“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
13.11.20
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilən “Bəhlul” jurnalı kitab formatında çap olunub. Kitabda “Ön söz”, lüğət, qeydlər və izahların müəllifi də Dilbər Rzayevadır.
Bu məcmuə Bakıda 1907-ci il mayın 19-dan noyabrın 4-dək nəşr olunmuş, cəmi 9 nömrəsi işıq üzü görmüş “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır. “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirən “Bəhlul” jurnalının naşir və redaktoru Ələsgər Əliyev olub.
Jurnalda “Teleqraf xəbərləri”, “Ümumi xəbərlər”, “Elan”, “Poçt qutumuz” və sair kimi rubrikalara və bəhri-təvil, felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir. Həmçinin “Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”, “Heyrəti”, “Yuxulu”, “Ə.Düdük”, “Dərdmənd”, “Bambulu”, “Tamaşa bağı”, “Fırıldaq”, “Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”, “Maryak”, “Carübüddövlə”, “Bitli bədən”, “Laübali”, “İpləmə”, “Zurnaçı”, “Şalvarün-Zakirin”, “Müahidi Qədim”, “Əqrəb”, “Qeydkeş” və s. gizli imzalardan da istifadə edilib.
“Bəhlul” jurnalının ilk transfonelitersiyanın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova nəşrin rəyçiləridir. 146 səhifədən ibarət kitab “Ulu” nəşriyyatında çap olunub.
Gülnar Səma, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
|