Selincerin oğlu:“Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb”
14.02.19

Müsahibə götürən: Lidiya Haas

Selincerin yüzillik yubileyi ərəfəsində oğlu “Çovdarlıqda uçurumdan qoruyan”ın müəllifi ilə yaşamağın incəlikləri barədə danışır, ilk dəfə hələ çap olunmamış əsərlərinin olduğunu təsdiqləyir.
 
Selincerin həyatını əhatələyən çoxsaylı müzakirə və fərziyyələrlə yanaşı, bir müəmma xüsusilə anlaşılmaz qalır. O, 1965-ci ildə çap olunmağı dayandırdıqdan sonra nələr yazıb? Bu yazdıqlarını nə vaxtsa oxuya biləcəyikmi? Selincerin 2010-cü ildəki ölümündən sonra xeyli əsərinin üzə çıxmaq ehtimalı böyükdür. 2013-cü ildə yayımlanan sənədli filmdə və onu müşayiət edən kitabda, digər məsələlə yanaşı, Selincerin beş yeni kitabının məzmununu açıqlanır, bunların ən gec 2020-ci ildə işıq üzü görəcəyi iddia edilirdi. Lakin biz artıq onun yüz illiyi ərəfəsində olsaq da, bunu təsdiqləyən heç bir nişanə gözə dəymir.

Selincerin oğlu Mett ilə Konnektikutdakı evinin yaxınlığında səhər yeməyi üçün görüşəndə yeni materiallar barədə şayələri onun özündən soruşdum, o da çəkinmədən danışdı: “Tamamilə cəfəngiyyatdır. Nöqtəbənöqtə qeyd olunmuş, dəqiq dramatik sitatların olması belə, bunun tamamilə cəfəngiyyat olduğunu sübut edir. Onların reallıqla heç bir əlaqəsi yoxdur”. O, bu vaxtadək atası barədə danışmağa ümumiyyətlə həvəssiz yanaşırdı. “Mən 58 ildir ki, bu barədə söhbət etmək fikrinə uzaq idim”. Lakin artıq başqa materialların olduğunu təsdiqləməyə hazır idi. Atası “ideyalar və fikirlərlə dolu idi, o, qəfil sürdüyü maşını saxlayıb kənara çəkilərək yazmağa başlaya, öz-özünə gülə bilərdi (bəzən yazdıqlarını mənə oxuyar, bəzən oxumazdı), hər stulun yanında onun qeyd dəftərçələri olardı”. O, məni əmin etdi ki, atasının “yazdıqlarının əksəriyyəti vaxtı gələndə onun əsərlərini sevən insanlarla paylaşılacaq”. Niyə bu vaxtın hələ gəlib çatmadığını soruşduqda isə birbaşa cavab verdi. “Hələ hazır deyillər. O, mənim hər şeyi bir yerə toplamağımı istəyirdi, işin miqyasına görə bunun tezliklə baş verməyəcəyini bilirdi. Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb. Burda istəksizlik, yaxud mühafizəkarlıq yoxdur: hazır olanda paylaşmağı planlaşdırırıq”.

Mənimlə söhbətləşmək barədə şübhələri ilə dabandabana zidd  olan mehriban, əyləncəli xasiyyətə malik,  hündürboy və yaraşıqlı Mett Selincer aktyordur. Yəqin ki, daha çox 1990-cı ildə çəkilən filmdəki Kapitan Amerika roluna görə tanınır. O, eyni zamanda filmlərə, tamaşalara prodüserlik edir, ən diqqətəlayiq işi isə “on il ərzində can qoyulan” və beynəlxalq hitə çevrilən Pamela Gienin “Yasəmən ağacı”dır. Aydın olur ki, o, uzun illər atasının yazdığı materialların içinə qərq olub. “Underwood” və “Royal” çap maşınlarında yazılmış səhifələr, həmçinin, Selincerin “pamfletləri və ya fraqmentləri” adlandırdığı, səkkiz hissəyə bölünmüş adi kağız üzərində yazılanlar: “Əksəriyyəti əllə yazılmış çox kiçik qeydlər”. Mett 2011-ci ildə işə başlayanda, bunun səkkiz il çəkəcəyini təsəvvür etməyibmiş. O, özünü “bəxtəvər” hiss etdiyini deyir. “Bunları birinci dəfə oxumaq” onun üçün “emosional bir şey” imiş, atası ilə daim dialoqda olmağa bənzəyirmiş. “Mənimlə həmyaşıd olan dostlarımın əksəriyyətinin valideynləri ölür, ya da artıq ölüblər, bununla da hər şey bitir. Başa düşürsünüz? Mənim atam isə tam getməyib. O, mənim üçün ölməyib”. O, tez-tez “sadəcə gördüyüm işi dayandırmağı” arzulayır, amma bir şey ona mane olur, “mən yada salıram ki, istər milyon olsun, istər yüz min, istər on min, istər üç, yaxud bir nəfər doğru oxucu, sadəcə bircə doğru oxucu belə bunları oxumağa ehtiyac duyur. Onda bu işi bitirmək üçün üstümdə təzyiq hiss edirəm”.

Mən bunun nə qədər vaxt aparacağını soruşanda isə Mett belə cavab verdi: “İllərlə çəkəcəyi dəqiqdir”, hərçənd, o ümid edir ki, bu 10 ildən uzun olmayacaq. “Onun ölümündən sonra yoldaşı ilə birlikdə görməli olduğumuz işin miqyasını götür-qoy edərkən bilirdim ki, bir müddət hər hansı film, ya da tamaşa hazırlaya bilməyəcəm, sadəcə ailəmin sağlamlıq sığortasını saxlamağa kifayət edəcək qədər aktyorluqla məşğul ola biləcəm”. İnsanlar tez-tez xizək kurortunda, ya da velosiped təmiri dükanında Mettə yaxınlaşaraq “cri de coeur” (ürək yanğısı) ilə yeni əsərlərin üzə çıxıb-çıxmayacağını öyrənməyə çalışırlar: “Məni həmişə kredit kartım ələ verir!” Hətta bir yaşlı xanım demişdi ki, yeni bir şeylər varsa, onları oxumamış ölmək istəmir. “Əgər bu təzyiq deyilsə...” – deyir, “Mən bunların heç birini qeyri-ciddi qəbul etmirəm”. Mett əlavə edir ki “Mənim heç kimə üzr borcum yoxdur, belə düşünmürəm. Amma oxucularınız bilməlidir ki, biz bacardığımız qədər sürətlə işləməyə çalışırıq”.

“Biz heç vaxt ticarətlə məşğul olmayacağıq. Siz heç vaxt “Selincer” vodkası görməyəcəksiniz.” 

Yayılan şayiələri soruşduqda isə Mett gülərək deyir ki, “atamı anlayan istənilən adam onun tez bitən birinci evliliyi ilə bağlı kitab yazması ideyasını hədsiz gülünc hesab edər. Bu gerçəklik hüdudlarından o qədər uzaqdır ki”. Bu yerdə o başqa bir şey açıqlamaq istəməsə də, aydındır ki, onun çap olunmuş ən yaxşı hekayələrində bəhs etdiyi Qlasslar ailəsi barədə daha çox şey görəcəyik”. O, dedi ki, sonrakı əsərlərdə “heç bir xətti təkamül” yoxdur: “Məlum olur ki, o fərqli bir oyunun ardınca düşmüşdü”. Mett inanır ki, yeni iş “yəqin onun vecinə almadığı bir çox adamı məyus edəcək, amma əsl oxucular... Məncə, əsl oxucular bunu çox yaxşı qəbul edəcəklər, onlar kitabın üzünü açanda ondan təsirlənmək ümidində olan hər bir oxucu kimi təsirlənəcəklər. Dəyişiklik vacib deyil, lakin dəyişikliyə aparan bir şey mütləq olacaq”.

Mett 1960-cı ildə doğulub və daha sonra “Frenni və Zoi”də olan ithafda ölümsüzləşdirilib. (Selincer yazır ki, bu kitabı “Nyu Yorker”in redaktoru Villiam Şona təklif etməyim belə “səhər yeməyində yoldaşına soyuq lima paxlası yeməyi təklif edən bir yaşlı Metyu Selincerin ruhuna mümkün qədər yaxın” idi). Selincer 1955-ci ildə Kler Duqlasla evliliyindən olan ikinci uşağı Mett dünyaya gələnədək artıq monumental reputasiyasının əsaslandığı əksər işlərini çap etdirmişdi.

Uzunömürlü bestseller “Çovdarlıqda uçurumdan qoruyan”dan (1951) sonra “Esme üçün – Sevgi və Səfalətlə”, Frenni və Zoi”, “Dam qövsünü yuxarı qaldırın”, “Dülgərlər” (son üçü əsasən 1940-1950-ci illər ərəfəsində “Nyu Yorker”də çap olunmuş hekayələrdən ibarətdir) yazılıb. 1965-ci ildə son “Nyu Yorker” hekayəsi “Hepvorts 16, 1924” işıq üzü görüb.

Mett uşaq olanda atasının işləri barədə çox şey eşitməmişdi. “Biz daha çox Dartmous futbol komandası, ya da çərşənbə günü məni gəzməyə aparanda nələr edəcəyimiz barədə danışardıq”. O, atasının uşaqlara olan hörmətindən danışdı: “Belə demək mümkünsə, o dünyanı sizi haldan salanadək əlindən gələni eləyən bir şey kimi görürdü. O, homogenləşdirilməmişdən əvvəl uşaqlarda mövcud olan fitri intellektə, gözəlliyə inanır, hətta hörmət edirdi”. Mettin özündən dörd yaş böyük bacısı Marqaret 2000-ci ildə çap etdirdiyi “Yuxu tələsi” adlı memuarlarında valideynlərini, uşaqlığını daha qaranlıq şəkildə təsvir etmişdi, Mett isə bunları “qotik əhvalatlar” adlandıraraq inkar etmişdi. (“Bu günlərdə o yüzillik yubiley barədə planları barədə bacısına da məlumat verir və deyir: “Mən sadəcə ona xoşbəxtlik arzulayıram”). Selincerin ilk dəfə İkinci Dünya Müharibəsindən dərhal sonra alman bir qadınla evlənmişdi, bu evlilik bir ildən az davam etmişdi. Selincer Mett ilə Marqaretin anasından 1960-cı illərdə boşandıqdan sonra hazırda Mettlə birlikdə onun ədəbi irsinə görə cavabdeh olan Kollin O’Neyllə evlənmişdi.

Bu, daim müdafiə xəttinin ön sıralarında olmaq, “hüquqi proseslərlə mübarizə aparmaq, yel dəyirmanlarından qaçmaq”, Selincerin “istəyənlər” adlandırdıqlarını qovmaq (“Çovdarlıqda  uçurumdan qoruyan”ın filminə icazə almaq üçün “məni qarabaqara izləyən” “inadkar” Harvi Vaynşteynin bunlardan biri olub-olmadığını dəqiq deyə bilmərəm) və Selincerin toplu halda çap olunmasını istəmədiyi bir neçə erkən hekayəsinin yenidən nəşrinin qarşısını almaq cəhdləri demək idi. (Mettin fikrincə, atasının bu “cavanlıq işləri, prosesin, sənətkar kimi inkişafının bir hissəsi” olan hekayələr barədə fikirləri təxminən beləydi: “İnsan gecəni pis keçirəndə, yuxuya getməyə çalışanda qəfil ağlına gün boyu dedikləri, yaxud elədiklərin gəlir, onda öz-özünə düşünür ki, “Mən həqiqətən belə demişəm?”, ya da “Mən həqiqətən belə etmişəm?”. Həmçinin, həmin hekayələrdə eqo daha çox idi, atam gənc olarkən daha lovğa olduğunu düşünürdü”) Mett deyir ki, “bu ayıqlığı qoruyub saxlayıram. Bu idman tapşırığı deyil, buna yüngül yanaşmıram, əyləncə hesab etmirəm. Mən bunları atama duyduğum sevgidən, onun əsərlərinə, kitablarına duyduğum sevgidən, onu qoruma hissindən irəli gələrək edirəm, mən bunları edirəm, çünki atam olsaydı, o da belə edərdi”. O, bu müddət ərzində beynəlxalq müəllif hüquqları üzrə əsl mütəxəssisə çevrilib, “Avropa ölkələrinin hüququ Lokkdan daha çox Hegeldən gəlib” fikri barədə həvəslə danışır. Selincerin kvazi-bioqrafiyasının kustar istehsalatı ilə bağlı isə belə təyinat verir: “Qəribə əks münasibətlərdir”, məsələ burasındadır ki, “atamı daha çox tanıyanların onun barəsində kiminləsə danışmaq ehtimalı azdır. Bunun ortası yoxdur, ya sən onu həqiqətən yaxşı və yaxından tanıyırsan, ya da sadəcə səthi tanışsınız”. Mettin özü atası və onun əsərləri barədə dediklərini diqqətlə götür-qoy edir, bəzən hansısa sözü, ifadəni başqası ilə əvəzləməyə çalışır, atasının yəqin ki, dediklərinə və ya onları demək şəklinə nifrət edəcəyini təkrarlayır, yaxud ilk baxışdan zərərsiz görünən bir cümləni tamamlamır, yarıda kəsir. Selincerin bütün sənədləri həyatı boyu evindəki bir cüt seyfdə saxlanırdı – “Şükür Allaha ki, belə idi” - deyir Mett. “Çünki əks halda 1990-cı ildəki yanğında yanıb kül olardılar.” İndi isə bu sənədlər yüksək təhlükəsizlik səviyyəsinə malik saxlama yerlərində qorunur. 

“Əsərləri onun üçün hər şey idi... qalan şeylər isə sadəcə səs-küy, mifologiya və patologiya.” 

Təbii ki, Selincerin məhrəmlik istəyi mətbuatın marağını daha da alovlandırırdı, oğlu isə on illər keçdikcə adətən onu təsvir etmək üçün istifadə olunan sözlərin dəyişməyini izləyirdi, “guşənişin sözünün istifadə edilməyə başladığını gördüm. Sonra bu söz jurnalistlər arasında dildən-dilə keçərək “məşhur guşənişin” halına düşdü, axırda da “rəzil guşənişin”ə çevrildi. Son on illikdə istifadə olunan ifadə isə “bədnam guşənişin”dir, əgər bu sözə fikir versəniz, görərsiniz ki, o, lənətlidir, onda bütün psixoloji alt-tonlar var, o, nadürüstdür, çünki subyektdən daha çox onu yazan adam barədə məlumat verir”. Mett israrla deyir ki, atasının gizli yaşamaq və yazmaq arzusunda məşum, müəmmalı heç bir şey yox idi. “O, sadəcə qərar vermişdi ki, insanlarla, xüsusilə də ədəbiyyat adamları ilə çox qarşılıqlı münasibətdə olmamaq onun yazı prosesi üçün ən yaxşı şeydir. O, həmin poker masalarına oturmaq istəmirdi, o, sadəcə öz yağında qovrulmağı arzu edirdi, hər bir yazıçı namizədini də buna həvəsləndirərdi”. Selincer boğazını arıtlayaraq atasının telefon danışığını təqlid edib onun barədə aydın təsəvvür yaradır: “Bağışla, Mett, aman Allah, üç gündür səsimi çıxarmamışam...” Sadəcə tənha qalmaq, “yazmaq üçün onun buna ehtiyacı var idi, yazmaq isə onun üçün hər şey idi”. Qalanı isə “sadəcə səs-küy, mifologizasiya və patologizasiya, bir də insanların öz nevrozları” – deyir Mett.

O, mənə Selincerin əlyazısı olan, bu yaxınlarda tapdığı kiçik qeydlərdən birini Selincer oxucularına “bir hədiyyə və ya jest” kimi göstərir. “Onun yazılarını sevən, ona görə müəyyən mənada narahat olduğunu düşünən hər kəs bu yazılanların əksəriyyətini görsə, təlaşlanar və həyəcanlanardı”. Mett belə düşünür və istəyir ki, onlar Selincerin ömrünün son çağlarında özünü necə hiss etdiyinə “bir baxış” atsınlar.

Bu “haykuya bənzər” parça səhər saat altıda, çap maşınında yazarkən fasilə verdiyi vaxt gələn gözlənilməz, lakin “bununla belə həyəcanlandırmayan” xoşbəxtlik anını təsvir edirdi: “və yatağın yanındakı pəncərədən bozluğa, dekabrda ikindi çağının günəşsizliyinə tələsmədən, ancaq bol-bol yağan qarı görürdü, qəfildən bir xoşbəxtlik, bütöv bir xoşbəxtlik gəldi, sağ olmaq, baxmaq, yuxuya getmək, yuxuya yaxınlaşmaq. Xoşbəxtlik. Təşəkkür, Allahım!”

O, oktyabrda “Nyu York İctimai Kitabxanası”nda keçiriləcək sərgiyə nələrin daxil ediləcəyinə yenicə qərar verib: “Mənim təbiətimlə tamamilə ziddiyyət təşkil edən şeylərdən danışın!” – orada bəzi əlyazmalar, fotolar, əşyalar, məktublar nümayiş olunacaq. Lakin o söz verir: “Biz heç vaxt ticarətlə məşğul olmayacayıq. Siz heç vaxt “Selincer” vodkası görməyəcəksiniz”. Atasının  1970-lərdən 2009-cu ilədək ona yazdığı, əsasən “çox gülməli” olan məktubların hamısını nəzərdən keçirmişdi, indi bəzilərini oxumaq üçün mənə də göstərirdi. 1976-cı ildən bir məktub Şekspirin “Yuli Sezarı”nın interpretasiyası ilə Den Rader adlı TV jurnalistinin Niksonun istefası barədə sentimental təsvirini və Kris Evertlə “kosmik fəzadan gələn “Star Trek” qızı... Dünyadakı fırıldaqçılara qarşı effektiv olmayacaq qədər hədsiz sülhsevər, hədsiz sakit” hesab etdiyi Evonn Qulaqonq arasındakı tennis oyununu birləşdirir”. O, yazırdı:

“Yəqin ki, qrup şəklində olarkən (ikidən başlayaraq istənilən insan sayı nəzərdə tutulur; bəzən elə iki nəfər də qələbəlik ola bilir, xüsusilə yan-yörədə içki varsa) və ya əgər təşkilatlanmış şərləməyə icazə verilirsə, böyüklərin müraciət edəcəkləri, yaxud təkrar-təkrar qayıdacaqları infantil və zoofilsayağı davranışların ekstremallığı hüdudsuz olur. O.K. əgər bunu ümumi şəkildə Əyləncə və Oyunlar adlandırsaq, yaxud bulanıq şəkildə Bir Balaca Buxarın Buraxılması kimi səciyyələndirsək, Bunun Heç Kimə Zərəri Olmaz, Mak. Qruplar ümumiyyətlə məni əsəbləşdirir, Da. İstər həvəsləndirmək, istər linç etmək üçün hər növ qrup entuziazmı məni çox narahat edir...”

Başqa bir parçada isə Metti TV-də görməkdən duyduğu sevinci ifadə edir (o, “bu ZİBİLLİYİN düz ortasında” qalmış oğlunun dürüstlüyünü və işığını tərifləyir). Digər məktublar emosional baxımdan çox birbaşadır. O, yazır: “Dünən bütün köhnə qəzetləri, məktubları nəzərdən keçirərkən, keçmişdə yox, indidə yaşadığıma görə daha da xoşbəxt oldum, rahatlaşdım. Uşaq vaxtı Müharibəyə, hərbi məktəbə görə çox fikir çəkdiyimi deyə bilmərəm. Səninlə, Peggi ilə, bu evlə, səninlə, tarlalarla, qeyd kitabçalarımla, işimlə, səninlə, Lili ilə, Şotland ilə, Qəşəng İtimiz ilə, Rozi ilə, Səninlə, Sri.R. ilə, Nuremberq Yumurtası ilə, London, Leyk Plasid, Dublin, Monreal, Andover səfərlərimiz ilə keçən Korniş illəri – bax bu illəri mən əsl həyatım adlandırıram”.

Mett hiss edir ki, atasının yazılarının hazırlanması onun görə biləcəyi ən mənalı işdir. “İnsana bircə həyat verilir. Prodüserlik etdiyim filmlərin əksəriyyəti cəfəngiyyatdır”. O, həmçinin, oxucuları əmin edir ki, “inanın ki, atam demək istədiyi hər şeyin nəsrində olduğunu deyəndə həqiqəti dilə gətirirdi. Fikrimcə, onun daha çox əsəri işıq üzü görəndə, oxucular narahat olduqları hər şeyə cavab tapacaqlar. Mənim işim bunun mümkün qədər tez baş verməsinə kömək edib yoldan çəkilməkdir”. O, əlavə edir: “Onun adından, kimə olur-olsun, nə təklif etsəm, lima paxlasını təklif etdiyimdən daha çox inam, daha çox etiqad, daha çox sevgi ilə təklif edəcəm. Hə, bir də ki, ümidlə”.  

“The Guardian”, 2019, 1 fevral, tərcümə etdi: İlahə Əkbər

/sim-sim.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.