Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
27.06.19
Avanqard.net Vasif Əlihüseynin yeni şeirlərini təqdim edir.
ƏN GÖZƏL RƏSMİNİ ÇƏKDİM...
qollarında öpmədiyim yerlər keçirmədiyim gecələr var o qədər qəribsəmişəm ki hər şeyi qulağına pıçıldamağı
saçlarını yığarkən gözlərimlə çəkdim ən gözəl rəsmini bilirəm, alnımdakı qırışları yalnız öpüşlərin hamarlaya bilər ona görə hər gün şəklini öpüb alnımın üstünə qoyuram.
darıxıram həm özüm, həm də üzümün sağ tərəfi peşmanam, kaş qollarım sınaydı səni qucaqlayan yerdə axı bilmirsən heç kim tapa bilmir
köynəyimin düymə yerini
DODAQLARINDAN ÖPƏNDƏ...
müharibəyə gedən əsgər kimiyəm bu dəmiryol vağzalında təkcə ayrıla bilmədiyim adam sənsən gözüm arxada ürəyim səndə qalacaq...
bir vaqon pəncərəsindən sallanıb dodaqlarından öpəndə dünyada sülh sazişi imzalanmalıydı...
ayaqların yerdən üzüləndə canın üzüləndə yanağından gözyaşların süzüləndə ayrılırdıq, utanmalıydılar
müharibə qayıdacağıma söz vermədiyim təkcə yerdir amma qayıtdım sən yoxsa o gündən
darıxıram dəmiryol vağzalında
***
sənin üçün çox uzaqlarda bir kəndin, bir qayanın başında bir qadının göz yaşında
darıxmaq istəyirəm.
***
heç olmasa bir dəfə də olsun qarşıma çıx yoxsa mən
belə bərkiyib gedirəm
***
uşaq yolunu gözləyən qadın kimiyəm kaş bir dəfə görə bilsəm o uşaq barmaqlarını
***
metro keçidindən keçən uşaq kimi əyilib ömrün altından keçirəm qocalmamaq üçün
|