"Əmir Xosrov Dəhləvi” kitabı işıq üzü görüb
05.04.23
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyası çap olunub.Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu seriyası”nın 39-cu nəşridir.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Ön sözün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Rəyçi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.
Kollektiv monoqrafiyada Nizami Gəncəvinin layiqli davamçılarından biri Hindistanda farsdilli ədəbiyyatın tanınmış nümayəndəsi Əmir Xosrov Dəhləvinin dövrü, həyatı, əsərləri və sənətkarlığı elmi cəhətdən öyrənilir. Kitabda şairin əsərlərində Nizami Gəncəvi “Xəmsə”sinin təsiri, habelə ölkəmizdə Dəhləvi irsinin tədqiqi, tərcüməsi və nəşri sahəsində Azərbaycan alimlərinin gördüyü işlər dəyərləndirilir.
Kitabdakı araşdırmalar Ədəbiyyat İnstitutunun alimlərindən İmamverdi Həmidov, Könül Hacıyeva, Nüşabə Araslı, Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Bəsirə Əzizəliyevaya məxsusdur. Kitabda həmçinin Dəhləvinin “Şirin və Xosrov” əsərindən parçalar da yer alıb.
184 səhifəlik kitab“Elm və təhsil” nəşriyyatında nəşr edilib.
|