“Yenə iki od arasında” romanının təqdimatı olub
14.12.17
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimat və “imza günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-in və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutan tədbirdə şair Səlim Babullaoğlu, professorlar Vaqif Yusifli, Nizami Tağısoy, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Bildirilib ki, müstəqillik dövr Azərbaycan ədəbiyyatında özünəməxsus dəstxəti və öz yolu olan Elçin Hüseynbəylinin yaradıcılığı çoxşaxəlidir. Onun müxtəlif mövzularda qələmə aldığı əsərləri içərisində roman janrı xüsusi yer tutur. Müəllifin Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin olan əsəri Qarabağ tədricən kimə və nəyə görə itirildi ideyasına söykənir və XVIII əsrin sonlarından bu günümüzə kimi olan dövrü əhatə edir. Roman yazıçının digər əsərləri kimi çoxqatlıdır və dinamik təhkiyə ilə seçilir. Romanda hadisələrə çox fərqli, orijinal yanaşan müəllifin təhkiyəsi axıcı, üslubu fərdidir.
Vurğulanıb ki, Elçin Hüseynbəyli “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam” kitablarının, 10-a yaxın romanın, yüzə qədər hekayə, esse və bədii məqalənin müəllifidir. Yazıçının bir neçə pyesi teatrlarda tamaşaya qoyulub və bir çox əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə nəşr edilib.
Diqqətə çatdırılıb ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba “Ön söz”ü Xalq Yazıçısı Anar, “Son söz”ü isə akademik Nizami Cəfərov yazıb.
Sonda Yusif Vəzir Çəmənzəminlinin nəvəsi, filologiya elmləri doktoru Leyla Vəzirova ailəsi adından çıxış edərək müəllifə, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
|