Təranə Vahid - Yaddaşsız kölgələr

20.10.21

Hekayə
   
Hər şey mənə ədəbiyyatı xatırladırdı...

Mən indi yaddaşsız bir adamam. Gecə-gündüz başımın içində  yad,  soyuq  küləklər əsir. Harda doğulduğumu, atamın-anamın, bacımın-qardaşımın, əgər onlar varsa, varlığını-yoxluğunu  belə unutmuşam. Amma yox, anamın əllərinin istisi,  tər-təmiz nəfəsi yaddaşımda ilişib qalıb, bir də, bir də  atamın  hökmlü, hərdən də nəvazişli səsi...

Yaddaşım yavan olsa da,  divarlarına köz kimi çoxlu göz yapışıb. Mənə görə  gözlərin hərəsi bir insandı. Darıxanda boş beynimin ekranında gözləri böyüdüb kitab kimi oxuyuram. Adamların  həyatı, yaşadıqları, sevinci, kədəri, azruları, yarımçıq sevgisi, gizli niyyəti  belə gözlərinə yazılıb. Niyə adamlar bu yazıları oxuya bilmir – deyə kədərlənirəm.

Hamı məni yaddaşsız saydığından dediklərimə kimsə inanmır. Heç kimi qınamıram, ağlını itirən, yaddaşını yelə verən adama kim inanar?

Hərdən qaramca: “Yaşlı-başlı adamdı, özünü  uşaq kimi aparır” – deyirlər. Sözün düzü, neçə yaşım olduğunu  da bilmirəm. Əllərim çox böyükdü,  uşaq əlləri belə olmaz – mızıldayıram öz-özümə. Heç güzgüdə gördüyüm adam da xoşuma gəlmir, birtəhərdi, elə bil saralmış, unudulmuş köhnə şəkildir...

Hə, onu deyirdim axı, vərdiş eləmişəm, şəhadət barmağımı tez-tez ağzıma aparıb soruram. Damağım bomboşdu, yəqin hələ dişlərim çıxmayıb – deyə özümə təskinlik verirəm. Amma yaddaşıma tilişkə kimi ilişən  hiss deyir ki, nə vaxtsa, sapsağlam, dümağ, mirvari dənələri kimi dişlərin olub. Mən bilən belə bir şey olmayıb...

Saçlarım da bəmbəyazdır, qaralmağa, ya da saralmağa vaxt tapmayıb.

VAXT... Vaxtın nə olduğunu xatırlamıram. Gözlə görünməyən şeyləri sevmirəm. Əgər vaxda toxuna bilmirəmsə, o mənim başıma sığal çəkib gözümün yaşını silmirsə, ona necə yada salım?

Hərdən belə “ağıllı-ağıllı”  danışanda baxıcım, o arıq, çəlimsiz qadın deyir ki, sən ulduzu sönmüş filosofsan. “Filosof” sözü fişəng kimi açılıb boş yaddaşımı işıqlandırır. “Filosof” sözündə iki f hərfi var deyə, bu söz xoşuma gəlir. Sonra “f”-lə başlayan sözlər yaddaşımda cücərir: fil, Finlandiya,  fosfor, fosforda da iki “f” var... fəsəli, Fələstin,  fabula...

FABULA... Bu söz mənə nəyisə xatırladır. Xatırlamaq, yada salmaq... Xahiş edirəm, lap istəyirsiniz, diz çöküb yalvarım, məni xatırlamağa məcbur etməyin, xatırlamaq mənə görə  ağrıdı, əzabdı, əziyyətdi... Əl çəkin, məni  incitməyin, onsuz da yaddaşımın fabulasını itirmişəm....

Günboyu ağlımdan qırıq-qırıq xətlər keçir. Elə bil qarışqalar iki-bir, üç-bir sıraya düzülüb yaddaşımın qürubunda gözdən itir. Bu qırıq lentləri  yan-yana düzəndə sözə, ədəbiyyata, sənətə çevrilir...

 ƏDƏBİYYAT... Sözlər  rəngli hava şarı kimi olmayan yaddaşımın fəzasında dolaşır. Əvvəllər yaddaşımın səmasında göy üzündəki ulduzlardan çox ulduzlar sayrışardı. Mən kainatın,  kainat  mənim içimdə döyünərdi. Səslərdən, sözlərdən, rənglərdən özümə bir dünya yaratmışdım. Dünyanın həsəd aparacağı bir dünya... İndi o möcüzədən əsər-əlamət də qalmayıb, hərdən yaddaşımın gölməçəsində suya batıb-çıxan qurbağa görürəm.  Ağzını açıb yuma-yuma mənə yunan mifologiyasından danışır.

 Seyrək yaddaşıma axtarış verirəm ki, görüm yunan mifologiyası nədir? Ölmüş sivilizasiyanın qalığımı? Yoxsa Allahların yer üzündən sürgünümü? Xaosun, heçliyin, qarmaqarışıqlığın içində qanadlı atlar peyda olur. Qorxub Odisseyi köməyə çağırıram, o gəlib çıxanacan atlar uçub gedir. Odissey də deyinə-deyinə qadınlar yaşayan adaya gedir...

... Nədənsə hər şey mənə əzab verir, incidir, küsdürür.  Mən Allahın dərgahından qovulub Sərəndib dağına sürgün edilən Adəm, ya da   Mu qitəsindən qopan torpaq kimiyəm, naməlum sularda üzdükcə üzürəm. Hərdən yaddaşımın səhrasında başında alov yanan bir saray görürəm. Kimsə  pıçıldayır ki, sən o saraya məxsussan, ora qayıtmalısan. Getmək istəyirəm, amma yollar od tutub yanır, saray yaddaşımın səhrasında əriyib yox olur.

Bütün bunlardan məyus oluram, sıxılıram, darıxıram, “yaddaşını itirmiş adamlar belə olur” – deyir, psixiatrım. O, illərdir, məni inandırmağa çalışır ki,  tezliklə yaddaşın geri qayıdacaq. Ona inanmıram. Çünki... çünki... yaddaşımdan əvvəl inamımı itirmişəm.

 İNAM... Gen yaddaşımızdakı qiymətli cövhər... ilahiylə aramızdakı əbədi bağ... qorxunu dəf edən qalxan... ölümü məyus edən yeganə hiss! Mən onu itirmişəm...

Yenə boş başımda küləklər əsir, yağışlar yağır, bu dəfə əməlli-başlı fırtınaya düşürəm. Hərdənbir şimşək çaxır. Şimşək çaxanda yaddaşım qımıldanır, hamilə qadın kimi sancılanır,  elə bil yeni yaddaş doğulacaq. Mən şimşəyin çatlarında  yumrubaş adamı görürəm. Xısın-xısın gülür. Şimşək yox olan kimi, o da  yox olur, qaranlıq çökür. Ürəyimin niyə belə döyündüyünü bilmirəm. Şimşək yenidən çaxır, adam yaddaşımda dalğalanıb dirilir. Bu dəfə özümü də xatırlayıram.

Gənc bir oğlanam. Qolumda qovluq palıdı rəngli qapını döyürəm. Elə həyəcanlıyam ki, əlim-ayağım bir-birinə dolaşır. İlk dəfə həyatda  böyük yazıçını görəcəm. Qapını elə yavaşdan döyürəm, özümdən başqa kimsə eşitmir. Həyəcanımı ört-basdır edib bu dəfə ürəklə döyürəm qapını. Qapı açılır, böyük yazıçı gözünü qıyıb diqqətlə məni süzür,  oturmağa yer göstərir. Oturmaqdan yayınıram, mən şöhrətli yazıçının qarşısında necə otura bilərəm? “Sağ olun” sözünü üç dəfə ard-arda təkrarlayıram. Necə sıxıldığımı görüb: “Əyləş”, – deyir.
Ürəklənib niyə gəldiyimi deyirəm.
– Hər gün iş adıyla gələnlər olur, – deyir dodağının ucuyla.
Düz üç ildi, döymədiyim qapı, getmədiyim yer qalmasa da, özümü o yerə qoymuram.
Hə, işsizlikdir,  – deyirəm.
Könülsüz-könülsüz başını tərpədir, sonra: “Özündən danış” , -  deyir.

Universiteti bitirdiyimi, filoloq olduğumu, hərdən cızma-qara elədiyimi deyirəm, hekayə yazdığımı eşidəndə gülümsəyir: “Hekayən xoşuma gəlsə,  işin düzələcək”, – hə, elə beləcə də deyir.
Qovluğumda tutiyə kimi gizlətdiyim hekayəni çəkinə-çəkinə stolunun üstünə qoyuram.
–    Get, sabah gələrsən, – deyir.

Bu  sözdən  it kimi qorxuram... “Get, sabah gəl” – o deməkdir ki, get, bir də ayağın bu tərəflərə dəyməsin. Amma mən gələcəm. Çünki bu sözü mənə böyük yazıçı deyir. Böyük yazıçılar yalan danışmaz...

YALAN...  Yalan gözəl qadın kimidir. Hamı ona aşiq olar, o da hər kəsi özünə aşiq edər, hekayət hekayət dalınca düzülər. Amma heç birinin sonu olmaz. Günlərin birində hekayətin gerçək  qəhrəmanı gəlib çıxar...

... Yenə yaddaşımda gecə düşür. Başımda əməlli-başlı fırtınadı. Arada ildırım çaxır,  çoxdandı yaddaşım belə işıqlanmayıb.  Dünyanın işinə bax, yaddaşım qaldığı yerdən yoluna davam edir. Mən yenə böyük yazıçının hüzurundayam.

 – A kişi, sən əməlli-başlı yazıçısan ki, – deyib qoltuğumun altına qarpız qoyur. Uçmaq üçün bir himə bəndəm.  
Sonra da deyir ki: “Get ərizəni yaz, bu gündən işdəsən”.
Sevincdən uçuram.
Xoşbəxtliyin səmasında hələ çox süzəcəkdim ki,  səs məni Yerə qaytarır:
–    Bu hekayə hardasa çıxıb?
And-aman edirəm ki, təzəcə yazmışam, heç mürəkkəbi  qurumayıb.
Xısın-xısın gülür:
–    Bir az əl gəzdirim, sonra baxarıq, – deyir...


*** 

... Bir ayın tamamında gözlədiyimdən də çox maaş aldım. Bu mənim ilk qazancım idi.

Xəyalımda  bu pulla nələr eləməmişdim, İlahi?! Kənddə yaşayan, dünyada məndən başqa heç kimi olmayan əliqabarlı, əyni yamaqlı anama paltar alacaqdım, tələbə yoldaşımın toyuna gedəcəkdim, sevdiyim qıza ürəyimi açacaqdım... Maaş aldığım gün kirayə qaldığım evə qayıdanda köşkdən özümə xeyli qəzet-jurnal aldım. Axşam qəzetləri qarşıma töküb keflə oxuyurdum ki, gözümə hekayəm, daha doğrusu, hekayəmin adı sataşdı. Yox, bu qədər xoşbəxtlik birdən ola bilməzdi, bu qədər yaxşılığı adama birdən etməzdilər! Hekayəmin içində böyük yazıçının ədalı şəklini görəndə də ağlıma heç nə gəlmədi. Mənə uğurlu yol yazdığını düşündüm. Adımı axtardım. Yuxarıda rəqs edən kursiv şriftində böyük yazıçının adı gülümsəyirdi. Donub qalmışdım. Bu bir qəzet xətasıdır, yanlışlıqdı, –  düşündüm. Böyük yazıçının belə bir iş tutacağını xəyalımdan belə keçirmədim. Axı o mənim üçün müqəddəs idi...

MÜQƏDDƏS... yaddaşım müqəddəs sözündə donur. Handan-hana yaddaşım “dirilir”, ekranından Error! Error! Error! – anonsu keçir. Dağınıq yaddaşım deyir ki, biz çox vaxt qanlı əllərdən, kirli düşüncələrdən, ruh qatillərindən “müqəddəs” düzəldirik. Biz kimə sitayiş edirik? Sərsəm düşüncələriylə sağlam ruhumuzu əzib bizi  köləyə çevirən, yaddaşımızın köklərini qurudan günahkarlara? Biz “müqəddəsləri” ağ yalanlardan düzəldirik, illərlə sitayiş edirik və bir gün, “müqəddəs”in öldüyü gün, əslində biz də ölürük...

Gözüm mayıf olmasa da, həyata baxışım yanlış olan mən də ruh oğrusundan   “müqəddəs” düzəltmişdim. Hər halda mən onu qanadlı fantaziyalarımla süsləyib bəsləmişdim...

... Səhəri dirigözlü açdım. İş yerinin qarşısında var-gəl edəndə heç kim işə gəlməmişdi. Sonra adamlar gəldi, handan-hana o da gəlib çıxdı. Mən əvvəlki hörmət-izzətlə onu salamladım, o da heç nə olmamış kimi yanımdan ötüb keçdi. Günün ikinci yarısı özümdə cəsarət tapıb  otağına getdim. Çəkinib eləmədən: “Hekayəm sizin adınızdan gedib”, – dedim. Ürəkdən gülüb:  “Sakit ol, onsuz da səni heç kim tanımır, gəncsən, hələ çox yazacaqsan!” – dedi.

Gecə qərara gəldim ki, hər şeyə tüpürüb işdən çıxacam. Amma səhər tezdən evin sahibi gəlib iki aylıq kirayəhaqqını istəyəndə, qürurumun qəddi əyildi. Cibimdə olub qalanları verib, işə getdim. O gün o qədər yazı-pozu işləri oldu ki, başımı qaşımağa vaxtım olmadı. Axşama yaxın məni mühasibatlıqdan çağırdılar. Mühasibimiz quru qadın: gəl bura qol çək, müdirimiz sənə mükafat yazıb”, – dedi. Bayramdı? – soruşdum. Rəqəmlərlə işləyən əksər adamlar kimi mühasib qadın da eyhamımı anlamayıb soyuq-soyuq: “Yox”, – dedi. Tərəddüd edə-edə qol çəkdim, o qol  sonrakı həyatımın üstündən  xətt çəkdi...

Böyük yazıçının vəzifəsi get-gedə böyüyür, şöhrəti artır,  mənsə konveyer kimi gecə-gündüz yazır, yazır, yazırdım. Yazdıqlarım adına çap olunsa  da, hərdən ona qoşulub ürəkdən sevinir, hərdən də özümə nifrət edirdim.  Ürəyinin qanıyla yazdıqların başqasının adıyla çap olunur, sənsə mağmın-mağmın durub baxırsan. Nə var, nə var, o əclaf səlahiyyət sahibidir, dişləri köpək balığının dişlərindən də itidir, kəsdiyi başa sorğu-sual yoxdur, sənsə çarəsizsən, onun tez-tez dediyi kimi “heç kimsən”! Yox, özümə bəraət qazandırmıram, mən də hamı kimi bir parça çörəyə qane olub heç olmasa,  ruhumu satmazdım. O yaddaş oğrususa tez-tez məndən soruşurdu:  “Hələ ruhun ölməyib ki?..”. Ruhum yox, mən ölmüşdüm. Mən onun kölgəsinə çevrilmişdim...

 KÖLGƏ... Yer üzündə mənim kimi yüzlərlə, minlərlə yaddaşsız, xatirəsiz, izsiz-tozsuz kölgələr dolaşır. Onları heç kim görmür, tanımır,  xatırlamır. Çünki ölülərin kölgəsi olmur!

Ruhumu bir gözü dünyaya şübhə ilə baxan, istedadsız,  ruhsuz  adama satır, əvəzində həyatımın əskikliklərini düzəldirdim. Evlənmişdim. Ev almışdım, bağ evim lap dənizin ləpədöyənindəydi. Maşınımı hər il dəyişirdim. Var-dövlətim hər gün məni keçmişimdən bir az da ayırırdı.

Yuxarı dairələrdə fırlanır, adlı-sanlı adamlarla tanış olur, çevrəmi böyüdürdüm. Onlar üçün maraqlı adam olmasam da, gözəgörünməz dahiliyimdən zövq alırdım. “Böyük yazıçı”  ruhumun işığında işıq saçır, oxucular mənim ruhumu oxuyur, mənim ruhumu sevir, amma yastıbaş ilanın qarşısında təzim edirdilər. Əvvəllər hekayələrini, romanlarını yazırdım, indi onun yerinə müsahibələri, elmi məqalələri, tənqidi yazıları da mən yazır, hərdən utanmadan adına tərcümələr də edirdim.

İllər bir-birini qovurdu.  Mən  zamanı, zamanın içində   özümü itirmişdim. Bir dəfə şeytan məni dingildətdi, ondan xəbərsiz bir hekayəmi çap elədim. Təvazökarlıq etməyəcəm, hekayəm ədəbi mühitdə əməlli-başlı səs-küy saldı. Elə o gün,  xoşbəxt olduğum o gün səbri daş çatladan “müqəddəsim”  məni yanına çağırıb xısın-xısın güldü, ünvanıma xoş sözlər dedi, işdən sonra qonaqlıq da verdi. Gecədən keçənə qədər yeyib-içib əyləndik. Düşünürdüm ki, o şöhrətin  zirvəsindədir, bir hekayəyə görə özünü alçaldıb xətir-hörməti tökməz, özünü kiçiltməz, günah etməz...

GÜNAH... Hər kəsin daddığı,  hər kəsi  dönə-dönə tövbə qapısına aparan hiss...

... O, gecə boyu güldü, vəfadan, sədaqətdən dəm vurdu, dostluq haqqında moizə oxudu, yaxşılıq haqqında yaxşı sözlər dedi, evə gələndə  halım qəfildən pisləşdi. Elə bil bədənim, ruhum hissələrə ayrılır, bölünür, parçalanırdı.

O gecə yaddaşımı itirdim. Bütün  öyrəndiklərim, oxuduqlarım, bildiklərim bir anda uçub getdi. Hər şeyi bağışlayan Tanrı, ruhuma xəyanətimi mənə bağışlamadı.

İllərdi, çarpayımda oturub ayaqlarımı yelləyə yelləyə yaddaşımda gəzişirəm. Yaddaşımın ayaqlarına nəsə olduğunu düşünürəm, ayaqları olsa,  getdiyi kimi bir gün geri qayıdacaq. Amma onu da bilirəm ki, gedən qayıtmır...

İndi hər şey mənə həyatı xatırladır...

HƏYAT... qoca sehirbazın çubuğunun ucundakı illuziya köpüyü, siyənək balığının ülgüc kimi iti yelpənəkləri, molyuskların göz yaşından “doğulan” mirvari dənəsi, sarıdimdik qaranquş balasının ilk cikkiltisi, özünə nəğmə deyən çayın zümzüməsi, hər kəsə yaşamaq və ölmək rolu verən istedadlı rejissorun təbəssümü...

Həyat mənim kimi naşıları sevmir, mənsə onu sevirəm, o mənə əbədiyyəti xatırladır...

/"Ulduz" jurnalı/

Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.