Simran Qədim - Dekartın qərarı
24.01.19

Esse

Dünya fəlsəfə tarixində dərin iz qoymuş, on yeddinci əsrdə “modern fəlsəfənin atası” kimi yeni bir cığır açan, onu sanki riyazi düstur şəklində konkretləşdirən fransız mütəfəkkiri, filosofu Rene Dekartın bu gün də dillər əzbəri olan və heç zaman yaddaşlardan silinməyəcək belə bir tezisi var: “Düşünürəmsə, deməli mövcudam.” Nə qədər qəribə səslənsə də, üç kəlməlik fikrin həm heç bir şərhə ehtiyacı yoxdur, həm də əksinə, bu haqda bir xeyli danışmaq olar. Sadə görünən kəlamı ürəyin istəyən kimi, o tərəf-bu tərəfinə çevir, neçə-neçə yozumlar, mənalar çıxart.

İnsanı insan edən, az-çox başqa canlılardan fərqləndirən elə düşünmə qabiliyyətidir. Gərək hər addımda yeri gəldi-gəlmədi bir daxili istək, ya nizamlanmaz şövq hesabına düşünmək üçün bəhanə tapasan. Sözün həqiqi və məcazi mənasında hər şey haqda fikirləşəsən. Daim beyində nəyisə çək-çevir etməyin nə zərəri var ki? Bu, insanın həyatdakı varlığını duyması, inandırıcı görünməsə də, yaşamdan zövq alması üçün çox önəmlidir. Yoxsa bir də baxacaqsan ki, tezisdə deyildiyi üzrə, mövcudluğunu itirmisən, qaz sobasının üstündə qaynayan su kimi buxarlanıb çıxmısan yoxa.

Bu məqamda qədim çin mütəfəkkiri Lao-Tzının aforizmini yada salaq: “Minlərlə kilometrlik səfər belə, tək bir addımla başlayır.” Amma addım atmaqdan ötrü də əvvəlcə düşünmək, fikri beynin dərinliklərində bir yerdə yaradıb üzə çıxarmaq lazım deyilmi? Məsələyə bir başqa rakursdan baxanda görürük ki, ilk addım saydığımız düşünməyə başlamaq üçün, həm də qərar verilməlidir. Düşünməli olduğumuza qərar verilməli...

Bütün hadisələrin nüvəsində iç-içə keçmiş şəkildə düşünmə və qərar vermə prosesləri dayanır. Kitab oxumağa, filmə baxmağa, alim, yazıçı, yaxud da filosof olmağa qərar vermək! Lap kiçik məsələlərdən tutmuş, dünyaya səs salan fundamental işlərə - elmi nəzəriyyələrin, texnoloji yeniliklərin kəşfinə kimi, həmişə müəyyən nəticələr çıxarılıb, kimsə də özü üçün bir rəyə gəlib. Heç nə göz açıb-yumunca baş vermir. Hər şey sadədən mürəkkəbə doğru sonsuz bir yoldadır.

Bəs çox qeyri-adi, bəzənsə tarixin yönünü dəyişən fövqəlbəşər ideyalar ağlımıza necə gəlir? Ümumiyyətlə, bu mexanizm nədən ibarətdir? Göylərdən səslərmi eşidirik, ya cinlər-əcinnələr qulağımıza nələrsə pıçıldayır? Biz isə, Arximedin vannada suyun daşdığını görüb “Evrika!” qışqırması kimi, sevincək yerimizdən dik atılırıq. Hardansa səs eşitməyimizə inanmaq gülüncdür, sözsüz ki.

Başqa bir sual: görəsən dünya yaranandan insanın müstəqil düşüncəsi olubmu? Hələ antik dövrdən qalma bir fikir var: bizim düşüncə və qavrayışlarımız görmə, eşitmə, dadbilmə, iybilmə, toxunma kimi duyğu üzvlərindən gələn informasiyalara əsaslanır. Digər tərəfdən ağlın da rolu var. Zəkamız dünyanı nə cür qavrayır, ötürülən məlumatlar necə analiz edilir? Axı təhlil etmə qabiliyyəti də bəlli bir sərhəddədir. Ən düzgün yanaşmanı isə Kant verib: gərək hissi qavrayışlarla ağıl, yəni empirizmlə rasionalizm ortaq məxrəcdə birləşdirilsin.

Deməli, hərə dünyayla bir cür tanışlıq qazanıb, fərqli görüşlərə yiyələnir, adamın öz sərbəst fikri olmur. Ayrı-ayrı baxışlar formalaşdığından mütləq həqiqət deyilən şey dünyagörüşümüz çərçivəsindəki məfhuma çevrilir. Hərə bir yol tutub gedir. Eyni cığırda birləşənlər də olur, yönünü dəyişib yoldaşlarından ayrılanlar da. Bəzi şeyləri dərk etdikcə isə bir çox məsələləri yenidən qiymətləndirməli oluruq. Qısası, ən cılızından həyati önəm daşıyanına kimi, ağla gələn hər fikrə bir sıra şərtlər təsir göstərir: öyrəndiklərimiz, təfəkkür və idrak.

Qərar vermək məsələsində düşünərək daha doğru yolu tapmaq əvəzinə, çox vaxt tələm-tələsik hökm çıxarmağa can atırıq. Axı zaman qıtlığı yoxdursa, niyə dəqiqələr, saatlar, hətta günlərlə düşünüb-daşınmayaq? Atalarımızın gözəl misalı var: “Yüz ölç, bir biç.” Emosiyaların önə çıxıb bizi yönləndirməsindənsə, ağlın hökmü altına girməyimiz daha düz deyilmi? Elə üstünlük də ağlıyla ağlına güc gələnlərdədir. Bununla dönüşü olmayan səhvlərdən özümüzü qaçırdarıq. Məşhur kəlamda deyildiyi kimi: hamı hər şeydən şikayətlənir, ağlının azlığındansa narazı olan yoxdur.

Minilliklər boyunca insan irqi – Homo sapiens bir çox şeyləri kəşf edib. Bu günə kimi insanlığa məlum şeyləri açıb oxumaq, bilgilərimizi artırmaqdansa, anlayışımız olmayan mövzularda fikirlərimizi yeritmək istəyirik. Özümüzü hamıdan ağıllı göstərməyə çalışmağın nə mənası var? Hələ bir fikir bildirməmişdən öncə nəyin nə olduğunu öyrən, gör söhbət nədən gedir. Bir kitabı oxumamış orda nə yazıldığını necə bilə bilərsən axı?!

Elə mətləblər də var ki, nə qədər əlləşib-vuruşursan heç nə alınmır. Məsələn, Xeyirin yaxşı, Şərin pis olduğu hamıya məlumdur. Amma bu anlaşılmaz dünyada kimin Xeyir, kimin Şər olduğunu necə tapasan? Ağ rənglə qaranın arasında gözümüzə boz gələn çaları hansı tərəfə aid etməli? Xeyirlə Şəri tapmayanda isə hara gedəcəyini bilməzsən, bir də baxarsan ki, yolunu azmısan. Qəliz şərtlərlə atıldığımız bu həyat oyunundan baş çıxarmaq gərək.

Bəlkə əl-ayağımızı lap başdan çəkməli, şahmatda uduzduğunu görüb daşları dağıdan cırnağan uşaq kimi şuluq salmalıyıq? Süst oturub əlimizi ağdan qaraya vurmamaq - çalışmamaq, oxumamaq, düşünməməklə nə qazanarıq ki? Sonra da hər şeyi taleyin boynuna yıxmaq meyli yaranır. Metafizikayla əlləşməkdənsə, bir az da qayıdıb özümüzə baxaq, ola bilsin, nəsə alınar.
Çoxları həyatda təkcə şansa, bəxtə arxalanır, bunun isə kökündə axtarış dayanır. Sən şansını yaxalamaq üçün pusquda durub fürsət güdmürsənsə, onun gələcəyinə necə ümid bəsləyə bilərsən? Nəyə diqqət ediriksə, onu da görürük. Şans deyilən şey həmişə var, hər an çevrəmizdə hərlənir. Sadəcə kimisi fikri ala dağda, qara dağda ola-ola yolu keçir, kimisi də şans qabağına çıxan kimi göydəcə qamarlayır.

Daim nəsə düşünüb müəyyən nəticələrə gəlmək, doğru-düzgün qərarlar çıxarmaq, bəlkə də, həyatın əsas mənasıdır. Şüurun dərinliklərindən saysız fikirlər çıxır, gərək onları ağılla redaktə edib təkcə keyfiyyətlilərini ortaya qoyasan. Onda Dekart kimi, üstündən əsrlər keçsə də, unudulmayan biri olacaqsan. Dekart tam dəqiqliklə dediyi fikri tapmaq, insan haqda belə bir qərara gəlməkdən ötrü çox çalışmış, əlbəttə ki, çox fikirləşmişdi. Təkrar da olsa, xatırlatmağın yeri var: “Düşünürəmsə, deməli mövcudam.”

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.