Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20


Avanqard.net tibb ellmləri doktoru, professor, şair Fazil Abbasovun şeirlərini təqdim edir.












GÜLÜM...

Səni günəşim sanıram,
Odla məni, yandır, gülüm.
Bu atəş ki, mən yanıram
Niyə səndən gendir, gülüm?

Çəkdiklərim sənə azdır?
Bu nə işvə, bu nə nazdır?
Niyə səndə ürək buzdur,
Məndə yanar təndir, gülüm?

Mən sənə vəfalı yaram,
Dərd verirsən, daşıyıram.
Səni sevib yaşayıram,
Xoşbəxt ömür-gündür, gülüm.

Qəlbim sızlar rübab kimi,
Qanımı süz, şərab kimi,
Köz üstündə kabab kimi
O yan-bu yan döndər, gülüm.

Mən sevmirəm dedi-qodu!
Səndən son istəyim budu -
Canıma saldığın odu
Öpüşünlə söndür, gülüm.

Deyirəm, sözün qısası –
Ağırdır eşqin qisası.
Dolub səbrimin kasası,
Can boğazla təndir, gülüm.

Fazil səndən can gözləyir,
Dərdinə dərman gözləyir.
Sevgi ərmağan gözləyir,
Sevən ürək göndər, gülüm.



LALƏ

Qəlbim səndən nigarandır,
Həsrət qalıb yara, lalə.
Ləçəyin tək sinəm qandır -
Olub para-para, lalə.

Gözləyirəm, gəlmir bahar,
Vüsalına ümidim var.
Nə mənəm, nə sən günahkar
Bəxt yazılıb qara, lalə.

Şəbnəmdən sırğa taxardın,
Məni yandırıb-yaxardın.
Yamanca yoldan çıxardın
Axır saldın tora, lalə.

Yanağın al, gözün göyçək,
Görüb aşiq oldum gerçək.
Əl uzatdım, kəpənək tək
Uçub getdin hara, lalə?

Qayıt çölümə-düzümə,
Ruhumu qaytar özümə.
İnanmırsansa sözümə,
And içim ilqara, lalə.

Qıyma sənsiz yetim qalım,
Yad ellərdə məskən salım.
Yerini de, qurban olum,
Özüm gəlim ora, lalə.

Yurd-yuvamız, elimiz bir.
Çəmənimiz, çölümüz bir.
Fazil ayrılığa dözmür,
Son qoy intizara, lalə.



İNCİK YARIM

Yar nə vaxtdır bağa gəlmir,
Səbəbini kimsə bilmir.
Qönçələr dodağın büzüb,
Bülbüllərin üzü gülmür.

Yar, nəzər sal gülə sən də.
İnsaf yoxmu gülə səndə?
Ürəyin necə tab edir,
Ayaz vurub, gül əsəndə?

Yar baxmadı, gül ha baxdı,
İncik bülbül gülə baxdı.
Yalvardım insafa gəlsin,
Bəlkə, gülün gülə baxtı.

İncimisən gülüm, nədi?
Gül gözləyir, gülümsə di.
Bir gül dərib verdim yara,
Dodaq qaçdı, gülümsədi.

Axır güldü gülə baxtı
Yar rəhm etdi, gülə baxdı.
Salamladı bülbülləri,
Dodağından gülab axdı.       



QADAN ALIM

Həsrətli gözümdə parlayan yaşsan.
Gözünü gözümə dik, qadan alım.
Ən mahir rəssamsan, mahir nəqqaşsan,
Qəlbimə şəklini çək, qadan alım.

Görüşməyə axşam, səhər də gözəl,
Sevən gözdə sevinc, qəhər də gözəl.
Piyaləndə şərbət, zəhər də gözəl
Ondan da, bundan da tök, qadan alım.

Ayağını öpən yolun olaram,
Yanında qandallı qulun olaram.
Lap cənnətdə olsam, uçub gələrəm
Toxundursan tükə tük, qadan alım.

Ay kimi gecələr gəlsən yaxşıdır,
Yanımda sübhəcən qalsan yaxşıdır.
Canımı biryolluq alsan yaxşıdır,
Tərlansan, sinəmə çök, qadan alım.

Fazilin gözünün yağı sənindir,
Qarası sənindir, ağı sənindir.
Şamama sənindir, tağı sənindir
Birin də mənimçün ək, qadan alım.


ÇOX TƏLƏSMƏ

Bildirməyə çox tələsmə.
Ərit qəlbinin buzunu,
Dondurmağa çox tələsmə.

Mənimtək sevənin hanı?
Səndən alıram ilhamı.
Ümidimi, inamımı
Öldürməyə çox tələsmə.

Sonu yoxmu “bəlkələr”-in?
Qəvvasınam, dəryan dərin.
Sevgimizin ağ yelkənin
Endirməyə çox tələsmə.

Cənnət bilib bucağımı,
Özün seçdin qucağımı.
İndi yanar ocağımı
Söndürməyə çox tələsmə.

Dərd verirsən təzə-təzə,
Daşıyıram dözə-dözə.
Fazili gedər-gəlməzə
Göndərməyə çox tələsmə.



İNSAN

Dünya  özü boyda bir bazar olub,
Satan da insandır, alan da insan.
Qəlbini, ruhunu iblisə verib
Allaha and içir dilində insan.

Hatəm verər - ürək istə, göz istə,
Cahil insan süfrə açar diz üstdə
Verən deyil - bircə çimdik duz istə.
Lüt gəlib, dünyaya gələndə insan.

Xoşbəxtlik axtaran qürbətə köçməz,
Halalıq axtaran, haram yol seçməz.
Düşmən nədir, heç dosta da əl açmaz
Özünün qədrini biləndə insan.

Bizə babalardan qalan misaldır -
Qəm-qüssə insanın ömrün qısaldır.
Dost dostla böləndə, dərdin azaldır
Çoxaldır, sevincin böləndə insan.

Ümid qapıların bağlamaq olmaz,
Dağdan qopan daşı saxlamaq olmaz.
Hər ölənlə ölüb, ağlamaq olmaz,
Gözündən nur yağır, güləndə insan.

Gül deyil bağlarda açılıb getsin,
Ot deyil dəryazla biçilib getsin,
Yol deyil bir dəfə keçilib getsin,
Gərək izi qalsın, öləndə insan.

Fazil, dünya səndən aldığın alıb.
Onun dərdin çəkmək sənəmi qalıb?
İnsansız nə döğru, nə yalan olub,
Doğru da insandır, yalan da insan!
         


DÜNYA


Mənə ögey gözlə baxdın, nə sirrdir,
Günahım nə idi, de mənim, dünya?
Səni də, məni də yaradan birdir,
Sən nə özününsən, nə mənim, dünya.

Ömrümə od vurdun, yandım gizlicə,
Bilmədim bu illər ötüşdü necə.
Əvvəl uşaq oldum, indi də qoca,
Gənclik görmədim ki, a qənim dünya.

Ovçusan, torundan qopa bilmirəm,
Bəxtimin açarın tapa bilmirəm.
Atımı haqq yola çapa bilmirəm,
Nadan əldədir yüyənim, dünya.

Özün verdin mənə iradə, dözüm,
İstədin dözülməz cəfana dözüm.
İndi mələk donu geymək nə lazım,
De, sənin nəyini bəyənim, dünya?

Nahaq, giley-güzarımdan bezirsən,
Bütün günahları məndə gəzirsən.
Ümidimi axirətdən üzürsən -
Mizan-tərəzimi əyənim, dünya.

Azad quşam, hər budağa qonmadım,
Tamahım önündə qula dönmədim.
Yaxşılıq elədim, əvəz ummadım
Çox olub haqqımı yeyənim, dünya.

Fazil, sənin kimi dərdliyəm mən də,
Ruhumu içimdə saldım kəməndə.
Ağzından vurdular qəlbim dinəndə
Yoxdur haqqz sözümü deyənim, dünya.

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.