Yaşar Bünyad - Hələ ki təyyarələr uçur
18.10.18

Hekayə

                                           
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

…Qorxasan qaçıb gedələr,
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Ramız Rövşən.
                                 

  ...Dalana dolan ilıq  külək yanağımdan öpdü, burnuma, dodaqlarıma toxundu, bığımın ucuna sığal çəkdi, qıvrılaraq qabağına qatıb gətirdiyi  qovurulmuş  şabalıd,  qozlu-ballı paxlava  və səməni halvasının  məstedici ətrini balaca həyətimizə doldurdu. Bayram xonçalarının dadı-duzu  şəhərin havasına  qarışmışdı axı. Uşaqlığımdan Qala divarlarının, daş  küçələrin, bir-birinə qısılmış evlərin balaca həyətlərində, hər daşında, hər dirəyində bu qoxuları hiss etmişəm.  Nənəm deyərdi ki, o günlər getsin  qayıtmasın, bir  vaxtlar dəlisov  xəzri yad bir qoxu  da  gətirmişdi Qalaya - barıt qoxusu. Özü ilə fəlakət, qorxu, ölüm gətirmişdi, pəhləvan cüssəli  oğulları aparmışdı, sonra  üçkünc “qara kağız”larla  döymüşdü qapıları, amma nə illah eləmişdi,  iç  şəhərin canına-qanına hopan  qoxuları silib-süpürə bilməmişdi...

Səhər doğhadoğdadı, mən  gözümü də yummamışam.Axşam gələn ismarıc fikrimi qarışdırıb, yuxumu oğurlayıb... Yaddaşımı qurcalaya-qurcalaya  boşalıb qəribsəmiş meydanda tək-tənha,  veyil-veyil gəzirəm, amma heç nə xatırlaya bilmirəm.

Giləvar, dənizin duzlu, mazutlu havasını dar dalanlarda oynada-oynada Qala meydanının  oyuq-oyuq daş divarlarını  yalayan yaz dumanını diksindirib qovdu;  gümüşü-bənövşəyi duman Şamaxı darvazasından ehmalca şütüyüb  Bayırşəhərin genişliyindəcə əriyib yox oldu...
Bayram  şənlikləri dünən  bitsə də  əntiq mallar,xalçalar,  suvenirlər, şirniyyat və  ləziz təamlar satılan, üstünə muncuq-muncuq şeh düşmüş taxta köşklər, meydanın cənub tərəfində quraşdırılmış üstü brezent örtüklü səyyar səhnə, nəhəng səsgücləndiricilər hələ  yığışdırılmayıb. Rəngarəng lampalar havada yırğalana-yırğalana qırovabənzər şehdən nəmlənmiş  qəmbər döşəmədə  pikassosayağı  məzəli  cizgilər cızır...

Yüngül geyindiyimdən üşüdüm. Tələsik evə döndüm. Bəlkə maraqsız bir kitab olsaydı oxuyub yuxulayardım. Kitabxanamı ələk-vələk elədim, maraqsız kitab nə gəzirdi...  Bir fincan soyuq qəhvə süzüb eyvana çıxdım. Onsuz da yata bilməyəcəm.

Qaranlıq küçəyə boylanıram. Darısqal məhəlləmizdəki  evlər ayrılmaz dost kimi  küçə boyu  çiyin-çiyinə düzülüb, sanki  əyri-üyrü dalanboyu yallı gedirlər . Dolanbac dalanlar o qədər darısqal, evlər o qədər yaxındı ki, yalan olmasın, eyvandan əl uzatsan  qonşunun damına  çatar. Babam deyərdi ki, qalada yaşayanların can bir qəlbdə olmasına səbəb  elə bu yaxınlıqdı, simsarlıqdı, sanki hamı bir evdə yaşayır... İki ildi  Almaniyaya köçmüş  üzbəüz qonşumun  iri pəncərəsində özümü görürəm. Yorğun, halsız...

 Otağa qayıtdım. Qəfildən ev yüngülcə silkələndi.  “Deməli saat altıdı, metro açıldı...”
İçəri Şəhərin yeraltı zəngli saatıdı metro.  Nədənsə bəzən mənə elə gəlir ki, altından qatarlar keçən binalarda zəngli saat olmur...

 Divanda uzanıb telefonu açdım,  “WhatsApp”a gələn ismarışı bir də oxudum. “Şirin qoğal və Cırtdan”.  Məhəlləyə çıxanacan əlli dəfə oxumuşdum. Bayaqdan baş sındırır, heç nə başa düşmürəm. Nə qoğal?.. Hansı Cırtdan?  Novruz zarafatına da  bənzəmir... Axı kim idi məni gic eliyən?!  Yox bir, Qulliver!.. Nömrə  də, kod da tanış gəlmir. Zəng vurdum. Açmadı. Maraq üçün  yazdım ki, kimsən?... Hələ də cavab yoxdu.

Əvvəlcə Raufdan şübhələnmişdim. Ailə-uşağımın İstanbulda olduğunu o bilirdi. Yəqin mənimlə məzələnmək istəyib. Yaşına-başına  görə deyil, uşaqlığdan şit zarafatlardan xoşu gəlir Raufun. Bayaq zəng  vurdum, and-aman elədi ki  “xəbərim yoxdu”. İnandım, çünki anasının qəbrinə and içdi...”Kim ola bilərdi?”

"Dəli şeytan deyir düş aşağı, gir metroya, min vaqona, iki-üç saat get o baş-bu başa, yuxunu da  al, Qoğal da yaddan çıxsın... Metroda o qədər yuxusunu alan var ki."
Hə, dəli şeytan düz deyir! Geyinib çıxdım... 

...və bir də gördüm Vahid bağındayam; Bəsti xalamgilin  evinin yerində dayanmışam. Sən demə , uşaqlığa  dönmək üçün nə  uçan xalçaya, nə də Simurq quşuna  ehtiyac  yoxmuş. Kifayətdi ki bunu istəyəsən, bütün qayğılarından, problemlərindən qopub o illərə qayıda biləsən. Heç olmasa bir anlıq... Qəfil  gələn ismarış  deyəsən yaddaşımı oyatmışdı, məni  nağıl kimi möcüzəli, noğul kimi şirin  doğma  qalamın  hər qarışında izi  qalan  xatirələrimin dalınca aparırdı...

Bax, o əyri küçənin tinindəki  evinin çat vermiş divarına qısılan  qoca tut ağacı, altındakı  sınıq-salxaq dəmir çarpayı, bir az aralıda , böyür-başına  taxta-şalban qalaqlanmış iri qır tiyanı, ikimərtəbəli evin damından yerəcən sallanan  paslı dəmir pilləkən, pilləkənə sarmaşan üzüm təhəngi, qonşu qızına “pis gözlə” baxan rayonlu tələbəni bıçaqlayıb səkkiz il iş alan Sədullanın quş damı, dondurma satan Şəfi kişinin üstü tentli,  təkərli “letni” budkası, metro stansiyasıyla Qala divarları arasındakı avtobus dayanacağından gələn qulaqbatırıcı mühərrik və siqnal səsləri... yadımdadı.

...Xalam oğlu Səlimlə eyni yaşda olduğumdan evimizə yatandan -yatana yığışardım. Məndən olsaydı bütün yayı xalamgildə qalardım.Atam, anam məni  danlamaqdan təngə gəlmişdilər.  “Qurbanın olum, a Vaqif, imkan tapanda  öyə  də dəy” - nənəmin  guya zarafatla dediyi  kinayəli sözlərini eşidəndən sonra  abrım tökülməsin deyə, evə “vaxtında” gəlməyə başlamışdım; “Vremya” nın siqnalı vuranda. Bilirdim ki, nənəm  incisə, marojna, kino pulu getdi işinin dalınca!...

Günortanın qzmarını saymasaq, demək olardı, günümüz Səlimgilin damında keçirdi. Bizim damdan  Qız qalasının  kəlləsi görünmədiyi halda, ordan  baxanda sanki dəniz ovucumun  içindəydi.Səlimin atası köhnə dəmir çarpayısını dama qaldırmışdı , üstündə  də üç-dörd döşək mitili, süzülmüş üzlüyündən qaz tükləri çıxan bir cüt nimdaş yastıq... Qırı deşməsin deyə,  təkərlərin altına  “Oqonyok” jurnalının yağlı vərəqlərinə bükülmüş taxta parçaları qoymuşdu.   Divarboyu qıvrıla-qıvrıla dama qalxan ağ şanı o qədər qol-budaq atmışdı ki, çarpayının üstündəki çardağı da örtmüşdü, yarısı da küçəyə sallanmışdı. Çarpayı bürkülü gecələrdə  onun, gündüzlər bizim sərəncamımızdaydı. Uzanıb üzü dənizə baxanda elə bilrdin ki, qədim, basılmaz  qalanın sahilində lövbər salmış iri bir gəminin göyərtəsindəsən. Başının üstündə açıq səma, ətrafında mavi Xəzər,  ağ qağayılar, gümüşü dalğalar... məğrur dayanan Qız qalası... Şirvanşahlar sarayı... göylərə ucalan minarələr... Lap Sindbadın nağılındakı kimi!   Xalam paltar yuyub sərəndə  külək zivədəki  kraxmallı mələfələri oynadar,   dam, sahildən qopub  sonsuz  dənizə can atan əsl yelkənli qayığa  dönərdi...
  
Metroya düşməkdən vaz keçdim.

 Bir anlığa gözlərimi yumdum. Elə bil otuzsəkkiz il əvvəl “avariyni” adıyla sökülən ev  həmənki  yerindəydi. Həyətdən Bəsti  xala Səlimi, məni, Pakizəni səsləyir, istidi, evə yığışun deyir... Kazım kişiynən Ağasəfər dayı  tutun altında nərd ata-ata gah papiros tüstülədir, gah da pürrəng çaydan qurtum alırdılar. Əvvəllər elə bilirdim bu kişilərin evi-eşiyi  bu tutun altıdı, havaxt gəlsən orda görərsən... Məhəllənin bütün uşaqları qala qapısından girən Şəfi kişinin təkərli “budka”sını görüb dondurma almaq üçün pul dalınca evlərinə cumuşurlar...  İstidən yumşalan qırın iyi burnuma dolur...Zivələrdə ağ paltarlar yellənir... Barmaqlarımda, dodağımda xar tutun şirəsini duyuram... Dondurma istədim lap. Mən də  qaçam evə, pul dalınca...

Hökumət,  evi sökməmişdən əvvəl xalamgilə  dörd otaqlı mənzil vermişdi. Yasamalda. Yadımdadı, Cəfər əmi “ZİL” tutmuşdu, bütün məhəllə, böyüklü-kiçikli  evin əşyalarını maşına yükləyirdi. Elə sevinirdik ki! Ən çox da Səlimlə Pakizə. Yeni mənzilə köçürdülər axı... Təkcə xalamla Cəfər əmi kədərliydi. Ata-baba yurdundan ayrılmağın necə nisgilli olduğunu uşaq ağlımızla hələ anlaya bilməmişdik. Bəsti xalanın için-için ağlamağın ilk dəfə onda görmüşdüm. Anam bacısını nə qədər ovudurdusa da xalamın gözlərindəki yaş qurumur,  o evdə  necə yaşiyacam?  deyib dururdu, elə bil Yasamal dünyanın axırındaydı.
İndi fikirləşirəm ki, nə yaxşı, buldozer insafsızcasına evi dağıdanda  xalam orada olmayıb. Yəqin ürəyi dayanardı arvadın...

***  

 Bahar günəşi  havanı xəsis-xəsis  isidir.

Kiçik Qalayla asta-asta  üzüaşağı düşürəm. Ağa Mikayıl hamamına çatanda yadıma babam düşdü.  Rəhmətlik  həmişə  “O olmasın, bu olsun”a  baxanda  deyərdi: “Məşədi İbad kimi mənim, əminin, dədənin də toy hamamı  bax,  burda olub. Vaqif bala, əhd eləmişəm,  inşallah, ölməsəm, sənin toy hamamında  oynaya-oynaya hamıdan qabağda gedəcəm, kisəçiyə də ütülü qirmızı onluq verəcəm”... Yazıq kişi, heç toyumu da  görmədi. Sağ olsaydı, onsuz da  arzusu ürəyində qalacaqdı, çünki toyum olan ili hamam təmirdəydi, biz də paklanmağa “Fantaziya”ya  getmişdik.

 Babam kimi barmaqlarımı oyuq daşlara  sürtə-sürtə irəlilədikcə  divarın  istisini  hiss edirəm. Kişi deyərdi ki, bu daşların canına min illərin hərarəti hopub. Düz deyirmiş  babam.

İndiki kimi  tünlük  olmazdı  İçəri Şəhər . Qalanın o başından vurub bu başından çıxardıq.  Ayaqyalın-başıaçıq çərpələng uçurduğumuz damları, gizlənpaç, “dava-dava” oynadığımız küçələri, dalanları gördükcə  uşaqlığımın qırıq-qırıq  xatirələri  məni dalınca çəkib aparırdı.  

 Pilləkənlə yarıqaranlıq, dar küçəyə düşdüm, ordan burulub dolanbac yollarla gəlib Sınıq-qala məscidinin qənşərinə  çatanda dayandım. Əgər yanılmırdımsa, iki tin o yandakı evdə sinif yoldaşım Cəfərgil yaşıyırdı. İndi  böyük adamdı Cəfər. Neft şirkətində işləyir. Eşitdiyimə görə evi də satıb.

Bir az irəli addımladım.  Deyəsən evi  təmir edirdilər. Bir vaxtlar  divarlarını, alçaq damının kənarlarını yosun basmış evin  dəmir çərçivəli pəncərəsi daima açıq olardı və  bişmiş qutab, peraşki iyi bütün küçəni başına götürərdi. Nənəm “beyin çalxayan”  günəbaxan yağından iyrənirdi deyə, bizim evdə heç vaxt peraşki bişməzdi. Ürəyimiz  peraşki istəyəndə, gizlincə  mərkəzi qastranomun tininə qaçar, qaynar-qaynar ciyər, kartof peraşkisi alıb yeyər, əlbət ki, “Cırtdan” saqqızı çeynəyə-çeynəyə  şəhərdə veyillənərdik ki, evə gələndə  günəbaxan yağının iyi duyulmasın. Qəribə o idi ki, bütün günü evlərində peraşki, qutab bişdiyi halda, Cəfər, bizim aldığımız peraşkini gözünə təpər, evdə bişəndən bu tamlıdı deyərdi. Sonradan bildik ki, sən demə,  Cəfərin anası  gündüzlər  muzeydə xadimə işləyir, axşamlar da  hansısa kafenin sifarişi ilə  qutab , peraşki  bişirirmiş. Əlbəttə, gizlincə (Alverçilik  o vaxtlar cinayət sayılardı ). Ərsiz qadın böyük bir külfəti dolandırmalı idi axı...

Böyük Minarə küçəsində dostumun xalça dükanı var. Fikirləşdim ki,  indilər açılar, gedim bir baş çəkim, bayramlaşım, sonra düşərəm bulvara. Bazar meydanına çatar-çatmaz telefonuma ismarış gəldi. Köhnə şəkil idi. Diqqətlə baxdım. Deyəsən Raufgilin qapısında çəkdirmişdik. Saralıb, elə bil gün yandırıb, üzlər güclə seçilsə də hamını tanıdım. “Aman Allah, bu şəkildən heç məndə yoxdu”. On dörd  yaşındayıq.  Bax, taxta qapının çərçivəsinə söykənib əlini qoynunda sıxan Raufdu. Yanındakı mənəm. Lovğa-lovğa irişirəm. Ofa (Ofeliya) özünü “Avara” filmindəki Nərgizə oxşadıb, barmağını yanağına qoyub gülümsəyir, bircə sarisi çatışmır. Səlim Banişevski kimi qoltuğunda dəri  top  pilləkənin tinində  çömbəlib.” Farmazon  yaramaz... Necə gülməlidi”... Firəngiz dizinin  üstünə yığdığı kitabları  qucaqlayıb.” İndi doktordu Fira”... Yanındakı... Lalədi. Çənəsini skripkasının futlyarına söykəyib gülümsəyir... Kadra düşməyən də Ağasəmid, fotoqraflıq  edən o idi axı...

  Deməli ismarışı  göndərən Laləymiş?!  Düz otuz il keçib... Unutmayıbmış...

***

...Atası məşhur neftçiydi. Bir həftədən sonra Tümenə köçəcəkdilər. Həmişəlik. Getməyini istəmirdim. Ondan xoşum gəldiyini bilirdi. Qəfil soruşdum ki, məndən bir şey istə. Ürəyindən nə keçirsə... Fikirləşirdim ki, görəsən on dörd yaşlı qız bir daha görməyəcəyi, bəlkə də ömürlük unudacağı bir oğlandan nə istəyə bilər? Ağlımdan o qədər şeylər keçmişdi ki!... Amma o mənə deyəndə ki Qız qalasından baxıb Günəşin çıxmağını  görmək  istəyirəm, təəccüblə sadəlövh qızı süzdüm. “Bu mümkün deyil” demək istədim, amma könlünü sındırmaqdan  vaz keçdim.
-Heç vaxt günəşin  zühurunu  görməmisən? -Soruşdum.
-Yox, -dedi, -həmişə gecikmişəm. Mən yatağanam axı...
Başa saldım ki, Qız qalası axşamlar bağlanır, kilidlə, gün doğandan sonra  da açılır, başa düşürsən? Ora muzeydi axı. Deməli, Günəşin çıxmasına başqa yerdən tamaşa etməlisən. Məsələn, o gördüyün hündür binanın damından, “Yaşıl teatr”ın axırıncı sırasından, ya da dağüstü parkdan. Ora daha hündürdü. Günəş qızılı telləriylə dənizi, şəhəri, lap Qız qalasını da isidəndə  onu ilk görən  sən  olarsan... İstəsən... əgər istəsən, səni ora apararam.
-İstəyirəm.
 ...Səhər obaşdan, alatoranda, xəbərsiz  evdən çıxıb Bəhrəmgurun heykəlinə çatanacan qaçdıq. Sanki nəhəng şəhərdə  özgə kimsə yox idi, yoxsa görən dəli deyərdi bizə. Funikulyorun  böyrüylə  pilləkənləri  üzü yuxarı qalxıb  dayandıq. Xəzərlə üzbəüz.  İkimiz də təngimişdik.  Çox keçmədi Xəzərin göylə öpüşdüyü yerdə bir işartı göründü. Bu səhərin doğuluşuydu.  Ecazkar bir görüntü ! Sanki yuxarıdan gözəgörünməz  nəhəng bir əl  asta-asta, dənizin üzünü qızıl suyuna boyayırdı. Çevrilib Lalənin gözlərinə baxdım; gözlərində Günəş qızıl kimi bərq vururdu. On-on beş dəqiqədən sonra özü də günəş rənginə büründü...

Əlimdən yapışdı. Ovucu od tutub yanırdı. Mən də həyacanlıydım. Qəfildən məni qucaqladı. Günəşlə öpüşən Xəzərə baxıb boynuma sarılmışdı. Özümü itirdim. Dizlərim  titrəyirdi. O sinəmə elə sıxılmışdı ki!.. Dodaqlarım yanağına toxundu.  Günəşin oduyla dolu gözlərini qapadı. Bilmədim qəsdən, yoxsa  təsadüfən, yanağını sola çevirəndə dodaqları dodağıma  yapışdı... Diksinib geri çəkildim. Yanaqları lalə kimi qızarmışdı...

Qayıdanbaşı  kiminsə parkda unutduğu  bir bağlama tapdıq.Açdıq. İçində ikiyə bölünmüş , lakin yeyilməmiş pavidlalı bulka və nazik bir kitab - “Cırtdan”ın nağılı. ” Qismətimizdi” deyib  bulkanı  öz malımız kimi yedik.Kitabı da Lalə yadigar saxlayacağına söz verdi. Elə xoşbəxt idi ki!  Günəşin doğuluşunu gördüyünəmi, tanımadığı birinin unutduğu nağıl kitabını tapdığınamı, yoxsa  o günə qədər gizli saxladığı hisslərini mənə çatdırdığınamı görə  özünü bəxtəvər sanırdı, bilmədim...

 Köhnə kişilərdəndi deyə, atam həmən gün  ilk dəfə  mənə əl qaldırmışdı. Onun fikrincə yəqin ki qəbahətli  iş görmüşdüm. Nənəm araya girməsəydi  məni şil-küt edəcəkdi. Laləni də yola düşən günəcən evdən çölə buraxmamışdılar...

“Səni yola salmağa  hamıdan tez gəlmişdim vağzala.Amma vaqona yaxınlaşmağa cəsarət etmədim.Qohum- qonşularla vidalaşdığınızı kənardan gizlincə seyr edirdim. Kupeyə  valideynlərindən tez  girib  başını yarıaçıq pəncərədən çölə çıxardığını, sola-sağa boylandığını görürdüm. Elə yanında olmaq istəyirdim ki... Bağışla... Getməsəydin...” - yazmağı fikirləşirdim ki, səsli ismarış gəldi:
“Vaqif, privet! Keçmiş bayramın mübarək! Tanıdın? Bəlkə də məni çoxdan unutmusan ...Səsim bir az kallaşıb. Buranın şaxtasındandır yəqin... Nazik üzlü kitab yadında?  “Cırtdan”ı deyirəm. O hələ də məndədi. Əvvəllər qızıma tez-tez oxuyardım, indi nəvəm Ruslana oxuyuram. Nağılsız yatmır, yaramaz... Onu deyim ki nömrəni Tamerlandan, sənin aspirantından  aldım,  simpoziumda.  İncimirsənki?  Dedi  Afrikada ezamiyyətdəsən,  sənin əvəzinə  gəlib...  Bakıdan, doğma İçəri şəhərimizdən, uğurlarından  o qədər danışdı ki!.. Onda başa düşdüm ki, sən demə, dünya bapbalacaymış, Vaqif, lap bizim İçəri şəhər boyda... Eşitdim  gözəl ailən var. Sənə görə sevinirəm... Hə, lap yadımdan çıxmışdı, əlbəttə, əgər əlaqəmiz olsaydı, çoxdan  deyəcəkdim; O  gün səni görmüşdüm axı... vağzalda... Heç inana bilmirəm ki, o gündən düz otuz il  keçib.”
 Onun nəfəsini duyuram. Sanki yanımdadı. Demək istədiklərini götür-qoy edirmiş kimi xeyli susdu.Yenidən danışmağa başlayanda kövrəldiyini  hiss etdim.
“Bakı üçün, Xəzər üçün elə darıxıram ki!.. Bilirsən, burda da Günəş çıxır, amma isitmir, qızdırmır adamı. Qəribə də olsa, həmişə  mənə elə gəlib ki, buranın sərt soyuğuna  Bakıda canıma hopmuş istinin hesabına dözmüşəm...”
Səsi  elə yaxından gəldi ki! Sanki  indicə tindən çıxacaq, qollarını açıb üstünə atılacaq, var gücüylə  “Va-qiif! “bağıracaq. Elə bağıracaq ki , səsindən şəhər diksinəcək. Uşaq kimi əl-ələ verib Qız qalasının dolanbac pilləkənləriylə yuxarı- işığa sarı qalxacaq,  ilk dəfə dəniz görən körpə kimi sevinəcəyik. İstək varsa  bu, elə də çətin deyil məncə; aramızdakı məsafəni bir addımlıq etmək üçün bilet almaq yetər. Hələ ki təyyarələr uçur... 
Çevrilib Karvansaraya burulan yola baxdım. Az qala iki dəfə Qız qalasının başına dolandım. Neftçilər prospektində dayanmış  turist avtobusundan düşüb yuxarı qalxan əcnəbiləri bir-bir gözdən keçirdim. Başım gicəlləndi.  Kaş ki yanılmayaydım. Axı dünya  bapbalacadı, lap İçəri şəhər boyda...
                                                                                        2018-03-01. Saratov
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.