Nemət Mətindən yeni hekayə - İkiayaqlı heyvanlar
22.02.19

Hekayə

Bu gün adi günlərdən idi. Elə dünənki kimi. Müştərinin verdiyi ünvana az qalmışdı. Çoxmərtəbəli binanın 18-ci mərtəbəsində yaşayan, yaşlı-başlı Əlövsət dayını çoxdan tanıyırdım. Kitabları həmişə onun kiçik dükanından alırdım. Özü xeyli kitab oxuyub. Çexovun külliyatını nə az, nə çox düz on səkkiz dəfə təkrar oxuyub. 
Onun kondisioneri xarab olmuşdu. Düzgün anladınız, mən kondisioner ustasıyam. İllərdir küçə-küçə, ev-ev gəzib insanların rahatlığını təmin edirəm. Yadımdadı, bir müştəri telefonda adımı "istilik tənzimləyən" yazmışdı. O an özümü ana təbiət kimi hiss edirdim. İndi də yadıma düşəndə dodağım qaçır. Bəlkə də həyatda insanın ən böyük missiyası elə özü kimi canlıların rahatlığını təmin etməkdir. Yaxşı ki, lift işləyirdi. Dodağımı büzüb fit çalmağa başladım. 18-ci mərtəbəyə çatana kimi mahnını əməlli başlı zümzümə etdim. Qapının zəngi qocanın yaşayışından xəbər verdi. Kədərli səsdir – deyə düşündüm. Qapı açılana kimi ürəyim üzüldü. Bir az səbirsiz adamam. Saçlarına dən düşmüş Əlövsət dayı qapını açdı. 
-Salam, oğlum, gəl keç. Bağışla sən allah, qocalmışam. Astagəl olmuşam. 
-Salam, dayı, salam. Eybi yoxdur.
İçəri daxil oldum. Otaqdan kifsəmiş qoxu gəlirdi. Sanki qapıdan keçmişə portal açılmışdı. Elə bil, altımışıncı illərə səyahət edirdim. Hər şey o dövrdəki kimi idi. Düzdü o dövrdə yaşamamışam. Amma o illərin məişət əşyalarından xəbərim var. O dövrü əhatə edən filmlərə də baxmışam.
-Keç, ay bala. Çay yoxsa kofe?
-Heç nə lazım deyil. 
-Elə olmaz.
-Onda kofe
-Kofe təəssüfki bitib.
-O zaman çay. 
Qoca mətbəxə keçdi. Mənim gözüm kondisioneri gəzirdi. Qonaq otağına keçdim. Kondisioner o qədər köhnə idi ki, rəngi qaçmışdı. Yüz faiz toz basıb – deyə fikirləşdim. Mətbəxdən dayının səsi gəldi:
-Kondisioner qonaq otağındadır.
-Tapmışam.
-Əhsən, oğlum.
Dayının xoş münasibəti müsbət aura yaradırdı. İşimlə əlaqədar çox evlərə gedirəm. Xoş münasibət adama can rahatlığı verir. Kondisionerin ön hissəsini açdım. Tozla bərabər tordan qaçan hörümçəyi gördüm. Onu narahat etmişdim. Əlövsət dayı əlində çay qonaq otağına gəldi. Stəkanları stola qoyub danışmağa başladı.
-Bilirsən oğlum, hörümçək torunu görüb yadıma bir nağıl düşdü. Maraqlıdırsa danışım.
-Buyur, ağsaqqal.
-Bir dəfə hörümçək təsadüfən atılmış evə gəlir. İki otağı gəzib yorulur. Harda ev quracağını fikirləşir. Pəncərənin küncündə, qapının üstündə, divardakı dağılmış yerdə. Bir qərara gələ bilmir. Böyük ərazidə canlı özünə yer tapa bilmir. Hər iki otağın sahibi olmaq istəyir. Bir otaqda yaşasa, o birinə başqa hörümçək gələcək. Yox belə şansı əldən vermək olmaz. Öz şəffaf, amma möhkəm yuvasını iki otağı ayıran qapının kilid yerində qurdu. Nə başını ağrıdım ay bala, bir gün evi alırlar. Əsas qapını açıb evə daxil olan insan da hörümçək kimi o biri otağı görmək istəyir. İki otağı ayıran qapının kilid yerinə açarı salaraq iki dəfə sağ tərəfə burur. Burada pritça bitir.
-Maraqlıdır, dayı...
-Hə, oğlum, yəni, həris olma, azla kifayətlən. O boyda şəxsiyyət olmuş Çingiz xan nə apardı özü ilə? Heç nə! 
-Allah sizə can sağlığı versin. 
-Amin 
-Kondisioner bir azdan işləyəcək. Sadəcə toz basıb. Vəssalam.
-Əllərinə sağlıq. Oğlum sənə bir şey göstərim? Əlimi saxlayıb dayıya baxdım. 
-Nədir o? 
-Saat ikidir. Yaxınlaş soldakı pəncərəyə bax. 
Hövlnak pəncərəyə yaxınlaşdım. Pərdəni sağa çəkib diqqətlə baxdım. 
-Nə gördün? 
-Aaa, bura zooparkdı?
-Hə, oğlum. Hər gün saat 2-də heyvanlara yem gətirirlər. Bax, diqqətlə bax! 
Maşın qəfəslərin əhatələndiyi yerdə dayandı. Dördayaqlılardan əvvəl ikiayaqlılar azuqələrə hücum çəkdilər. Maşının baqajında ət, toyuq, kartof, soğan, göyərti, xiyar pamidor və başqa qida məhsulları var idi. Bir-bir götürüb baxıb yerinə qoyurdular. Əti iyləyən kim, toyuğu dartışdıran kim, xiyarı dişləyən kim... 
-Ay bala gördünmü?
-Gördüm, dayı, gördüm.
-Artıq üç ildir belə davam edir. Şikayət də etmişəm. Baxan yoxdur. İşçilər şikayət etmir. Çünki maaşlarının az olmasına baxmayaraq bu nemətlərdən dadırlar, evə aparırlar. Bir sözlə ac qalmırlar. Hətta satırlar da. 
-Bax, buna görə də heyvanlar çox arıqdılar. Aslana bax pişik boydadı. Çaqqal itə oxşayır... 
-Elədi, oğlum, elədi. Ürəyim sızıldayır. 
-Ağlıma bir fikir gəlib. Mən ora getməliyəm. 
Sözümün təsirindən Əlövsət dayının gözləri dörd oldu. 
-Niyə gedirsən ki? 
-Sadəcə mənə kostyum lazımdı.
-Kostyumu nə edirsən? 
-Geyinib zooparka gedəcəyəm. Yoxlanış üçün gəldiyimi deyəcəyəm. 
Kişini gülmək tutdu. 
-Dayan sənə kostyum tapım.
Beş dəqiqədən sonra geri dönən Əlövsət dayı iki dəst kostyum gətirdi. Birini bəyənmədim. Rəngi çox açıq idi. Adətən yoxlama işçiləri qara kostyum geyinirlər. İkinci tünd boz idi. Razılaşmalı idim. Əynimə dar olsa da başqa çarə yoxdur. Geyinib saçımı daradım. Əlövsət dayının verdiyi “fransuzki” ətirdən üstümə vurdum. Qaldı inandırıcı danışmaq. Liftlə düşəndə qaraqabaq üz quruluşu aldım. Baxışlarım yerlə sürünürdü. Fikirli vəzifə adamları kimi qaşlarımı çatdım. Liftdən çıxana qədər nə deyəcəyimi düşünürdüm. Yolu keçəndə ehtiyatla keçib zooparkın qapısına yaxınlaşdım. Kassir xanım üzgözünü turşudub sifətimə nəzər saldı.
-Bilet lazımdır?
-Xeyr mən zooparka baxış keçirməyə gəlmişəm. Direktorunuz haradadır? 
Qadın həyəcandan əsdi. Deyəsən rolumu uğurla oynadım.
-Bi... bir dəqiqə.
Daxili nömrəni yığıb nəsə danışdı. Sonra qapını açıb məni içəri buraxdılar. Kassir xanım əl-ayağa düşmüşdü.
-Çay istəyirsinizmi? Direktor indi gəlir. 
-Heç nə istəmirəm. Mənə qəfəslərin yerini göstərin. 
Beş dəqiqədən sonra birinci qəfəsin önündə dayanmışdım. Pəncərədən gördüyüm izdiham iştirakçıları yox olmuşdu. Yəqin öncədən xəbər verilmişdi. Hamısı qaçıb gizlənib. Qəfəslərdən üfunət qoxusu gəlir, gəzişdikcə başım gicəllənirdi. Handan-hana direktor gəldi. Salamlaşıb haradan gəldiyimi soruşdu. Nazirlikdən gəldiyimi dedim. Daha dərinə getməkdən çəkindiyini hiss etdim. Əsəbi baxışlara tab gətirə bilmədi. Şirin dilinə salıb məni yumşaltmağa çalışdı. Qoluma girib otağına apardı. Çay, mürəbbə, şokolad və daha nələr, nələr. Qarşıma düzdüyü azuqələrin puluna qəfəsdəki pişiyə oxşayan pələngi doydurmaq olardı. Dil tökdü, tərlədi, əl-ayaq açıb söz verdi, əsəbləşdi, güldü... Mən üz mimikalarına baxa-baxa necə süni rol oynadığını görüb iyrənirdim. Nəhayət dinləndim: 
-Yaxşı, mən getməliyəm. Hesabat hazırlamalı və cənab nazirə təhvil verməliyəm.
-Xoş gedirsiz, gəldiyiniz üçün sizə bütün kollektiv və öz adımdan təşəkkürümüzü bildiririk. Sizə hədiyyəmiz də var.
Danışmaqdan qızarmış rəis ağ qutunu və konverti stolun üstünə qoydu. Hədiyyələri götürüb sağollaşdım. Qapıdan çıxanda ayda iki dəfə gələcəyimi dedim. 
Küçəyə çıxanda şəhərin toza bürünmüş küləyi üzümə şillə kimi dəydi. Liftlə yuxarı qalxanda fikirlər yaxamdan əl çəkmirdi. "Heç olmasa, ayda iki-üç dəfə heyvanların normal qidalanacağına əmin oldum. Konvertdəki pulu heyvanlara yardım fonduna göndərəcəyəm. Ədalətli olub olmadığımı deyə bilmərəm. Sadəcə heyvanların yerinə insanlar danışmalıdırlar. Heyvanlar danışa bilsəydilər, ağız dolusu şikayət edərdilər. Görəsən insanlar nə vaxt heyvanlardan seçiləcəklər? "

Avanqard.net

Yenililklər
29.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
29.11.22
"II Sumqayıt Kitab Sərgisi keçiriləcək"
23.11.22
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
22.11.22
İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək
22.11.22
“Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.
18.11.22
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
17.11.22
Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
15.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
14.11.22
Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
13.11.22
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
10.11.22
“II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək
10.11.22
Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
03.11.22
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub
03.11.22
Azad Qaradərəli - Xalq şairinin ölümü
31.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
27.10.22
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.
25.10.22
Tanınmış nəşriyyatların redaktorları bir arada
25.10.22
Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
25.10.22
Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
21.10.22
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub
19.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
17.10.22
“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
12.10.22
Türk Dünyası Naşrilər Birliyi yaradıldı
09.10.22
Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri
07.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib
06.10.22
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib
04.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.