Avanqard

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib

Avanqard 26/06/2026

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının Sumqayıtda yerləşən Əli Kərim adına Poeziya evində təqdimatı baş tutub.

Tədbir “Mədəniyyət” telekanalının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin moderatorluğu ilə keçirilib. Modrator müəllif və kitab haqqında əhatəli məlumat verdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik süküutla yad edilib. Himnimizin səsləndirilməsindən sonra tədbir açıq elan edilib.

Sonra söz kitabın rəyçisi, Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıya verilib. O vurğulayıb ki, bu kitab 2018-ci ildən institutda mütəmadi olaraq çap olunan “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görüb. Seriyanın 67-ci kitabı olan bu monoqrafiyada Cəlal Bərgüşadın həm şəxsiyyət, həm də yaradıcı insan kimi hərtərəfli obrazı yaradıldığını diqqətə çatdırıb. Ardınca Cəlal Bərgüşadın həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək, kitabın yazılmasında və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib.

Sonra yazıçının həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.

XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli yazıçının 1926-cı ildə doğulduğunu və əsl doğum tarixinin təhrif edilərək 1942-ci ildə müharibəyə aparıldığını bildirib. İkinci Dünya Müharibəsindəki iştirakının sonralar yazıçının əsərlərində real faktların yer almasına səbəb olduğunu qeyd edib. Əsərlərinin əsas xüsusiyyətinin inandırıcılıq olduğunu vurğulayarq “Boz atın belində” və “Sıyrılmış qılınc” romanlarının məziyyətlərindən danışıb.

Tədbirdə Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli yazıçının bir televiziya işçisi kimi özünə məxsusluqlarından, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Könül Nəsibova isə onun əsərlərinin fondda qorunmasından danışıb. Bildirib ki, 850-dən çox fonda malik arxivdə yazıçıya aid materiallar 606 mömrəli fondda yerləşir.

Sonra Qubadlı rayon İcra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək Cəlal Bərgüşadın vətənpərvərliyini əks etdirən xatirələri dilə gətirib.

Təqdimat mərasimində qiraətçilər Şüşəxanım Vəliyeva və Murad Hümbətovun ifasında şeirlər səsləndirilib. Yazarlardan Nəzakət Məmmədli, Aysel Fikrətqızı,  Sona İsmayılova, Xalidə Nuray və digərləri həm yazıçı, həm də ona həsr olunmuş tədqiqat əsəri haqqında fikirlərini bölüşblər. Eyni zamanda alimlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmli, filologiya üzrə fəlsəfə doktorları Şəfəq Nasir, Layə Mustafayeva, Məlahət Babayeva çıxışlarında Cəlal Bərgüşad əsərlərinin elmi tədqiqata cəlb olunmasındakı bu yeni mərhələni yüksək qiymətləndiriblər.

Tədbirdə yazıçının qohumlarından Tofiq Mehtiyev və  Əşrəf müəllim, Qubadlı rayon Əmək veteranları cəmiyyətinin sədri Razim Əliyev, Ekoloji Maarifçilik və Monotorinq İctimai Birliyinin sədri Qəmzə Yusifova, Əməkdar jurnalist Zərnişan Turan çıxışlarında monoqrafiyanın əhəmiyyətindən və belə araşdırmaların davamlı olmağından bəhs ediblər.

Sonra müəlif Lütviyyə Əsgərzadə tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürlərini çatdırıb.

Digər Məqalələr