Prezident Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb
19.10.17
Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formaları ilə son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirib. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.
|