Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18

Mənim universitetdə oxuduğum illəri (1968-73) Sovetlər Birliyinin istər içəri, istər dişarı siyasətində çaşqınlıqlar dövrü sanmaq olar. 50-ci illərin ortalarında cəmiyyətdəki bütün nöqsanlar əsasən bir nəfərin - Stalinin adına yazılmağa başlamışdı. 1929-53-cü illərdə düşüncəsinə, elmi və siyasi görüşlərinə görə güllələnmiş, həbs edilmiş, sürgünə göndərilmiş yüz minlərlə insana bəraət verilmişdi. Bu, əslində güllələnmiş və həbsxanada çürüdülmüş iradələri qırılmış insanlara verilən kiçik güzəşt idi. Onlara tam siyasi bəraət verilməmişdi. Stalini ifşa etmək üçün az sayda araşdırıcı qapalı arxivlərdə işləməyə icazə ala bilirdi. Arxivlərdəki sənədlərlə tanışlıq, onların çapı - işıq üzü görməsi isə yalnız Stalini deyil, Sovet cəmiyyətini, sosializm ideologiyasını nüfuzdan salırdı. Buna görə də 60-cı illərin ortalarından yenidən arxivlər və mətbuat üzərində nəzarəti artırdılar. 20-50-ci illər haqqında gerçək faktlara dayanan kitab və məqalələrin çapını əngəllədi.
Lakin zaman öz işini görürdü. Yetişməkdə olan nəsil keçmişə daha çox qınayıcı-sınayıcı gözlə baxmasa çalışırdı. Onların dünyagörüşünün formalaşmasına həbsdən azad olanların acı xatirələri də güclü təsir edirdi. Həbsxanadan geri dönənlərin xatirələrini dinləməyə, bir sözlə, 20-30-cu illərdə nələr baş verdiyini öyrənməyə can atan gənclərdən biri də mən idim.
İstər ayıq düşüncəli müəllimlərimizlə, istər yaşıdlarımızla söhbətlərimizdə bir sual ətrafında daha çox dartışırdıq. Niyə eyni dövrdə nəşr olunmuş qəzet və jurnallardan milli hisslər təbliğ edənlər tənqid edilib, təbliği yasaqlandığı halda, millətdə alçaqlıq kompleksi aşılayan satirik nəşrlərin təbliğ və tədrisinə geniş yer ayrılır?
Satirik jurnallarda çap olunan yazıların özü də xalqı və milləti ayıltmağa, dünyanın inkişafı ilə ayaqlaşmağa çağırış cəhdləri idi.
25 il müxtəlif fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunan “Molla Nəsrəddin” jurnalının xidmətləri əvəzsizdir. “Molla Nəsrəddir” jurnalı və “Molla Nəsrəddin”  ədəbi məktəbində birləşən satirik yazıçıların həyat və fəaliyyəti geniş təbliğ edildiyi halda Ə.Hüsenzadə, Ə.Ağaoğlu, H.Vəzirov, İ.Kaspıralı və b. aydınlar  daim tənqid edilirdi.
Tədris planına əsasən mən də “Molla Nəsrəddin” jurnalı haqqında daha geniş bilgi əldə etmək istəyəndə Xalid Səid Xocayevin 1929-cu ildə Bakıda çap olunan “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabı ilə tanış oldum. Müəllif gözlərim qarşısında yeni dünya açdı. Yazdıqları mənim ruhuma doğma olduğuna görə, kitabxanada nadir nüsxəyə çevrilmiş əsəri dəfələrlə oxudum və dostlarıma da oxumağı məsləhət gördüm.
“Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabı Krıma, Tatarıstana, Türküstana bir türk aydınının səfərnaməsidir. İlk dəfə bu kitabdan Azərbaycana  bütün varlığı ilə bağlı olan Xalid Səid Xocayevin özbək türkü olduğunu öyrəndim (sonralar anladım ki, bu, məhdud Azərbaycan sevgisi deyil,  türklük sevgisi imiş).
Latın əlifbası ilə nəşr olunmuş “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabının adının altından “Bakı-Krım-Türküstan, Bakı-Türkmənistan-Özbəkistan yazılmışdı. Birləşmiş yeni  türk əlifbası ilə Azərbaycan ləhcəsində birinci olaraq bu əsər tərtib edilir” qeydi var. 148 səhifəlik kitabı Bakı Universiteti Şərq fakultəsinin professoru, Kazan tatarlarından olan Əziz Övəydullin (bu müəllifin adı qaynaqlarda Uvaydullin, Qaziz Salihoviç Qubaydulin kimi də yazılır) yığcam və olduqca maraqlı önsöz yazıb.
Əslində bu kitab Azərbaycan aydınlarının neçə illik mübarizəsinin bəhrəsinə həsr olunmuşdur desək, yəqin ki, yanılmarıq. Avropanın sürətli inkişafı şərqliləri də düşüşündürməyə bilməzdi. Şərqin geriliyini kimi dövlət quruluşunda, kimi iqtisadi münasibətlərdə, kimi dində, kimi də əlifbanın çətinliyində görürdü. 19-cu yüzilin ikinci yarısından başlayaraq M.F.Axundov (1812-1878) ərəb əlifbasını islah etmək məqsədilə lahiyələr hazırladı. Arzusunu gerçəklaşdırmək üçün İrana və Türkiyəyə getdi. Lakin bir nəticə əldə edə bilmədi. Məhmməd Ağa Şahtaxtlı (?) və başqaları da Axundovun başladığı işi davam etdirdilər. Hətta Azərbaycan Xalq Cumhiriyyətinin parlamanı da əlifba islahatı keçirmək – ərəb əlifbasını latınla əvəzləmək təşəbbüsündə oldu. Bolşevik işğalı onların  işini yarıda qoydusa da, ictimai fikrə hakim kəsilmiş ideya 20-ci illərdə gerçəkləşdı. 1922-ci ildə Bakıda Türk xalqları aydınlarının konfransı keçirildi. Konfransda yeni əlifba komitəsi yaradıldı. Komitə Bakıda yaradılsa da, məqsəd keçmiş Sovetlər Birliyində yaşayan, ərəb əlifbasından istifadə edən xalqların hamısının latın qrafikası əsəasıfnda hazırlanmış vahid əlifbaya keçməsini təşkil etmək idi. Bunu gerçəkləşdırmək üçün 1924-cü ilin sentayabrında Bakıdan bir qatar yola düşdü. Qatarda gedənlər haqqıda X.S.Xocayev belə bilgi verir: “Komissiyanın tərkibi dörd nəfər idi.
1.   Səmədağa Ağamalı oğlu - Yeni Əlifba Komitəsinin sədri.
2. Mirzə Cəlil (Cəlil Məmmədquluzadə - Ə.Ş.) -“Molla Nəsrəddin” jurnalının müdiri, komissiyanın üzvü.
3. Vəli Xuluflu - alim, komissiyanın üzvü.
4. Xalid Səid - Əmək fakültəsi və melirasiya texnikumunun lisan və ədəbiyyat müəllimi.
Bundan başqa doktor, vəkili-xərc, yazı makinaçısı vardır. Bakı Darülfünunun müdərrisələrindən professor Mizirlinski də bizimlə idi. Heyətə bir vaqon ayrılmışdı”.
Yolda etdikləri bir söhbəti Xalid Səid belə təsvir edir: “Masanın baş tərəfində S.Ağamalı oğlu oturmuşdur. Sağ tərəfində iri, yüksək, dolğun vücudlu “Molla Nəsrəddin” jurnalının yorulmaq bilməyən, çalışqan, iyirmi beş ilin müdiri yerləşmişdir.
Söhbət zamanı hamı sual verir, yeni əlifıbanın harada qəbul ediləcəyi ilə maraqlanırdı. S.Ağmalı oğlu: - Hansı Respublikada ağıllı adam çox olsa, o Respublika qəbul edəcək - dedi.
Sual: Hansı respublikada ağıllı adam çoxdur?
S.Ağamalı oğlu: Onu yeni əlifba barəsində verəcəkləri qərar göstərəcək!
…S.Ağamalı oğlu: - Sənin özbəklərin barəsində fikrin nədir? - dedi. Mən tərəddüdsüz bir qətiyyətlə: Onlar qəti surətdə qəbul edəcəklər - dedim.
Yoldaşlar gülüşdülər: - Demək orada ağıllı adam çoxdur! - dedilər.
Mən bunu nikbinlik üçün deməmişdim. 1921-ci ildəki bir hadisəni nəql etməyi lüzum gördüm.
...Daşkəndə Ali Darülfündə müdir idim. O zaman imla məsələsi ortaya atıldı. Maarif komissarlığı konfrans çağırdı. Üç fikir ortaya qoyuldu: 1. Əlifbanı olduğu kimi saxlamaq,  2. İslah etmək, 3. Yeni əlifba yaratmaq.
İslahatçılar az səslə qalib gəldilər. Üç il keçdi. İslahat yeni bir şey vermədi.”.
Xalid Səid Bağçasarayda professor Bəkir Çobanzadə, Maarif Komissarlığının Tərbiyeyi-İçtimaiyyə müdiri Odabaşı, Maarif Komissarı Həsən Səbri, Osman və b. söhbətlərini, eləcə də yolboyu Tatarıstanda, Orenburqda və b. şəhərlərdə apardıqları işləri geniş təsvir edir. Özbəkistanda hökumət adamları Moskvaya getdiklərindən onlarla görüşə bilmirlər. Daşkəndin əski şəhər hissəsindəki Dəstərxançı Mədrəsəsinə gəlirlər. Şəhərdə ilk üsuli-cədid məktəbi açan, “1906-cı ildən inqilaba qədər tərəqqipərvər gənclərə kömək etmiş bir adam” -Münəvvərqari (qari - Quran əzbərlədən xüsusi məktəb müəllimi) ilə tapışırlar. Axşam Məhərrəm Qari ilə Yusif Əliyev onların vaqonlarına gəlir. Söhbət edirlər. Aydınlarla, müəlilimlərlə görüşlərini təşkil edəcəklərini vəd verirlər. Sonradan Şəhabəddin Əfəndiyə qonaq olurlar.
Kitab Xalid Səid şəxsiyyətinə və onun yaradıcılığına marağımı artırdı. Lakin əlavə bir bilgi ala bilmədim. Xalid Səid haqqında demək olar heç nə yazılmamışdı. Əski qəzet və jurnallırı səhifələməyə, kitabxanalarda iyirmi-otuzuncu illərdə çap olunmuş kitabları axtarmağa başladım. Xalid Səidin iki kitabını - 1926-cı ildə Bakıda ərəb əlifbası ilə nəşr etdirdiyi “Osmanlı, özbək, qazax, ləhcələrinin müqayisəli sərfi - (müəllif fikirlərini izah edərkən Azərbaycan ləhcəsindən də geniş istifadə edib) və 1933-cu ildə latın əlifbası ilə nəşr etdirdiyi “Müxtəsər üslubiyyat” (bu kitabı A.Tağızadə ilə birlikdə yazıb; kitab bir neçə dəfə çap olunub orta məktəbdə sintaksis və üslubiyyatı tədris etmək üçün nəzərdə tutulub). Kitablarını və bir neçə məqaləsini tapıb oxudum.
Əlavə bilgi almaq ümidilə ailə üzvlərini axtardımsa da tapa bilmədim. Azərbaycanın ünvanlar bürosunda Xocayev soyadlı insan çox az idi. Onlar arasında da mənim axtardığım tapılmadı.
Universiteti bitirəndə məni Naxçıvanda “Şərq qapısı” qəzetinə işləməyə göndərdilər. Mərkəzdən uzaq düşməyim arxivlərdə, zəngin kitab fondu olan kitabxanalarda işləməyimi əngəlləyirdi. Odur ki, imkan tapanda Bakıya gəlir, Əmin Abidin həyat və yaradıcılığı mövzusunda dissertasiyanı tamamlamağa çalışırdım.
Bu sahədə də bir sıra əngəllərlə rastlaşırdım. Ə.Abidin dövri mətbuatda çap olunan və arxivlərdəki əsərləri ilə tanış olsam da, tərcümeyi-halını dəqiqləşdirə bilmirdim. Bu işdə rəhmətlik Rasim Tağıyev dadıma çatdı. Zəhmətkeş araşdırıcı, qaynaqlarla işləməyi sevən R.Tağıyev Azərbaycan EA-da çalışmış bütün işçilərin şəxsi işləri saxlanan arxivin yerini mənə söylədi. Abidin şəxsi işi ilə tanış olandan sonra başqa araşdırıcıların da şəxsi işləri ilə tanış olmağa başladım. Arxivçi Xalid Səidin şəxsi işini verəndə dedi: - Burada işlədiyim 25 ildə Xalid Səidlə maraqlanan ikinci şəxs sizsiniz.
Dilçilərimizin, dil tarixçilərimizin, ya da Azərbaycan - Özbəkistan ədəbi əlaqələrini öyrənən araşdırıcılarımızdan birisinin olacağını düşündüm: yaxın vaxtlarda yəqin məqaləsini oxuyanda kim olduğunu biləcəyəm. Əsas diqqətimi X.Səidin şəxsi işindəki sənədlərə yönəltdim. 16 səhifəlik qovluqda araşdırıcı üçün X.Səidin ömür yolunu öyrənməyə yetərli material vardı. Ancaq bunları ürək ağrısız oxumaq mümkün olmurdu.
Şəxsi işin ilk səhifəsi X.Səidin Kabarda-Balkar Vilayət Komitəsinə - Kumukova 1 iyun 1937-ci ildə yazmış olduğu məktubla başlayır: “Sizin 4/III-37-ci ildə yazmış olduğunuz məktubu aldım. Və böyük maraqla oxudum. Sorğularınıza gec cavab verdiyimə görə üzr istəyirəm.
1. Mahmud Kaşqari əsərinin yeganə nüsxəsi İstanbuldadır və orada da çoxaldılmışdır.
2. Mən bu əsərin tərcüməsinə 1 sentyabr 1935-ci ildə başlayıb bu ilin aprelində qurtarmışam. Əsəri çapa hazırlayıram və redaktə üçün 1 iyuladək redaktorların - akademik İ.Kraçkovski və prof. S.Malovun yanına Leninqrada aparacağam”.
Məktub üzərinə belə bir dərkənar qoyulub: "Xocayeva həbs olunduğu üçün məktub göndərilməsin və şəxsi işinə əlavə olunsun." Dərkənar 9 iyun 1937-ci ildə imzalanıb. Hər iki tarixi tutuşduraraq X.Səidin 1937-ci il iyunun 1-9 arasında həbs olunduğunu müəyyənləşdirdim. Sonralar DTK (KKB) arxivlərində araşdırıcılara işləməyə icazə verəndə akademik Ziya Bünyadov Xalid Səidin istintaq işi ilə də tanış oldu (İş N 12493) və onun iyunun 3-də həbs olunduğunu yazdı.
Şəxsi işin 2-7-ci səhitfələri əmək kitabçasının surətini daimi işə keçmək haqqında 26 aprel 1934-cü ildə yazdığı ərizəsini, anket göstəricilərini əhatə edir. 10-15-ci səhifələrdə isə Xalid Səid yazmış olduğu çap olunan və olunmayan əsərlərinin adlarını və hər əsərin məzmunu haqqında iki-üç cümləlik bilgi verir. Oradan Xalid Səidin 13 əsərinin təxminən 125 çap vərəqi həcmində olduğu və tərcümə edib çapa hazırladığı Mahmud Kaşqarlının "Divanu luğat-it türk"ün 70-80 çap vərəqi həcmində olduğunu öyrənirik.
Şəxsi işin 16-cı səhifəsində professor Bəkir Çobanzadənin 1 rəyi də var.   2.12.1935-ci ildə imzalanmış bu rəydə deyilir: (S.Xocayevin 14 elmi əsəri var). Onlardan türk dilinin sintaksininə dair sonuncu əsərini xüsusilə qeyd etmək lazımdır. Bu əsərdə S.Xocayev şərq və rus dilçiliyinin sintaksis nəzəriyyəsi sahəsindəki fikirlərinin hamısından istifadə etmiş, türk dilinin sintaktik quruluşuna dair zəngin materiallar toplamışdır".
B.Çobanzadə müdafiə etmədən Xalid Səidə dilçilik üzrə elmlər namizədi adı və dosent elmi dərəcəsi verilməsini təklif edir.
Xalid Səid elmi yaradıcılıqla yanaşı, ardıcıl olaraq tərcüməçiliklə də məşğul olmuşdur. O, rus dili ilə yanaşı, qədim türkcədən, çağdaş özbək türkcəsindən Azərbaycan ləhcəsinə tərcümələr etmişdir. Özbək yazıçısı Abdulla Qədirinin, "Ötən günlər" romanını çevirərək 1928-29-cu illərdə Bakıda çap etdirmişdir.  "Gənclik" nəşriyyatı bu əsəri 1979-cu ildə İsa İbrahimovun ruscadan tərcüməsindən çap etdi. X.Səidin tərcüməsi isə tamam unuduldu!
Türkologiyanın bugünkü səviyyəisndən baxanda Xalid Səidin xidmətləri kiçik görünə bilər. Amma 20-ci illərin səviyəsindən baxsaq, necə bir nəcib və böyük iş gördüyünün şahidi olarıq. Ölkənin əsas ideologiyası proletar beynəlmiləlçiliyi olduğu, türçülüklə məşğul olanlara pantürküst damğası vurulub təqib edildiyi, həbslərə atıldığı bir zamanda Xalid Səid "Türk dillərinin tarixi qrammatikası" , "Türküstan tarixinin qısa icmalı", "Türk ədəbiyyatı nəzəriyyəsi", "Cığatay  ədəbiyyatından mühazirələr", "Müqayisəli qarmmatika" və b. əsərlərini yazır. Orxon yazılarını çağdaş dilimizə çevirərək ona şərhlər hazırlayırdı.
Xalid Səidin şəxsi işində 9-10-cu səhifədə onun rus dilində yazdığı tərcümeyi-halıdır. Bu tərcümeyi-hal üzərində bir az dayanacağıq deyə və müəllifin özü tərəfindən yazıldığına görə, qiymətli sayıb burada tərcüməsini tam veririk:
Mən 1888-ci ildə Daşkənd şəhərindən 25 km. aralıda yerləşən Kaşkurçay kəndənidə anadan olmuşam. Kənd məktəbini bitirdikdən sonra məni Daşkənd şəhərindəki mədrəsəyə yolladılar, çünki o vaxt rus məktəbini "kafirlərin məktəbi" hesab edirdilər. Mədrəsədə beş-altı il oxudum, 1905-ci ildə inqilab baş verdi, bu inqilabdan doğan və bütün Şərqi əhatə edən hərəkat mənə də təsir göstərdi və mən də belə bir fikir yarandı ki, həyatımı yenidən qurum; ancaq ətraf mühit hələ də konservativ olduğundan rus təhsil müəssisədə təhsili davam etdirmək mümkün deyildi. Mən də başqa bir çıxış yolu axtaırıdım. Ətrafımdakı molla və hacılardan Konstantinopol haqqında o qədər şirin, əfsanəvi söhbətlər eşitmişdim ki,  bu şəhəri görmək arzusunda idim. Ancaq mənim maddi imkanlarım yox idi ki, arzuma yetim. Atam isə mənə lap az kömək göstərirdi, mənə qarşı çox xəsis, qıyımsız idi. Çıxış yolu təsadüfən tapıldı. Yaxınlaqdakı kəndlərin birində kənd üçün təyin olunmuş vergilərin ümumi hesabına uyğun olaraq onlar arasında bölünəcək torpaqların sahəsini ölçmək lazım idi. Mədrəsədə oxuyarkən ərəb kitablarından torpağı ölçmək texnikası ilə tanış idim və öz qulluğumu təklif edib, beş-altı aya kifayət qədər pul qazandım. Pul əldə edəndən sonra daha bir maneəçiliyi aşmalı idim. O zaman general-qubernatorun əli ilə Türküstanlılara xarici posport verilməsi qadağan olunmuşdu. Onda bir tanışımın məsləhəti ilə mən təqribən dörd-beş manata bir çin posportu aldım ki, onda nə tarix, nə də yiyəsinin adı aydın yazılmamışdı və bu pasportdan hökumət qarşısında istifadə etmək olardı. Bu posportla mən Konstantinopola gəldim. Konstantinopolda fikrim var idi səyahətimi Misirə və Suriyaya davam etdirim. Lakin təsadüfən qəzetdə Konstontinopol Universiteti nəzdində iki illik hazırlıq kursları açılması haqqında elan oxudum. Fikrimi dəyişdim və qərara gəldim ki, qalım Konstontinopolda kurslara hazırlaşım. Bu kurslara sınaq kursu üzrə 430 nəfər qəbul edirdilər. Sınaq müsabiqəsinə buraxılan 1750 nəfərin içərisində mən də vardım. Universitetə qəbul olub altı-yeddi il  Konstontinopolda qalıb təhsilimi başa vurdum.
1918-ci ildə Türküstana qayıtmaq məqsədilə Azərbaycana gəldim, ancaq əlaqə yolları bağlandığından burada -  Azərbaycanda qalmağa məcbur oldum və Gəncə kimnaziyasında müəllim işinə düzəldim. 1920-ci ildə Türküstana keçə bildim. Ancaq əlverişsiz iqlim şəraiti məni 1922-ci ildə Azərbaycana qayıtmağa məcbur etdi. O vaxtdan mən burada orta və  ali məktəblərdə müəllim işləyirəm.  
Bakı, 1934-cü il, 26 aprel.
 Müəllifin 1918-ci ildən sonrakı tərcümeyi-halı bizə şübhəli görünürdü. Çünki xatirələrdən 1918-20-ci illərdə yüzlərlə insanın Azərbaycandan Özbəkistana, oradan da buraya gəldiyini bilirdik. Bəs necə olub Xalid Səid Daşkəndə gedə bilməyib?
Əlimizdə sənədlər olmasa da, həmin dövrün tarixi hadisələri bizi başqa cür düşünməyə məcbur edirdi. Birinci Cahan Savaşında məğlub olan Rusiya müstəmləkələrini asanlıqla itirmək istəmirdi. O, özünü toparlayana kimi müstəmləkə altında saxladığı xalqların bir-birilə savaşmasını istəyirdi. Buna da nail olmuşdu. XIX yüzildə Türkiyədən və İrandan gətirib Qarabağ və İrəvan xanlığı ərazisində yerləşdiyi erməniləri silahlandırıb savaşa cəlb etmişdi. Cəbhədən dönən rus orduları ilə birləşən erməni silahlıları Qafqfzda müsəlmanları kütləvi surətdə qəddarlıqla qırırdı.
Yeni yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin nizami ordusu, polis dəstələri olmadığına görə, dinc əhalini qoruya bilmirdi. Məhv olmaq təhlükəsi ilə qarşılaşan xalq yeganə ümid yeri kimi Osmanlı dövlətinə müraciət etdi. Osmanlı dövləti özü Cahan Savaşında ağır itkilər versə də, qısa müddətdə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu yaratdı və Azərbaycana göndərdi. Osmanlı əsgər və zabitlərdən və könüllülərdən təşkil edilmiş Qafqaz İslam  Ordusu Gəncədə yerləşdi. Ordu yalnız hərbçilərdən ibarət deyildi. Onun rəhbərliyində Əhməd bəy Ağaoğlu (Ağayev) kimi turançı ideoloqlar da vardı. Bu ordunun məqsədi yalnız Qafqazı deyil, Türküstanı da rus işğalçılarından azad etmək, əsarətdə qalan soydaşlarına müstəqil dövlətlərini qurmaqda kömək etmək idi.
Əhməd bəy Ağaoğlunun yanında Xalid Səid kimilərinin olması təbii idi. Qafqaz İslam Ordusu Xəzər dənizini keçsəydi, Xalid Səidlərə böyük ehtiyac duyacaqdı. Qafqaz İslam Ordusu qarşısına qoyduğu vəzifəni şərəflə yerinə yetirdi  Güclü bir həmlə ilə xarici müdaxiləçiləri darmadağın edib 1918-ci il, 15 sentyabrda Bakını işğalçılardan azad edildi. Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü.
Lakin Mudros sülhü Almaniyanın müttəfiqi Türkiyəni Qafqazdan uzaqlaşdırmaq tələbi ilə Osmanlı dövlətini çətin vəziyyətə qoydu. Qafqaz İslam Ordusu nəinki zəfər yürüşünü Türküstana doğru davam etdirə bilmədi, əksinə o, geri qayıtmaq və ya buraxılmaq  zərurəti qarşısında qaldı.
Şübhələrimiz əsassız deyilmiş. DTK (KQB) arxivlərində 1937-ci illərdə həbs olunanlar və güllənənlərin istintaq materialları ilə tanış olanda, Xalid Səidin aşağıdakı etirafını oxuyuruq: "1918-ci ildə mən İstanbul Universitetinin bir qrup tələbəsilə birlikdə Nuru Paşanın Türk Ordusunda (Qafqaz İslam Ordusunu nəzərdə tutur - Ə.Ş.) Azərbaycana göndərildim. Biz ordunun "Şubə və Məxsusi" xüsusi şöbəsinə təyin olunduq".
Xalid Səid 1918-20-ci illərdə Gəncədəki müəllimlər seminariyasında və Oğlan gimnaziyasında dərs dediyini yazır. Əlimizdə materiallar olmadığına görə, qəti bir fikir söyləməsək də, Xalid Səid kimi millətsevər bir şəxsin iki il yalnız müəllimlik etməsinə inanmaq olmur. Onun Gəncədən Daşkəndə getməsi bolşeviklərin Azərbaycanı işğalından (28 aprel 1920-ci il) sonra Gəncədə baş vermiş qiyamla (28 may 1920-ci il) eyni vaxta düşür. Gəncə qiyamına görə həbs olunanların tam siyahısı əlimizdə yoxdur. Bu qiyamla əlaqəsi olmayan müəllim "Azərbaycan ədəbiyyatı" kimi möhtəşəm əsər yazan Firidun bəy Köçərlini bolşeviklər güllələyirdilərsə, onunla tanış olan və millətçiliyi ilə seçilən Xalid Səidə gözün üstə qaşın var deyən olmurdu. 1937-ci il istintaqı zamanı DTK müstəntiqinin "Azərbaycandan, Türk Ordusu təxris olunduqdan sonra Sizin Türkiyə kəşfiyyatı ilə əlaqəniz barədə istintaqda kifayət qədər məlumat var" ifadəsi də dediklərimizə bir tutalqac ola bilər.
Bu hələ araşdırılmamış mövzu olaraq qalır. 1920-ci ilin sentyabrından Daşkənddəki Ali Pedaqoji məktəbdə müəllim, sonra müdir işləyən Xalid Səid 1922-ci ilin oktyabrında Bakının Balaxanı rayon şöbəsində fəhlə fakültəsində müəllim işləyir. Xalid Səid sənədlərdə Bakıya dönməsinin səbəbini Daşkəndin havasının düşməməsi ilə əlaqələndirir. Biz Xalid Səidin Sovet İdarələrinə yazdığı sənədlərlə tanışıq. Onun belə yazması da təbii sayılmalıdır.
Amma ayıq araşdırıcı onun Daşkənddən Bakıya gəlməsinin arxasında nə durduğunu öyrənməyə çalışmalıdır. Bunun üçün Özbəkistan DEK (KQB) arxivi, eləcə də xüsusi xidmət orqanlarının arxivləri diqqətlə öyrənilməlidir. Belə güman edirik ki, Xalid bəy təqibdən yayınmaq üçün və ya yeni bir türklük mərkəzi formalaşdırmaq üçün Bakıya dönüb.
Xalid Səidin "Daşkəndin havası ona düşmədiyinə görə" Bakıya dönməsinə şübhə ilə yanaşmamız səbəbsiz deyil – Krımdan Bəkir Çobanzadəyə, Kazandan Əziz Qubaydillinə, Estoniyadan Artur Rudolf oğlu Zifeldt – Simumgi də görəsən Bakının havası düşdüyünə görəmi oraya gəlmişdilər?!
Xalid Səidin Bakıdan ucqar dağ rayonu Qusarda təşkil edilmiş pedaqoji kursda işləməyə getməsi (16.05.1923) musavatçıların kütləvi həbs edilməsi və istintaqa cəlb edilməsilə eyni vaxta düşür. 1924-cü ilin Oktyabrında Xalid Səid Bakıya dönür. Səmərqənddən gəlib Bakıda təhsil alan tələbələrə rəhbər təyin edilir. Çox çəkmir ki, "tələbələr arasında əksinqilabi, millətçi təbliğat apardığı üçün" işdən uzaqlaşdırılır.
Bütün təzyiq və təqiblərə baxmayaraq, Xalid Səid Özbəkistan SSR Maarif Nazirliyinin Azərbaycan Respublikasında təhsil alan tələbələr üzrə səlahiyyətli nümayəndəsi olanda da, Azərbaycan Ali Pedaqoji institutunda, S.Ağamalı adına Torpaqşünaslıq Texnikumunda, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Hidromeliorasiya Texnikumunda işləyəndə də daim tələbələrdə milli şüur yaratmaq üçün türklük təbliğatı aparmışdır.
Azərbaycan Dövlət Siyasi İdarəsinin (DTK-nin keçmiş adı) sədri  Novruz Rzayev Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibliyinə 1929-cu il mayın 15-də yazdığı gizli məktubunda millətçi müəllimləri məktəblərdən "təmizləmək" yəni işdən çıxarmaq üçün komissiya yaradılmasını və bu komissiyaya gizli olaraq onların əməkdaşlarının da  daxil edilməsini tövsiyə edir. Tövsiyədə  göstərilir ki, xüsusən  türk ədəbiyyatı, coğrafiya və ictimaiyyət müəllimlərinə qarşı yönəldilmiş bu "təmizləmə" əməliyyatı kütləvi narazılıq yaratmasın deyə müxtəlif vaxtlarda ayrı-ayrı məktəblərdə aparılsın.
Xalid Səid də bu "təmizləmə" əməliyyatlarından kənara qala bilməzdi. Onun iş yerini tez-tez dəyişməsinin arxasında DTK-nın barmağını görməmək mümkün deyildi.
Elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai işlərdə də fəal olan Xalid Səid 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaya xüsusi dəvət edilmişdir. O, Qurultayın gündəliyində olan məsələlər ətrafındakı müzakirələrdə iştirak etmiş, qurultayın yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməmişdir. Xalid Səidin bu fəaliyyəti Sovet xüsusi xidmət orqanlarının diqqətindən kənar qalmamışdır. 1937-ci ildə həbs edilərkən müstəntiqlə onun arasındakı dialoq istintaq sənədlərində aşağıdakı kimi yazılmışdır:
"Müstəntiq: -  Əksinqilabi pantürkist təşkilata nə vaxt daxil olmuşsunuz?
Cavab: - 1925-ci ildə məşhur pantürkist Ə.S.Qubaydullinin Bakıya gəlişindən sonra.
Müstəntiq: - Pantürkist təşkilatda sizin praktik əksinqilabi fəaliyyətiniz nədən ibarət idi?
Cavab: - Mən tələbə gənclər arasında pantürkist təbliğat apararaq Sovet Hakimiyyətinə qarşı pantürkist kadrlar hazırlayırdım".
...Xalid Səid şəxsi işi ilə tanış olarkən arxiv işçisinin dediyi:“Burada işlədiyim 25 ildə Xalid Səidlə maraqlanan ikinci şəxs sizsiniz” sözlərini unuda bilmirdim. Diqqətlə mətbuat səhifələrini izləyirdim. X.Səid haqqında heç bir yazıya rast gəlmirdim. Öz-özümə düşünürdüm: “Xalid Səidin həyat və yaradıcılığı ilə tanış olan araşdırıcı susa bilməz! Bəs məndən öncə bu sənədlərlə tanış olan görəsən niyə susurdu?” Növbəti dəfə arxivdə işləyərkən Xalid Səidin şəxsi işi ilə tanış olan şəxsin kimliyini öyrənmək  istədim. Arxivin əməkdaşı işin sonunadək cavab verə biləcəyini söylədi və vədinə əməl etdi. Onun mənə verdiyi kiçik vərəqdə yazılmışdı: "Məmədova Bayca Xalid Səidovna Xarici Dillər kafedrasında müəllim. Adresi: Bakı Xosrov Ruzbeh küçəsi 44/46, blok 2, mənzil 31".
Oxuyan kimi şəxsi işlə tanış olanın araşdırıcı deyil, Xalidin qızı olduğunu anladım. İlahi mən bu qadını nə qədər axtarmışdım! Xalid Səidin şəxsi işində göstərdiyi Bakı Qasım İsmayılov küçəsi, ev 12-yə neçə dəfə getmişdim! Orada ciddi sənəd tapmayacağımı yaxşı bilirdim. Sovet irticasının qurbanı olanların ailə üzvlərinin əksəriyyəti kimi onlar da məni gözyaşlarına, kədərə qonaq edəcəkdilərini bilirdim. Bu acı-ağrılar da mənim üçün xoş idi. Kaş ailə üzvlərindən, onu tanıyanlardan kimisə tapa biləydim. Lakin heç kimi tapa bilməmişdim. Qonşular da dəyişilmişdi. Bir xəbər verən yox idi. İndi birdən-birə onun qızının ünvanını əlimdə tutmuşdum.
Bir dəstə gül almağı, üst-başımı səliqə-səhmana salmağı da unudub, taksiyə əyləşdim. On dəqiqə sonra göstərilən ünvanda qapının zəngini basırdım. Düşündüyüm kimi də oldu. Göz yaşları Bəycə xanıma danışmağa aman vermirdi. Atasının həbsindən 40 il keçsə də, hadisə dünən baş verib kimi danışıb ağlayırdı. Arada yaranan fasilədən istifadə edib söhbəti istədiyim axara salmaq, sənədlərdə rast gəldiyim faktları dəqiqləşdirmək üçün suallar verməyə başladım. O isə mənim suallarıma birbaşa cavab vermir, ötənləri yada salıb danışırdı:
- Kiçik deyildim. Yox, yox! 12 yaşım vardı. O dəhşətli gecəni unutmaq olarmı? İndi də yuxuma girəndə səksəkə ilə oyanıram. 1937-nin iyununun 3-də  apardılar. Özü ilə bərabər üç çamadana da əlyazmalarını yığdılar. Yalnız birini xəlvətə salıb anama verdi. Dedi: Bunu qoruyub saxlaya bilsəniz, sizi dolandırar.
- O hansı əsəri idi? M.Kaşkarlının "Divanı" deyildi ki?
- Yox, yox. Onu çox yaxşı xatırlayıram. Kitab kimi deyildi. Qalın qovluqlar idi. Atamın verdiyi isə kitab kimi cildlənmişdi.
- Bəlkə “Türk dillərinin tarixi qrammatikası” idi?
- Yox.
- "Üslubiyyat nəzəriyyəsi" ola bilərdimi?
- Yox.
Bu minvalla X.Səidin mənə məlum olan əsərlərinin hamısını saysam da, "yox" cavabı alıram.
- Anama verdiyi kitabı son günlərdə tamamlamışdı. Anamın həbs edilməsi ilə onu da itirdik. Atamın iş yerindəki əsərlərinin necə olduğundan da xəbər tuta bilmədik. Anamı həbs etməyə gələndə o qulağıma pıçıldadı: "Qaç xalan gilə". O illərdə ataları, anaları həbs edilənlərin övladlarını zorla Sovet internatlarına aparırdılar. İstəyirdilər uşaqları Sovet vətənpərvərliyi ruhunda tərbiyə etsinlər. Yəni beyinlərini dəyişsinlər. Qorxurdular qohumların himayəsində qalan uşaq antisovet ərval-ruhiyyəsi ilə böyüyər.
Bəycə xanım, ananızı nə deyib tutdular?
- Anam Azərbaycanda tanınmış Zərgərlilər nəslindən idi. 1924-cü ildə atamla evlənmişdi. Atamla salamməleykümdə olanı həbs edirdilərsə, onunla bir yerdə yaşayan, ömür-gün sirdaşının həbsində nə qəribəlik ola bilərdi? Bir də onda məgər "niyə məni tutursunuz"?  Və ya "filankəsi niyə tutdunuz"? sualı vermək olardı?! Anam Sara Rza qızı savadsız olsa da, xanım-xatın bir qadındı. Həbsxanadan Stalinin ev ünvanına yazdırdığı bir şikayət məktubundan sonra onu həbsdən 1941-ci ildə buraxdılar. Həbsdən dönəndən sonra çox yaşamadı. Mənəvi cəhətdən sarsılmışdı.
- Bəycə xanım, atanız universiteti gec qurtarıb.
- Hə, onu bilirəm. Atamın tibbdən də başı çıxırdı. Elə bil ailə həkimi idi. İstanbul Universitetinin tibb fakültəsinə qəbul olunub; sonra fikrini dəyişərək,  tarix-filologiya fakültəsinə keçib.
- Heç Daşkəndə gedib atanızın doğulduğu yerləri, əminizi, bibinizi, nənənizi görübsünüzmü?
- Getməmişəm. Amma yaddaşım nəslimiz haqqında xeyli bilgini qoruyub saxlayıb. Babamın adı Səidəlidir. Babamgil həmin bölgədə məşhur olan Xocalar soyundandırlar. Familiymızdakı "Xocayev" də oradan gəlmədir. Atamgil beş qardaş olub. Böyüyünün adını yadıma salıb deyərəm. İkinci qardaşın adı Sal Xoca, üçüncüsü Xal Xoca, dördüncüsü Əhməd Xoca, beşincisi Soltan Xoca olub. Xal Xoca atamın adıdır. Sonradan Xalidə çevrilib. Babamgilin gəndi Koşkuran Bostandıq rayonundadır. Çirçikin yanında. Mənim adım sənədlərdə Bayca yazılsa da, atam və evdəkilər Bəycə çağırardılar.
Bəycə xanım acı-acı deyir:
- Uzun illər Akademiyada aspirantlara xarici dil öyrətmişəm. Həyat yoldaşım da alimdir. Bakı Ali Partiya  Məktəbində dərs deyir. Amma hələ də atam həbs olunandan sonra başına nələr gəldiyini bilmirik. Ağızdan-ağıza keçən söhbətlərdən 1937-ci il oktyabrın 12-də güllələndiyini eşitmişəm. Nə dərəcədə doğrudur, bilmirəm.  
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərardadına görə atama bəraət verildi. Bu necə bəraətdir? Atam həbs ediləndən 30 ilə yaxın vaxt keçir, mən hələ də evimizdən aparılan əlyazmalardan, kitablardan xəbər tuta bilmirəm?! Bu necə bəraətdir, atamın adı hələ də əbədiləşməyib?
Bəycə xanım danışdıqca fikrimdən "qan yaddaşı" deyimi keçir. Xala himayəsində atasının doğulduğu yerlərdən min kilometrlərlə uzaqda doğulan və yaşa dolan bu insan elə danışır elə bil oradan beş-üç gündür ayrılıb.
Tələbələri, iş yoldaşları, tanışları və qohumları da Xalid Səidi beləcə xatırlayıb xatirələrini qələmə alsaydılar, necə gözəl olardı! Bəraət veriləndən sonra da Xalid Səidin əsərlərinin toplanıb istər Azərbaycanda, istərsə də Özbəkistanda çap olunmamasına səbəb onun ideyasının bəraət almaması idi. 10 ildir Azərbaycan da, Özbəkistan da müstəqillik əldə edib. Heyif ki, müstəqilliyimizin ideya əsasını təşkil edən əsərləri hələ də çap etməmiş, bu yolda həyatlarını qurban verən insanları layiqincə qiymətləndirməmişik.
Bəycə xanımla görüşümüzdən iki il sonra (1988) Azərbaycanı mitinq dalğası bürüdü. DTK  arxivlərindəki bəzi sənədlərlə tanış olmağa imkan yarandı. Ağızdan-ağıza gəzən xəbər doğru çıxdı. X.S.Xocayev 12 oktyabr 1937-ci ildə gecə Bakı şəhərində güllələnibmiş. Zəmanənin ən qorxulu, ən gizli təşkilatı DTK da sən demə, xəbər sızırmış. Arxivlərin açılması ilə araşdırıcılar bir çox məsələlərə aydınlıq gətirdilər. Filologiya elmləri namizədi Əsgər Quliyev yazdı: "Bu əsərlər (söhbət X.S.Xocayevin "Sintaksis" və "Üslubiyyat nəzəriyyəsi" əsərindən gedir - Ə.Ş.) X.Səidin işıq görməyən yeganə araşdırması deyil. Onun 12 çap vərəqi həcmində "Türk dillərinin tarixi qrammatikası" adlı əsəri də olub. Həmin araşdırma M.Kaşqarlının "Divan"ının materialları əsasında ümumtürk tarixi qrammatikasına həsr olunub və SSRİ EA Azərbaycan filialının xüsusi sifarişilə yerinə yetirilib. Bu dəyərli əsər də yoxa çıxıb".
Müəllif M.Kaşqarlı "Divan"ı ilə bağlı fikrini belə ümumiləşdirir: "Bir məlumata görə "Divan"ın tam tərcüməsi(!) 1939-cu ildə başa çatıb və həmin ildə S.Malov və A.Kononov tərəfindən redaktə olunub, çapa verilib... Lakin 60-cı illərdə  tərcümə üzərində yenidən təkmilləşdirmələr (Ə.Dəmirçizadə, Ə.Cəfərov, C.Əfəndiyev) aparılıb (Bax: "Sovetskaya Turkoloqiya" jurnalı, 1973, N1, s.4).
Elə o vaxtdan da "Divan"ın tərcüməsi hərdənbir nüfuzlu "komissiyalar" tərəfindən yoxlanılıb, "təkmilləşdirmələr aparılmaqla tərcüməçilər siyahısına xeyli familiyalar əlavə oluna-oluna  gedib… Deyəsən, X.Səidin adı hələ saxlanılıb".
Ə.Quliyevin X.Səidə həsr olunmuş "İki xalqın oğlu" məqaləsini Osman Qoşqar özbəkcəyə çevirərək "Gülüstan"jurnalında çap etdirib.
1916-cı ildən həbs olunanadək pantürkist mövqedə dayanan, 1935-ci ildə Azərbaycan Pedaqoji institutunda oxuyan özbək Səlimsakovu da bu işə cəlb edən, Azərbaycanda Vəli Xuluflu, Qulam Bağırov Zifeldt (söhbət milliyətcə eston olan Artur Rudelfoviç Zifeldt – Simumyakidən gedir - Ə.Ş.), Cabbar Məmmədzadə, Hənəfi Zeynallı və b. alimlərlə, Hüseynzadə, Dəmirçizadə kimi aspirantlarla pantürkist söhbətlər edən, əksinqilabi fəaliyyət göstərən X.S.Xocayevi 1937-ci ildə antisovet pantürkist təşkilatın üzvü olduğuna, Sovet hakimiyyətini devirmək, milli respublikaları SSRİ-dən ayırmaq və vahid türk tatar dövləti yaratmaq istədiyinə görə həbs edib, güllələyiblər.
Xalid Səid və onun məsləkdaşlarının istəkləri gec də olsa gerçəkləşdi. Əslində tarix üçün, ideyanın gerçəkləşməsi  üçün 50-100 il nədir ki?!

 Qaynaqlar və notlar.

Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı.1929.s.9.
Xocayev X.S. şəxsi işi. Azərbaycan EA Əlyazmalar fondu. s.1.
Ziya Bünyadov. Qırmızı terror. "Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993, s.166 (Kitaba daxil edilən məqalələrin əksəriyyətini Z.Bünyadov 1988-ci ildən başdayaraq "Elm" qəzetinin müxtəlif saylarında və başqa qəzetlərdə çap etdirib. - Ə.Ş.).
Gənc Azər (istintaq materialları üzrə) Sənədləri çapa hazırlayan: B.C.Rəfiyev. "Azərnəşr", Bakı, 1993.
Ə.Quliyev. İki xalqın oğlu. "Elm" qəzeti, 1988, 23 iyul, N29 (127).
Ə.Cəfərov. Xalid Səid ana yurdunda. "Elm" qəzeti, 1988, 17 dekabr, N48 (174).
Çap olundu: Xalid Səid. “Filologiya araşdırmaları” toplusu, 2003, sayı 19, səh.36-52.


Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.