Azad Qaradərəli -  Akademikin pişiyi, yaxud pişiklərin qətliamı

10.06.21

Hekayə

 “Qan yoxdu” hekayəsinin müəllifi, dostum  Ahmet Yıldıza

 

***

Çökən zülmət  qaranlıqdan vəslin nurun alın dərhal,
Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal.

Səbahəddin Yəhya Sührəverdi

 

 

      Akademik sehirbaz idi.
     Uşaqlıqda əmisi həm kəndirbazlıq edərdi, həm pəhlivandı, həm də sehirbazlıqla məşqul olardı. Atası erkən öldüyündən onu da yanına almış, öz peşəsini  qardaşı oğluna da öyrətmişdi ki, evə çörəkpulu gətirsin. O çağacan ki, uşaq dərsdən soyumağa başladı. Onda anası (o kitabxanaçı idi) əmisi ilə dalaşmış, oğlunun qulağından tutub evə gətirmiş, hədələmişdi:
     -Mən özüm çörəyimizi pis-yaxş qazana bilirəm hələ ki! Sən, məktəbə get, oxu, adam ol!
     O da anasının sözündən çıxmamış, oxuyub alim olmuşdu.
     Amma bu illər ərzində sehrbazlığı canından çıxarda bilmədi. Yeri gələndə elmin gözünə də qatdı bu peşəni. Əslində, onun canında varmış sehrbazlıq. Əmisinin yüz əziyyətlə hazırladığı nömrəni – məsələn, papağın altına yumurta qoyub   cücəyə  döndərməyi, həmin cücəni  təkrar yumurtaya çevirib  onu orta sırada oturanlardan birinin cibindən çıxartmağı – bircə anda göstərə bilirdi… Məşhur bir ailənin övladı  olan aspirant qızı hipnozla pişiyə “çevirmiş”, sonra da başını sığallaya-sığallaya özünə aşiq etmişdi. Çox-çox sonralar o qız and içirmiş ki, mən hələ indi də hərdən çaşıb özümü pişik hesab edirəm. Elə ki bu hipnozdan ayıldım,  həmin illüzionist alimlə  bərabər, ömürlük pişik olmağın daşını atdım...
      Hə, onun bir fobiyası vardı - ən çox  istədiyi adamların onu tərk edəcəyindən qorxardı. Ona görə onları pişiyə… Amma bu barədə az sonra…
     (Bir dəfə aspirant olanda akademiyada yen il axşamı o bir nömrə göstərdi. 500 səhifəlik qalın  kitabın içərisindən salondakı hər hansı bir adamın oxuduğu cümləni  dərhal tapdı. Onda akademiyanın prezidentinə maraq güc gəldi: o da bu kitabdan bir cümlə işarələdi. Bir göz qırpımında  düzgün cavab hazır oldu!  Bundan sonra prezident  pələng cəsarəti ilə səhnəyə atılan oğlanı yanına çağırmış, başını tumarlayaraq demişdi: “Yaxşıdır, əladır! Yeni il şənlikləri bitən kimi yanıma gələrsən…”
     Elə o nömrədən sonra başına çəkilən tumar  oğlanın taleyini  dəyişdi. Prezident onu özünə köməkçi təyin etdi.
     Akademiya  ovcunun içində idi. Gənc yaşlarında elmlər namizədi, elmlər doktoru oldu, adı SSRİ-nin hörmətli alimləri ilə yanaşı çəkildi… Amma o tumar daha bir iş gördü: pələng cüssəli, pələng cəsarətli bu oğlan pişik kimi müti, pişik kimi qorxaq birinə çevrildi. Yaxşı ki, əmisinin öyrətdiyi sehrbazlığı onu tərk etmədi. Həm müti, həm sehrbaz olmaq onun işinə yaradı əslində.)
     Akademik olanacan  yüz kitabı vərəqləyib içindən bir kitab çıxartmağı, bir kitabı dartıb uzadıb üç kitab eləməyi, son dönəmlərdə isə elmi rəhbəri olduğu bir istedadsız aspirantı, yaxud indiki dillə desək magistri püfləyib fəlsəfə doktoruna çevirməyi, yaxud tərsinə, bir  istedadlı fəlsəfə doktorunu  pisikdirib plagiatçı damğası vurmağı  an məsələsi idi. Sehr onun əlindəydi. Əlini bircə dəfə birinin üstünə çəkdimi? Məsələ bitirdi…
     Hətta söz gəzirdi ki, təzəlikcən Akademikin kabinetində saxladığı Ala pişik (bu çağacan yüzlərlə belə pişiyi yemləyib işlətmiş, sonra qovmuşdu) vaxtilə telli-birçəkli bir şairmiş. Daha dəqiqi, şair-magistr. Və bir gün Akademikin bığının altından necə keçirsə, kişi çox istədiyindən əlinin qüdrətini unudub, çəkib telli gədənin başına. O, bu! Gədə dönüb pişiyə… Özü də Ala pişik!
     İndi ha çalışır, vuruşur, onu əvvəliki halına döndərə bilmir. Hətta iş o yerə gəlib çatır ki, gədə-pişik gənc arvadıyla yatıb-duranda onun istəyini lazımınca ödəyə bilmir (iraq olsun, pişiyin qadınla yatmasını heç təsəvvür edə bilmirəm?!), axırda gənc qadın boşanır ondan.
     Söz gəzirdi ki,  gədə  pişik o qədər çox içirmiş ki, böyrəkləri sıradan çıxıbmış, bir saatdan bir tualetə qaçırmış. Arvadı, əslində ona görə boşanıb – sidiyini saxlaya bilmirmiş… Hətta gecələr yerini də isladırmış… İraq olsun...
     Həəə, orda qaldıq ki, akademik əlini çəkmişdi telli gədənin üstünə - peyqəmbər pişiyin üstünə çəkən kimi (yenə iraq olsun)  – gədə olmuşdu pişik...
     (Mən onun  pişik olmayan çağlarını görmüşdüm. And olsun o müqəddəs pişiyə toxunan ələ ki, onun gözləri pişik gözü kimi parıldayırdı! Üzü eyzən pişik üzü idi ki, durmuşdu. Bığı… Yox bığı yox idi, amma pişik kimi cırmaq atmağı, bəzən  yazıq-yazıq miyoldasa da, birdən hovuru qalxan dişi pişik kimi  bağırmağı vardı. Bu misalı  elə bil onunçün demişdilər: pişiyi də  qayıranda  gərək elə qayırasan  ki, adamın üzünü çırmaqlamaya…)
      Akademik üçün telli gədə - Ala pişik həm də bir daş idi – soyuq silah timsalı. Əlinə götür, at düşməninə, boya al-qanına. Amma yooox, o həm də bir sehrbaz idi axı. O bu kəpirli qaya parçasını (tumara yatan, çay daşı kimi sürüşkən olsa da, daxilən bu pişik-gədə kəpirli bir qaya parçasıydı, dəydimi qan çıxartmalıydı) özü atmazdı. Məsələn, bir dosentin əli ilə ağzına qan alan professora atardı, elə həmin o başı çapılan professorun əli ilə akademiyanın öndəgedən müxbir üzvünə tullayardı, ortabab bir yazıçının əlinə verib Akademikə baş əyməyən xalq yazıçısına çırpardı...
       (Akademik pişiklərin dünya tarixindəki yerinin təkcə Peyqəmbərlə məhdudlaşmadığını bilirdi. O bilirdi ki, orta əsrlərdə  Avropada  yanlış olaraq  pişikləri qırıblar. Papa xristian dünyasında baş verən pisliklərə  səbəb kimi sehrbazları, ovsunçuları və pişikləri  günahkar bilib. Hətta pişikləri öldürənlərə mükafat da təyin edib.
       İtaliyadan Fransaya, oradan Ukranyaya, Norveçədək böyük bir ərazidə papanın fətvası ilə pişiklərin  və sehrbazların qətliamı başlayır.
       Fəlakətin acı nəticəsi özünü çox gözlətmədi: pişiklərin qırıldığı Avropanı tezliklə siçan və siçovullar basdı. Körpə uşaqları belə bələkdə yeyən siçovullar evlərə hücum çəkirdilər. Bu azmış kimi, qara ölüm adlanan cuma, yaxud cüzam xəstəliyi tüğyan eləməyə başladı. Adamlar milçək kimi qırılırdılar. 1347-ci il hesablamalarına görə Avropada bir ildə əhalinin 51 faizi, başqa sözlə 58 milyon adam məhv oldu.
      Bu fəlakətin qarşısını isə bir Təbriz türkü aldı. Təbriz sarayının həkim-filosofu Elxanilərdən Əmir əl-Umara Çobanın oğlu, Ənuşirəvanın zamanında  Təbriz sarayının və dövrünün dahi həkim -filosofu Səhabəddin Yəhya Sührəvərdi  Papaya məktub yazaraq fəlakətin səbəbini açıqladı. Cuma xəstəliyinin yayılmasının baisi kimi siçan və siçovulların artmasını  misal göstərdi. M.F.Zaxarov  “Kardinallar döyüşə gedir” kitabında yazır:”Yaxşı ki, papa bu ağıllı fikrə qulaq asaraq fətvanı geri götürdü.”
     Azərbaycanlı alimin təklifi ilə Osmanlı dövləti Avropanın köməyinə gəldi: bu ölkədən milyonlarla pişik və pişik balası Avropaya göndərildi. Az sonra artmağa başlayan pişiklər siçan və siçovulları məhv etdi. Uğurlu nəticəni görən papa sehrbazlara aid fətvanı da ləğv etdi. Bir Şərq aliminin və milyonlarla Şərq pişiyinin köməyi ilə Avropa qurtuldu.
      Akademik bu tarixi yaxşı bilirdi. Özünü sehrbaz və pişiklərin himayədarı kimi böyük Sührəverdiyə  tay tutmaqdan belə çəkinmirdi... Bir əl işarəsi ilə o hər şeyi dəyişə bilirdi... Hər şeyi... Təsadüfi deyil ki, başının üstündə prezidentin şəkli olsa da, masasındakı kompüterin profilində Sührəverdinin şəkli vardı....)

                                                           ***
      Ala pişik qələmi döş cibinə, özü də çöldən, görünən yerdən taxardı. Balaca netbukunu qoltuğuna vurub Akademikin qapısı ağzında əmrə müntəzir dayanardı. Kimin karikaturasını çəkmək, kimə zəhərli şarjlar yazmaq, kimi qaralamaq lazım gəlsə, bu pişik adam onun kimliyini, istedadını soruşmadan düşərdi üstünə. Ən acı sözlər tapar, onu cəmiyyətin gözündən salmaq üçün söyüşdən, küfrdən, qarğışdan belə istifadə edərdi. Hər yazısının sonunda vurduğu  düyünü yenə hörümçək toru kimi hörər və yazısını belə bitirərdi: “Bu adam qeyri-ciddi birisidir. O dərəcədə qeyri-ciddi ki, bu yazını belə yazmağa dəyməzdi. Haram xoşu olsun!”
      Pişik adam bir gün avtobusla evinə qayıdırdı. Son yazısı Akademikin çox xoşuna gəlmiş, onu ödülləndirmiş, qonorarından əlavə cibinə bir yüzlük də basmışdı. O da ucuz kafelərin birinə girmiş, yaxşıca vurmuş, kefini qaldırmışdı. Amma hər dəfə olduğu kimi kafedəkilər onu incitmiş, ələ salmış, pişim-pişim edərək təhqir etmişdilər. İndi avtobusda gedə-gedə o qanqaraldıcı hadisə yadına düşür, ürəyi bulanır, qaytarmaq istəyirdi. Amma hara? Qaytarmağa yermi var?
      Bu vaxt yanındakı boş yerdə bir adam oturdu. Oturan kimi də başladı azaylanmağa:
     -Ölkə xarab oldu getdi! Pişiklərlə bir avtobusda getmək yalnız bizim ölkədə ola bilər?! Əlimi caynağı ilə yaralamağından qorxmasaydım, quyruğundan tutub  vızıldadardım  bayıra bu sahat... Belə də şey olar?! Avtobusu döndəriblər zooparka?!. Hələ gör nə qədər doldurub tuluğunu!?
     Tanıdı! O idi. Cəmi bir ay əvvəl Akademik Dosentə, Dosent Professora, Professor ortabab Yazıçıya, o da  Ala pişiyə demişdi, bu da götürüb bir uzundərə yazı yazmışdı bu məşhur Yazıçı barədə. Yazıçını o ki var söymüş, sölənmiş, axırda da akademik bir tonla bitirmişdi: “Bu qeyri-ciddi adam xalq düşmənidir. Xalqın duyğuları ilə oynayandır. Dövlətin akademiklərini belə saymır. Halbuki bir akademiki yetişdirmək üçün  altmış il vaxt lazımdır. Bu Yazıçıda bunu duyacaq başmı var? Yoxdur. Elə isə niyə beləsini bayırda saxlayırlar ki? Təhlükəli canilərin yeri türmədir. Bizim xalq polisləri hara baxır?!”
       Təəccüblə Yazıçıya baxdı və miyoldadı:”Sizi hələ həbs etməyiblər?!”
       Yazıçı əlinin dalı ilə onu itələmək istəyəndə balaca pəncəsini qaldırıb kişinin sifətinə vurdu və onun sifətində dörd qanlı şırım açıldı. Bu vaxt avtobus dayandı.  Pişik bir göz qırpımında avtobusdan tullandı və özünü güc-bəla ilə zibilliyə çatırdı. “Öhö” eləyib qaytardı...                                              

                                                           ***
      Səhəri akademiyanın pillələri ilə qalxan Ala pişik gözlərinə inanmadı: pilələrlə enən Yazıçının üzündə heç bir iz yox idi. Dünən elə bil belə hadisə olmamışdı. Hətta Yazıçı əlini uzadıb ciddi-ciddi onun başını tumarladı da...
       Akademikin qapısını miyoldaya-miyoldaya açanda  əli üzündə qaldı: kişinin sifətində qanı qurumuş dörd caynaq izi vardı. Ha eləsə də özünü cəmləşdirib şax dayana bilmədi. Akademikin qapısı ağzında uzanıb yazıq-yazıq miyoldadı. Birdən başı aşağı işləyən Akademikin gözü onu aldı. Yerindən ciddi-ciddi qalxdı, sol ayağını yerə dayayıb sağ ayağını qaldırdı, ona möhkəm bir təpik vurdu. Açıq qapıdan top kimi bayıra düşən gədə pişik bircə anda əvvəlki halına döndü. Döş cibindən dəhlizə düşmüş qələmini götürmək üçün əyilmək istədi, əyilə bilmədi: təpik bel sümüyünü zədələmişdi. Qələmi isə götürmədi – qırılmışdı.
       Zibilliyin yanından keçəndə bir sürü pişik gördü. Bəzisi  acından ölmüş, bəziləri zibillikdə eşələnirdilər. Bu pişik sürüsünü tək-tək tanıyırdı. Bunlar onun rəqibləri idilər. Vaxtilə Akademikin qapısında sülənib, indi qovulmuşdular. Deyəsən, pişiklərin ikinci qətliamı başlanırdı.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.