Günel Əhmədova - Sərhədləri aşan vətən eşqi
13.02.19

Türk dünyasının ən görkəmli şairlərindən biri Nazim Hikmət Ran (1902-1963) olmuşdur. Onun şeirləri sağlığında vətənində layiq olduğu dəyəri görməmişdir. Kommunist ideologiyasını dəstəkləyən Nazim Hikmət siyasi əqidəsinə görə təqib edilmiş, əsərləri qadağan edilmiş, İstanbul, Ankara, Çankırı və Bursa həbsxanalarında 12 ildən artıq cəza çəkmişdir. 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılmış, yalnız ölümündən 46 il sonra bu qərar ləğv edilmişdir.

Nazim Hikmət uzun müddət vətənindən ayrı qalmış, Moskvada və digər şəhərlərdə yaşamışdır.  Buna görə də onun bir çox şeirlərində vətən həsrəti duyulur. “Şeirimin kökləri yurdumun torpaqlarındadır” deyən şair vətəninə böyük bir məhəbbətlə bağlıdır və ondan ayrılmaq şairi dərindən yaralamışdır. O, şeirlərinin bir çoxunda bu həsrətini, kədərini əks etdirmişdir.

Vətəninin azadlığını, heç bir dövlətdən asılı olmamasını istəyən Nazim Hikmət siyasi fikirlərinə görə vətən xaini adlandırılmışdır. Bir Ankara qəzetində onun haqqında yazılanlardan çox qəzəblənən şair öz hisslərini şeirlə ifadə etmişdir. Bu qəzetdə Nazim Hikmət “Amerika imperializminin yarımmüstəmləkəsiyik” ifadəsinə görə tənqid olunmuşdur. Şair bu haqda “Vətən xaini” adlı şeirini yazmışdır:

“Nazim Hikmət vətən xainliyinə davam edir hələ də”
Əvət, vətən xainiyəm, siz vətənsevərsiniz, siz yurdsevərsinizsə,
mən yurd xainiyəm, mən vətən xainiyəm.
Vətən mal-mülkünüzdürsə,
qazanclarınızın və çek dəftərlərinizin içindədirsə vətən,
vətən küçə boyu yollarda gəbərməkdirsə aclıqdan,
vətən soyuqda it kimi titrəmək və istidən qıvranmaqdırsa yayda
Fabrikalarınızda al qanımızı içməksə vətən,
vətən dırnaqlarıysa ağalarınızın,
vətən polis dəyənəyiysə,
rüşvətləriniz, maaşlarınızdırsa vətən,
vətən Amerikanın üsləri,
Amerikan bombası,
Amerikan donanması, topuysa,
vətən, qurtulmamaqsa qoxumuş qaranlığımızdan,
onda vətən xainiyəm.

Burada bir çox məsələlərə toxunan şair onu vətən xaini adlandıranların  tutduğu əməlləri ifşa edir və onları tənqid hədəfinə çevirir. Vətənin mal-mülk, qazanc, çek dəftərləri, rüşvətlər, maaşlar olmadığını göstərmək istəyən şairi tənqid edənlər onun dediklərini başa düşmək belə istəmirdilər. Qürbətdə olarkən yazdığı bu şeirində şairin vətən sevgisi və vətən həsrəti aydın şəkildə əks olunmuşdur.

Nazim Hikmətin vətən həsrətini 1961-ci ildə Şərqi Berlində olarkən qələmə aldığı “Avtobioqrafiya” şeirində də görmək olar. Bu şeirdə həyatından bir çox faktları paylaşan şair onu mənəvi olaraq sarsıdan hadisələri bu sözlərlə ifadə etmişdir:

Kimi insan otların, kimi insan balıqların çeşidini bilir,
mən ayrılıqların
Kimi insan əzbərə sayar ulduzların adını,
mən həsrətlərin.
Həbslərdə də yatdım, böyük otellərdə də
aclıq çəkdim, aclıq qrevi də və dadmadığım yemək yox kimidir.

Şeirdə onu dərindən yaralayan məqamlardan birini belə əks etdirmişdir:

Yazılarım otuz-qırx dildə basılır,
Türkiyəmdə türkcəmlə yasaq.

Doğma yurdunda da yazılarının oxunmasını istəyən şairi bu yazıların yasaqlanması çox kədərləndirmişdir.

Nazim Hikmətin 1931-ci ildə yazdığı “Vida” şeirində vətəndən ayrılacağına kədərlənən şair bir gün yenidən doğma yurduna qayıdacağına ümid bəsləyir:

Yenə görüşərik,
dostlarım mənim,
yenə görüşərik...
Bərabər Günəşə gülər,
bərabər döyüşərik...

“Praqada bir araba keçir” adlı şeirində əsas məqsəd Praqanın təsviri deyil, şairin mühacirlik dərdinin ifadəsidir:

Praqada bir araba keçir
Təkatlı bir yük arabası
yəhudi məzarlığının önündən.
Bir başqa şəhrin həsrətiylə yüklü araba.
arabaçı mən...
Praqada yəhudi məzarlığında
    Səssiz-nəfəssiz ölüm
Mühacirlik ölümdən betər
ay gülüm, ah gülüm...

Buradan da görmək olar ki, şair harada olursa-olsun öz vətənini düşünür və vətəndən ayrı olmağı ölümdən betər hesab edir.

Nazim Hikmətin 1957-ci ildə Varna şəhərində olarkən qələmə aldığı “Sofiyadan”  şeirində də şairin vətən sevgisi və vətən həsrəti əks olunmuşdur:

Doğulduğun şəhər qardaş evim bu gün,
Amma öz evin qardaş evində də unudulmur.
Bu qəriblik çox zülüm işdi, çox zülüm.

Bu şeirdə insanın harada olmasından asılı olmayaraq həmişə öz evindən, öz vətənindən ötrü darıxması ifadə olunmuşdur. Qəribliyi zülmə bənzədən şair qardaş evində olsa da, öz evini unutmur.

“Məmləkətim haqqında” şeirində vətəndən qalan xatirələrdən danışır. Bu xatirələr onun ayaqqabısında, papağında, pencəyində deyil, saçlarının ağında, ürəyinin infarktında, alnının qırışlarında, bir sözlə şairin özündə, onun ürəyinin dərinliklərində qalmışdır:

Məmləkətim, məmləkətim, məmləkətim!
Nə səndə tikilən papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şilə malı, son pencəyim
köhnəldi, düşdü çiynimdən.
Sən indi qalmısan ancaq
saçlarımın ağında,
ürəyimin infarktında,
Alnımın qırışlarındasan, məmləkətim!
Məmləkətim, məmləkətim!

Vətəndən ayrı qalmağın çətinliyini ifadə edən şairin “Qarlı qayın ormanında” adlı şeirindəki bu bənd diqqətəlayiqdir:

Məmləkətmi, ulduzlarmı,
Gəncliyimmi daha uzaq?
Qayınların arasında
Bir pəncərə, sarı, sıcaq.

Məmləkətin indi ona çox uzaq olduğunu qeyd edən şair bunu dərin ürək ağrısı ilə ifadə edir. Çünki o, heç vaxt vətəndən ayrı olmaqla razılaşa bilmir.

“Ceviz ağacı” şeirində İstanbula toxunmaq, onu seyr etmək, İstambulda olmaq istəyən şair ürəyinin yüz min ürək kimi çarpdığını qeyd edir:

Yarpaqlarım əllərimdir, tam yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, İstambula.
Yarpaqlarım gözlərimdir, şaşaraq baxıram
Yüz min gözlə seyr edirəm səni, İstambulu.
Yüz min ürək kimi çarpar, çarpar yarpaqlarım.

Ürəyi İstambul həsrəti ilə çırpınan Nazim Hikmət “David Oystraxa məktub” şeirində İstambula gedən David Oystraxı qısqandığını ifadə etmişdir:

İstanbula getmisiniz.
Konsert verməyə.
...Siz qısqandığım yeganə adamsınız, ustad!

“Məktub” şeirində hara getsə də, həsrətini də özü ilə apardığını söyləmişdir:

Sevgilim, sənin məkanın olan
və hara sürgün edilsəm, hansı dustaqxanada yatsam,
kürəyimdə, torbamın içində götürdüyüm
və övlad həsrəti kimi ürəyimdə
sənin xəyalın kimi gözlərimdə daşıdığım şəhər...

Varnada olarkən oğluna yazdığı “Məməd” şeirində də vətəndən, oğlundan uzaqda olan şair oğul həsrətini əks etdirmişdir:

Qarşı yalı məmləkət,
səslənirəm Varnadan:
eşidirsənmi Məməd, Məməd?
Qara dəniz axır durmadan,
dəli həsrət, dəli həsrət
Oğlum, sənə səslənirəm
eşidirmisən,
Məməd, Məməd?

Bu şeirdə öz əksini tapan oğul həsrəti şairin digər bir şeiri olan “Oğlum şəkillərdə böyüyür” şeirində geniş şəkildə təsvir edilmişdir. Nazim Hikmət həsrəti “ürəyinə sancılmış bıçaq” adlandırmış və bu həsrəti belə ifadə etmişdir:

İçimdə ağrısı var meyvəsi qoparılmış bir budağın,
getməz gözümdən xəyalı Halicə enən yolun,
ikigözlü bir bıçaqdır ürəyimə sancılmış
övlad həsrəti ilə həsrəti İstambulun.

Həyat yoldaşından ötrü də nigaran olan şair qürbətdə olarkən yalnız həyat yoldaşı, oğlu və məmləkətini düşündüyünü söyləmiş və bu fikirlərini “Münəvvərə məktub yazdım, dedim ki” şeirində bu misralarla ifadə etmişdir:

Ancaq səni düşündüm, şabalıd ağacı altında.
Ancaq səni, yəni Məmədi,
Ancaq səninlə Məmədi, yəni məmləkəti.

 “Yaşamaq haqqında” şeirində həyatdakı müxtəlif məsələlərə toxunan şair öz həyatı haqqında məlumatları da burada qeyd etmişdir:

Tutaq ki, həbsxanadayıq,
yaşımızda əlliyə yaxın.
Dəmir qapının açılmasına
hələ on səkkiz il var.
Yenə də bir yaşayacağıq.
Oranın insanı, heyvanı, savaşı ilə,
ordakı həyatın səsi ilə
bərabər yaşayacağıq.

Burada həbsxanada olmasından bəhs edən şair “bayırdakı insanlarla bir yaşayacağını”, yəni onu həbs etsələr də, daxili azadlığını əlindən ala bilməyəcəklərini ifadə etmişdir.

“Vəsiyyət” şeirində “qurtuluşdan öncə ölərsəm, Anadoluda bir köy məzarlığına gömün məni” deyən, ürəyi vətən həsrəti ilə yanan şair bu istəyinə də nail ola bilməmişdir və məzarı da Anadoluda deyil, Moskvadadır.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.