Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18

Müasir  İtaliya  ədəbiyyatının Dino  Butzati  (1906-1972), Alberto Moravia (1907-1990), Çezare Paveze ( 1908 – 1950), İtalo Kalvino (1923-1985) və Umberto Eko (1932-2016) kimi tanınmış klassikləri ilə bir sırada, orijinal yaradıcılığı ilə seçilən Antonio Tabukki (1943-2012) görkəmli nasir, istedadlı esse yazarı, gözəl tərcüməçi idi. A.Tabukkinin əsərləri oxucunun qarşısında müasir həyat həqiqətləri axarında cətinliklə şərh olunan düşündürücü suallar qoyur, ona qeyri-adi şəkildə qurulmuş narrativ vəziyyətlər, problematik süjetlər təklif edirdi. Yazıçının kosmopolit estetikasına xas olan reallığın illüziyası və müasir insanın ekzistensiya problemləri çağdaş italyan ədəbiyyatına özünəməxsus postmodernizm   fəlsəfəsi gətirmişdir.
      A.Tabukki yaradıcılığının tənqidi analizi onu XX əsr Avropa ədəbiyyatının ən intellektual ədiblərindən biri kimi səciyyələndirir...



FERNANDU  PESOANIN SON ÜÇ GÜNÜ

Gli  ultimi tre giorni di Fernando Pessoa
Sellerio editore Palermo
1994

Minha  patria  e  a  lingua  portuguesa
(Mənim  vətənim  portəgiz  dilidir)

        1935-ci ilin noyabr ayı. Öz qeyri-adi yaradıcılığı ilə XX əsr  Portəgiz ədəbiyyatına böyük təsir göstərmiş Fernandu Pesoa (adın və soyadın yazılışı portəgiz dilinin son transliterasiya qaydalarına əsasən) Lissabondakı San Luiş dos Frantsezi xəstəxanasında ölüm yatağındadır. Şair, orijinal yaradıcılığının məhsulu olan heteronimləri ilə görüşür, onlarla bağlı xatirələri ilə bölüşərək, axırıncı iradəsini bildirir.“Fernandu Pesoanın son üç günü” povesti, sinə daşı üzərində “Minha patria e`a lingua portuguesa” (Mənim vətənim portəgiz dilidir) sözləri yazılmış dahiyanə sənətkarın zərifliklə və ehtirasla qələmə alınmış bioqrafik və xəyali hekayətidir.         
                                    
Cəmşid  Cəmşidov


3 – cü yazı

30 noyabr 1935

1

         İçəri girən adam alicənab görkəmli, müəzzəm ağ saqqalı bir qoca idi, əynində ayaqlarına qədər uzanan, həmçinin ağ rəngdə, Roma tunikası vardı.
         Ave, qardaş, - qoca dedi, - sənin yuxularına girməyə cürət etdim.
         Pesoa dolabçanın üstündəki lampanı yandırdı. Qocaya nəzər saldı və Antonio Moranı tanıdı.  Əli ilə işarə elədi ki, yaxın gəlsin.
          Mora əlini qaldırıb dedi: Ey, böyük Fernandu, on beş gün öncə dünyasını dəyişmiş  finikiyalı Flebas mənə sənin taleyin barədə söz açmaqdan ötrü qağayıların səsini və dənizin burulğanlarını unutdu. * Bilirəm ki səni Axeronun suları, sonra isə hər şeyin çevrildiyi və yeni yaranış tapdığı atomların şiddətli qasırğası  gözləyir və olsunki, sən Lissabon bağçlarına apreldə açan bir gül kimi, ya da Portəgizin göl və körfəzləri üzərinə yağan yağışlar kimi qayıdacaqsan və mən, gəzişərkən, sənin ruzgarları dələn səsini eşidəcəyəm.
        Pesoa dirsəklənib qalxdı. Sağ böyründəki ağrı kəsmişdi və indi o, yalnız bərk yorğunluq hiss edirdi. Bəs Tanrıların qayıdışı? , - o, soruşdu.   
         Kitab demək olar ki, tamamlanıb, - Antonio Mora cavab verdi, -ancaq bilmirəm çap etdirə biləcəm, ya yox, çünki heç kim hansısa bir dəlinin kitablarını buraxmağa cürət etmir.
          Qulaq asın, - Pesoa dedi, - deyin görüm Kaşkayşın psixiatriya klinikasında işlər neə gedir, biz sizinlə elə nadir hallarda görüşürdük ki...
       Artıq bildiyiniz kimi, - Antonio Mora cavab verdi, - mənə qoyulan diaqnoz fasiləli psixonevrozlu paranoyadır, ancaq xoşbəxtlikdən, orada məni dinləməyi sevən həkim Qama var, çox səmimi insandır, o da Tanrıların qayıdışına inanır və iddia edir ki, dəlilik, cəmiyyəti narahat edənləri  təcrid etmək üçün insanlar tərəfindən düşünülmüş bir vəziyyətdir. Mən də katolik cəmiyyəti, Kilsəni narahat edirəm, çünki tanrıların qayıdacağını öncədən xəbər verirəm, ey böyük Pesoa, mənə yalnız siz kömək edə bilərdiz, ancaq indi siz də Axeronu adlamaqdasınız və mən  yenidən bu dəli yığıncağında tənha qalacam, heç kim də mənim kitablarımı çap etdirə bilməyəcək.
       Pesoa gülümsədi, başını yastığa qoydu və sakitləşdirici bir jest elədi. Əzizim Antonio Mora, - o, dedi, - o gün Kaşkayşın psixiatriya klinikasında görüşəndə mənə verdiyiniz bütün əlyazmalarını sandıqda saxlamışam. Bu sandıq həm də müxtəlif insanlarla doludur, çünki personajlar içəriyə güclə sığırlar, ancaq sizin Tanrıların qayıdışı  itib-batmayacaq, bir gün bizim ardıcıllarımız onu yenidən  açacaqlar və mən bu gün ilahi vergiyə malik olduğumdan deyə bilərəm ki, sizi Koelyu adında dahi tənqidçi, duyarlı və savadlı bir insan kəşf edəcək.
        Koelyu Paşeku kimi birisimi? – Antonio Mora soruşdu.
        Başqası, - Pesoa cavab verdi, - tamamilə başqası. Şeir yazmayan, ancaq özünü tədqiqatlara həsr etmiş, mənim də, sizin də xəttlərimizi deşifrə edə biləcək, bizi bütün dünyada tanıdacaq çox dəyərli bir insan.
         Dünyanın harasında?-Antonio Mora soruşdu.
         Bütün  dünyada, - Pesoa cavab verdi.
         Antonio Mora qabağa bir addım atıb, reverans elədi. Əzizim Pesoa, bəs özünüz barədə mənə nə danışacaqsınız? Kaşkayşın psixiatriya klinikasında qalmağınız necə keçdi? Sizi orada bir daha görməməyimə çox təəccüb etdim,  sizi ayrıcamı saxlayırdılar?
         Pesoa dərindən nəfəs çəkdi. Mən orada qalmadım, - dedi, - sizə etiraf edirəm ki, mən orada qalmadım. Mən bir neçə həftəni Rua da Saudadedəkı buxtaya baxan evdə, mənim qayğılarımı öz üzərinə götürmüş bir senyoranın yanında  keçirməyə üstünlük verdim, o, dul senyoradır, iki qızı ilə, çox nəcib qızlarla birlikdə yaşayır, o, mənə nahar və şam hazırlayırdı, onları sizə təsvir etməyəcəm, ancaq əzizim Antonio Mora, niyə də yox, edərəm, təsəvvür edirsiz, nahara məndə həmişə  ya sobada, ya da qrildə bişirilmiş balıq, yanında da ağ Kolareş şərabı olurdu, axşamlar isə, doğrusu, axşamlar əsil ziyafət idi, sopa aletejana*  və ya caldo verde, sonra da, təsəvvür edin, sobada bişmiş morina, pescadinhas de rabo na boca* və digər nəfis təamlar, daha sonra mənə buxtaya açılan bir otaq verdilər, bu lazım olanda yataq otağına çevrilən, buxarısı və digər təchizatı olan  köhnə  qonaq otağı idi, axşamlar oradakı terrasada oturur, Kaşkayş buxtasını, Eştorili seyr edir, rəqs havalarını və köhnə Koimbra nəğmələrini dinləyirdim və xoşbəxt idim.
        Bəs o senyoranın adı nə idi? –Antonio Mora soruşdu.
        Adının heç bir mənası yoxdur,-Pesoa dedi.
       Sizə qibtə edirəm, - Antonio Mora dedi, - həqiqətən qibtə edirəm, xoşbəxt anlar yaşamışınız, deyin, sağalmısınızmı?
       Doğrusu, Pesoa dedi, - o anlar qara bir dalğa başımın üstünü kəsdirib məni boğurdu, bilirsiz, nə edəcəyimi tamamliə anlamırdım, bilmirdim dəlimi olduğumu boynuma alım, yoxsa özümü Tejuyamı atım, mənim ailəyə, mənə qulluq edəcək, məni sevib, şəfqət göstərəcək birisinə  ehtiyacım vardı və mən bu ailədə ocaq tapdım, sonra isə, tək qalanda, çünki bəzən evdə yalnız  qalırdım, orada Co adında gözəl qara bir it vardı,  ezoterik şeirlərimi oxuduğum ağllı  küçə iti, mən əminəm ki, o it hansısa Qədim Misir tanrısının reinkarnasiyası idi, o, döşəməni cırmaqlayaraq mənə şeirin ölçüsünü diktə edirdi və mən bu heyvan və Tanrı ritmi  ilə şeirlərimin vəznini səsləndirərək, onları musiqiyə çevirirdim. Sonra gedib terrassada oturur, buxtaya baxır, axşam toranında sahilə dönən balıqçı qayıqlarını seyr edirdim, nəşə ilə öz aralarında bir-birini  çağıran balıqçıların səsini eşidir, qətranın, balıqçı torlarının qoxusunu içimə çəkirdim, bu çox gözəl və qədim bir şey idi, beləcə sağaldım və  ölümü unudub yaşamağa başladım.
        Mən də ölümü unutdum, - Antonio Mora dedi,- çünki “Şeylərin təbiətində” həyatın qayıdacağını öyrədən atamız Lukretsiusu oxudum və anladım ki, bizi təşkil edən bütün atomlar, hal-hazırda cisimlərimizdə olan bu infinitezimal hissəciklər sonradan əbədi dövrə qayıdaraq, suya, torpağa, münbit güllərə, bitkilərə, bizə görməyi bəxş etmiş işığa, bizi isladan yağışa, bizi sarsıdan yellərə, qışda bizi öz mantosuna bürüyən bəyaz qara çevriləcəklər. Ey Böyük Pesoa, biz hamımız, təbiətin istədiyi kimi saysız formalarda bura, yer üzünə yenidən qayıdacayıq və bəlkə biz Co adlı bir it, bir çimdik ot və ya, Lissabonun  meydanlarından birinə heyrətlə baxan gənc ingilis xanımının topuğu olduq. Ancaq sizdən xahiş edirəm, getməyiniz hələ tezdir, bizimlə bir qədər də qalın, Fernandu Pesoa tək.
        Pesoa yanağını yastığa söykəyib yorğun-yorğun gülümsədi. Əzizim Antonio Mora, -  dedi, - Prozerpina öz səltənətində məni  gözləyir, yola düzəlməyin, həyat adlandırdığımız bu obrazlar  teatrını tərk etməyin zamanı  çatıb, əgər ruhumun gözlükləri ilə nələr gördüyümü bilsəydiz, mən orada, yuxarıdakı intəhasız fəzalarda Orionun kontrforslarını gördüm, bu dünyəvi ayaqlarımla Cənub Xaçı ilə yeridim, parlaq bir kometa kimi sonsuz gecələri, təxəyyülün, zövq və qorxunun  ulduzlararası fəzalarını adladım, mən kişi, qadın, qoca, balaca bir qız oldum, Qərb paytaxtlarının bulvarlarındakı güruh oldum, sakitliyinə və müdrikliyinə bu qədər qibtə etdiyimiz Şərqin aramlı Buddası oldum, özüm də oldum, başqaları da, bütün ola biəcəklərim oldum, mən şöhrət və rüsvayçılıq, şövq və zəiflik yaşadm, çaylar keçdim, keçilməz dağlar aşdım, dinc sürülər gördüm, günəşi və yağışı dərk etdim, estrus vaxtı bir   dişi oldum, yolda oynayan bir pişik oldum, günəş və ay oldum, hər şey oldum, çünki həyat yetərli deyildir. Əzizim Antonio Mora, indi isə kifayətdir, mənim həyatımı yaşamaq min həyat yaşamaq olub, yorulmuşam,  şamım yanıb tükənib, xahiş edirəm gözlüyümü verin.
        Antonio Mora tunikasını düzəltdi. İçində bir Prometevs oyanırdı. Ehey, - o, bağırdı, - ilahi göylər, quş qanadlı yellər, çay suları, dəniz dalğalarının saysız təbəssümləri, yer üzü,  ana kainat, sizi səsləyirəm, - və səni ey, hər şeyi görən günəş çəmbəri, -  dərdimin şahidi olun...
        Pesoa dərindən içini çəkdi. Antonio Mora dolabçanın üstündəki gözlüyü götürüb onun üzünə taxdı. Pesoa gözlərini iri – iri açdı, sonra əlləri əlacsız halda döşəkağının üstünə düşdü. Axşam saat düz səkkiz otuz idi.

___________________________________________
* Finikiyalı Flebas mənə sənin taleyin barədə... - Tomas Sternz Eliot –  
   Barsız torpaq, IV Sudan ölüm.
* sopa alentejana – Alenteju supu (port.)
* pescadinhas de rabo na boca – Portəgiz balıq xörəyi (port.)


SON


  İtalyan dilindən tərcümə edən:
 Cəmşid CƏMŞİDOV

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.