara göz qoyurdular. Birdən Apuleyus dayandı, Lutsiusun tunikasından tutub saxlayaraq, gözlərinin içinə baxıb dedi: bu gecə bir yuxu görmüşdüm...
______________________________________
LUTSİUS APULEYUS. Miladi 125-180. Şimali Afrikadakı Madaurada doğulmuş, Karfaqo, Roma və Afinada ritorikanı öyrənmiş, mistik ayinlər icra etməyə başlamışdır. Prutendilla adlı dul qadınla evləndikdən sonra, qadının valideynləri tərəfindən, cehizini ələ keçirmək məqsədi ilə qızlarını şeytani yollarla nikaha təhrik etməkdə günahlandırılmışdır. Kitabları bizə esoterizmə meylli, sirli və mistik bir şəxsiyyəti nümayiş etdirir. Ən məşhur əsəri olan “Qızıl eşşək” bir növ, sehr nəticəsində eşşəyə çevrilən, sonda insan görkəmini qaytaran Lutsius adlı gəncin keçməkeçlərindən bəhs edən macərapərəst bioqrafiyasıdır.
Şair və küfür əhli Çekko Ancolyerinin yuxusu. 1309 - cu ilin yanvar gecələrindən birində, Sienadakı lazaretin saman döşəyi üstündə, ürəkbulandırıcı bintlərlə sarılı halda uzanmışkən, şair və küfür əhli Çekko Ancolyeri yuxu gördü. Gördü ki, qızmar yay günü idi, o da Duomonun qarşısından keçib gedirdi. Oranın sərin olduğunu bildiyindən düşündü ki, istidən yaxa qurtarmaq üçün içəri keçsin. Ancaq diz çöküb barmaqlarını müqəddəs suya salmaq əvəzinə, bu yerin ona bədbəxtçilik gətirəcəyindən qorxaraq, əfsun işarəsi kimi barmaqlarını qoşaladı.
Birinci ibadətgahın sağ tərəfində Məryəmin əksini çəkməkdə olan bir rəssam vardı. Sarışın bir gəncdı, əlində palitra, sakit vəziyyətdə stulda əyləşmişdi. Müqəddəs tablo demək olar ki, tamamlanmışdı: bu, libasının qırçınlarında uyuyan körpə İsanı dizləri üstünə almış, süzgün baxışları və güclə seziləcək təbəssümü olan Bakirə Məryəm idi. Rəssam Çekkonu nəzakətlə salamladı, Çekko isə ona kobud gülüşlə cavab verdi. Sonra o, rəsmi nəzərdən keçirməyə başladı və böyük təəssüf hissi duydu. Yer üzünə belə təkəbbürlə baxan bu ötkəm xanımdan aldığı təəssürat onu sinirləndirirdi, sanki onun bu təkəbbürü dünyəvi şeylərə bəslədiyi dərin nifrətinə görə idi. Bu, Çekkonun iradəsinə güc gəlirdi: o rəsmə yaxınlaşdı və sağ qolunu uzadaraq ona ədəbsiz bir işarə göstərdi. Gənc rəssam yerindən dik atılıb, onu saxlamağa çalışdı, ancaq Çekko Ancolyeri ağlı çaşmış kimi ondan azad olub, həmin ədəbsiz hərəkəti sol qolu ilə də təkrar etdi. Onda Bakirə Məryəm, gözlərini insan gözləri tək oynadaraq, sanki ildırım çaxan kimi ona bir nəzər saldı. Çekko Ancolyeri bütün varlığında qəribə bir titrəmə duydu, bədəni keyləşməyə, cılızlaşmağa başladı, gördü ki, əzaları qara tüklə örtülür, hiss etdi ki, ayaqlarının arasında uzun bir quyruq əmələ gəlir, bağırmaq istədi, ancaq bağırtı əvəzinə içindən qorxunc bir miyovultu çıxdı və anladı ki, rəssamın ayaqları yanında balaca və qəzəbli bir varlığa, pişiyə çevrilib. O irəli - geri tullanaraq, bu yeni cisminın qorxunc həbsxanasında ağlı çaşmış tək, dişlərini qəzəblə qıcıdaraq, vəhşicəsinə miyovuldaya-miyovuldaya kilsədən çıxdı. Bu arada meydana axşam çökmüşdü. Çekko Ancolyeri əvvəlcə divar boyu bir xeyli süründü, sonra baxdı ki, ona diqqət yetirən var, ya yox. Ancaq meydan demək olar ki, boş idi. Tində, bir yeməkxananın

yaxınlığında əllərindəki qədəhlərlə küçəyə çıxıb içki içən, görünüşlərindən dələduza oxşayan bir dəstə cavan dayanmışdı. Çekko Ancolyeri acmışdı, düşündü ki, yeməkxananın qarşısından keçib getsin, bəlkə bir qırıq pendir tapdı. Yeməkxananın hasarı boyunca sürünərək, pərvazlarındakı iki məşəlin işıqlandırdığı qapının qarşısından keçdi. Bu vaxt cavanlardan biri pişikləri tovlayib çağıran tərzdə dodaqları ilə həmin o səsi çıxararaq, onu səsləyib əlindəki qaxac ət qırığını göstərdi. Çekko Ancolyeri tələsik cumub əti qapmışdı ki, cavanlar onu qamarlayıb, yeməkxananın içərisinə apardılar. Çekko Ancolyeri dişləmək, cırmaq atmaq istədi, ancaq cavanlar onu bərk-bərk tutub saxlamışdılar: kimisi böyrünü qıdıqlayır, kimisi də ayaqlarından yapışıb buraxmırdı, beləki, heç tərpənə bilmirdi. İçəri keçdikdən sonra, cavanlar məşəllərdən ötrü istifadə olunan qərtan şüşəsini götürüb, Çekkonun tüklərini yaxşı-yaxşı yağladılar. Sonra məşəllə od vurub, onu buraxdılar. Od topasına çevrilmiş Çekko Angolyeri dəhşətlə miyoldayaraq bayıra sıçradı, özünü evlərin divarlarına çırpdı, yerdə yuvarlandı - alov sönmədi. Sienanın qaranlıq dalanlarını arxasınca işıqlandıra-işıqlandıra, ox kimi yerindən götürüldü. Hara gedəcəyini bilmirdi, yalnız instiktə tabe olmaq qalırdı. O, iki tin döndü, üç kücə keçdi, səkidən tullandı, geniş bir dəhlizdən adlayaraq, gəlib bir sarayın qarşısına çıxdı. Burada onun atası yaşayırdı. Çekko Ancolyeri böyük pilləkanlarla qalxdı, çaşıb qalmış qulluqçuların yanından keçib gedərək, atasının şam elədiyi otağa girib bağırdı: Atacan! Mən oda çevrilmişəm! Yalvarıram, məni xilas edin! Elə bu vaxt Çekko Ancolyeri yuxudan oyandı. Xidmətçilər onun sarğılarını dəyişirdilər, Müqəddəs Antonio alovundan dəhşətli yaralara bürünmüş bədəni isə od tutub yanırdı.
________________________________________________
ÇEKKO ANCOLYERİ 1260 – 1310, Siena. Küfür əhli olan cılğın bir toskanalı idi. Cərimələrə və məhkəmələrə cəlb olunmuş, ata mirasını israf etmiş, həyatını səfalətdə bitirmişdir. Zəmanəsinin poeziyası mələk kimi qadınları vəsv etdiyi halda o, hansısa bir dabbağın bədheybət qızına təriflər qoşurdu. Söyüş və təhqiri dəb salmış, qumarı, şərabı, pulu, öz atasına olan nifrətini, dünyaya lənəti vəsf etmişdir.
Ardı var...
İtalyan dilindən tərcümə:
Cəmşid Cəmşidov