Vilayət Quliyev - Kəndimizin erməniləri
27.11.20
İndi hamını cərəyan edən son dərəcə gərgin və mühüm hadisələrlə bağlı qısa xəbərlər maraqlandırır. Mən bu arada ermənilərin niyə Azərbaycanda bu dərəcədə qol-qanad açmaları sualına cavab tapmaq üçün bəzi xatirələrə baş vurdum.
Vaxtınız olsa və maraqlı görünsə, oxuyun. İstəyənlər öz yaşadıqları yerlərdəki ermənilərlə bağlı tarixçələri də əlavə edə bilərlər.
Belədə müəllifi bəlkə də yüzlərlə adam olan bir kitab yarana bilər.
1878-ci ildə imzalanan San-Stefano sülh anlaşmasına qədər ermənilər Osmanlı imperiyasında "milləti-sadiqə" kimi tanınırdılar. Ölkənin həqiqi sahiblərindən - Anadolu türklərindən qat-qat yaxşı yaşayır, özlərini vəziyyətin ağası kimi aparırdılar. Onların arasından sədrəzəm, paşa, nazir, səfir mövqeyinə yüksələn, böyük sərvət sahibi olanlar az deyildi. Bu üstün mövqeləri ilə qürrələnməkdən, hər cür paxıllıq, fitnə-fəsad hissindən uzaq türk insanına təşəxxüslə baxmaqdan çəkinmirdilər. Amma hələlik ortaya siyasi iddia qoymurdular. San-Stefanoda Avropa ermənilərə Osmanlını daxildən parçalamaq üçün kart-blanş verəndə vəziyyət kökündən dəyişdi. Dünənki "milləti-sadiqə" türk dövlətinin və türk etnosunun ən qəddar, amansız, məkrli düşməninə çevrildi.
Eyni vəziyyət 1988-ci ilə qədərki Sovet Azərbaycanında da təkrarlanmışdı. Bir ovuc gəlmə erməni Azərbaycanda tarixən məskunlaşan avtoxton xalqların hamısından yaxşı yerbəyer olmuşdu. Özlərinə imtiyazlı, sərbəst və firavan həyat qurmuşdular. Həm də təkcə böyük şəhərlərdə deyil, ən ucqar kəndlərdə də belə idi. Bu vəziyyətin yaranması ermənilərin fövqəladə ağlı, bacarığı və qabiliyyəti ilə bağlı deyildi. Düzdür, onların düşdükləri mühit uyğunlaşmaq, cilddən-cildə girmək istedadı var. Amma əsas "uğur" düsturları mərkəzi hakimiyyətin himayəsi və bizim insanın ifrat humanizmi, ürəyiyumşaqlığı, bir az da sadəlövhlük və sadəliyi olmuşdu. Bunu aşağıda doğulduğum kəndin timsalında göstərməyə çalışacağam. Onların illər sonra, xüsusən yüzlərlə qurban verdiyimiz, Vətənimizin ən gözəl guşələrinin on illərlə işğal və yağma altında qaldığı Qarabağ savaşlarından sonra yenidən özlərinə aramızda isti yer tapa bilməməsi üçün bəlkə də hər kəndin, mahalın "erməni tarixi" diqqətlə araşdırılmalıdır.
Əgər bu qeydlərə bir epiqraf seçmək zərurəti yaransaydı, yəqin ki, Yevgeni Yevtuşenkonun aşağıdakı misraları yerinə düşərdi:
Əlimizlə bəsləyirik alçaqları, Tulalardan böyüdürük buldoqları
***
Ermənilər bir qayda olaraq Azərbaycanın ya gözəl təbiəti, ya da yaxşı pul qazanmaq imkanları olan yerlərində yaşayıblar. Doğulduğum Beyləqan rayonunun Şahsevən kəndi təbiətinin gözəlliyi ilə seçilmirdi. Meşəsi, bulağı yox idi. Yayı isti keçirdi. Qışda palçıq əlindən tərpənmək olmurdu. 10 yaşlı məktəb şagirdindən tutmuş 70-80 yaşlı qocalara qədər hamı apreldən noyabra qədər pambıq tarlalarında gerçək qul əməyi ilə məşğul olurdu. İnsanların çörəyi sözün həqiqi mənasında daşdan çıxırdı. Amma hər şeyə rəğmən kəndimizdə ermənilər yaşayırdı. Həm də bizdən yaxşı yaşayırdılar. Və yəqin ki, bizə yuxarıdan aşağı baxırdılar...
İlk yadımda qalan ermənilər ər-arvad Zina ilə Arşak idi. Söhbət 1962-1963-cü illərdən gedir. Zina dükançı, Arşak isə pambıq tədarükü məntəqəsində əmtəəşünas (o vaxt "priyomçu" deyirdilər) idi. Camaatın 70-80 faizinin pulun nə olduğunu bilmədiyi bir dövrdə Azərbaycan kəndində iki pullu yer haradan gəldikləri bilinməyən iki erməninin əlində idi. Və bizim saf, səmimi insanlarımız burada qeyri-adi bir şey görmürdü. Bir azərbaycanlı ailəsi erməni kəndində eyni mövqe tuta bilərdimi? Heç kəs bu haqda düşünmürdü. 9-10 yaşım olsa da, yadımdadır ki, Arşak camaata qaynayıb-qarışmırdı. Daim qara paltarda gəzən arıq, quru Zina isə kənd arvadlarının sevimlisi idi. Toyda da, yasda da başda otururdu. Təbii ki, burada dükandan nisyə qənd-çay almaq amilinin rolu az deyildi. Anam da hərdən gedib nisyə nə isə alırdı və evə gələndən sonra uzun-uzadı "Allah Zinanın tək balasını gözünə çıraq eləsin!" - tipli dualar eləyirdi. Zina ilə Arşakın bir qızı vardı. İrəvanda hansısa institutda oxuyurdu. Qış, yaxud yay tətilində valideynlərinin yanına gəlirdi. Bəzən bekarçılıqdan dükanda, anasına kömək edirdi və belə günlərdə kənd cavanları çiy kərpicdən tikilmiş birmərtəbəli dükan binasının həndəvərindən əl çəkmirdilər.
Zina çox bic arvad idi. Atası, yaxud anası ilə dükana gələn uşaqlara həmişə bir konfet, yaxud bir-iki taxta peçenye verirdi. Təbii ki, pulunu elə o adamların özündən beş qat çıxarırdı. Amma sadədil kənd camaatının nəzərində bu hərəkəti ilə səxavətli və ürəyiaçıq adam imici qazanır, dua-səna sahibi olurdu.
Təxminən 1965-ci ildə hansısa fırıldaqlarına görə Arşakı tutdular. Deyəsən, kəndə iki, ya üç ildən sonra qayıtdı. Bu müddət ərzində camaat Zinanı əməlli-başlı himayəyə götürmüşdü. Məsələn, deyək ki, stansiyaya daş kömür gəlirdi. Hamı qış üçün tədarük görmək istəyirdi və bəzən adamlar qışda ailəsinin soyuqdan əziyyət çəkməməsi üçün az qala yumruq davasına çıxırdılar. Amma bununla belə heç kəs "tək arvad kimi" Zinanın evinə bir-iki ton kömür göndərilməsinə etiraz etmirdi.
Arşak həbsdən qayıdandan sonra evlərini Ermənistandan olan bir azərbaycanlı ailə ilə dəyişib kəndimizi həmişəlik tərk etdilər. Həmin ailənin Güldanə adlı qızı 8-ci sinifdə bizə qoşuldu. Yəni 1968-ci ildə... Kim bilir, bəlkə də bu Arşakla Zinanın törəmələri Qarabağı işğal edənlərin, xalqımıza qarşı əldə silah döyüşənlərin sırasında yer alıblar...
***
İkinci yadımda qalan erməni camaatın Urben dediyi Ruben idi. Balaca boylu, sifətindən biclik yağan adamdı. Ayağının biri anadangəlmə qısa olduğu üçün taytıya-taytıya gəzirdi. Əslən Tuğdan idi. Bizim kəndə çörək dalınca gəlmişdi. Kolxoz qarajında balaca bir daxmada qalırdı. Peşəsi dəmirçilik olsa da, hər iş bacarırdı. Ara-sıra Tuğa gedir, bir-iki həftədən sonra geri qayıdırdı.
Mənim əgər belə demək mümkünsə, erməni şovinizminə qarşı "mübarizəm" Rubendən başlamışdı. Artıq sonralar bu barədə oxuduğum üçün dəqiq tarix deyə bilərəm - 1967-ci ilin iyul ayı idi. Əlimə bir-iki manat pul düşmüşdü. Odur ki, qonşumuz Oktayın velosipedini icarəyə götürüb stansiyaya getmişdim. Məmişin çayxanasında oturub həm dincimi alır, həm də vafli ilə çay içirdim. Çayxanada xeyli adam vardı. Hamı çox həyəcanlı görünürdü. Biri-birinin sözünü kəsə-kəsə danışırdılar. Qulağıma çatan sözlərdən anladım ki, ermənilər Stepanakertdə (o zaman Xankəndi adından bir kimsənin xəbəri yox idi) içərisində üç azərbaycanlı məhbus olan maşını aşırıb od vurublar. Dustaqlar da diri-diri yanıb. Onlardan birinin adının Ərşad olduğunu, vaxtı ilə bizim kəndə gəlib-getdiyini, burada kiminləsə dostluq elədiyini deyirdilər. Eşitdiyim dəhşətli xəbərdən bərk sarsılmışdım. Qapalı dustaq maşınının içində bağıra-bağıra yanan adamların əzabını sanki öz canımda hiss edirdim. Eyni zamanda, camaatımızın bu dəhşətli hadisə barəsində belə sakit danışmasına təəccüb qalmışdım. Məmişin çayxanasından bir neçə addım aralıda erməni Xristoforun dərzi dükanı vardı, onun yanındakı bərbərxanada isə erməni dəllək Ardaş işləyirdi. Düşünürdüm ki, adamlar oturub boş-boş danışmaq əvəzinə niyə gedib Xristoforu, yaxud Ardaşı sürüyüb bazarın ortasına gətirmirlər, niyə ölənə qədər döymürlər, niyə "canlara dəyən oğul" dedikləri Ərşad kimi od vurub diri-diri yandırmırlar?
Velosipedlə uzun bir səyahət planlasam da, kefim bərk pozulduğundan evə dönməyi qərara aldım. Yeni tikilən məktəb binasına çatanda Rubenin axsaya-axsaya gəldiyini gördüm. Əlində balta-mişarı, dalında bir şələ odun vardı. Görünür, kiminsə qapısında odun doğramaqdan qayıdırdı. Özüm də bilmədim necə oldu - bir anda beynim qarışdı, velosipedi var gücümlə Rubenin üstünə sürdüm. Zərbənin qüvvəsindən 2-3 metr kənara yıxıldı, odunları dağıldı, mişarın dişləri əlini qanatdı.
İstədim dayanmayam, sürüb gedəm. Amma Rubenin yerindən qalxa bilmədiyini görüb velosipedi ağaca söykədim. Ona yaxınlaşdım. Deyəsən, Ruben onu vuracağımı düşünüb əli ilə üzünü örtdü. Eyni zamanda, özünü də itirmədi.
- Ara, bu zəhrimarı sürə bilmirsən, sürmə də!
- Saxlaya bilmədim, Ruben. - deyə yalan danışdım. Qolundan tutub ayağa qaldırdım, odunlarını yığmağa kömək elədim. Ağladığını görəndə kefim pozuldu, hərəkətimdən peşman oldum.
- Ara, mən bir yazıq, şikəst adamam. Erməni döymək istəyirsən, get Stepanakertə, Mardakertə, - deyə Ruben də son anda erməniliyindən qalmadı.
Deməli, bu Ruben də bizim kənddə yağ içində böyrək kimi bəslənirdi. 70-ci illərdə camaat kənd təsərrüfatı hesabına varlanmışdı. Yadımdadır ki, hətta az imkanlı adamlar da uşaqlarını hərbi xidmətə yola salmaq, yaxud qarşılamaq, ali məktəbə qəbul olunmalarını qeyd etmək üçün böyük məclislər düzəldirdilər. Ruben belə məclislərin daimi iştirakçısı idi. Qoltuğuna bir şüşə 3 manat 62 qəpiklik araq vurub gəlir, gətirdiyindən çox içir, ölənə qədər yeyir, gedəndə də ürəyiyumşaq kənd arvadlarının pay qoyduğu qazan-qazan xörəklə kolxoz qarajındakı daxmasına dönürdü.
Eyni şey toylarda, işləmək üçün getdiyi evlərdə də təkrarlanırdı. Öz adamlarına yuxarıdan aşağı baxan yerli vəzifəlilər toylarda bu Rubeni çağırıb yanlarında oturdur, ona erməni mahnıları oxudur, cibinə pul basırdılar. Nəticədə Tuğdan gələndə ayaq üstə güclə dayanan Ruben az müddətdə şişib porsuğa dönmüşdü.
Ruben bizim mərhum yeznə - bacımın əri ilə dost idi. Daim birlikdə yeyib-içirdilər. Təbii ki, qonaqlığı yeznə verirdi. Ruben də əvəzini natura ilə ödəyirdi. Həyətində ot çalır, tənəkləri budayır, bostanı suvarırdı. Qapıda böyük bir üzüm çardağı qurmuş, çox az adamda olan hamam tikmiş, kaçalka düzəltmişdi. Hardasa qarnını doyura bilməyəndə onlara gəlirdi. Az qala ev adamına çevrilmişdi.
Mən universitetə girəndə yeznə evində qonaqlıq düzəltmişdi. Təbii ki, dəvətlilər arasında Ruben də vardı. Yaxşı içəndən sonra qohumlardan geri qalmayıb mənə öyüd-nəsihət də verdi. "Ara, yetim uşaqsan, Bakıya getdin, şərə-şür işlərə qoşulma, məktəbini oxu. Ermənilərdən də uzaq ol. Orda elələri var ki, adamı diri-diri "hopp eləyib udarlar" - deyə sözünün sonunda bəlkə də üç il əvvəlki hadisəni ikimizə bəlli olan şəkildə yada salmağı da unutmadı.
Ruben 1988-ci ilin sonuna - Bakıda mitinqlər başlanana qədər bizim kənddə qaldı. Tuğda bir neçə dəfə qonağı olmuş yeznənin dediyinə görə camaatımızdan qazandığı pulların hesabına ailəsinə, uşaqlarına əməlli-başlı şərait yaratmışdı.
Həmişəlik geri qayıtmamışdan bir neçə ay əvvəl "uşağın xeyir işi üçün" yeznədən min manat borc götürmüşdü. Bu, o vaxt balaca pul deyildi. Sonradan borc məsələsi ilə maraqlananda yeznə dedi ki, Ruben yediyi çörəyə namərdlik eləməyib. Füzulidən etibarlı bir adamla pulu geri göndərib. Amma nədənsə mənə inandırıcı görünmədi. Fikirləşdim ki, qohumum evində bəslədiyi bir erməninin onu aldatması ilə bağlı kənd adamlarının dilinə düşüb məsxərə hədəfi olmamaq üçün belə deyir...
***
Bu qeydləri oxuyan Feysbuk dostluğumdakı həmyerlilərim kənddə Valod, İşxan, Arsen, Aram, Telman, Mais adlı ermənilərin də yaşadıqlarını xatırlayırlar. Bəziləri çox dumanlı şəkildə yadıma gəlir. Nisbətən yaxşı xatırladığım ermənilərdən biri də dərzi Xristofor idi. Nədənsə onu Mirzə Cəlilin "Usta Zeynal" hekayəsindəki Muğdusi Akopa bənzədirdim. Bildiyim qədər papaqçı idi və Aran yerlərində işə yarayan uzun günlüklü şapkalar tikirdi. Ümumilikdə dərzi kimi çox bekara usta idi. Camaat gülürdü ki, şalvarın bir ayağını o birisindən 3-4 santimetr qısa kəsir. Tikdiyi çesunça pencəklər adamın əynində torba kimi sallanır. Amma buna baxmayaraq, həmişə sifarişi olurdu. Çoxları da onun dükanına söhbətə gedirdi. Burnunun ucuna qoyduğu eynəyinin altından baxa-baxa maraqlı şeylər danışırdı.
Təbii ki, Xristoforla elə bir ünsiyyətim olmamışdı. Amma mənimlə yaşıd olan oğlu Ediki tanıyırdım. İri, daz başlı, şişman atasından fərqli olaraq arıq, sısqa birisi idi. Oğlu məktəb yaşına çatanda Xristoforun tələbi ilə bir nəfər də rus şagird, yaxud müəllim olmayan kənd məktəbində rus bölməsi açılmışdı. Burada cəmisi dörd şagird vardı. Məktəb direktorunun oğlu Elşad, bizə qohumluğu çatan və anası rus olan Yura, yenə anası rus olan bir qız, bir də Edik. Onların rus dilini yaxşı bilmələrinə böyük şübhəm vardı. Amma istənilən halda Xristofor uşağının Azərbaycan dilində təhsil almasını özünə əskiklik saymış və hər yerə məktub yazıb rus bölməsinin açılmasına nail olmuşdu. Yadımdadır ki, Xristofor rayon mərkəzinə gedən yolun sağ tərəfində, quş damına bənzəyən balaca bir evdə qalırdı. Arvadı da özü kimi yekəpər və şişman idi. Onların bu balaca evə necə sığdıqlarına həmişə təəccüb edirdim.
Nəhayət, uşaqlıq illərindən xatırladığım başqa bir erməni dəllək Ardaş idi. Ümumiyyətlə, o illərdə dəlləkxana əgər belə demək mümkünsə, kəndin mədəni-intellektual mərkəzi idi. Adamlar təraş olunandan sonra da saatlarla burada oturub müxtəlif mövzularda söhbət, yaxud lağlağı edirdilər. İri, işıqlı otaqda dörd usta işləyirdi. Onlardan yalnız Ardaşla çox ağayana, ziyalı görünüşü olan usta Həsən yadımda qalıb. Həsən 1948-ci ildə kəndimizə Vedidən köçürülənlərdən idi. Yadımdadır ki, bəzən Ardaşla öz aralarında ermənicə də danışırdılar.
Ardaş yalnız bir dəfə saçımı kəsmişdi və saçlarım qıvrım olduğundan tamam zay eləmişdi. Üstəlik də, əli tərli idi, ağzından pis iy gəlirdi. Ona görə də dəlləkxanaya gedəndə heç vaxt onun kreslosunda oturmurdum...
Yuxarıda da qeyd etdiyim kimi, kəndimizdə mənim tanımadığım başqa ermənilər də vardı. Məhəlləmizdə Vedidən köçənlərin arasında bir qadının müsəlmanlığı qəbul eləmiş erməni olduğunu deyirdilər. Bütün bunları nə üçün yazıram?
Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb. /525.az/
|