Cəlil Cavanşir kitabının çapı üçün kampaniyaya başladı
27.11.17
Cəlil Cavanşir "Sola dönmək qadağandır" adlı kitabının çapı üçün kampaniyaya başlayıb. Parafraz-ın məlumatına görə, nəşrdə müəllifin müxtəlif zamanlarda yazdığı esselər toplanıb.
Cəlil Cavanşir Parafraza açıqlamasında bildirib ki, kitabın çap olunması üçün dəstəyə ehtiyacı var: "Kampaniyanı keçirməkdə məqsəd, kitabın nəşri üçün lazım olan məbləğin toplanmasıdır. Bu bir az da özümə hesabatımdır. Dost-düşmən, oxucu səmimiyyətini anlamaq fürsətimdir. "Sola dönmək qadağandır" kitabının nəşri üçün şəxsi büdcəmdən pul xərcləmək imkanım yoxdur. Eyni zamanda, kitabın nəşriyyat hesabına çap olunmağını istəmirəm, onları da riskə ortaq etmək doğru deyil. Çap üçün önsatış kuponları satmaq, kitabı nəşrə göndərmək istəyirəm. Ayın 10-na qədər vaxtımız var. Sponsorluq üçün müraciət etdiyim şirkətlər əziyyət çəkib cavab da vermədilər. Ümid edirəm ki, oxucularım (əgər varsa) dəstək olacaq. Ən pis halda özüm üçün bir nüsxə çap etdirib, kitabxanama qoyacam".
"Xan" Nəşriyyatında işıq üzü görəcək kitabın naşiri və redaktoru Müşfiq Xan, korrektoru Asifə Əfəndi, texniki redaktoru BəxtiYar, dizayner-qrafisti Tamerlan İsmayılzadə, rəssamı isə Elmail Qulamidir.
Kitabın qiyməti 7 manatdır. Kitabın önsifariş kampaniyasında kuponlar satışa çıxarılıb. Kuponun qiyməti 6 manatdır.
Kampaniya baş tutarsa, kitabın təqdimat və İmza günü təşkil olunacaq. Kuponları əldə etmək üçün Parafraz səhifəsinə müraciət etmək lazımdır.
|