Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22

Təkadamlıq hekayə


Od insanı yandırıb külə döndərir, su batırır.  Od insanı soyuqdan qoruyur, su insanın yanğısını söndürür. Atəşlə su öpüşəndə alov suya təslim olur. O, ürəyini nar kimi dilimləyən qorxunun mis rəngli nəfəsini boynunun ardında hiss etdikcə özünü suya təslim etmək istəyirdi. Qorxu insanın ruhunu zəiflədən zəhərdir, su yerindir, ruh isə göyə məxsusdur. Canı suya təslim etməklə ruhunu xilas etmək xam xəyaldan başqa bir şey deyil.
Odla su arasında qalmışdı. Ağlını itirmək üzrə idi. Sol tərəfindən soyuq külək əsirdi və bu soyuq külək uzun müddət idi ki, onun əsəbləriylə oynayırdı. Adamlar da ona istehza edirdilər: “Bu, yalançı dərvişdir, modern dünyada dərvişlərə yer yoxdur”.
-Hanı sənin xirqən, kəşkülün, ay dərviş? – deyə ona sataşırdılar.
Dərviş İlkən laübalı sükutu ilə izdihamın içindən keçib özü üçün yaratdığı Tənhalıq adasına tələsirdi. Soyuq külək burda səngiyirdi, isti qan damarlarında şövqlə dövr edirdi. Dərvişin mübhəm sükutu bu kimsəsiz adada məna qazanırdı. Hislərin tufanı çəkilib gedirdi, qalırdı yerlə göy arasında. Ağıl yerdir, hiss göy. Ağıl sudur, hiss od. O, burada çəkisini itirirdi, yüpyüngül olurdu. Ağrı bədənin, dərd ruhundur. Bədən sudur, ruh oddur. Dərviş İlkən bu təzadlar arasında sanki iki dünyanın vətəndaşı idi. Pasportu yox idi, Tənhalıq adasını özü yaratsa da ora da qeydiyyata düşməmişdi. Bəlkə heç bu ada yer üzündə yox idi?!
Suyun, odun dilini ondan savayı bir kimsə bilmirdi. İnsanların məhdud dünyasında laməkanlığı ilə həm də zamansızlıq içinə düşmüşdü. O, Tənhalıq adasında ağacları kitab kimi oxuyurdu, yarpaqları vərəq-vərəq çevirib onların arasına ağacların gövdəsindən qopan qabıqları qoyurdu, uzun fikrə gedirdi. Yarpaqlar saralanda diksinib fikirdən ayılırdı. Payızda yağışın nəğməsini dinləyib yuxuya gedirdi. Şimşək qılıncını sıyırıb buludlara hücum çəkəndə torpaq sinəsini açıb göyün yükünü canına çəkirdi. Dərviş İlkən belə anlarda yağışın səsinə diqqət kəsilirdi, ruhu dincəlirdi. Əyin başı cumculuq olanda Günəş onun köynəyinə çevrilirdi.
Üfüqlərin bənövşəyi və susqun dodaqlarında səhərin təbəssümü görünəndə saman döşəkdən qalxırdı, sığınacağından çıxıb sübh nəsimini ciyərlərinə çəkirdi. Şaxtaların soyuğunu daşıyan küləyin buralara yolu düşəndə  
Onun sığındığı ada itmək üçün ideal məkan idi. O da itirdi, tapılmırdı. Onu tapıb neyləyəcəkdilər axı?! Hələ ki, fələyin çəmbərində dolaşmaqda idi. Qələndər kimi yaşamağın dadını çıxaran İlkən üçün günəş öz şüalarından köynək toxuyurdu. Sükut məbədində daldalanmağı bacarırdı, səssizlik ona Tanrıyla həsb-hal etməyə imkan verirdi. Yuxusu şam kimi əriyib gözlərindən töküləndə yatmaq istəmirdi. Yatmağı vaxt itgisi sayırdı Dərviş İlkən. Gecələr könlü diliylə, qəlbi feliylə bərabər olurdu. Yuxusundan kəsib hesabat vaxtına calayırdı. Gündüzlər halı özündə olmurdu, odla suyun öpüşdüyü nöqtədə saatlarla dayanıb vird edirdi: “Od suyun qəlbində soyuyur, ruh insanın bədənində qonaqdır, o qonağa yaxşı qulluq eləmək lazımdır, ruh oddur, bədən sudur”.
Ruh oddur, bədən sudur. Dərviş İlkən bu sözləri hər gün zikr edirdi. Darıxmaq hissini çoxdan yadırğamışdı; dünya cifəsinə arxa çevirən gündən. O, nə fani qəmlərə üzülürdü, nə də ötəri sevinclərə aldanırdı. Sevinc də, qəm də onun ziyarətçiləri idilər, gəlib içindən keçib gedirdilər. İçində iz qoya bilmirdilər. Düşünürdü ki, onların bəqası yoxdur. Bu müsafirxana çox qəmlər görüb, çox sevinclər yola salıb. Təkcə sükut baqidir. Ona etibar etmək olar. Heç kimə sirr verməz. Bətnində çox mənaları gizlədib. Bu adada vahə kimi idi sükut.
O, nağıllarla böyüyən sonuncu nəslin nümayəndələrindən idi və buna görə də şanslı idi. Nağılsız böyüyən uşaqları görəndə onların gələcəyindən qorxurdu. Onlarda od vardı, su çatmırdı, su vardısa da bulanıq idi, bərraq deyildi. Ona görə torpaq ayaqları altından qaçırdı. Nağıldan məhrum edilmuş uşaqlara yazığı gəlirdi. Bu uşaqlar böyüdükcə quduzluq azarına tutulub qudururlar, dünyanın it hürən tərəfində qərar tuturlar. Təəssüf duyğusu içində dərin yaralar açırdı, gecələr Ay yaralarına məlhəm olurdu. Hər səhər sanki çəyirdəyin içindən pırtlayıb gün işığına çıxırdı, həyat beləcə, davam edirdi. Gecələr düşünürdü ki, ölüm də elə bu həyat kimi bir göz qırpımında insanı alıb aparır. Hara? Əbədi dünyaya. O dünyanın varlığına inanmayanlar üçün həyat məşəqqətə çevrilir. Kainatdakı mikro və makro sistemlərin əmrə itaətlə çalışması Tanrının varlığının ən bəsit sübutudur.
Dərviş İlkən bu fikirləri həmişə üstündə gəzdirdiyi dəftərçəsinə qeyd edirdi. Kompyuterlərin insanları ayrı saldığı qələm işlətmə sənəti onun üçün xoş əyləncəyə çevrilmişdi. Ruhu cismindən çıxanda üstündə tapılan bu dəftərçə onun yaşantılarına şahidlik edəcəkdi. Bu dəftərçənin üstünə iri hərflərlə belə yazmışdı: Vaxt pəncərəsi. Bu, beyindən dünyaya açılan pəncərə idi. İnsanın başında müxtəlif pəncərələr olur, bu pəncərələrin hərəsi bir səmtə baxır. Vaxt pəncərəsindən gördükləri onda fərqli təəssüratlar oyadırdı və bu təəssüratlar sözlərə çevrilirdi. Sözlər kağızda su kimi axırdı, yaza bilməyəndə od olub köksünü yandırırdı.  
Tənhalıq adasına daşınmazdan öncə adamlar arasında məngənədəymiş kimi sıxılırdı. Fərqli insan növü olduğunu hiss edir, özünü bu aləmə yad bir ünsür hesab edirdi. Özünü yanından ötən adamlarla eyni xəmirdən yoğrulduğuna inanmağa məcbur edirdi. Bu da ona hədsiz əzab verirdi. İndi bu adaya sığınandan bəri toplum içində gördüyü adamlar, onların minbir işləkləri ona qorxunc xəyalətlər kimi görünürdü. Onlar yalanlara könüllü inanırlar, həqiqəti görəndə yollarını dəyişirlər. Axı bu yalanlar onlara nə verir? Bu suala heç cür cavab tapa bilmirdi. Həyat onlar üçün yalan yarmarkasına çevrilmişdi, burada yalan alıb yalan satırdılar.
Dərviş İlkən bu yalanlardan təbiətə sığnmışdı; ağaclar heç vaxt yalan danışmırdı, külək heç vaxt adama yalan satmırdı, quşlar heç vədə nəğmələrini yalan üstə ötmürdülər. Buralara yalanın nəfəsi gəlib çatmır. Dərviş İlkən bu düşüncələrlə özünü xoşbəxt hiss edirdi. Bu adada kiçicik xoşbəxtliyi yaxalaya bildiyindən tənhalıq sözünü tamamilə başqa mənalarla süsləmişdi. O, düşünürdü ki, hər bir insan mahiyyətcə tənhadır, tənhalığını adamlarla dolduranlar isə Tanrıyla üzbəüz qalmaqdan qorxanlardır.
Vaxtın pəncərəsindən baxanda bu müşkül mətblərlər hərdən-hərdən buludların arxasında görünüb yenə gözdən itirdi. Dərviş İlkən bu pəncərədən görünən zamanı növlərə bölürdü; fiziki zaman, astronomik zaman, fərdi zaman, şərti zaman... Siz düşündüyünüz kimi deyil, o, Eynşteynin sadəcə, adını eşitmişdi, relyativ zaman-məkan düsturundan tamamilə xəbərsiz idi. Bu bölgülər onun zamana fərqli yanaşmasının nəticəsi idi. Quşları rəngləriylə aldadan dadsız kəpənəklər kimi bu mozaik zamanlar da çox vaxt Dərviş İlkəni yanıldırdı.
Fərdi zamanı ölçmək üçün özünə qum saatı düzəltmişdi, astronomik zamanı gözləriylə ölçürdü; gözləri açılıb-yumulan saat idi. Səma cisimlərini müşahidə etmək üçün kustar üsulla teleskop düzəltmişdi və ordan ulduzları müşahidə edirdi. Buradan baxanda ulduzlar üzərində arifmetik əməliyyatlar apara bilirdi. Şərti zaman ona hər şeyin nisbi olduğunu öyrətmişdi. Hər şey ötəridir, əbədi olan nədir? Bu sual hər gün ondan cavab tələb edirdi. Bir gün ağlına belə bir fikir gəldi: Vaxt əbədiyyətin qoruyucusudur, əbədiyyət özünü vaxtın içində hifz edir. O insanın imtina məqamında özünü əyan edir. İnkar fərdi zamanın ibtidasıdır.
Dərviş İlkən çoxluğu inkar edib təkliyə biət edincə məzmunca çoxaldığının  fərqinə vardı. Tədricən özünü cəm halında hiss edirdi; içində çoxlu dərvişlər gəzişirdi. Bu çoxalmış “mən”lər onu darıxmağa qoymurdu. Onlar Dərvişi bu zamanın içində azmaqdan xilas edirdi.
Pəncərə vaxtı dəqiq “göstərirdi”. Üfüqdə odla su əbədi mübarizədə idi. Günəşin yandırdığı dünyanı buludlar var gücüylə söndürməyə çalışırdı. Dadlı kəpənəklər quşlardan və yağışdan qorunmaq üçün yarpaqların altına sığınmışdılar...

1-11 yanvar, 2022-ci il

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.