Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20

"Bir rəsmin dedikləri" rubrikasında bu dəfə Hacı Zeynalabdin Tağıyevin rəssam İsaak Brodski tərəfindən çəkilmiş portretindən söz açacağıq.

Portret haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevlə söhbətimizi təqdim edirik.

Portretin yaranması haqqında nə bilirik?

İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan görkəmli rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883-1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İ.Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ.Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. Belə gözlənilməz və "ağır" sifarişə dərhal razılıq verən rəssam Bakıya gəlir.

Rəssam onun barəsində yazılmış "Mənim yaradıcılıq yolum" kitabında (müəllifi İ.A.Brodski) Bakı səfəri barəsində məlumat verib.  Onun yazdıqlarından məlum olur ki,  portreti başlamazdan əvvəl o, Hacını təsəvvür etdiyi, özünün düşündüyü pozada əks etdirməyi qarşısına məqsəd qoyubmuş. Lakin çoxdan sifarişlə iş görmədiyindən Hacının tələbləri, xüsusilə də onun layiq görüldüyü təltiflərin çox dəqiqliklə çəkilməsi tələbi rəssama bir qədər qəribə gəlib. Bütün bunlara baxmayaraq, o, işə başlayır.

İ.Brodski qeyd edir ki, Hacı o vaxtlar qocalmışdı, səksənə yaxın yaşı vardı. Elə ilk naturadan çəkiliş zamanı məlum oldu ki, çətinliklə uzun müddət bir yerdə otura bilir, bir neçə dəqiqədən sonra mürgüləyirdi. Bu məni məcbur etdi ki, yemək vaxtı ona diqqətlə göz qoyum, sonra isə yaddaşıma əsaslanıb işləyim. Ümumiyyətlə, Tağıyev hesab edirdi ki, üz cizgilərini, xüsusilə qırışları bütün incəliyinə kimi təsvir etməyə aludəçilik vacib deyil. Əsas diqqəti onun təntənəli geyiminə, xidmətlərinə görə aldığı müxtəlif ordenlərin dəqiq təsvirinə yönəltmək gərəkdir. Elə çəkmək lazımdır ki, ordenlərin (İranın "Şir-i xurşid" ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin "Şərəfli Buxara ulduzu" ordeni, həmçinin, Rusiya imperatorluğunun "III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal", "İmperator III Aleksandrın dövründə xidmətlərə görə", "Səylərə görə" medalları və s.) hansı dərəcədən olduğu açıq görünsün. Bütün bunları eşidəndən sonra mən onun zövqünə tabe olmağa məcbur oldum...

Hacının başı müxtəlif işlərə bərk qarışdığından bir neçə seans baş tutmur. Həm bunu, həm də Hacının çətinliklə oturduğunu görən rəssam işi tez tamamlamaq üçün asan çıxış yolu tapır.  Şəhərdəki dərzilərin birindən maniken alan rəssam Hacının lentli və ordenli paltarını ona geyindirir. Bu, işin gedişini xeyli sürətləndirir. Az bir vaxtda o, geyimi çəkib qurtarır. Qalır portretin üz hissəsini işləmək İ.Brodski kimi sənətkara bundan sonra portreti tamamlamaq çətinlik törətmir. Bunun üçün də bir-iki seans işləmək rəssama kifayət edir.

- Hacı Zeynalabdin Tağıyevin qırmızı pərdənin fonunda, iri planda təsviri bizə nə deyir?

- Qənaətimcə, portretin bədii-kompozisiya həllində bir çox hallarda olduğu kimi, gizli məqamlar axtarmağa ehtiyac yoxdur.  Bu adi təntənəli portret nümunəsidir. Hacının təntənəli-qürurlu pozasını və qabarıq təqdimatını da bu şərtləndirib. Burada rəng seçiminin necəliyindən asılı olmayaraq, başlıca məqsəd ümumi koloritin ahəngdarlığını əldə etmək olub. Bunun da öhdəsindən rəssam layiqincə gələ bilib. Portretdə Hacının əsas tələbi dəqiqliklə yerinə yetirilib və aldığı 14 mükafatın (Rusiya imperiyası, İran və Buxaranın təltifləri)  rəmzləri geyimi üzərində öz əksini tapıb.

- Tağıyevin rəssama istədiyi pulu verməməsi doğrudurmu?

- Portret hazır olanda Tağıyev rəssamın tələb etdiyi iki min manatı verməyi ləngidir. Lakin rus rəssamının onu məhkəməyə verməyə hazırlaşdığını (xatırladaq ki, o vaxtlar Hacının bir məhkəmə çəkişməsi varmış və o, həmin prosesə gedib-gəlməkdən cana doyubmuş) eşidib qərarını dəyişir və pulu verir. Hacının Brodskiyə dediyi: "Bir həftə işə görə iki min manat? Mən cavan olanda gündə altı qəpik qazanardım, heç olmasa iki həftə də işlə, sonra baxarıq!" - sözləri bəlkə də bu gün qəribə səslənir. Əslində, Hacının əliaçıqlığından, millətin xeyrinə gördüyü işlərdən çoxları xəbərdardır. Odur ki, onun dedikləri, bizcə, heç vaxt xəsislik əlaməti olaraq qəbul edilməməlidir. Sadəcə olaraq, bənna işlədiyi vaxt hər cür çətinliklə üzləşən, bir parça çörək pulu qazanmağın nə qədər ağır olduğunu görən Hacının əmək haqqının ödənilməsinə öz münasibəti vardı. Təbiidir ki, işin çox hissəsini manikenin köməyi ilə görən rəssamın az bir müddətə onun üz hissəsini işləməsi və bununla portreti tamamlaması sayəsində tələb olunan məbləği Hacı ilk anlar yüksək hesab etmişdi. Sonra isə rəssamın zəhmət haqqını ödəmişdi. Amma bununla da rəssamın Bakı səfəri bitmiş və o, qalan portretləri işləməmişdi.  Sözsüz ki, bu mübahisədə həm rəssamı, həm də Hacını başa düşmək lazımdır. Onların hər biri öz-özlüyündə bəlkə də haqlıdırlar.

İ.Brodski ilə "söhbət"dən sonra Hacı özünün rəssam tərəfindən işlənmiş portretini nə iş otağında (burada onun iri fotoportreti asılıbmış), nə də digər salonlarda asdırıb. Tamamlandığı vaxtdan Azərbaycanın işğalına qədərki 8 il ərzində portreti özünün ən qiymətli əşyalarının toplandığı seyf-otaqda saxlayıb. Hətta 1920-ci ildə Mərdəkandakı bağına köçərkən də özü ilə aparmayıb. Dörd il sonra isə Hacı vəfat edib.

Əlavə edək ki, 1912-ci ildə Bakıya Hacı Zeynalabdin Tağıyevin portretini çəkməyə gələn rəssam 13 il sonra bir də kommunistlərin dəvəti ilə paytaxtımıza gəlib və çox iriölçülü "26 Bakı komissarlarının güllələnməsi" tablosunu işləyib.

Fərhad Hacıyev və portret

Hacı Zeynalabdin Tağıyevinvəfatından az sonra portret də unudulub. Onun bədii və tarixi əhəmiyyətini duymayanlar portreti çərçivədən çıxarıblar. Bükülü qalan kətanın 1958-ci ildə çəkilmiş fotosu göstərir ki, onu mühafizə edənlər çox etinasız olublar. Nəticədə əsər məhv olmaq dərəcəsinə çatıb. Çərçivədən çıxarılaraq uzun müddət bükülü qalan kətan deformasiyaya uğrayıb, neçə yerdən qat kəsib, bir çox hissədəki rəng qatı tökülüb. O vaxt yalnız Azərbaycanın ilk bərpaçı rəssamı mərhum Fərhad Hacıyevin işə qarışması və əsəri təmənnasız bərpa etməsi onu əvvəlki görkəminə - həyata qaytarmağa imkan verib. Zamanında bərpaçı-rəssamın portretin bərpası ilə məşğul olduğunu qızı Saraya çatdırması, varlı mesenatın yoxsul varisinin böyük sevincinə səbəb olubmuş...

- Portretdə Tağıyevin əlində tutduğu əlcəyin əslində, qəzet olmasına dair söyləntilər var. Məsələ əslində necədir?

- Bu fikirdə olanlar yəqin ki, Hacının portretləri ilə tam tanış deyillər. Başqa sözlə desək, portretləri və oradakı detalları səhv salırlar. Əslində, Hacı Zeynalabdin Tağıyevin İ.Brodskiyə qədər də bir dəfə portreti çəkilib. Sağlığında Edenburq şəhərində heykəli ucaldılıb. İ.Brodski Bakıda həmin portreti görüb və ondan müəyyən qədər də faydalanıb.

Müəllifinin adı dəqiq bilinməyən birinci portretdə Hacının sağ əli "Quran"ın üzərində, sol əlində isə qəzet vardı. Portretin özü bizim dövrə gəlib çatmasa da, onun təsviri olan iki foto qalıb.  Onların birində portret nisbətən korlanıb, sinəsindəki orden-medallar pozulub. Bunu qohumları otuzuncu illərdə təhlükəsizliklərini təmin etmək üçün ediblərmiş. İkinci fotoda Hacı onun hesabına fəaliyyət göstərən Qız məktəbinin müəllim və şagirdləri ilə təsvir olunub. Arxada da həmin naməlum rəssamın çəkdiyi portret asılıb. Həmin portretin çəkilməsinə 1902-ci ildə rəsmi dairələrdən icazə alınıbmış. 1911-ci ildə Novruz bayramı münasibətilə məktəbə gələn və qızları təbrik edən Hacı oranı tərk edərkən üzünü salondakı portretinə tutaraq deyib: "Mənim balalarım! Mənim sağ əlim İslam dininin əsası və qüruru olan "Quran"ın üzərindədir, sol əlimdə isə qəzet tutmuşam. Mənim balalarım! Mənim sizlərə son tövsiyəm budur: həmişə sağ əlinizdə "Quran"ı, sol əlinizdə qəzeti tutarkən millətə inam və qeyrətlə xidmət edin!" ("İşıq" qəzeti, 1911-ci il).

Bu rəsm bizə nə deyir?

Bu portret ilk növbədə şərəfli tariximizi yaşatdığına görə dəyərlidir. Əsər işıqlı əməllərinə görə adı Azərbaycan tarixinə "millət atası" kimi daxil olmuş Hacı Zeynalabdin Tağıyevin obrazının gələcək nəsillərə çatdırılması üçün əhəmiyyətlidir. Oxumağı-yazmağı bilməyən bu Azərbaycan kişisi millətinə necə xidmət etməyi soydaşlarımıza nümayiş etdirən və adını zamansızlığa qovuşduran  böyük şəxsiyyətdir - həyat məktəbidir...

Aytac SAHƏD
525.az

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.