Nəriman Əsədov - Ağlımı başımdan alır qamətin
03.07.25
Avanqard.net Nəriman Əsədovun şeirlərini təqdim edir.
*** Ömrümün zimistan çağında gəldin, Bahar ol, günəş ol qalan ömrümə. Möcüzə eyləyib qaytar zamanı, Öz günün ayınla calan ömrümə. Qəbul et bəxtinə sorğu sualsız, Parılda dünyama çənsiz dumansız, Buraxma talehim belə gümansız, Tər təzə çiçək ol, solan ömrümə. Süzülən sürməli gözündə qalım, Ən şirin kəlməndə, sözündə qalım, Sən olum, səninlə, özündə qalım, Sarmaşıq gül kimi dolan ömrümə. Ahlar var üstümdə gəl, savabım ol, Hamıya ən yaxşı düz, cavabım ol, Mənlidə, mənsizdə sən davamım ol, Həqiqət nuru saç yalan ömrümə. Arzuma qanad ol, ovcunda saxla, Yolumu sən gedən yollara bağla, Bağrına möhkəm sıx, məni qucaqla, Alovlu sevginlə ələn ömrümə.
*** Talehimdi, qismətimdi bilmirəm, Yazan elə kədər yazıb qəm yazıb. Baxışlarım susqun olub dinmirəm, Nə yazıbsa, əyri yazıb, çəm yazıb. Bəxtim yatdı, susdum, heç oyatmadım, Düşdüm dərinlərə, əl uzatmadım. Bir arzuya, bir murada çatmadım, Yazan elə nakam yazıb, kəm yazıb. Üzümdə təbəssüm saraldı getdi, Həyatım əllərdə qaraldı getdi. Hərə məndən nəysə qopardı getdi, Yazan payım şərik yazıb tən yazıb. Kor oldu gözlərim sayıq olmadım, Zərrə tək sevincə layiq olmadım. Sərsəm keçdi günlər ayıq olmadım, Yazan elə meyxoş, yazıb dəm yazıb. Üsyanım özümə günahkar özüm, Qalmadı taqətim, qalmadı dözüm. Dinmədi bir dəfə ağlayan gözüm, Yazan elə bulud, yazıb nəm yazıb.
*** Bu gün son günümdü vidalaşıram, Hərdən bir yad edib xatırlayarsız. Özümlə baş-başa hesablaşıram, Səhvim oldusa, bağışlayarsız. Günahım bəllidi cəzam verilsin, Qurduğum xanidan qoyun devrilsin. Toyum olacaqdısa, yasa çevrilsin, Sizlərdə əl çalıb alqışlayarsız. Çıxılmaz yoldayam düşmüşəm dara, Bəxtim nakam oldu, talehim qara. Ömür dəftərimi öləndən sora, Səhifə-səhifə varaqlayarsız.
Haqqım səslənəcək hər avaz səsdə, Səhvin anlayacaq duranlar qəsdə. Gəlibdə peşiman qəbrimin üstə, Ağlayıb baş daşım qucaqlayarsız. Bəlkədə özümü tanıda bilmədim, Nahaqdan ağlayıb, nahaq gülmədim. Bəlkədə bir daha sizi görmədim, Qəmsoyu Allahdan soraqlayarsız.
*** Açılan səhərdə hər yer qaranlıq, Günəşin şəfəqi küsüb könlümdən, Baxıram geriyə dönüb bir anlıq, Nələri itirdim nələr ömürdən. Yenə hüzün, yenə kədər, yenə qəm, Ağalayır gözlərim axır bulaq tək. Günahım olmadan, bu zülüm nədən? Dodağım büzülür kövrək uşaq tək. İnanıb sarıldım son ümid kimi, Sənin məhəbbətin, sənin eşqinə. Əvvəli dost olub, sonu yad kimi, Saldın ümidimi, qəmin eşqinə. De indi yaşamaq olarmı gülüm, Yaralı, ağrılı sınmış ürəklə, Dünyadan köçürəm, karvanım ölüm, Açılmamış təzə min bir diləklə. Köhnə şəkillərim saxla özündə, Varlığım yetmədi, qəfləti oldu. Bəlkə şəkillərimin sənin gözündə, Nə vaxtsa dəyəri, qiyməti oldu. Faydasız sonradan olan peşmanlıq, Gərək ki, biləydin vaxtında qədrim. Əzizim deyirsən, məqam ayrılıq, İndimi əzizdi bu qədər xətrim. Daha danışmayaq daha dinməyək, Bizim yerimizə gözlər danışsın, Daha sevilməyək, daha sevməyək, Ulduzumuz göydə yanıb sayrışsın. Nə qədər ağırdır, nə qədər acı, Yoxluğun ox kimi bağrımı dəlir, Könlüm özünə tapmır əlacı Nə qədər qaçsam da, o sənə gəlir. Bax bu da yarımçıq sevgi nağlımız, Üç almadan biri bizə düşmədi. Hardaydı görəsən bizim ağlımız, Bəxtimiz barışıb heç görüşmədi.
*** Allah, yaratmısan yaşamaq üçün, Yaşaya yaşaya ölməyim nədi? Sevinc əvəzinə daşımaq üçün, Hər dəfə dərd yükün verməyin nədi? Qanmadım həyatı hey oldum naşı, Göynəyir köksümdə qəlbimin başı, Bir yol sığal çəkib, min dəfə daşı, Üstümə tökərək, əzməyin nədi? Nəfsim hey danışır, vicdan dur deyir, Qılıncım qalxmayır, əlim vur deyir, Əməlim dağıdır, ağlım qur deyir, Ziddiyyət salmısan, niyyətin nədi? Vəfasız dünyaya qonaq gətirib, Əvvəl iz göstərib, izdə itirib, Göylərə qaldırıb, ərşə yetirib, Sonradan qamətim əyməyin nədi? Güləndə ürəkdən gülməyirəmsə, Özümə düz yolu seçməyirəmsə, Hələ də, doğrunu görməyirəmsə, Payıma bu ömrü bölməyin nədi? Bir gün sevindirib, bir gün ağladıb, Köksümü oxşayıb sonra dağladıb, Gah sükut yaradıb, gah da çağladıb, Belə tez dəyişib, dönməyin nədi?
*** Qıymadım uyuyan xumar gözlərə, Əhli hal olmadım məndən incimə. Gərdana sərilən qara tellərə, Düşüb işıq saçan gündən incimə. Gülü qısqandıran gül camalını, Qara gözlərini, çüt hilalını, Şirin ləblərini, üzdə xalını, Vəsf edən kəlmədən, sözdən incimə. Ağlımı başımdan alır qamətin, Məni xoş hal edir seyr səfalətin, Önündə əyilir belə izzətin, Torpağa dayanmış dizdən incimə. Hüsnünə ürəyim yaman bəndlənib, Dağlarda, daşlarda görüb dillənib, Cütlənib həsrətlə sənə zillənib, Baxmaqdan doymayan gözdən incimə. Qəmsoyam eşqindən oldum əhli hal, Ömrümə qonaq gəl, talehimdə qal, Sevgimlə böyüyüb göylərə ucal, Çün sən bir pərisən yerdən incimə.
|