Antonio Tabukki - Yuxular. Qoya - Kolric
13.10.17

YUXULAR  HAQQINDA  YUXULAR













Rəssam və xəyalpərəst Fransisko Qoya i Lusientesin yuxusu


                  
       1820-ci ilin bir may gecəsi, rəssam və xəyalpərəst Fransisko Qoya i Lusientes növbəti fasiləli dəlilik tutması zamanı yuxu gördü. 
      Gördü ki, gənclik illərinin sevgilisi ilə birlikdə bir ağacın altında əyləşmişdilər. Aragonada sərt təbiətli bir kənd idi, günəş də yüksəkdə. Sevgilisi yelləncəkdə oturmuşdu, o da onun belindən yapışıb, yelləyirdi. Sevgilisinin tor toxumadan balaca çətiri vardı, qırıq-qırıq, əsəbi bir gülüşlə gülürdü. Sonra, birdən, sevgilisi çəmənliyə yıxıldı, o da başı aşağı onun ardınca. Sarı bir divara çatana qədər təpəliyin yamacları ilə diyirləndilər. Divardan boylananda,  fənərin işığında insanları güllələyən əsgərləri gördülər. Fənər bu günəşli yer üçün mənasız görünsə də,  səhnəni solğun bozartı ilə işıqlandırırdı. Əsgərlər güllə açır, insanlar yıxılaraq, qan gölməçələrini qucurdular. Onda Fransisko Qoya i Lusientes belində gəzdirdiyi rəssam fırçasını çıxarıb, onu təhdidlə oynada-oynada irəli yeridi. Əsgərlər, sanki sehrlənmiş kimi, bu görüntüdən qorxuya düşərək, yoxa çıxdılar. Onların yerində insan ayağı gəmirən qorxunc bir nəhəng peyda oldu. Çirkli saçları, meyit rəngində sifəti vardı, ağzının künclərindən iki şırım qan  sızırdı, gözləri qapalı olsa da, gülürdü.
      Kimsən? – deyə Fransisko Qoya i Lusientes soruşdu.
      Nəhəng ağzını silib dedi: mən bəşəriyyətə hökm edən bir devəm ki, Tarix mənim anamdır!
      Fransisko Qoya i Lusientes irəli bir addım atıb fırçasını oynatdı. Nəhəng bir göz qırpımında yoxa çıxdı, onun yerində qoca bir qarı göründü. Bu, perqament dərili, sarıgöz, çənəsi mırıq bir ifritə idi.
        Kimsən? – deyə Fransisko Qoya i Lusientes soruşdu.
        Mən nakam xəyallaram, - qarı söylədi, - özüm də bu dünyaya hökm edirəm, çünki hər bir insan arzusunun ömrü bir heçnədir.
        Fransisko Qoya i Lusientes irəli bir addım atıb fırçasını oynatdı. Qarı yoxa çıxdı, onun yerində bir it göründü. Quma basdırılmış balaca bir it idi, təkcə başı bayırada qalmışdı.
        Kimsən? – deyə Fransisko Qoya i Lusientes soruşdu.
        İt var gücü ilə boğazını uzadıb dedi: mən ümidsizlik heyvanıyam və  sənin iztirablarına gülüb, ələ salıram.
        Fransisko Qoya i Lusientes irəli bir addım da atıb fırçasını oynatdı.  İt yoxa çıxdı və onun yerində bir nəfər peyda oldu. Bu, ümidsiz çöhrəsi olan, sallaqsifət,  kök bir qoca idi.
        Sən kimsən? -  deyə Fransisko Qoya i Lusientes soruşdu.
        Qoca yorğun bir təbəssümlə baxıb dedi: mən Fransisko Qoya i Lusientesəm, sən mənə qarşı heç nə edə bilməzsən.
        Elə bu vaxt Fransisko Qoya i Lusientes yuxudan oyandı və gördü ki, yatağında təkdir.
________________________________________________
      FRANSİSKO QOYA İ LUSİENTES. Saraqosa, 1746 – Bordo, 1828. Kasıb doğulmuş, kasıb da ölmüşdür. Madriddə rəssamlıq oxumuş, İtaliyaya səfər edərək Romada və Venetsiyada olmuşdu. İspaniya sarayında lütfkarlıq və rəzalət, müzəffər uğurlar və acı məğlubiyyətlər
görmüşdü. Rəsmləri ilə  ölməzlik bəxş etdiyi hersoginya  Alba ona himayədarlıq edirdi. Sporadik dəliliy vardı. 1799 - cu ildə çəkdiyi Kapriçosları ona İnkvizisiya qarşısında cavab verməklə başa gəlmişdi. Tablolarında müdhiş görüntüləri, müharibə dəhşətlərini, insan faciələırini əks etdirirdi.
              

 Şair və tiryəkbaz Semuel Teylor Kolricin yuxusu


        1801-ci ilin noyabr gecələrindən birində, şair və tiryəkbaz Semuel Teylor Kolric Londondakı evində, tiryək sayıqlamalarının təsiri altında yuxu gördü. Gördü ki, buzların arasında əsir qalmış bir gəmidəydi. O, özü kapitan idi, adamları isə cir-cindira və yırtıq adyallara bürünərək, göyərtəyə sərələnib soyuqdan miskincəsinə qorunmağa çalışırdılar. Üzgün simaları vardı, çuxura düşmüş gözlərindən xəstəlik yağırdı. Gəminin dor ağacına qonmuş iri bir albatros qanadlarını geniş açaraq, körpücüyə təhdidedici bir kölgə salırdı. Semuel Teylor Kolric ikinci köməkçisini çağırıb tüfəng gətirməyi əmr etdi, ancaq köməkçisi barıt qalmadığını söyləyib ona balestra təklif etdi. Semuel Teylor Kolric balestranı qapıb, quşu nişan aldı. Düşünürdü ki, albatrosu öldürməklə, matroslarını yedirdib, sınqadan və ölümdən qurtara bilərdi. Nişan alıb, oxu buraxdı. Boynundan yaralanan albatros körpücüyə çırpılıb, ətrafdakı buzları qanına boyadı. Elə bu vaxt, buzlara hopmuş qandan bir dəniz ilanı peyda oldu. O, çevik başını qaldırıb, haçalanmış dili ilə fısıldayaraq, göyərtəni gözdən keçirdi. Semuel Teylor Kolric yanında gəzdirdiyi kapitan qılıncını sıyırıb, dərhal onun başını vurdu. Həmin an, bu qopmuş başdan solğun çöhrəsi, ifritə baxışları olan, qara geyinmiş, sısqa bir qadın əmələ gəldi. Qadın, əlində oyun zərləri, göyərtədə oturub kapitanı çağırdı. Zər atmalıyıq, - dedi. Sən udsan, - gəmin azaddır, yox, mən aparsam, bütün dənizçilərini də özümlə aparacam. İkinci köməkçi özünü yetirib, Semuel Teylor Kolricin qolundan yapışaraq, onların axırına çıxa bilər deyə, bu məşum qadına qulaq asmamağı xahiş etdi. Ancaq kapitan cəsarətlə qadına tərəf yeriyərək, təzim edib, oynamağa hazır olduğunu bildirdi. Qadın zər qutusunu ona uzatdı, Semuel Teylor Kolric qutunu alıb sinəsinə sıxdı. Sonra onu qəzəblə silkələyib, zərləri masanın üstünə diyirlətdi. Dənizçilərdən gurultulu bir “yaşasın” ucaldı: kapitanları “on bir” atmışdı. Məşum qadın saçlarını yolub hönkürdü, sonra istehza ilə gülərək, zingildəyən tula sayağı ah-vay edib, yenə hönkürməyə başladı. Nəhayət, sanki göyərtəni süpürürmüş kimi, geniş bir əl hərəkəti ilə zərləri atdı. Zərlər masanın üstündə fırlanaraq, altı xal bir tərəfdə, altı xal da o biri tərəfdə göstərərək, dayandılar. Elə həmin an, şaxtalı bir külək qalxaraq, onları buzlu həmlələrlə bürüdü və bu küləklə birlikdə dənizçilər də, məşum qadın da, gəmi də bir anın içində yoxa çıxdı, hər tərəf boz tüstü pərdəsinə qərq oldu və Semuel Teylor Kolric pəncərəsindən boylanan dumanlı sübh şəfəqini görmək üçün gözlərini açdı.

___________________________________________
     SEMUEL TEYLOR KOLRİC. 1772-1834. Kembricdə təhsil almış, təhsilini başa vura bilməmişdir. Nakam sevgi səbəbindən Silas Tomkin Komberbeyk saxta soy adıyla bir süvari alayına yazılmış, sonradan qardaşının pulları hesabına oradan azad ola bilmişdir. Utopik düşüncə ilə idarə olunan insan idi: dində unitar, “pantisokrasiya”nın - insanları qeyri - bərabərlikdən azad etməyə can atan kommunist layihəsinin banisi idi. Qurşandığı tiryəklə süni cənnətləri tanımış, ancaq dostu De Quinseydən fərqli olaraq, heç vaxt öz qüsuru ilə öyünməmiş, onu tənha yaşamışdır. Qabaqgörən, xəyalpərəst və metafizik idi, bizə, digər əsərləri ilə yanaşı, ballata formasında yazılmış, The Rime of the Ancient Mariner adlı güclü bir sayıqlama qoyub getmişdir.

Ardı var...


 İtalyan dilindən tərcümə:
 Cəmşid CƏMŞİDOV


Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.