Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Bu layihənin məqsədi vahid kataloq yaratmaqdır. Mən Nizami Gəncəvinin əlyazmalarının universal bir kataloqunu nəzərdə tuturam. Bu əlyazmaların saxlanma yerlərindən asılı olmayaraq, kitabxana ola bilər və yaxud şəxsi kolleksiyalar da ola bilər.
Bunu AZƏRTAC-a müsahibəsində “Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsinin İngiltərədən direktoru professor Edmund Herziq söyləyib. O deyib: “Hələ ki, kataloqlaşdırılmayan əlyazmaları biz kataloq formasına salacağıq. Nəticə etibarilə bu, vahid mənbəyə çevriləcək. Bu mənbədən tədqiqatçılar, redaktorlar, tərcüməçilər istifadə edə biləcəklər. Onlar biləcəklər ki, bu əlyazmalar haradadır, nə vaxt yazılıb, onların sahibləri kimlərdir. Mən əminəm ki, bu çox əhəmiyyətli bir layihədir. Layihə müxtəlif tərəfdaşların iştirakı ilə həyata keçirilir. Mən və Oksforddakı həmkarlarım əlyazmaların ingilis dilinə tərcüməsi və onlayn məlumat bazasının yaradılması ilə məşğuluq. Həmçinin bizim İranda da həmkarlarımız var. Baş kataloqçumuz Mir-Ənsari əlyazmaları identifikasiya etmək istiqamətində çox iş görüb. Nəhayət, Azərbaycanda biz Elmlər Akademiyasında işləyən həmkarlarımızla birgə fəaliyyətdəyik. Onlar da əlyazmaları Azərbaycan dilinə tərcümə edirlər. Kataloq 3 dildə – Azərbaycan, fars və ingilis dillərində nəşr ediləcək”.
|