Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22

10 aprel şair Fəxri Müslümün doğum günüdür. Avanqard.net bu münasibətlə onun şeirlərini təqdim edir.

Fəxri Müslüm oğlu 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olub. Bakı Yeyinti Sənaye Texnikumunu və  Azərbaycan Xalq Təsərrüfatı İnsitututnu bitirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  Dövlət İdarəçilik Akademiyasının dosenti, Prezident mukafatçısıdır.
“Şınıx elindən salam olsun”, “Koroğlunun Şınıx səfəri”, “Göy üzündə qərib ağlar” və “Mən dağdağan ağacıyam” kitablarının müəllifidir.






Bayraqtar

Qorxu salıb  düşmənlərin canına,
Od-alova, közə çəkdi, Bayraqtar.
Sanki, göydən üstlərinə od yağıb,
Belin büküb dizə çəkdi, Bayraqtar.

Türk həmişə öndə gedib, ön oldu,
Meydanları geniş oldu, gen oldu,
Qarabağda, gah Kiyevdə  yön aldı,
Bax, beləcə izə çəkdi, Bayraqtar.

Şan-şöhrəti ağızlarda dolaşdı,
Son nəfəslər boğazlarda dolaşdı,
Dəniz ağzı boğazlar da, dolaşdı,
Dastan olub  sözə çəkdi, Bayraqtar.

Yüz illərin dövləti var, hay salıb,
İynə dəyib dağarcığa küy salıb,
Yalanlara kirşə salıb, yay salıb,
Haqqa varıb  düzə çəkdi, Bayraqtar.

Bir əl boyda kölgəsindən qaçırlar,
Savaş gedən bölgəsindən qaçırlar,
Ərənlərin ölkəsindən qaçırlar,
Cılız səslə nizə çəkdi, Bayraqtar.

Nəyi vardı, nəyi yoxdu sirr oldu,
Türk yaddaşı təzələndi, tər oldu,
Yerdə məzlum, göydə Tanrı yar oldu,
Var olanı üzə çəkdi, Bayraqtar.

Ümidlərə işıq gələr, nur gələr,
Bozqurd səsi yavaş-yavaş gur gələr,
Tarix dönər  yeni-yeni hürr gələr,
Çox başları mizə çəkdi, Bayraqtar.

Qorxu salıb düşmənlərin canına,
Od- alova, közə çəkdi, Bayraqtar.
Sanki, göydən üstlərinə od  yağıb,
Belin büküb, dizə çəkdi, Bayraqtar.



Yaşadım

Yenə ömür verdin,  şükürlər, Tanrım.
Haqqı, haqsızlığı görüb, yaşadım.
Yaxşı ki, vətənin türküsü varmış,    
Ruha kərpic-kərpic, hörüb, yaşadım.

Hərdənbir adamın əli də, gülər,
İzindən cığırı, yolu da gülər,
Sübhçağı  şehindən gülü də, gülər,
Gözlə, kipriyimlə dərib, yaşadım.

Boxçamı Quzeydən, Güneydən tutdum,
Elə, can mücrümdə,  can öydə tutdum,
Ağrı, acısını sinəmdə tutdum,
Könlümdə səltənət qurub, yaşadım.

Bildim ümid yeri, inam yeri var,
Ocağımın çəkən, yanan yeri var,
Aylı gecəmin də, şaman yeri var,
Min illik sirrinə girib, yaşadım.

Aldı əhvalımı havası, suyu,
Adama gəl dedi, dağların qıyı,
Elə təmiz idi ömrümün yayı,
Açıb qollarımı, gərib, yaşadım.

Çaylar qıjhaqıjda,  dəniz hayqırar,
Türküm ox çəkdikcə əli yay qırar,
Naxələf kökləri, ya da,  soy qırar,
Üzü  gündoğana durub, yaşadım.

Yenə ömür verdin,  şükürlər, Tanrım.
Haqqı, haqsızlığı görüb, yaşadım.
Yaxşı ki, vətənin türküsü varmış,
Ruha cilalayıb, hörüb, yaşadım.
           


Baharın eşqinə, yazın eşqinə

Sıxıb kipriyini yenə də, bulud,
Baharın eşqinə, yazın eşqinə.
Damda dam örtüyü nota köçürər,
Qavalın eşqinə, sazın eşqinə.

Bərəkət qoxuyar torpaq da, yer də,
Daşınar tonqalla bir boxça sirr də,
Ağac düymə-düymə, gül təzətərdə,
Könlümdə oylanan sözün eşqin.

Çəkər xatirələr o yaşa, məni,
Axar sular üstə obaşa, məni,
Yenidən qaytarar yaddaşa məni,
Hardasa cızdığım izin  eşqinə.

Sanki, yaylım üstə ürək yellənər,
Bir şələ odundan kürək yellənər,
Arzu çiçək açar, dilək güllənər,
Çatdığım ocağın,  közün eşqinə.

Fəxriyəm, kövrələr can oydan keçər,
İllər fəsillənər,  gün,  aydan keçər,
Ömür də, bu yazdan, bu yaydan keçər,
Yaşamaq eşqinə, özün eşqinə.



Daşınnam

Bu il də, beləcə ömürdən getdi,
Yeni sabahlara,  günə daşınnam.
Yaylaq havasıymış, hava da biraz,
Dumana daşınnam, çənə daşınnam.
    
Keçənlər yaddaşa dən-dən dənlənər,
Açılar söhbəti, sözü dinlənər,
Hələ də, önümdə  yoxuş   yönlənər,
Tutub yollarını  ünə daşınnam.

O qədər çoxalıb çömçə tutanlar,
Yadı başa çəkib nimçə tutanlar,
Sanki, gözə girir qamçı tutanlar
Hərdənbir qəzəbə,  kinə daşınnam.

Məni zümzümələr pəsinə çəkər,
Danüzü quşların bəhsinə çəkər,
Elə, şərqisinə,  səsinə çəkər,
Hər avaza  dönə-dönə,  daşınnam.

Fəxriyəm, gül gülər,  şeh tutar məni,
Könlüm cilovlanar meh  tutar  məni,
Şamana köklənmiş ruh  tutar  məni,
Tanrı dağlarına, köynə  daşınnam.



Keçdi beləcə

Nə xətrinə, nə könlünə dəymişəm,
Bu dərd məni əzib keçdi beləcə.
Çox nəsnəyə çırpı çəkdi bir əl də,
Hər acısı üzüb keçdi beləcə.

Sirr köynək tək düymələndi mən, bildim,
Nə vardısa, dənələndi dən bildim,
Danüzünü günəş bildim,  gün bildim,
Öz çeşdindən süzüb keçdi beləcə.

Yadda qalıb əl çatmadı sənəmə,
İndi ondan bu kədərə, qəmə nə?
Xatirələr  öz köçünü sinəmə,
Yarpaq-yarpaq düzüb keçdi beləcə.

Dərya kimi dalğalıydım bir zaman,
Öz dünyamın yığvalıydım bir zaman,
İndi, elə yaxalayıb şər-yaman,
Tərs ağzını büzüb keçdi beləcə.

Yol çoxalıb yolçusu yox, izi yox,
Dövrana bax, adilliyi,  düzü yox,
Fəxri deyər, daha buna sözüm yox,
Təpər candan bezib köçdü beləcə.


Ağlayır

Çoxdandı könlümdə bir yaz ağlayır,
Saçı bulud-bulud bir qız ağlayır.
Dərələr dəsmala, ağa tutubdu,
Elə, narın-narın, boz-boz,  ağlayır.

Çox əllər uzandı üzü bizlərə,
Dirəndi ayağı, dizi, bizlərə,   
Zor oldu astarı, bezi bizlərə,  
Yaramız göz açıb, göz-göz, ağlayır.

Hər beçə verdikcə milçək yurdumda,
Bərkidi dirsəyi itin, qurdun da,
Böyük işləri var böyük dərdin də,
Yeri şırım-şırım, iz-iz, ağlayır.

Varıb, bir olduqca türkün boyları,
Qarışdı düşmənin yazı, yayları,
Tuşlandı hər yerdən oxu, yayları,
Can da nöqtə-nöqtə, söz-söz, ağlayır.

Bir çoxu şirəyə, bala dartındı,
Bir çoxu it kimi yala dartındı,
Yanlış bir cığıra, yola dartındı,
İndi, dizin-dizin özü ağlayır.

Çəkilən canımız səhər ağardı,
Səhərin belində yəhər ağardı,
Sanki, bir yüyənli kəhər ağardı,
O bizdən çox həssas, üz, göz  ağlayır.

Çoxdandı könlümdə bir yaz ağlayır,
Saçı bulud-bulud bir qız ağlayır.
Dərələr dəsmala, ağa tutubdu,
Elə, narın-narın,  boz-boz,  ağlayır.

           

Ömürdən ömürə

Ömürdən ömürə keçid başlayar,
Ömürdən ömürə kədər də, dərd də.
Hirs də, köynək-köynək dönüb bayrağa,
Çəkilər dirəyə sərhəddə, səddə.

Gecələr yuxu da qaytaqsayağı,
Dartılar kiprikdə danüzə kimi.
Ay da kölgəsini çəkib aparar,
Sinir tarım-tarım can üzər kimi.

Dünyanın havası utanc yerimiz,
Ağrılar buludda toxdayıb qalar.
Nə yaxşı Turanın dirçəlişi var,
Düşmənin hiyləsi laxlayıb qalar.

Arzu qulançar tək canda cücərər,
Əbləhlər bilirlər, özə güvəndik.
Haqsıza qılıncıq yer kürəsində,
Haqdan gələn düpdüz sözə güvəndik.

Məqsədimiz bir yük, kürəkdə, beldə,
Neçə, neçə yer, yurd, mənzil gözləyən.
Nəfəs dərə-dərə soluq almışıq
Min sənə gözləyən, min il gözləyən.

Zaman o zaman döy, dəyişir tez-tez,
Əsən küləklərin mehinə uyğun.
İndi, bu tarixi təzədən yazdıq,
Ölməz  şəhidlərin   ruhuna uyğun.

Dartılır ağızlar qulaq dibinə,
Daha düşmənlərin səbiri çatmır.
Aldadır şahmatın şah gedişi də,
Ölüb oynçusu,  heç biri çatmır.

Yeni ümidlərə varırıq biraz,
Güneyimdən belə, Təbrizdən belə,
Uraya çevirdik arxivləri də,
Elə, şah sətrindən, hər izdən belə.

Ömürdən ömürə keçid başlayar,
Ömürdən ömürə kədər də, dərd də.
Hirs də, köynək-köynək dönüb bayrağa,
Çəkilər dirəyə sərhəddə, səddə.



Tuş gəldi

Hələ də, bu şamda nur öləziyib,
Hər yandan küləyə, yelə tuş gəldi.
İllərdi seçilib mürdəşir kimi,
Minillik  elata, elə tuş gəldi.

Ağarmır danüzü toran darıxıb,
Dağları meh tutub, aran darıxıb,
Hər zülmə son verən turan darıxıb,
Dörd yandan bərəsi selə tuş gəldi.

Yeddi qat göy üzü buluda qalıb,
Bu sözün əvvəli, dalı da qalıb,
Ömür ilmələnib xalıda qalıb,
Arxacı çarçarpaz milə tuş gəldi.

Zaman dördayaqlı kürəkdən keçir,
Soyuq xəncər kimi ürəkdən keçir,
Bizə nə gəlirsə, hər kökdən keçir.
Alova tuş gəldi,  külə tuş gəldi.

Dərdə bax, bezibdi, dərd də, olammır,
Yurd da, şeytan əldə yurd da olammır,
Yurdlu yurdsuz qalıb, yurdda olamır,
Baxtına şərşəvə, tələ düşübdü.

Qəzəb sarmaşıqtək başa dırmanır,
Ağlar qal görgötür, yaşa dırmanır,
Hər nə var,  cana da qoşa şırmanır,
Yarı şad, yarı bəd ilə tuş gəldi.

Birazca ümidə, inama vardıq,
Biraz da hardasa, şamana vardıq,
Bozqır atlarmızla zamana vardıq,
Önə, hər yaramaz, kölə tuş gəldi.

Hələ də, bu şamda nur öləziyib,
Hər yandan küləyə, yelə tuş gəldi.
İllərdi seçilib mürdəşir kimi,
Minillik  elata, elə tuş gəldi.



Çaqqallar

Yön aldıqca məqsədinə, namına,
Zühur edib, peyda olar,  çaqqallar.
Qurddan qalmış sürsümükdən şellənib,
Sanki, kefdə, toyda olar,  çaqqallar.

Güdükdədi böyür başda, içində,
Deyərsən ki, yazıq-yazıq, biçimdə,
Gah gizlənər, gah köşdənər köçündə,
Girəvədə, ovda olar,  çaqqallar.

Gecə, gündüz kölgə, kölgə sürünər,
Tülkülənər səkə-səkə  sürünər,
Boyun, başın  bükə-bükə sürünər,
Qurda, quşa pay da olar, çaqqallar.

Harda türk var ağır daşdı,  başına,
Qorxu çökər tər alnına, qaşına,
Heç utanmaz dövlətinin yaşına,
Hərdən sənə tay da olar,  çaqqallar.

Çoxu elə, aramızda dolanar,
Gözənməmiş yaramızda dolanar,
Kölgəmizdə, qaramızda dolanar,
Şərşəvədə,  küydə  olar, çaqqallar.

Səsi çıxmır ədalətin, nə haqqın,
Sonu qanmış hər kürsünün,  hər taxtın,
Bir dövranı, bir anı var hər baxtın,
Ovxarında, oyda olar, çaqqallar.

Ötəkəndən yurd ağrıyar canımda,
Bozqır çöldən dərd ağrıyar canımda,
Qolu dönməz mərd ağrıyar canımda,
Xoşallanıb bəy də olar, çaqqallar.

Gah Doğumda, gah Batımda yarışar,
Yurd verdiyim həyatımda yarışar,
Günün düşməz saatında yarışar,
Sonra beş-üç sayda qalar, çaqqallar.

Yön aldıqca məqsədinə, namına,
Zühur edib, peyda olar,  çaqqallar.
Qurddan qalmış sürsümükdən şellənib,
Sanki, kefdə, toyda olar,  çaqqallar.
            
            
Toxdadım

Saza bax sən, simlərindən tökülən,
Kövrək-kövrək türküsündən toxdadım.
Yaddaşımdan danüzü tək sökülən,
Yarpaq-yarpaq  dərgisindən toxdadım.

Öz könlümdə alaçığım, taxt, tacım,
Hər  cığıra, yola sığmaz amacım,
Qəm çəkdikcə üzü güldü yamacım,
Çiçək-çiçək sərgisindən toxdadım.

Sarı simdə sanki, candan meh keçər,
Göydən gülə çisək çökər, şeh çökər,
Bulud lay-lay, sanki, elat, köy köçər,
Kölgəsindən, bürküsündən toxdadım.

Zaman da tərs, balaban tək, zurna tək,
Dumanından, yağışından, qara tək,
Nə yaxşı ki, xatirələr durna tək,
Avazından, tər səsindən toxdadım.

Düyün düşüb qaranlıqlar ağarmır,
Duz bağlayıb yaralar da sağalmır,
Nə yaxşı ki, təpə varmır, dağ varmır,
Şahin gəzən zirvəsindən toxdadım.

Ömür, gündü tərsonanda, gün keçər,
Yarı elə, yarı belə, tən keçər,
Türkə şükür, dəniz kimi, gen keçər,
Dalğalanan kürsüsündən toxdadım.

Düşmən arsız, həya bilmir, ar bilmir,
Zaman qısa, məkan kiçik, dar, bilmir,
İblis kimi, bəhrə bilmir, bar bilmir,
Bozqurd üzdə,  
Uladıqca   hürr səsindən toxdadım.

Saza bax sən, simlərindən tökülən,
Kövrək-kövrək türküsündən toxdadım.
Yaddaşımdan danüzü tək sökülən,
Yarpaq-yarpaq dərgisindən toxdadım.


            
Keçər

Bozarıb çillə tək, dünyanın üzü,
Hər nə var hirsimdən,  hiddətdən keçər.
Barışın yolları, sülhün yolları,
Yenə, şəhadədtən, şəhiddən keçər.

Sinirlər dartılar üzü yuxarı,
Dəyəri yoxların özü, yuxarı,
Əməli it gündə, sözü, yuxarı,
Ömür də, hər murdar mühitdən keçər.

Könlümün qalası qapanıb yenə,
Düşmən də, dördnala atddanıb yenə,
Körüyə tutulub, oddanıb yenə,
Abırsız-abırsız,  hər xətdən keçər.

Nəsili bir yanda, soyu bir yanda,
İpsiz çarıq sayaq, tayı bir yanda,
Barmağa gəlməyən sayı hər yanda,
Ötmüş qanqal kimi həddini keçər.

Elə nəsnələr var, ürək acıyar,
Gün vurub  yanmamış, kürək acıyar,
Arzu mürəs-mürəs, dilək acıyar,
Min illik kədərdən, min dərddən keçər.

Bozqırdan keçməyən, aran nə bilər,
Suyu çox qarışan, ar, an, nə bilər,
Ulağı  noxtala,  ara  nə  bilər,
Qoru, ya qoruma sərhəddən keçər.

Bozarıb çillə tək, dünyanın üzü
Hər nə var hirsimdən,  hiddətdən keçər.
Barışın yolları, sülhün yolları,
Yenə, şəhadədtən, şəhiddən keçər.
           


Beləcə

Güneydə kəklik tək qom ot göyərmiş,
Sanki,  qış aldadar yazı beləcə.
Elə, qar gülünün telindən keçər,
Küləyin, ya mehin nazı, beləcə.

Ömür min illərin nəqaratında,
Dərd də, burum-burum siqaretimdə,
Közərər köz olar siqaretim də,
Kirəclər sinəmi bozu, beləcə.

Çəkər  “Sarı gəlin”  qəm ovqatına,
Gül ollam bir kövrək sim ovqatına,
Qalmaz zamanım  da şam ovqatına,
Göynədər canımı sazı,  beləcə.

Çillənin şilləsi üzü bozardar,
Yadın yad çəkməsi izi bozardar,
Məmur da köndələn, sözü bozardar,
Millətə zülm edər azı,  beləcə.

Yamanar Xankəndim böyürdən, başdan,
Hələ də,  səs çıxmaz qayadan, daşdan,
Qan hopup torpağa  gül açmır qışdan,
Acıyar  şəhidim, qazim,  beləcə.

Keçməz dünyanın da şeytana sözü,
Açılmaz nə sirri, nə xain üzü.
Sanki, qaralayıb Tanrı da bizi,
Yazdığı, pozduğu yazı, beləcə.

It, itə qarışıb, çaqqal, çaqqala,
Biraz ümid vardı itir az qala,
Deyəsən, vəh gəlib yerdə bakkala,
Dəyərə minibdi bezi, beləcə.

Güneydə kəklik tək qom ot göyərmiş,
Sanki,  qış aldadar yazı beləcə.
Elə, qar gülünün telindən keçər,
Küləyin, ya mehin nazı, beləcə.
           


Dünyanı sülh üstə görmək vaxtıdı

Havaya yüklənmiş barıt qoxusu,
Yenə də, küləklə, mehlə daşınar.
Asılıb buludun ətəklərindən,
Yağışla daşınar, şehlə daşınar.

Düzüblər raketi üzü göylərə,
Nə doğan Günəşi,  nə Ay tanıyar.
Bu saqqalsız, bığsız, uşaq kişilər,
Nə keçmiş tanıyar, nə soy tanıyar.

Iki güc birləşib, əl-ələ verib,
Gözə kül üfürər, oyun oynayar.
Əlində tutduğu silah, sursatın,
Oxunu gizlədib, yayın oynadar.

Cızmaq istənilən  sinirlər, sədlər,
Adamın içindən, sinədən keçər.
Sanki, neçə-neçə könüldə, canda,
Qala  tək qurulan binədən keçər.

Qarğalar şəhərə daşınıb gələr,
Nə vaxtdı durnalar  oxumaz göydə.
Səma da sifətin elə bozardıb,
Ağ duman ağ tülün toxumaz göydə.

Neçə ki, sarıbaş,  elə, boz üz var,
Gözənməz dünyanın yarası hələ.
Od, alov əlindən künə qalıbdı,
Bu bağın, bağatın qorası hələ.

Bütün olayların düyün nöqtəsi,
Yenə,  Qarabağdan,  Şuşadan keçər.
Çıxmır canlarından  Turan qorxusu,
Sirri  də danüzdən, obaşdan keçər.

Yenə də, son ümid özə bağlıdı,
Dünya bərəkətə, bara yüklənər.
Çöhrələr açılar üzü günəşə,
Türkülər də,  saza,  tara yüklənər.

Barıt əvəzinə,  güllə yerinə,
Adamın, gül, çiçək dərmək vaxtıdı.
Bu it, qurd əlindən qurtara bilsək,
Dünyanı sülh üstə görmək vaxtıdı.

Havaya yüklənmiş barıt qoxusu,
Yenə də, küləklə, mehlə daşınar.
Asılıb buludun ətəklərindən,
Yağışla daşınar, şehlə daşınar.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.