Üçcildlik “Azərbaycan teatr ensiklopediyası”nın təqdimatı olub
27.12.17
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan teatr ensiklopediyası” üçcildliyinin təqdimatı olub. Nəfis tərtibatda çap olunan kitabın müəllifi sənətşünaslıq doktoru, professor İlham Rəhimli, layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əlaqələndiricisi nazirin müavini Ədalət Vəliyev, redaktoru Əməkdar Mədəniyyət İşçisi Atababa İsmayıloğludur. Redaksiya heyətinə respublikanın tanınmış elm və mədəniyyət mütəxəssisləri daxildirlər.
Tədbirdə Ə.Qarayev teatr ensiklopediyası haqqında məlumat verib. Bildirilib ki, kitab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq çap edilib. Dünyanın zəngin tarixi-mədəniyyət irsinə malik olan Azərbaycan meydan teatrının iki min ildən çox yaşının olduğunu deyən nazir kitabda xalq teatr tamaşalarından tutmuş müasir səhnə sənətimizədək çoxlu elmi məlumatın yer aldığını qeyd edib. Vurğulanıb ki, elmi xarakterə malik, akademik meyarlar əsasında yaradılan bu ensiklopediya kütləvi mahiyyətlidir, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşr incəsənətin müxtəlif sahələrində çalışanlar üçün böyük əhəmiyyətə malikdir, burada milli teatr sənətimizin və ümumilikdə, Azərbaycan incəsənətinin şərəfli tarixi ətraflı işıqlandırılıb.
Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli milli teatrımızın inkişaf tarixindən danışıb. Bildirilib ki, ensiklopediya uzun müddət teatr işi ilə məşğul olan insanların fəaliyyətinə nəzər salır, ciddi elmi-tarixi və nəzəri-estetik materialları özündə əks etdirir. Alim qeyd edib ki, nəşrdə hər bir teatr xadimi haqqında verilən məlumatda həm tarixi aspekt, həm onların xidmətlərinə müəllifin özünəməxsus yanaşma tərzi əksini tapıb. Bu da kitabın müəllifinin həm teatr tarixi sahəsində görkəmli tədqiqatçı, həm də müasir teatrın qayğılarını yaşayan teatrşünas olmasından irəli gəlir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov kitabın mədəniyyətimizə və milli teatrımızın gələn il qeyd ediləcək 145 illiyinə layiqli töhfə olduğunu vurğulayıb. 1973-cü ildə əsası qoyulan milli teatrımızın Abbas Mirzə Şərifzadə, Hüseyn Ərəblinski kimi aktyorların əməyi, zəhməti sayəsində inkişaf edərək yüksək mərhələyə çatdığı qeyd olunub. Akademik bildirib ki, Azərbaycan teatr tarixində qalan həmin böyük adlar sırasında teatrı yaşadan, onu bir salnaməyə çevirərək gələcək nəsillərə ötürən Qulam Məmmədlinin adı ehtiramla anılmalıdır. Bu yolda görülən işlərin hər biri ən yüksək sevgiyə layiqdir. Bu baxımdan professor İ.Rəhimlinin təqdim etdiyi kitabı vərəqləyən hər bir oxucu teatrımızın keçdiyi yolun tam mənzərəsini görə bilər.
Kitabın nəşrini bu peşəyə minnətdarlıq kimi dəyərləndirən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov buradakı hər məqalənin müəllifin böyük zəhmətinin, gərgin əməyinin, geniş tədqiqat işinin bəhrəsi olduğunu qeyd edib.
Sonda üçcildliyin müəllifi, professor İ.Rəhimli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. /Azərtac/
|