Bədirxan Əhmədli - Bu Yol sənin yolundur... - Təbrik yazısı
09.07.21

Nədənsə, hər zaman özümü Onlara borclu hiss edirəm; istəyirəm Onların gördüyü, gözə görünməyən, hər zaman xalqın düşüncəsində yer alan işlərindən yazam ki, unudulmasın, tarixlə bugün qovuşsun.

Firidun bəy Köçərli, Salman Mümtaz, Əmin Abid, Əli Nazim, Hənəfi Zeynallı, Qulam Məmmədli, Abbas Zamanovun ictimai, ədəbi fikir tarixindəki yeri və mövqeyi ilə bağlı yazmaq, xalqın mənəvi təkamülündəki rolunu ortaya çıxarmaq həmişə bir borc olaraq qalır. Bu yolu davam etdirən çağdaşlarımız haqqında da eyni düşüncədəyəm; yeri gəldikcə, onlara üz tutur, gördüyü işlərin haqqını verməyə çalışır, portret oçeklər yazıram. Biz də yazmasaq, kim yazacaq. Lakin sələflərinin yolunu ləyaqətlə davam etdirən Onun haqqında yazmağa heç imkan olmayıb... Gör bir nə zamandı, eyni platformada yol gedirik, hər şeyi məsləhətləşirik, eyni mövqeni bölüşürük, ancaq bir dəfə də olsun haqqında yazmamışam. Nə yaxşı ki, sosial şəbəkələr Onun anadan olmasının 73 illiyi ilə bağlı paylaşımlar etdi (özü heç zaman anadan olduğu ayı və günü deməmişdi, hətta əvvəllər vikipediyada da yox idi, ancaq indi baxıb gördüm ki, doğulduğu tarix əlavə edilib!) və bu yazı da buradan gerçəkləşdi. 

Onun haqqında düşünəndə yadıma alman düşünürü İ.Getenin "Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar" fikri düşür; zatən o, heç zaman qəhrəman olmaq fikrinə düşməyib, əksinə, qəhrəman olmaq səviyyəsinə qaldırılacaq işlərini gizlədib. Ancaq bizim qəhrəmanımız bəlkə də səssiz qəhrəmandır, yəni onun qəhrəmanlığı uzun illər sonra dərk olunandır. Mən burada heç də həqiqi qəhrəmanlıqdan danışmıram. Ömrünü mənsub olduğu xalqın milli kimlik konseptinin tanıdılmasına, türkçülük anlayışının tarixi, nəzəri, praktik cəhətlərinin aydınlanmasına həsr edən, türk xalqlarının qədimdən bugünə eyni kökdən olmasına inanan və bu inam uğrunda daim mübarizə aparan insandan gedir. Bu gün əksəriyyətin türk birliyindən danışması, xalqın, millətin gələcəyini bu birlikdə görməsinin ilk toxumlarını da hələ Sovet dövründə görünməz şəkildə səpənlərdən biri O idi. Nəinki səpənlərdən, hətta Türkiyə-Azərbaycan birliyinin qatı tərəfdarlarından idi və Qarabağ məsələsinin həllini də bunda ilk görənlərdən və bu ideyanı daim cəmiyyətə təlqin edənlərdən idi.

O, hər yerdə var; elmi toplantılarda, ictimai yerlərdə, xalqın ictimai təfəkkürünün formalaşmasında, konfranslarda, sosial şəbəkədə və s. Bütün bunların müqabilində heç zaman öndə görünməz, həmişə arxa planda, necə deyərlər, səhnə arxasında qalar, gördüyü işləri gizlədər, ya da miqyasını kiçildər. Çoxları xalq hərəkatı dövründə Onun gördüyü işlərin miqyasını o qədər də təsəvvür edə bilmir və mümkün də deyil. Çünki bu işləri haqqında heç kim heç nə bilmir, yalnız onunla iştirakçı olanlar bilir. Vaxtilə Cəmaləddin Əfqani haqqında işlədilən "gəzəyən filosof" deyimini dəyişərək, onu "gözəgörünməz, gəzəyən türkçü" (hərçənd türkçülüyünün gözəgörünən tərəfləri də çoxdur, lakin onun bu istiqamətdəki fəaliyyətinin nəzəri yazılarından qat-qat üstün olduğunu nəzərə alaraq bu ifadəni işlədirəm!) adlandıra bilərik. Doğrudan da, türk dünyasında gəzmədiyi və yazmadığı yurd qalmayıb, tanımadığı adam yoxdu və onu da tanımayan yoxdu.  Lakin mən Onun şəxsiyyətinin profilini ümumi şəkildə belə ifadə edərdim: cəmiyyət üçün faydalı adam. Bu qənaətə onun bu gün cəmiyyətimizdə gördüyü işlərin faydalılıq əmsalının ən yüksək səviyyədə olmasına görə gəlirəm. Məncə, faydalı adam olmaq onun həyat prinsiplərindən, bir də xalqını, millətini hədsiz sevməsindən, ona maksimum xidmət etməsindən irəli gəlir (bu cür sevgini klassik tədqiqatçılarımızdan əxz edib!); bu, həm də onun xoşbəxtliyidir. O, bütün gücünü toplayaraq bugünkü və gələcək nəslin dünyagörüşündəki illər öncəki mövcud yanaşmanı dəyişməyə çalışır, türk dünyası üçün XX yüzilin əvvəllərində formalaşmış türkçülük, müasirlik və islamçılıq üçlü formulunun parlaq gələcəyinə inanır. Hətta ilk zamanlar bu formulun digər prinsipləri kimi o qədər də dəstək görməyən Turançılıq ideyasının həyata keçəcəyini görür...

Onunla yollarımız 80-ci illərin sonlarında birləşdi: məşhur folklorşünas, şair, ədəbiyyat tarixçisi Əmin Abid (Gültəkin) haqqında "Aydınlığa doğru" adlı məqaləm çap olunduğunda axtarıb məni tapmış, telefonla tanış olmuşduq. Mənə yaşadığı Naxçıvandan deyil, Bakıdan zəng vurmuşdu, lakin o zaman üzbəsurət görüşə bilməmişdik. Mən də onun adını ilk dəfə Ə.Abidin fondunda görmüşdüm. Fondla tanış olan (fondla tanış olan adamların adı buradakı kitaba yazılır) iki adamdan biri O idi. O zaman repressiyaya uğramış Ə.Abidin adını elmi cameəyə tanıtmaqdan böyük bir sevinc hiss almışdım. Sən demə, Ə.Abid Onun yaradıcılığının əsas istiqamətlərindən biri imiş və bir neçə məqaləsi də çap olunubmuş. Sonralar Onun Ə.Abid yaradıcılığına münasibətinin nədənlərini özüm üçün müəyyənləşdirdim. Ə.Abid və onun böyük qardaşı Əliabbas Müznib rus işğalına qarşı mübarizə aparmışdı. Hətta Ə.Abid İstanbulda tələbə olarkən Gültəkin təxəllüsü ilə bolşevizmə qarşı kəskin şeirlər yazaraq "Yeni Kafkasiya"da çap etdirmişdi. Uzun müddət bu şeirlərin Azərbaycan mühacirlərinin istiqlal düşüncəsinin  yaşadılmasında böyük rolu olmuşdu. Ə.Abidin bir şəxsiyyət, şair, ədəbiyyatşünas olması Onun marağını çəkərək həyat və yaradıcılığını tədqiqata başlamışdı. Hələ Sovet dövründə tələbə ikən yaradıcılığını və repressiya səbəbləri diqqətini çəkib, halbuki bu zaman repressiya olunanlarla bağlı əsl həqiqətlər gizlədilirdi. Bu yolda Abbas Zamanov və Qulam Məmmədli ilə fikir mübadiləsi aparıb. Nə qədər çətin olsa da, Ə.Abidin həyatı və tərcümeyi-halını işıq üzünə çıxarıb. Gültəkin təxəllüsünün Əmin Abidə aid olmasının ilk dəfə elmi və faktoloji cəhətdən ortaya qoyan da Odur. Məhz Onun araşdırmalarından sonra Gültəkinin Əmin Abid olması faktı ortaya çıxmışdır. Onun Ə.Abidlə bağlı araşdırmaları yalnız bununla bitmədi; onlarla məqalələr yazdı, konfranslarda çıxış etdi. Gültəkinin İstanbulda nəşr edilən "Buzlu cəhənnəm" şeirlər kitabını çox çətinliklə də olsa, Bakıda latın qrafikası ilə nəşr etdirdi (Gültəkin. Buzlu cəhənnəm. Bakı, 1999).

Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə - Əli Şamil 

Uzun illər bizim söhbətlərimizin əsas mövzusu Ə.Abid yaradıcılığı və onun ədəbi, elmi irsi olurdu. Bunun da nəticəsi kimi, Ə.Abidin İstanbulda tələbə olarkən yazdığı bir neçə cilddən ibarət "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabının (Bakı, Elm və təhsil, 2016, 240 s.) nəşri barədə fikirləşdik və nəhayət ön sözlə birlikdə nəşrə hazırlayıb dərc etdirdik. Daha sonra isə İstanbul Universitetini bitirərkən yazdığı və müdafiə etdiyi "Azəri ədəbiyyatı tarixi" (Bakı, Elm və təhsil, 2020, 303 s.) kitabını müştərək ön sözlə çap etdirdik. Lakin Onun Ə.Abid yaradıcılığı və şəxsiyyəti ilə bağlı araşdırmaları bununla məhdudlaşmır; hər dəfə yeni əsərlərini tapır, onların üzə çıxarılması ilə bağlı fikirlərini bölüşür. Anadan olmasının 100, 110 illik yubileylərinin keçirilməsinə cəhd etdiyim, lakin nail ola bilmədiyim Ə.Abidin 120 illik yubileyinin 2018-ci ildə Folklor İnstitutunda keçirilməsi də bu gözəgörünməz adamın "əl işlərindən" idi...

Ə.Abidlə bağlı araşdırmaları həyat yoldaşı Nafiə Abidin də taleyini araşdırmağa sövq etdi. Bu faktlar onu daha dərinliklərə apardı, Nafiə Abidin də repressiya illərində həbs olunması, sonrakı taleyi Onun araşdırmalarından aydın oldu. Onun bu araşdırmalarına Türkiyədəki və Amerikadakı qohumlarına qədər səs verən oldu. Alban əsilli Nafiə Abid Tanurun həyat hekayəsinin üzə çıxması, Türkiyə və Amerikadakı əks-sədası araşdırmaların nə qədər əhəmiyyətli olmasından xəbər verirdi. Onun araşdırmalarının hər biri faktoloji olmaqla, həmişə dünya türklərinin əks-sədası ilə nəticələnmiş, buna görə də Onu bir çox türk dövlətlərinə dəvət etmişlər, hətta Türkmənistan prezidenti ilə görüşü baş tutmuşdur.

Onun yaradıcılıq və fəaliyyət istiqamətlərindən biri və ən əsası türk xalqlarının keçmişini və bugününü yazmaq, onları tanıtmaq və birləşdirməkdir. O, hər vəchlə yaradıcılığında bu istiqamətə böyük önəm verir və uzun illər boyu qalmış boşluğu doldurmağa çalışır. "Türk xalqlarının tanınmış adamları" (Bakı, 1998, 84 s.) ensiklopedik sözlüyü ilk addımlardan olur. "Quzey Kıbrıs" (Bakı, 2001, 152 s.) bu yolda atılan ikinci addım olur və türk dünyasının ən böyük problemlərindən biri Kıbrısla bağlı ilk dəfə yerli-yataqlı məlumat verilir. Lakin bununla da kifayətlənmir, bu dəfə üzünü dünyanın ən böyük fəlakətlərini yaşamış və deportasiyaya məruz qalmış Krım türklərinə tutur, onların yaşadığı fəlakətlərin tarixini araşdırırır. "Qırım sevgisi" (Simferopol, 2012, 200 s.) kitabında bir xalqın başına gələn faciələrini anladır və bugünü üçün həyəcan siqnalı verir. Bir xalq olaraq haqsızlıqdan əziyyət çəkən və vətəndən sürgün edilən Ahıska türklərini də unutmur, onların deportasiyasının nədənlərini araşdırır. "Axısqalı Xəstə Hasan" kitabında (Bakı, 2012, 248 s.) isə aşığın yaradıcılığını araşdırır, onun şeirlərini ilk dəfə təqdim edir və haqqında olan söhbətləri çatdırır. Colan türkmanları ilə bağlı araşdırmalar da ilk dəfə Onun "Colan türkmanları" (Bakı, 2014, 142 s.), "Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)" (Təbriz, 2016, 144 s.) kitabları ilə baş tutur. "Türkçülüyün qurbanları" (Bakı, 2013, 164 s.) kitabında  türkçülüyün keçib yolda verdiyi qurbanları yad edir, bilinməyən şəxsiyyətlərini və onların gördüyü işlərin miqyasını üzə çıxarır. İlk dəfə olaraq ədəbiyyatşünaslığımızda "Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı" (Bakı, 2011, 412 s.) araşdırmasında indiyədək ədəbiyyatşünaslığımızda heç yer verilməmiş türklərin ədəbiyyatı ilə yanaşı, məişəti, tarixi keçmişi haqqında da geniş oçerklər verilir. "Qaşqaylar və onların folkloru" (Bakı, 2020, 264 s.) kitabında indiki Fars ostanında yaşayan qaşqayların öz milli kimliklərini qoruyub saxladıqlarını onların adət-ənənələri və bədii düşüncələri ilə ortaya çıxarır. Əlbəttə, bunlar Onun türklərin yaşam tərzi, milli kimliyi, dili, folkloru və bədii düşüncəsi ilə bağlı apardığı araşdırmaların kiçik bir hissəsidir. Tarixin ən qədim dövrlərində yaşamış və dünyanın ilk mədəniyyətlərindən hesab olunan Qarabaşlardan (şumerlər) başlamış Qarapapaqlaradək onun yazılarına rast gəlmək olur. Bu yazıların ümumi cəhəti türk xalqlarının keçmişini, qədimliyini və milli kimliyini üzə çıxarmaq, onun ayrı-ayrı şəxsiyyətlərini tanıtmaqdan və bir də, bizim heç birimizin yazımızda əksini tapmayan təblig xarakterli olmasından ibarətdir. Bu, onun müəllimliyindən irəli gəlir; yuxarıdan baxanda Onu türk xalqlarını cəmiyyətə tədris edən müəllim kimi görür və dərk edirik. Bunlar Onun üzdə olan yaradıcılığının görünən tərəfləridir və elmi cameəyə yaxşı tanışdır. Lakin bəlkə bundan daha artıq türkçülük istiqamətində fəaliyyətinin görünməyən tərəfləri var. Türk dünyasının görkəmli şəxsiyyətləri ilə saxladığı əlaqələr, apardığı müzakirələr, təşkil etdiyi konfranslar, ötürdüyü informasiyalar nəhəng işin görünməyən tərəfləridir. Özü də heç zaman bu barədə danışmaz. Əvvəldə "gözəgörünməz adam", yaxud "faydalı adam" sözlərini də məhz buna görə işlədirəm.

80-ci illərin sonlarından Onun ayrı-ayrı türklərlə qurduğu əlaqələr sonralar genişlənərək türk dünyasını əhatə edib. Bu əlaqələr iki istiqamətdə gedib; ədəbi-mədəni və siyasi-ictimai ilişgilər. Əslində, bu ilişgilər Azərbaycanın təkləndiyi vaxt siyasi-ictimai proseslərdən doğub, türk dünyasının bir çox adamları ilə görüşüb, Azərbaycanın haqq səsini çatdırıb, kömək istəyib. Bu barədə O, çox xəsisliklə danışır, istəmir kimsə bilsin, ancaq bilənlər bilir. 90-cı ilin ortalarından bu fəaliyyət ədəbi-mədəni yöndə daha da genişlənir və bütün türk dünyasını əhatə edir. Bu cəhətdən Onu Azərbaycanın türk dünyasındakı qeyri-rəsmi elçisi də saymaq olar. Elə bir türk xalqı yoxdur ki, Onu orada tanımasınlar, yaxud o xalqın haqqında yazmasın. Onu Türkiyə, qazax, türkmən, özbək, qırğız, Şimali Qafqaz, Krım, əfqan, Cənubi Azərbaycan, Borçalı, Qaqauz türkləri yaxşı tanıyır və sevirlər. Bakıda təhsil alan Krım, Ahıska, Qaqauz və Uyğur türkləri ilə tanış olub, onlara daim milli kimliyini tanıdıb, maddi və mənəvi dəstək göstərib, ictimai-siyasi və ədəbi yöndən istiqamətləndirib. Azərbaycanda, Türkiyədə və başqa türk respublikalarında türkçülüklə bağlı keçirilən elmi toplantılara yön verilməsində, mövzuların müəyyənləşdirilməsində da qatqıları çox olub.

Dəfələrlə şahidi olmuşam ki, böyük simpoziumların keçirilməsi Onunla razılaşdırılıb. Ona türk dünyasının hər yerində "Hoca" deyə müraciət edir, elmi dərəcəsi olmamasına rəğmən, görkəmli hocalarla heç bir fərq qoyulmur, oturum başqanı edilir, müzakirələrdə fikri ilə hesablaşırlar. Toplantılardan sonra foye görüşlərində hamı Onun başına yığışır, məsləhətlər alır, bu cür toplantılarda bəzən növbəti konfransın əsası qoyulur. O da buradan apardığı, ya özünün, ya da türkçülüklə bağlı müxtəlif müəlliflərin kitablarını lazımi ünvana çatdırır. 

Elə buradaca, Onun sahib olduğu daha bir yeni keyfiyyəti haqqında deməyə bilmərəm. O, həm də simpoziumlar təşkilatçısıdır. 1998-ci ildən çalışdığı Folklor İnstitutunda dəfələrlə türk xalqlarını birləşdirən böyük simpoziumlar həyata keçirib. "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" beynəlxalq simpoziumunun həyata vəsiqə alması və bu istiqamətdə müqayisəli-tipoloji tədqiqatların yazılmasında böyük payı var. Buraya türk dünyasının ayrı-ayrı şəhərlərində keçirilən ortaq elmi konfransları da daxil etsək, mənzərə bir qədər də aydınlaşır. Onu Azərbaycanda simpozium hərəkatının başçısı da hesab etmək olar. Əvvəlcə özü dünyanın müxtəlif yerlərində keçirilən elmi toplantılara qatılmış, sonra da alimləri bu işə təşviq etmək yolunda əməlli-başlı iş görmüşdür. O, konfranslara yalnız elmi ilgilər kontekstindən deyil, həm də gələcəkdə siyasi fikir birliyinin, müdafiə gücünün birləşdirilməsinin təməl prinsipi kimi baxır. Hər şey mədəni ilişgilərdən başlayır...

Mən hələ Onun Azərbaycan folkloru, ədəbiyyatı ilə bağlı apardığı fundamental araşdırmalarının hamısını burada qeyd etmirəm. Azərbaycan ədəbiyyatının ən müxtəlif problemlərinin üzə çıxarılması və elmi həllini tapmasında saysız-hesabsız məqalələr yazıb. Bu məqalələr indiyədək heç kimin görmədiyi vacib məsələləri əhatə edir. Elə məsələlər var ki, onu indi yazmasan, çətin ki, bir də yazıla. Bu cəhətdən Onun fəaliyyətini böyük səlnaməçi və ədəbiyyatşünas Qulam Məmmədlinin gördüyü işlə müqayisə etmək lazım gəlir. Bu istiqamətlərdən biri repressiyadır. Bu istiqamətdəki məqalələrinin bir hissəsi ayrı-ayrı şəxsiyyətlərin repressiya işlərinin üzə çıxarılmasından ibarət idisə, böyük bir hissəsi bu "delo"lardakı boşluqları, bizim görə bilmədiyimiz yerləri görmək və qiymət verməkdir. Bu sahədə bəzən Onunla fikir ayrılıqlarımız da olur, ancaq qətiyyətlə deyə bilərəm ki, repressiya və geneologiyası ilə bağlı elmi-nəzəri sistemə əsaslanan özünəməxsus və faktlara söykənən bir konsepsiyaya malikdir. Bu konsepsiyanı inkişaf etdirmək və sona çatdırmaq üçün uzunmüddətli araşdırmalar lazım gəlir. Hər ikimizin təəssüf yerimiz məhz repressiya ilə bağlı araşdırmaların elmi faktlara, nəzəri əsaslara söykənməməsi və sistemli xarakter almamasıdır.

Hər dəfə Onunla görüşəndə, yaxud məqaləsini, araşdırmalarını oxuyanda yenidən kəşf edirəm. Mənim üçün həm də O, publisistik üslub ustasıdır; mövzudan mövzuya keçidləri, elmi və publisistik təhkiyənin birləşməsi, faktlara yanaşması və onu çatdırma yolları olduqca yenidir, çeşidlidir, oxucunu yormur. Nafiə Abid haqqında məqaləsi mənə çox təsir etmişdi; oxunaqlı idi, faktlar və təhlillər bir talenin həyatını maraqlı şəkildə çatdırırdı. Görünür, buna görə də əks-sədası hər yerdən gəldi. Onun bir çox yazıları hekayə, bəzən isə bir roman təsiri bağışlayır. "Albaniya və Azərbaycandakı albanlar" (Bakı, Köhlən, 2021, 276 s.) üslubu, problemlərin rəngarəngliyi və təhlil metaforası olduqca yeni və özünəməxsusdur. Bəlkə də, bu əsərə ictimai romanın   yeni forması kimi baxmaq daha düzgün olardı. Albaniyanın tarixi keçmişi, coğrafiyası, türklüklə əlaqələri, dinə münasibəti, Azərbaycanda olan Əhməd Triniç, Əli bəy Zizikski, Nafiə Abid kimi şəxsiyyətləri haqqında məlumatlar, etnoqrafik cizgilər bütöv bir roman təsiri bağışlayır.

Burada məqsədim heç də Onun yaradıcılığını təhlil etməkdən ibarət deyil, nə də şəxsiyyətini tanıtmaq, obrazını yaratmaqdır. Ancaq Onun haqqında düşünərkən üç məsələni xüsusi qeyd etmək istəyirəm: birincisi, bu işləri görərkən O, heç kimdən heç nə gözləmir, bunu özünün vətəndaşlıq borcu hesab edir. İkincisi, Cümhuriyyət ideyalarına sadiq olmaqla yanaşı, yaradıcılığında, fəaliyyətində də bunu göstərir. Üçüncüsü, yazdıqlarına və böyük miqyaslı fəaliyyətinə son dərəcə təvazökarlıqla yanaşır.

Mənə son kitablarından birini "Dissident sorağında"nı (Bakı, 2018, 204 s.) verərkən xeyli düşünməli oldum. Kitab həyat yoldaşı Əzizə Şamillə birgə yazılmışdı. Əzizə xanımın adını görərkən Onun bu uzun illər boyu məhsuldar və yorulmaz yaradıcılığının və fəaliyyətinin sirri sanki mənə aydın oldu; "hər uğurlu kişinin arxasında bir qadın durur" deyimi bir daha özünü təsdiq etdi. Fikrimcə, Əzizə xanımın adı bu kitabda həmmüəllif kimi getsə də, Onun bütün yaradıcılığına şərikdir, həmmüəllifidir, əziyyətini çəkəndir. Bu əsərlər yazıldıqca, araşdırmalar aparıldıqca, məruzələr edildikcə Əzizə xanım da daim Onunla birlikdə olmuş, Onun qədər əziyyət çəkmişdir.

Nəhayət, bizim qəhrəmanımızın adını ayan etmək zamanı gəldi. Əslində, heç bunu etməmək də olardı; çünki yuxarıdakı açar sözlər və portret cizgiləri Əli Şamildən başqa kimsənin boyuna gəlmir, ömürlüyünə oturmur. Gələ də bilməz; hər kəsin bu dünyada bir missiyası var və bütün həyatı boyu o missiyanı yerinə yetirməklə məşğuldur. Elə hal yoxdur ki, tərcümeyi-hallar üst-üstə düşsün. Yox, Onun ömürlüyü heç kimə bənzəmir, nə də kimsə bu ömrü Onun kimi yaşaya bilməz və buna şərik çıxmaq istəməz. Bizə isə xalqının mənəvi təkamülündə, eləcə də ədəbiyyat, folklor, elm, türkçülük yolunda canını və enerjisini yorulmadan sərf edən Əli Şamilə ancaq uğur diləmək qalır və Ona deyirik: bu Yol sənin yolundur, onu sonacan get və sona çatdır...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.