Yaşar Bünyad - Susmaq qızılmış
28.03.19

Hekayə
                                                                            
    O, çörəkpulunu öz “arxivində” qoruyub saxladığı  mühüm  məlumatlardan çıxarırdı (Doxsan  manat maaşla yeddi baş külfəti saxla görüm, necə saxlayırsan).  Bax, ali təhsili olmasa da, Rəcəbin güclü yaddaşı, məntiqli nitqi, situasiyanı  soyuq başla analız etməsi, hər hadisəyə ağılla yanaşma  qabiliyəti başını uca, qarnını tox, dilini uzun etmişdi. “Danışmaq gümüşdüsə, susmaq qızıldı” – deyən atalara  ürəyində o qədər “yağlı” sözlər deyirdi ki, gəl görəsən. “Əlimə keçəydi dəə, keçəydi əlimə bunu uyduran!... Ə, a sarsaq, susmaq havaxtdan qızıla dönüb, xəbərim yox?! Əəə, atalar,  lal olmusuz ki, bu günə qalmusuz da?!”
  Yox, nə də olsa, susmaq Rəcəblik deyildi. Xətir-hörməti öz yerində, çoxları ondan qorxurdu da. Və o yaxşı bilirdi, nə qədər ki, vəzifə-filan var, nə qədərki acgöz məmurlar  nəfsini boğa bilmir, onun günü-güzaranı yağ-bal içində keçəcək! Rəislərin, katiblərin, sovxoz-kolxoz müdürlərinin tez-tez dəyişdirilməsi də lap yerinə düşürdü. Rayonda hamı onu tanıdığından, həm də qorxduğundan (yazdığı bir parça kağız daşı da dəlib keçirdi!) vəzifəyə təyinat almamış, yuxarıların basdığı möhür qurumamış, Rəcəbin pay-parçası qapısındaca hazır olurdu.
  Üzünə deməsələr də (nəkarəydilər!) adına “demaqoq” ayaması  yapmışdı  camaat. Demaqoq sözünün mənasını başa düşməsələr də, bir az iyrənc və kobud səsləndiyindən uşaqlarına, qohum-əqrabasına pis təsir edən ayama özünə zövq verirdi. “Demaqoq!” - lap əla səslənir...
 İlk dəfə, camaatın qızına-arvadına sataşan, altını haram pulla doldurub quduran, vaxtı-vaxtında yuxarıları “razı” salan əzazil birinci katibin özbaşınalığından, cavanların cibinə “şey” atdırıb dədələrin müflis edən “naçalnik”dən, büdcənin pulunu mənimsəyib Krasnodar  bankında “fırladan” texnikom direktorundan, on min alıb ölüm işinə xitam verən məhkəmə sədrindən Mərkəzi komitəyə, Kremlə, lap Leninin movzaleyinə yazmışdı anonim ərizələri və ilk “qələm təcrübəsi”nə güclü reaksiya gəlmişdi Moskvadan; komissiya komissiya dalısıycan tökülmüşdü rayona. Hərə öz sözünü deyib, öz payını alıb gedəndən sonra yerli təşkilatlar başladı anonim ərizələri yazanın ovuna. O vaxtki, qanı it qanına dönmüş katibin göstərişiylə məhkəmə sədrinin  məxvi xətt-ekspertiza yoxlamaları Rəcəbin gözəl xəttini aşkarladı, apar-gətir də başladı. Bir neçə gün “padval”da  saxladılar, xox gəlib yox eləyəcəkləriylə qorxutdular, amma  onun  informasiyaları o qədər dürüst və doğruydu ki, onu susdurmağın yolunu tapmaq gərəkdiyki bir də “arxalı köpək”ləri incitməsin. Tapdılar da.
  Bir  demaqoqu dayandırmaq bu boyda rayonun yiyəsinə su içmək kimiydi: iclas çağırdı, ərk elədiyi bəzi müdürlərə tapşırdı ki, Rəcəb müəllimin ailəsinə köməklərini əsirgəməsinlər. “İctimai fəal vətəndaş, aktiv kommunust gözümüzün qabağında acından ölməli deyilki?!”- demişdi raykom. Özüm ölüm, beləcə demişdi.
Rayon səviyyəsində baş vermiş qalmaqaldan xəbərdar müdürlər bəladan uzaq olmaq üçün ağızları nəydiki yuxarıların göstərişinə əməl etməsin; həm katibə yararlı olar, həm  öz gönlərini qoruyub işlərini görərdilər.
  Artıq bu ağır titulu daşımaq alnına yazılmış Rəcəb, o gündən ictimai simaya çevrildi. “Danışmaq gümüş, susmaq qızıldı” fəlsəfəsiylə yaşayan camaatın aylarla, günlərlə ayaq döydüyü idarələrin qabağında növbələr olan dəri üzlü  qara qapılarını ayağıyla açır, hər işini yola verirdi. İş o yerə gəlib çıxmışdı ki, büdcədən yeyən idarələr arasında gözdən iraq arxiv şöbəsinə aylıq, illik mükafatlar, həmkarlar hesabına pulsuz putyovkalar  da  ayrılırdı.
  Amma  yazmaya bilmirdi  Rəcəb. Ətrafında o qədər ədalətsizliklər, özbaşınalıqlar baş verə, o da susa? Ölmüşdü  Rəcəb!... Hə, xəttini tanımasınlar deyə ərizələri yazır, üzünü səkizincidə oxuyan qızına köçürtdürürdü. Poçt şöbəsində nəzarətdə olduğundan ehtiyat edib məktubları ya Bakıdan, ya da qonşu rayonlardan yola salırdı...
 ... “Moskovski komisya” bu dəfə “perepiska” məsələsiylə məşğul oldu. Sən demə rayon üzüm planını heç əlli faiz də yerinə yetirmib! İri sovxozlarda olan yeyintilər kəllə-çarx imiş. Mükafat cədvəlləri yoxlananda lap zibili çıxıb. Ömründə əli bağ qayçısı  görməyən, ayağı üzüm bağına dəyməyən, hətta üç-dörd il əvvəl rəhmətə getmiş qocaların da adına mükafat yazılıb, yeyilmişdi...
  Rəcəbin atdığı oxa tuş gələnlər vardan-yoxdan çıxıb çağrılmamış qonaqları yola salandan bircə ay keçmişdi ki, birinci katib “vəzifəsindən sui-istifadə etdiyinə görə”  işdən çıxarıldı, bir neçə sovxoz direktoru, mühasib, briqadir  həbs edildi...
                                                                     ***
  Adətə görə, kabinetində öz zövqünə uyğun dəyişiklik edəndən dərhal sonra təzə katib rayonun “şərəşur” adamlarını prokurorun, məhkəmə sədrinin və milis rəisinin iştirakıyla qəbula çağırdı. “Ay belə kəsərəm, belə asaram” demədi, amma iri  yumruğunu stolun üstünə çırparaq ilk və son xəbərdarlığını etdi: “Nə qədər mən burdayam, bu rayondan yuxarılara bir  “quş” uçsa... hamınızı dama basacam! Eşitdiz?! Hamı-nı-zııı!!!”
  İndi vəzifədəkilər Rəcəbdən ehtiyat edir, təzə katibdən isə qorxurdular. Allah eləməmiş, qulağına çatsa, kresloları əldən gedər deyə pay-pürüştü kəsmişdilər.
   “Təki düz işləsinlər, ürək bulandırmasınlar... Ay canım, qorxursan, əliəyrilik eləmə, taraz  işlə də. Evinə haram tikə aparmasan olmur bəyəm? Xalxın balası yemir haramı, ölür? Səninki də yeməsin! Yeməsin, mən də yazmayım. Yemə dəə!.. Nahaq yazıramsa əl-qolumu kəsin!...” - fikirləşirdi Rəcəb.
  Amma bilirdi xeyri yoxdu. “Köpəyoğlu şeydi ee, bu kreslo! Oturdun, buldozernən də qoparmaq olmur.”
  Deməli, yazacaq! Lap atalarını yandıracaq!.. Bu dəfə, üçüncü sinifdə oxuyan oğluna yazdırdı; o dedi, uşaq yazdı. Özü də katibdən – birincidən! Yazdı ki, altı  aydı gəldiyi, meşədə restoran tikdirib (düzdü) matuşkalarla kef eləyir, şəhərin mərkəzində qonaq otağı adıyla malikanə ucaldıb şərab zavodunun hesabına (dəqiq), rüşvət alıb filankəsi vəzifəyə qoyub, qısır  inəklərdən iyirmi litr süd “sağdırır” (qərəzsiz), yun planı yalandan dolur.., bir sözlə söküb-dağıdır, talayır rayonu...
 Bu dəfə də gəldilər, yoxladılar, aldılar və getdilər... O gündən də Rəcəbin qara günləri başladı.  Hər dəfə yüksək səviyyəli qonaqlar rayona gələndən bir gün əvvəl  Rəcəbi “damlayırdılar”ki, dilini dinc saxlasın. Rəcəb, “ÇK”-da , “MK”- da eyni qaloşun tayı, eyni bezin qırağı olduğunu bilsə də, yazmaqdan əl çəkmirdi ki, çəkmirdi.
                                                                      ***
  Sədaqətlilik andı içdiyi partiyanın biletini şərəflə daşıyan Rəcəbi təzə katib kabinetinə dəvət  edib ona vəzifə təklif edəndə, duruxub qaldı. “Hə” deməyə ürəyi, “yox” deməyə cəsarəti (!) çatmadı. Çox götür-qoy etdi. Hətta dili də bir az qıfıllandı. İllər boyu bunumu gözləmişdi Rəcəb, bilmədi. İndiyəcən heç kimsənin ağlına gəlmədiyi təzə katibin ürəyindən keçdiyinə görə sevindi, həm də kövrəldi ...
 “İndiki ağır zəmanədə sizin kimi ədalətli partiya üzvlərini  barmaqla saymaq olar, Rəcəb müəllim! Siz əsl leninçisiz! Vicdanlısız! Kommunistsiz! Sov.İKP MK-nın yürütdüyü siyasəti, yeni proqramların dürüst və qətiyyətlə həyata keçirilməsində Sizin kimi vicdanlı partiyaçılarımıza ehtiyacım var. Mənə bu yenilməz yolda yol yoldaşı olmanızı istəyirəm. Əminəm, yuxarılar da sizin namizədliyinizi bəyənəcək.” - Təzə katibin qısa, lakin alovlu çıxışından sonra Rəcəbin qırışı elə açıldı ki, nəkarəydi razılıq verməyə. Ömrü boyu demaqoqluq etməyəcəkdi ki?! Camaat bir ətək pul verib vəzifəyə getdiyi halda, katibin, özü də birinci katibin  ona etimad göstərməsi  göydəndüşməydi !
                                                                     ***
  Ömrüboyu arxivdə işləmiş və əməlli başlı təhsili də olmayan Rəcəbin rayon yun tədarükü kombinatının direktoru vəzifəsinə təsdiq olduğunu eşidən rayon camaatı barmağını dişlədi ki , “vallah, burda nəsə var.” Kim nə fikirləşir fikirləşsin, amma ikicə ay keçməmiş təsərrüfatlarda yun qırxımıki başladı və Rəcəbi Bakıya, nazirliyə çağırıb doxsan səkkiz (yüz yox!) faiz planı dolduracağını boynuna qoyanda, Rəcəb anladı ki, onun da fiti çalındı. Deyəsən bu heç fıştırıqçı Qasımın da fitinə bənzəmirdi. Bu, paravoz fitiydi, paravoz ..!
  Çobanlar, qırxınçılar, ferma müdürləri, təsərrüfat və rayon rəhbərləri, həmişəki kimi, “paylarına düşən” bel yununu ələkdən keçirəndən sonra şaqqıldağlı yun kiplərini tədarük məntəqəsinə təhvil verəndə, Rəcəb anladı ki, plan heç otuz faiz də dolmayacaq. Ağlına gəlməyən başına gəlmişdi. “Hə, Rəcəb, indi çıx bu zibildən görüm necə çıxırsan. Bu da özgəsindən yazmaq deyil ha! Kənardan dava asan görünər... Saldılar səni qarmağa. “
 Birinci katib büro iclasında məntəqənin yarıtmaz işindən, guya qulağına çatan maliyyə pozuntularından elə danışdı ki, az qala o da hamı kimi  inanacaqdı...  Büro dağıldı. Katib yüksək alicənablıq göstərərək onun qalmasını xahiş edəndə, Rəcəbin dalağı  sancdı. Söhbət çox da uzun çəkmədi.
-Rəcəb müəllim, ya plan, ya da... Özün yaxşı bilirsən də... partiyanın  etimadını doğrultmamaq nə deməkdi... Mən sənə görə  Birincinin yanında dili qısa ola bilmərəm! Rayonun adını, respublikanın şərəfini tapdalaya bilmərəm! – Qəfil gözləmədiyi sualı verdi: -İki gün bəs edər?..
  Katibin  kinayə və qəzəblə nə demək istədiyini yaxşı başa düşürdü: ya ömrü boyu ifşa elədiyi  müftəxor məmurlar kimi “perepiska” eləyib onların sırasına qoşulmalı, ya da... türmə!.. Bir soxulcanın güdazına gedən balıq kimi ilişdiyi qırmaqdan çıxa bilməyəcəyini anladı Rəcəb.  Udqundu və elə bil yuxudaydı, ayıldı, ayılanda da, kabinetdə, nədənsə bayaqdan burda olduqlarını hiss etmədiyi, onunla üzbəüz oturmuş rayon prokurorunu, milis rəisini gördü. Gah rəisə, gah da katiblə prokurora baxıb dəhşətə gəldi. “Dədəm vayyy, bir ananın qarnından çıxmış üçəmlər kimi necə də bir-birinə oxşayır, bu gədələr?!..”  Dəli kimi bağırmaq istədi. İstədi desin ki, tüpürüm sizin etimadınıza da, vəzifənizə də! Mən vicdanımı itirməmişəm, nə var ona qol qoyacam!... Amma səsi çıxmadı Rəcəbin...
Hər üçü onun son sözünü, qəti qərarını  gözləyirdi.
-Ne-necə məsləhətdi, yoldaş katib. Nə lazımsa... – Bilmədi, doğrudanmı belə dedi, yoxsa nəsə buna bənzər bir şey, amma büro başlayandan katibin zəhirmar yağan sifətinə yüngül həlimlik qonduğunu görəndə anladı ki, elə belə də deyib.
  Rahat yata bilmədi Rəcəb. Nə həmən gecə, nə də planı  “doldurandan”  sonra...
***
  Rəcəbin bəxtindənmi, ya Qorbaçovun səməliyindənmi, çox keçmədi, sovetin qırmızı koması yıxıldı; bir gecənin içinə hamı dönüb oldu demokrat. Adları dəyişdi, amma əqidəycən qılrmızı biletli kommunist idilər. Təzə hamamda  altı deşik köhnə tas döyəcləyirdilər, səsi də Rəcəbin başına düşürdü...
Amma bir gün, soyuq başla yeni quruluşu analiz etdi, “bu ki,  gözəldi , - deyib özünə təsəlli verdi. -Yazmağa o qədər material olacaq ki?! Quruluş dəyişib də, adamlar ki dəyişməyib? Vəzifə yenə olacaq. Vəzifə varsa, rüşvət də olacaq, saxtakarlıq da. Qələmimi ki əlimdən ala bilməyəcəklər?.. Yazacam! Dədəmin göru haqqı, yazacam!”
Adamlar həqiqətən dəyişməmişdi. Deyiləsi, yazılası çox şeylər vardı. Kimdən yazacağını sovet nizam-intizamıyla ardıcıllıqla düzüb kataloq düzəltdi, təzə yaranmış, təzə yaransa da köhnə prinsiplərlə işləməyə başlayan bələdiyyələri ön plana qoydu, çünki bələdiyyələr az müddətdə raket sürətiylə qanunları poza-poza irəliləyirdilər, əlbəttə, bunu görsələr də, onlara “gözünün üstündə qaşın var” deyən tapılmırdı. Bələdiyyələr bələd olduqları işlə məşğul idilər. Bir pillə yuxarıda oturanlara bu, sərf edirdi. Rəcəb yazdıqca yazır, məktublarına cavab gözləyə-gözləyə də günlərini sayırdı. Yəni, dəyirman öz işindəydi, çax-çax baş ağrıdırdı...  Qəribəsi o idi ki, indi  o, qorxub-çəkinmədən imzalı yazır, amma yazdıqları  da elə bil quyuya düşürdü, əllərə keçmir, ünvanına  çatmırdı. Bəzən fikirləşirdi, bəlkə Novruzəli kimi qutuya atdığı məktubların keşiyini çəksin, onları poçt qutusundan çıxaranın dalınca düşüb hara apardığını aydınlaşdırsın?  Bir də fikirləşirdi ki, bəlkə elə əvvəlki kimi anonim yazsa yaxşıdır ? Kəsərli olar...
Bəlkə heç yazmasa?... Axı necə?
Balaca-balaca məmurların bu qədər ədalətsizliyinə  göz yuma bilmirdi Rəcəb. Ölə də bilmirdi...
 Dili gödək, qulaqları pambıqlı, gözlərində iri eynək həyatı seyr eləmək ölümdən də betər olsa da ölə bilmirdi.  Ömrü boyu arzuladığı işıqlı gələcəyin utopiya olaraq qalacağına inanmaq istəməyən Rəcəb, bir anlıq, dünyaya  lal- kar, kor gələnlərə həsəd apardı və dərin fikirlərə qərq olaraq darısqal mənzilinin bir küncünə qısıldı...
 Şiddətli ürək ağrıları ona rahatlıq vermirdi. Beynini qarışdıran fikirlərdən yaxa qurtarmaq üçün pəncərənin qarşısındakı balaca nasasına yaxınlaşaraq qələmini əlinə götürüb ağ vərəqin üzərinə əyildi. Əyildi və düşündü:  İndi kimdən, ən əsası da hara yazacağını götür-qoy edəndə, barmağını dişlədi. Az qala üzdürəcəkdi barmağını. Və  Rəcəb, ömrüboyu ayrılmadığı  qələmini sındırdı, kağızı ovucunda bükmələyərək zibil qabına tulladı. İndiyəcən səsini sözə, sözlərini kağıza hopdururdu. Həyatında ilk dəfə hiss etdi ki, səsi itib, batıb, danışa bilmir. Boz divarlara baxa-baxa susdu. Hamı kimi. Və ilk dəfə, “susmaq qızıldı” demiş  qocaman ataların  məntiqini dərk etdi ...
Qızıl da  günügündən bahalaşırdı...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.