"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
13.04.22
*** Hava haqda
proqnozu - buluddan
öyrən, ayının ağız
dadını - armuddan
öyrən. Ustanın əl işi
- şəyirddi, davadan gələn
xəbər - şəhiddi. Külü ancaq göz
yaşı - təzədən alov
eləyər, oxa
bələdçiliyi - ov eləyər. Cənnətin
qapısını döyən - demək, orda
deyil, arxada qalan
göz - düz yolda
deyil. Ba-ax, ikisi
də tərs keçidi: biri - gündüzdü, biri - gecədi. Gecə - səhəri su kimi
üzünə çəkər, Gündüz - gecənin
çiynindən ulduzları sökər.
*** Bir də baş
qoşan deyiləm
gecə ulduza, Aya, Aldığım son
xəbəri də
verdim getsin yuxuya. Yatmamış
instaqramdakı
hekayə nəydi - baxdım, Bu arada
votsapa da
barmağım dəydi - baxdım. Baxmaqdan ağı
qarışdı
gözümün qarasına Tez uzandım...
siqnal girdi
yuxumun arasına. Düşündüm,
görən O neynir,
hardan tapır dincliyi? Gecə Ona,
gündüz Ona,
saat Ona işləyir! Pəncərəmdə
Günəş doğdu -
üzünə töküb telin, Olan-qalan
ağlımı da
qarışdırdı sübh yeli. Uzaqda göy
guruldadı
qəfil, yağış çilədi Qalxıb fərman
imzaladım,
hamını əfv elədim...
*** ...Və bir gün
qərq olarsan sulara burulğan çəkər
aşağı, arxanca hürüb
ağlaşar suiti uşağı... Burda köməyə
kimi çağırasan - qalarsan
gözünü döyə-döyə, başını balıq
ağzından çıxararsan dişin dişinə
dəyə-dəyə. Saçların
quruyar qorxudan yolarsan, bir
ocaq catasan, əlin gedər
alışqan
qoyduğun cibə... "Sənə
lazımıydı,
siqareti atasan?!"
*** Dirəşmisən ki: sevgi nədi, mənə anlat! Döyüşdə son patronunu beyninə
sıxacaq qədər cəsur əsgərə, sülh zamanı göyərçin
xanıma "patron"
dedirəcək qədər məsumdu
həyat... Görürsən, səni sevməkdən
də vacib işlərim var
əlimdə, amma yenə səni
sevirəm... tənbələm dəəə! *** Güzgü
qabağında
ağlayar gözəllik - boyası
qarışmasın deyə; Qapısını
əlcəklə
bağlayar yalan - birdən tüpürən
olar dəstəyə; Gecələr
sürətini
azaldar dünya - əyləcin işığı
düşər göyə; Və çox şeyi
görər əhli-hal - amma qarışmaz
çox şeyə...
*** Hər gözünü
sıxanda şəhid anası əri dişini
sıxar: "Olmadı, bu ki
olmadı!". ...Dörd şəhid
atasının dişlərini
saydım otuz iki
olmadı...
*** Çətirim səma, "Yaxşı
qalmısan!" nə tez oxşadı "Yaxşı
ki, qalmisan"a?! Səma çətirim, bir inandığına bir də
inanmaqdı, bir sevdiyini biryolluq
sevməkdi -
ən çətini... Çətirim, səmam, üzünə baxdım, halım qarışdı, əynini qalın
elə, sənin də
üst-başın yaşdı...
*** Əkinçinin havaya atdığı bir ovuc
toxumdu ulduzlar - bar
vermədiyindən qızarar. ...Şeir sirdi,
Adam, sirri
bağırmazlar - ulduzlardan
utan...
*** Günəş meşənin
üstündən çəkdi
duman-pərdəni öz şöləsiylə, quşlar səhnəyə
çıxdı yarpaqların
alqış səsiylə... *** Dönüb baxırsan
ki: sevgidə üçüncü
yox,
ikinci adam artıqmış... Unudun
rəvayəti, yalandı
"Leyli və Məcnun" məhəbbəti, var Məcnun
sevgisi: - hansı
Məcnun? - Leyli
Məcnun! var Leyli
sevgisi: - hansı Leyli? - Məcnun
Leyli!.. Şeirdə artıq
sözü kəsib atırdım
bir vaxtlar, indi baxıram,
şeirdə bütün sözlər artıqmış - sevgidəki
ikinci adam kimi. ...Gəl,
təzədən yaşayaq şeiri, Gəl, təzədən
yazaq sevgini... *** Gül uzadır başdaşındakı
şəklə üç yaşında
uşaq: - Ata, ata, anam almır, gedək, sən
mənə velosiped al da!..
Minaaxtaran İyirmi ildi ayağının
ağrısından gecələr yuxu
getmir gözünə, son vaxtlar maraqlı
türkəçarə tapıb özünə: arvad-uşağı şənbə-bazar
bir yanda azdırır çəkilir şəhər
kənarına - evdən
gətirdiyi bir balon sidiyi ocaqda
qızdırır... Sonra baxır
havalı kimi, sidiyi iki
əskiyə süzür dədə malı
kimi. Birin sağ
qıçına bükür (bükdükcə ödü
ağzına gəlir), o biriynən sol qıçını
kəsdiyi bıçağın tiyəsini
silir...
*** Ümidimi
ütüləmişdim barmağımı
cütləmişdim subay vaxtı: iki oğlum
olasıdı birinin adı
Tezol, birinin adı
Təkər. Tezol - zamandan iti, Təkər - maşından yekə. ...Qayğılar
basdı başımdan özümü güclə
atdım zaman -
maşından. Baxdım ki, aləm qarışıb, ümidimin ütüsü
cəhənnəm barmağımın
cütü qırışıb! Baxdım ki, ömür yarıda... ...qızımın
adın Su qoydum ciyərim
yanırdı övlad sarıdan...
*** Bu dünyada heç kəsə
demədim... O dünyada
soruşsalar: sən kimsən? - gözümü
yumub, ağzımı açacam! Deyəcəm ki: altındakı
skamyada bir yol özü
oturmayan yorğun
ağacam...
*** Çox da salıb
dünyanı eynəyim gözdən - noolar Ağız suyuyla
bitir dodaqda söz də - noolar... Ölüm nə çətin
işdi, gör nə gözəl cəzan var, Dörd tərəfin
köpəksə, demək, mühafizən var... Yer tərpənir -
tərpənsin, sallanarsan budaqdan Bir də gördün
əl edir kimsə sənə uzaqdan... Nə lazım,
uzaqbaşı bircə otağın ola Gecənin bir
yarısı qəfil qonağın ola... Sevəsən bu
gəlişi başdan-ayağa kimi Küsdürəndə
ağlaya qoynunda çağa kimi... Gedəndə
könlünü də yalvar-yapış apara Gün görməmiş
dərisin gün çıxmamış apara... ...Gedə, bir
də qapından əcəl girəndə gələ Günəş xəstə
dünyaya şüa verəndə gələ...
/Edebiyyatqazeti.az/
|