Şəhla Aslan - Anarın yelbeyin İmanı və Yel çərşənbəsi
14.03.19
Yel çərşənbəsi də belə getdi... Elə bir hava oldu ki, babaların bu günü əbəs yerə yellə bağlamadıqları bir daha sübut oldu. İlıq külək əsil yaz havası gətirdi. Hamımız daxilimzdə hərarət, enerji oyanışı hiss etdik. Əvvəl bunu həyacan, intizarın ayağına yozdum, axı ayın axırında alacaqlarımız bir xeyli artacaq! Amma bu halın ilin hər bu günündə hiss etdiyimizi yada salıb bu mövzuda yazmaq fikrinə düşdüm.
Bəli, Yel çərşənbəsi barədə dərindən düşünmək gərəkdir. İntəhası, mənə bir şey mane olur. Məsələ belədir ki, "yel” deyən kimi Anar demişkən Yelbeyin İman yadıma düşür. Bu heç də xalq yazımısı Anarın uğurlu deyiminin təsiri deyildir. Sadəcə bu deyim yadımdan çıxmır ki, çıxmır. Yel çox yaxşı şeydir, təki qışda əsməsin! Yoxsa qışın şaxtası iliklərimizə qədər işləyir. Şükür ki, qışı birtəhər sovuşdurduq. Qazın, işığın limiti də düz həmin sazaqlı dövrdə qurtarırdı. İndi nə yaxşı ki, bu limit söhbətinə son qoyulacağı barədə müzakirələr gedir. Əgər qərar qəbul olunsa, daha qışdakı yeldən qorxumuz olmayacaq. İraq bu söhbəti də yel aparsa, onda soyuqdan yel tutmuş ayaqlarımızı zorla sürüyərək, qripdən öskürə-öskürə ağzımızdan od püskürəcəyik.Yox, əşşi söz oldu, qurtardı. Özü də yel çərşənbəsi ərəfəsində!..
Yenə də yelbeyin İman yadıma düşdü... O İman ki hamı onun başına hava gəldiyini deyirdi. Allahın işidir də, mən günaha bata bilmərəm. Allah hərəni bir cür yaradıb. İman bəzən elə sözlər deyirdi ki, başqaları yüz gün də fikirləşsə, elə sözlər deyə bilməzdi. Elə ona görə də yadımdan çıxmır. Axı niyə ona "yelbeyin” deyirdilər? Yelin bura nə dəxli var? Yel pis olsaydı, biz bir çərşənbəyə Yel çərşənbəsi deməzdik.
Yel yaxşı şeydir... Düzdür, soyuq olanda yelçəkəndə oturmaq ziyandır, amma biz onun da çarəsini tapmışıq. Ona "skvoznyok” deyirik, güya yelin bu işə aidiyyati yoxdur. Elə paytaxtımızın adının da "Küləkdöyəcləyən” mənasını verdiyini deyirlər. Yaxşı ki, ona da qısaca Bakı deyirik. Hər şeyə tolerant olan millətimiz başqa dilə qarşı da tolerantlıq göstərib burada. Yoxsa, o uzunluqda adı deməkdən dilimiz qabar bağlardı.
...Biz elə əzəldən yelsevər olmuşuq. Tam bekar qalanda hündürdən ip asıb, yelləncək düzəltmişik, başlanmışıq yellənməyə. Yuxarıdan aşağı yellənəndə adam özünü göyün yeddinci qatında hiss edir, yerin dərd-səri də yadından çıxır. İstəsəniz yoxlaya bilərsiniz, problemləri bir anlıq unutmaq üçün asan başa gələn üsuldur yelləncək!
Yenə də yelbeyin İman yadıma düşdü... Yelləncəyə zada da minməzdi. Deyirdi ki, mən onsuz da yelliyəm də, elə şeyə ehtiyac yoxdur.
Hündürdən aşağıya tərəf yeriməyə də "aşağı yellənmək” deyirlər. Yəqin yuxarıdakılar özlərini çox yüksəkdə hiss edirlər. Aşağı gələndə də özlərini yelli aparırlar. Əşşi, yox. Mən vəzifə kürsünü nəzərdə tutmuram. Onsuz da belələri gec-tez aşağı düşüb qoşulurlar müxalifətə. Həm də onlar yellənmirlər, hellənirlər!..
Yenə də yelbeyin İman yadıma düşdü.... Görəsən, niyə elələrinə "başı havalı” deyirlər? Doğrudanmı elələrinin başında beyin əvəzinə hava olur? Ona qalsa, hava hər yerdə olur da! Yekə-yekə danışanda da "havalı-havalı danışır” deyirlər. Havanın, yelin lovğalanmağa nə dəxli var, ay başınıza dönüm?.. Nə bilim, vallah, babaların da qəribə sözləri vardır.
Nə isə... Onsuz da bu yelbeyin İman söhbəti qoymadı bir fərli yazı yazım. Qısası, Yel çərşənbəsindən sonra torpaq çərşənbəsi olacaq. İnşaallah, o vaxtacan maaşlarımız, pensiyalarımızı da alarıq, artımları ilə birlikdə. Allah hökümətin ver əlini kəsməsin. Gəlirlərimiz, uğurlarımız da yellənsin böyüsün. Təki özümüz havalanmayaq!
Həyat adlı oyunda hamı qələbə çalsın. Bu dəfə Yelbeyin İmanla birlikdə bir uşaq oyunu da yadıma düşdü, - tirin hər ucunda bir nəfər oturur və növbə ilə oturub-qalxırlar. Hər birinin enib qalxması növbə ilə olur. Kaş həyatımız bu oyundakı kimi olmasın! Enməyək, yellənməyək, amma qalxaq, yüksələk! Axı buna haqqımız çatır!.. /adalet.az/
|